Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 01:41

Öz ölümünün ssenarisini yazan yazıçı


İntihar etmiş yazarlar


Dünya tarixində bir çox yazıçılar ömürlərini intiharla başa vurublar. Amma çox az sayda yazıçı var ki, Misima kimi qeyri-adi ölümü seçib.

Bu həm də əsl vətənpərvərin ölümü idi, bu əsl cəsarət nümunəsi idi.

Misima Yukio (əsl adı Xiraoka Kimitake) 1925-ci ildə doğulub. Bu yazıçı öz titulları ilə göz qamaşdırır.

O həm yazıçıdır, həm dramaturq, həm kino və teatr rejissoru, həm də aktyordur.

40-dan çox roman yazıb ki, onlardan 15-i o hələ həyatda olarkən səhnələşdirilib. Misimanın uşaqlığı qapalı mühitdə keçib.

Zəif və xəstə olduğundan nənəsi onu yaşıdlarından ayıraraq ciddi tərbiyə edib. Yazıçı uşaqlığını qapalı otağında oxumaqla keçirdib.

“Qırx yaşına qədər yaşayan insan həyatdan gözəl getmək şansını itirir.”

Misima ilk romanı ilə məşhurlaşdı. “Maskanın etirafları” 1949-cu ildə yazıldı və o dəqiqə də ən çox oxunan romanlar siyahısına düşdü.

Deyilənə görə bu romanda Misima əslində öz homoseksual xarakterini açıbmış.

Roman yazılmazdan qabaq Misima maliyyə nazirliyində işləyirdi, roman çıxandan sonra işdən qovulan yazıçı bütün həyatını yazmağa həsr edir.

1952-ci ildə 27 yaşlı Misima dünya turuna çıxır və Yunanıstan ona ən çox təsir edən ölkə olur.

Xəstə gənci Yunanıstan günəşi sağaldır, o antik allahların heykəllərinə heyrətlənir, bu əbədi gözəllik gözlərini açır və məhz Yunanıstanın təsiri ilə Yaponiyaya qayıdan Misima “Dənizin səsi” adlı romanını yazır.

Gənc özünü fiziki cəhətdən gücləndirmək fikrinə düşür və bir neçə illik idmanla məşğul olandan sonra Misimanın fiziki görünüşü ən gözəl həddinə çatır və özü də deyir ki, ensklopediyada kulturizm haqqında məqalədə şəklini görməsi həyatının ən xoşbəxt çağlarıdır.

Misimanın əsərlərində qan, sado mazaxizm, homoseksualizmlə yanaşı eqzistensializm izlərinə də rast gəlmək olar.

Amma yazıçının ən uğurlu əsərləri məhz etiraf janrında yazılmış əsərləridir.

“Maskanın etirafları” ona görə gözəl əsər idi ki, hələ çox gənc Misima,24 yaşlı Misima səmimi etiraflarını etmişdi.

Misima 1931
Roman əslində qeyri adi olsa da, bəlkə bir az insanı dəhşətə gətirsə də məhz o səmimi etiraflar romanı sevdirir.

Misimanın dramaturgiya sahəsindəki uğurlarını da unutmaq olmaz.

Onun “Luvrlu Ay Şahzadəsi” pyesi qədim yapon noo üslubunda səhnəyə qoyuldu və qoyulduğu anda uğur qazandı. Bu üslubda əsərlərinə “Kor gənc”, “Gecə orxideyası”, “Maskanın öpüşü” və digərləri daxildir.

“Doğrusu, insan həyatı bir anlıq davam edir, buna görə də yaşa və nə istəyirsən onu da et.”

Misima samuray ənənələrin vurğunu idi, onlarla fəxr edirdi. O bir rejissor kimi öz ölümünü də əvvəldən hazırlamışdı.

Siyasi görüşlərinə görə Misima monarxist, qədim ənənələrin tərəfdarı, “sülh” konstitusiyasının əleyhinə idi.

Bu konstitusiyaya görə Yaponiyanın ordu saxlamaq hüququ yox idi, o yalnız özünü müdafiə dəstələri saxlaya bilərdi. 1968-ci ildə “Qalxanlar cəmiyyəti” adlanan təşkilat yarandı.

