Keçid linkləri

2024, 27 Noyabr, çərşənbə, Bakı vaxtı 17:43

Şeyxin qızı torpaq sahəsini zəbt etməkdə ittiham olunur


Üçmərtəbəli mülk
Üçmərtəbəli mülk
Azərbaycan vətəndaşı, professor Ramiz Hacılı iddia edir ki, Paşazadə Kafiyə Allahşükür qızı onun Nərimanov rayonu ərazisindəki 6 sot torpaq sahəsinin bir hissəsini zəbt edərək üçmərtəbəli mülk tikdirir. Torpağın ona aid olması ilə bağlı mülkiyyət şəhdətnaməsinə isə heç bir məhkəmə orqanı məhəl qoymur:

- Konstitusiyada yazılıb ki, mülkiyyət hüququ dövlət tərəfindən qorunur. Qabaqca Kafiyə Paşazadənin evinin 100 kvadratmetri mənim sahəmə düşmüşdü. Evi tikəndən sonra kefi istəyən bir hasar çəkib daha 300 kvadratmetr ərazimi də zəbt edib.

Kafiyə Paşazadə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin qızıdır. Sözügedən ərazi isə 1974-ci ildə Nərimanov rayon Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin qərarı ilə qaraj tikintisi üçün R.Hacılıya verilib. Sovet quruluşu dağılandan sonra R.Hacılı ölkənin qüvvədə olan qanunvericilik sənədlərinə uyğun olaraq torpağı öz adına rəsmiləşdirib. 2006-cı ildə isə alqı-satqı yolu ilə sovetlər dönəmindən istifadəsində olan ərazini bələdiyyədən satın alıb.

Hacılı və Paşazadələr arasında torpaq münaqişəsi 2003-cü ildən başlayıb. Bunu isə Ramiz Hacılının vəkili Səyyad Məmmədov deyir. Vəkil bildirir ki, Ramiz Hacılının Prezidentin İcra Aparatına şikayətindən sonra Prezidentin İcra Aparatının Dövlət Nəzarəti Şöbəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və Nərimanov bələdiyyəsi məsələni araşdıraraq ərazi üzərində R.Hacılının mülkiyyət hüququnu tanıyıb. Adı çəkilən qurumların birgə qərarı ilə Kafiyə Paşazadəyə tikintini dayandırmaq göstərişi verilib. Ancaq tikinti nəinki dayandırılıb, əksinə, üç mərtəbəli binanın tikintisi başa çatdırılıb.

R.Hacılı dəfələrlə şeyxlə görüşüb məsələni aydınlaşdırmaq istəyib. Ancaq onların ilk və hələlik son görüşü 2006-cı ildə olub. Ramiz Hacılının sözlərinə görə, şeyx ona bildirib ki, ərazini pul verib almışıq və onu kiməsə vermək fikrində deyilik.

Mübahisə onunla nəticələnib ki, günlərin bir günü K.Paşazadə R.Haclını məhkəməyə verib. Vəkil deyir ki, əslində onun belə bir hüququ yoxdur:

Ramiz Hacılı şeyxlə görüşüb məsələni aydınlaşdırmaq istəyir
- İlk iddiada Nərimanov bələdiyyəsinin, İcra Hakimiyyətinin nümayəndələri iştirak edirdi. Onlar da bildirdilər ki, K.Paşazadənin iddiaçı kimi məhkəməyə müraciət etmək haqqı yoxdur. Mülkü Prosessual Məcəlləyə görə, yalnız mülkiyyət hüququ pozulan şəxs məhkəmə qarşısında belə bir iddia qaldıra bilər. K.Paşazadənin nə torpağı, nə də ev tikmək üçün İcra Hakimiyyətinin sərəncamı var. Mən sizi əmin edirəm ki, bu, başqa bir şəxs olsaydı, onun haqqında özbaşına torpaq zəbt etmə maddəsi ilə cinayət işi başlanardı.

Kafiyə Paşazadənin əlində torpağın mülkiyyət hüququ ilə bağlı heç bir sənəd olmasa da, məhkəmə qərara alıb ki, Ramiz Hacılı bu torpaqdan çıxarılsın. Hacılının apellyasiya şikayətlərində isə aşağı məhkəmə instansiyalarının qərarları qüvvədə saxlanıb. İndi iş Ali Məhkəmənin Plenumundadır.

Qarşı tərəf isə deyilənləri qəbul etmir. Kafiyə Paşazadənin vəkili Rafiq Abdullayevin sözlərinə görə, Nərimanov bələdiyyəsi ərazidə qanunsuz olaraq torpaq sahələri satıb. Sözügedən ərazi isə bələdiyyə torpağı deyil. Kafiyə Paşazadə isə dövlət mülkiyyətində olan həmin ərazini 2004-cü ildə İcra Hakimiyyətindən qanunla alıb. Buna görə də məhkəmə Ramiz Hacılının bələdiyyə ilə alqı-satqı qərarını ləğv edib. Vəkil Rafiq Abdullayev:

- Şeyx ümumiyyətlə bu məsələyə qarışmır. Kafiyə Paşazadənin həyat yoldaşı isə bu məsələdə xanımının adının hallanmasından çox narazıdır.

- Bəs o zaman niyə o mübahisəli torpaqda özünün deyil, həyat yoldaşının adına ev tikdirir?

- Ailədir də. Xanım deyir mənim adıma olmalıdır. Olur da.

Vəkil Səyyad Məmmədov isə deyir ki, əgər Azərbaycanda Ramiz Hacılının mülkiyyət haqqını bərpa edə bilməsələr, Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklər.
XS
SM
MD
LG