Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 23:52

Azərbaycan əhalisi get-gedə qocalır...


Demoqraflar son vaxtlar Azərbaycanda əhalinin qocaldığını bildirirlər
Demoqraflar son vaxtlar Azərbaycanda əhalinin qocaldığını bildirirlər
«Mənim 70 yaşım var. Qardaşımın isə 80 yaşı var. İndi elə yaşımızdır ki, günümüzü istirahət etməklə keçiririk»....

İndi havalar soyusa da yayda olduğu kimi Bakı bulvarında yaşlı adamları çox görmək olur. İki ahıl qardaş – Ağabəy və Sahib Əliyevlər də onlardandır.

Demoqraflar son vaxtlar Azərbaycanda əhalinin qocaldığını bildirirlər. Deyirlər ki, bu daha çox ölkədə doğumun səviyyəsinin xeyli aşağı düşməsiylə bağlıdır.

Dünya Bankının sonuncu hesabatında da göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər beş nəfərdən birinin yaşı 65-dən yuxarı olacaq. Əgər vaxtilə 6-7 uşaqlı ailə çoxuşaqlı ailə sayılırdısa, indi 3 uşağı olan ailə çoxuşaqlı sayılır. 50-60 il əvvəlki həmin ailələrin uşaqları qocalma dövründədir. Doğumun səviyyəsi aşağı düşdüyündən gənclik də gözə onlar kimi dəymir.

«Son onilliklər üzrə artımları götürsək, Azərbaycanda əhalinin ən çox artımı 50-60-cı illərdə qeydə alınıb. Bu onillikdə əhali 40 faizə qədər artıb. Bu o deməkdir ki, əhalinin orta hesabla il ərzində artımı 4 faiz təşkil edib. Ancaq artım 2000-ci ildən 2007-ci ilə qədər cəmi 0.7 faiz təşkil edib. Görün, nə qədər fərq var. Təbii artımın tempi təxminən 6 dəfə aşağı düşüb».

Demoqrafiya məsələlərini araşdıran iqtisadçı Rövşən Ağayev deyir ki, rəqəmlər ölkədəki vəziyyətin yaxşı olmadığını göstərir. Onun fikrincə, doğumun aşağı düşməsi indi olmasa da qarşıdakı 15-20 ildə ölkənin insan potensialının azalması baxımından böyük problemlər yarada bilər.

Söhbət etdiyim Bakı sakinlərindən bir neçəsi isə ailədə az uşaqlara üstünlük verdiklərini bildirdilər. Bunun səbəbinin daha çox iqtisadi vəziyyətlə bağlı olduğunu deyirlər:

- «Dolanışıq çox çətindir. Qadının hamiləliyi, doğumdan əvvəlki və sonrakı dövr çox baha başa gəlir. Mənim iki gəlinim var, heç biri doğmaq istəmir ki, çətin saxlayırıq».

- «Hamı çox uşağının olmasını istəyir. Ancaq zaman çətindir, hər şey də baha».

- «Mənim üç uşağım var. Onları çox çətinliklə saxlayırıq».

Ekspert Rövşən Ağayev
- «Mənim bir uşağım var. Hərdən həyat yoldaşımla ikinci uşaq haqqında düşünürük. Ancaq fikirləşirəm ki, lazım deyil. Çünki saxlamaq çox çətindir».

Dövlət Statistika Komitəsindən verilən məlumata əsasən, hazırda Azərbaycanda əhalinin sayı 8 milyon yarımdan artıqdır. Onların 49 faizi kişi, 51 faizi qadındır.

Yeni doğulan körpələrin sayı keçən il 150 minə yaxın olub. Dövlət Statistika Komitəsində təbii artımın indiki səviyyəsini normal sayırlar. Komitənin demoqrafiya şöbəsinin əməkdaşı Rza Allahverdiyev deyir ki, ölkədə doğulanların sayı əhalinin hər min nəfərinə hesabıyla keçən ilin uyğun dövrünə nisbətən artıb:

«Bu göstəricilər inkişafın göstəricisidir. Ümumiyyətlə, son illərdə Azərbaycanda demoqrafik vəziyyət yaxşıdır, artım çoxalır»...

Azərbaycanda hazırda orta ömür uzunluğu 72 yaşdır. Kişilərdə 69-70, qadınlarda isə 72-75 arasındadır.

2007-ci ilin ilk üç ayında ölkədə 39 min körpə doğulub. Hər 1000 nəfər hesabı ilə doğulanların sayı 19 nəfər olub. Hazırda orta hesabla bir qadına bütün ömrü boyu təxminən iki doğulmuş uşaq düşür.

Ekspertlər doğumun səviyyəsinin aşağı düşməsinin bir səbəbini də son illər kütləviləşmiş miqrasiyada görürlər.

Ekspert Rövşən Ağayev deyir ki, Azərbaycandakı əmək miqrantlarının son 20 ildə ölkəni tərk etməsi ölkədəki demoqrafik proseslərə çox ciddi təsir göstərib:

«Miqrasiyanın burda böyük rolu var. O baxımdan ki, adətən gənc miqrantlar - daha çox əmək miqrantlarını nəzərdə tuturam - onlar getdikləri yerlərdə də çox vaxt ağır şərtlər altında işləyirlər. Onların ailə qurmaq haqqında fikirləri ciddi olmur. Beynəlxalq Miqrasiya Təşkilatının belə bir standartı var ki, əmək mühacirləri başqa ölkələrdə 3-5 ildən artıq qalmırlar. Bu müddətdə pul qazanıb qayıdırlar. Azərbaycanda isə başqa cürdür. 10 illərlə ölkəni tərk edib qayıtmayanlar var. 90-cı illərdə gedənlər hələ də qayıtmayıblar. Onların, həmin gənclərin evlənmədən qocalması prosesi gedib».

Qeyri-rəsmi rəqəmlərə görə, indi Rusiya və başqa MDB ölkələrində 2 milyona yaxın əməkçi miqrantlar var. Onların yarıdan çoxu 20-35 yaş arasında olan kişilərdir.
XS
SM
MD
LG