Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:06

Prezidentin şərəf və ləyaqəti ayrıca qanunla qorunmalıdırmı?


Arif Əliyev
Arif Əliyev
«Prezidentin şərəf və ləyaqətinin ayrıca bir qanunla qorunması absurddur».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında «Yeni Nəsil» Jurnalistlər Birliyinin sədri, Əbülfəz Elçibəyin pezidentliyi dönəmində mətbuat katibi olmuş Arif Əliyev deyib. Onun sözlərinə görə, amma elə sözlər var ki, onları kiminsə ünvanına işlətmək düzgün deyil:

«Uşaqların hüquqlarını qorumaq üçün xüsusi bir qanun ortaya qoyulanda bunu məntiqlə başa düşmək olur. Çünki uşaqlar daha zəif təbəqədir. Amma ölkədə hamıdan güclü olan, hamıdan böyük imkanlara malik olan bir şəxsin ayrıca bir qanunla və yaxud xüsusi maddələrlə qorunması absurddur. Əlbəttə, müəyyən ifadələr var ki, onları prezidentdən tutmuş adi vətəndaşa qədər tərbiyəli adam və yaxud öz məsuliyyətini dərk edən şəxs, xüsusilə böyük ictimai məsuliyyətə malik olan jurnalist işlədə bilməz».

VƏZİFƏLİ ŞƏXSLƏR TƏNQİDƏ DÖZÜMLÜ OLMALIDIRLAR

Arif Əliyev deyir ki, yüksək vəzifəli şəxslərin tənqid həddi daha geniş olmalıdır və onlar buna dözümlü olmalıdırlar:

«Prezidentlərin, yüksək rütbəli şəxslərin tənqid həddi adi vətəndaşlara olan tənqid həddindən qat-qat geniş olmalıdır. Bu, eyni zamanda o deməkdir ki, prezidentin dözümlülük qabiliyyəti geniş olmalıdır. İkincisi, həm hakim strukturlar, həm də cəmiyyət başa düşməlidir ki, daha böyük imkanlara malik olan və daha böyük toplumların taleyini həll edən şəxslərin fəaliyyəti haqqında daha kəskin çıxışlara mütləq yer olmalıdır. Bu iki hədd, əlbəttə söyüşü və açıq təhqirləri çıxmaqla, tənqidin istənilən kəskin forması prezidentlər üçün məqbul olunmalıdır. Və onların buna dözümlülüyü hakimiyyətin həm də yetkinlik dərəcəsini göstərən bir amildir».

VƏZİFƏLİ ŞƏXS DAHA ÇOX TƏNQİD OLUNMALIDIR

Rəşid Hacılı
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə deyib ki, yanlış olar ki, demək, prezidentin şərəf və ləyaqətini qorumaq lazımdır yoxsa yox. Birmənalı olaraq, bir insan olaraq onun şərəf və ləyaqəti qorunmalıdır. Amma prezident olaraq, vəzifəli şəxs olaraq qorunmalıdırmı - bu xeyli sual doğura bilər:

«Əgər deyilənlər təhqiredicidirsə, böhtandırsa mütləq hüquqi məsuliyyət yaradır. Amma məsələ bundadır ki, bunu təhqiredici, böhtan saymaq olarmı? Və yaxud hansı dərəcədə bunu cəzalandırmaq olar? Bu suallara biz cavab verməliyik. Bunlar konteksdən asılıdır. Söhbət prezidentdən gedirsə, mən düşünmürəm ki, ən azından bir çox adamlar bunu adi bir şey kimi qəbul edəcəklər».

Rəşid Hacılı deyir ki, vəzifəli şəxs daha çox tənqid olunmalıdır: «Bu, normaldır. Daha çox tənqidə də dözümlü olmalıdır. Bu tənqid sərt olsa da ictimai maraqlardan irəli gəlir».

XS
SM
MD
LG