Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:58

Neft turizm üçün «minus» hesab olunur


Balaxanı yaxınlığıdakı neft mədənləri
Balaxanı yaxınlığıdakı neft mədənləri
«Nə qədər paradoksal olsa da, neft bizim turizm üçün «minus» hesab olunur. Azərbaycanda neft sektoruna daha çox diqqət ayrıldığından, turizm arxa planda qalır».

Bunu «Qafqaz Qovşağı» verilişinə Bakıdan qoşulan Turizm İnkişafı Layihəsinin milli koordinatoru Faiq Qürbətov deyir. Bununla belə, ekspert ümid edir ki, aparılan islahatlar vəziyyəti dəyişməyə imkan verəcək:

«İndi islahatlar aparılır. Neftdən gələn gəlirlər qeyri-neft sektoruna, o cümlədən turizm sahəsinə yönəldilir. Tikilən infrastruktur və səhmdarların cəlb olunması da bir faktdır».

2009-CU İLDƏ AZƏRBAYCANA 1 MİLYON 400 MİN TURİST GƏLİB

F.Qürbətov hesab edir ki, Azərbaycanda turizmin inkişafına mənfi təsir edən ən önəmli amil respublikanın münaqişə ocağı olmasıdır.

Ekspert 2009-cu ildə Azərbaycana 1 milyon 400 min turistin gəldiyini deyir:

«Onlar müxtəlif turizm növləri ilə – istirahət üçün, konqres, biznes turizmlə gələnlərdir. Son illər turistlərin sayının artmasına görə Bakıda və regionlarda dörd ulduzlu otellər tikilib. Onlara böyük tələbat var».

Faiq Qürbətov
Verilişə Yerevandan qoşulan «Tatev» Turizm Agentliyinin turmeneceri Aram Tonyan da Ermənistanda turizm infrastrukturunun qurulduğunu deyir.

Ölkəyə gələn turistlərə toxunan Tonyan Ermənistana əsasən yay aylarında gələnlərin sayının çox olduğunu qeyd edir:

ERMƏNİSTANA ÇOXLU İRANLI GƏLİR

«Xaricdə yaşayan ermənilər əsasən yay aylarında Ermənistana gəlir. Nəinki ermənilər, Almaniya, İtaliya, İrandan da xeyli turistlər gəlir. İranda bayramların keçirilməsi və konsertlərə müəyyən məhdudiyyətlər olduğuna görə, müsəlman bayramları və ya Yeni illə bağlı Ermənistana çoxlu iranlı gəlir».

A.Tonyan bildirir ki, Ermənistanın dənizə çıxışının olmamasına görə, hər il minlərlə erməni Gürcüstana və Türkiyəyə üz tutur:

«Avqustda Sevan gölündə suyun hərarəti 21 dərəcə olur. Ermənilər yayda dənizə can atırlar, ona görə Gürcüstana, Qara dəniz sahillərinə gedənlərin sayı artır.

Hər il 40-50 min erməni Batumi, Kabuleti, Sarpinin iqtisadiyyatına öz töhfəsini verir.

Ermənilər «elit» turizmi də sevir. Bizdə Antaliya kurortları çox məşhurdur.

Avqustda Sevan gölündə suyun hərarəti 21 dərəcə olur
Son zamanlar İspaniya, İtaliya, Tunisə də turlar var».

AzadlıqRadiosunun Tbilisi studiyasından verilişə qoşulan «Yeni İqdisadiyyat Məktəbinin» turizm üzrə eksperti Nino Giorqadzenin turizm mövzusuna münasibəti isə belə oldu:

QLOBAL BAZARA ÇIXMAQ UZUNMÜDDƏTLİ AMBİSİYADIR

«Cənubi Qafqaz ölkələri qlobal turizm bazarında çox aşağı qiymətləndirilir. Bu gün biz regional, daxili turizmdən danışa bilərik. Ancaq qlobal bazara çıxmaq isə uzunmüddətli ambisiyadır. Əgər birləşsək, xüsusilə mədəniyyət turizmi sahəsində birgə layihələr yaratsaq, bizim ambisiyalarımız daha real olacaq».

N.Giorqadze Gürcüstanın inkişaf etmiş ölkələrin vətəndaşları üçün viza rejimini ləğv etməsinin turizmə təsirini belə qiymətləndirir:

«Əgər bu prosesi Azərbaycan və Ermənistan da sadələşdirərsə, bu hal regional turizmin inkişafına səbəb olar. Bizə çox vaxt qonaqlar gəlir, sonradan Azərbaycan və Ermənistana gedirlər. Sərhəddə viza almaq vaxt alır, üstəlik, 60 avro ödəməlidirlər. Əgər bu sistem sadələşsə, ölkəyə gələn turistlərin sayı artar. Əbəs deyil ki, bizə gələn əcnəbilər Gürcüstanın qonaqpərvər ölkə olduğunu deyir».
XS
SM
MD
LG