Misima təşkilatın təsisçilərindən idi və onun rəhbərliyi altında gənclərə silahla davranış qaydaları, ənənəvi döyüş üsulları öyrədilirdi.

Gənclərə ciddi şəkildə samuray ədəbiyyatı oxudulurdu. Təşkilatın öz simvolu və forması var idi.

“Bu dünyada yuxulu kimi yaşamaq, hər gün xoşagəlməzliklərlə rastlaşmaq və xoşuna gəlməyəni etmək axmaqlıqdır.”

25 noyabr 1970-ci ilin sakit payız səhərində Misima son romanı “Mələyin enişi”ni bitirdi, səhər yeməyini yedi “Qalxanlar cəmiyyətinin” formasını geyindi, kəmərinə qədim samuray qılıncını bağladı və bir cümlədən ibarət son məktubunu yazdı:

“İnsan həyatı sonsuz deyil və mən əbədi yaşamaq istəmirəm. Misima Yukio”.

Təxminən saat 11-də Misima öz silahdaşları ilə İtiqayada yerləşən Tokio hərbi bazasının mərkəzi qərargahına getdi..

Onlar qərargaha gedəcəkləri barədə əvvəlcədən məlumat vermişdilər və məşhur yazıçıdan silahını açmasını tələb etmədilər.

Onu general Kenri Masitenin yanına apardılar. Masite yazıçıdan soruşanda ki silah nədir, o cavab verir ki narahat olmasın bu, sadəcə 16-cı əsrə aid antik qılıncdır.

Misima (ön planda)
Misimanın qılınca baxma təklifinə uyan general qılınc üzərinə əyiləndə yazıçının əmri ilə onun adamlarından bir neçəsi generalı tutub, kresloya sarıyaraq qapının ağzında barrikada qururlar.

Elə bu zaman qərargahın eyvanından Misimanın sözləri yazılmış vərəqələr səpələnir.

Vərəqələrdə yazılmışdı: “Yəni siz ancaq yaşamağı qiymətləndirirsiz və ruhunuza ölməyə imkan verirsiz?

Biz sizə göstərəcəyik ki, həyatdan daha qiymətli şeylər var. Bu azadlıq deyil və demokratiya da deyil. Bu Yaponiyadır!Yaponiya. Tarixlər və ənənələr ölkəsi. Sevdiyimiz Yaponiya”.

Düz saat 12-də Misima eyvana çıxır, başında ağ sarğı, əllərində qan ləkəli ağ əlcəklərlə. Misima əsgərlərə müraciət edir: Bəs sizin milli ruhunuz haradadır?

Siz Yaponiyanı,Yapon ənənələrini, tarixi, mədəniyyəti, imperatoru qorumaq üçün qalxmalısınız.

Axı siz əsgərsiniz. Niyə axı sizin mövcudluğunuzu inkar edən konstitusiyanı müdafiə edirsiniz? Niyə ayılmırsız?”
Onu fitə basırlar.

Misima başa düşür ki çağırışların əhəmiyyəti yoxdur. Üç dəfə qışqırır:Yaşasın imperator!

Və otağa qayıdaraq yoldaşlarına deyir ki, bizim sadəcə bir yolumuz var. Biabır olmamaq üçün samuray ölməlidir.

Samuray ənənələrinə əsasən o diz çökür və qılıncla özünü kəsir. Sonra yoldaşlarından biri- Morita qılıncı götürür və Misimanın başını vurur.

Bundan sonra Misimanın silahdaşları da eyni şəkildə intihar edirlər.

Misimanın ölümündən sonra “Qalxanlar cəmiyyəti”mövcudluğunu başa vurur. Misima ölərkən də ölümün gözəlliyini nümayiş etdirmək istədi.

Vurğunu olduğu samuray ənənəsini göz qırpmadan yerinə yetirdi.

Həmçinin oxu
İntihar etmiş yazarlar: Akutaqava
XS
SM
MD
LG