Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:22

Yasamaldakı «Hüseyniyyə» ibadət yeri qapadılıb (VİDEO)


Yasamaldakı "Hüseyniyyə" qapadılıb
Gözlə

No media source currently available

0:00 0:01:55 0:00

Dindarlar deyirlər ki, "Hüseyniyyə"nin bağlanma səbəbi güya burada dövlət əleyhinə təxribatın hazırlanmasıdır.

«İndi Yasamalda azan səsi eşidilmir. Azan verilən mikrofonları da açıb aparıblar. Bütün Yasamal camaatı burada namaz qılırdı. Gəldilər, bağladılar, bilmirik nəyə görə».

Dindar Tahir Tağıyevlə Yasamal rayonununda «Hüseyniyyə məscidi» deyilən yerdə rastlaşdıq. Onun dediyinə görə, «Dağlılar məhəlləsi»ndə Yasamal camaatı 15 ilə yaxındır ki, öz aralarında «Hüseyniyyə məscidi» adlandırdıqları bu icmaya toplaşıb namaz qılırlar, burada həmçinin dini tədbirlər, quran dərsləri təşkil edirlər.

Aşura günündən təxminən 1 həftə sonra, dekabr ayının əvvəlindən icmanın qapıları ibadətə gələnlərin üzünə bağlanıb. Söhbət etdiyimiz dindarların dediklərinə görə, özlərini Milli Təhlükəsizlik Nazirliyinin və Yasamal rayon icra hakimiyyətinin əməkdaşları kimi təqdim edən bir neçə şəxs gəlib məscidin qapılarını qıfıllayıb gediblər, özü də heç bir səbəb göstərmədən:

«Bizim camaat gəlib burada namazını qılırdı. Tədbirlər keçirilirdi, cavan uşaqlarımız quran öyrənirdilər. Qoymadılar, bağladılar. Səbəbi də bilinmir. Bu boyda Yasamalda bir məscid yoxdur».

«GUYA BURADA TƏXRİBAT HAZIRLANIRMIŞ»

Bakı sakini İsgəndər Ramazanov deyir ki, onların yaşadığı ərazidə məscid olmadığından namaz qılan hər kəs «Hüseyniyyə»yə gəlirdi. Burada sonuncu dəfə keçirdikləri tədbir isə ötən noyabrın 27-si Aşura mərasimi olub. Dediklərinə görə, həmin gün bura toplaşanların sayı həmişəkindən də daha çox olub. Dindarlar arasında icmanın bağlanması səbəbi ilə bağlı bir söz-söhbət də gəzir. Tahir Tağıyevin dediyinə görə, guya burada dövlət əleyhinə təxribat hazırlanırmış. Belə bir şübhənin yaranmasına isə bağlanmazdan bir neçə gün öncə burada bir neçə əfqanın namaz qılması səbəb olub:

«Deyirlər guya təxribata görə bağlanıb. Amma burada heç bir təxribat olmayıb. 5-6 nəfər əfqan gəlib bura. Onlar da təkcə bura gəlmirlər ki, bütün məscidlərdə olurlar da. Məscid Allahın evidir, bütün müsəlmanların üzünə açıqdır. Onda bizi də Kərbəladan qovsunlar da, qoymasınlar orada namaz qılmağa».

«HÜSEYNİYYƏ» QEYDİYYATDAN KEÇMƏYİB

«Hüseyniyyə»nin qapısı qıfıllanıb
«Hüseyniyyə»nin qapısı qıfıllanıb
Dindarların da dediyinə görə, bu icma Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçməyib, dindarlar heç bu istəklə quruma müraciət də etməyiblər. Dediklərinə görə, heç axundları da yoxdur, öz hesablarına əraziyə su çəkib, dəstəmaz yeri tikiblər, məqsəd isə sadəcə bir yerə toplaşıb namaz qılmaqdır. Deyilənləri yaxınlıqdakı bir neçə emalatxananın icarədarı Əbdülağa Abbasov da təsdiqləyir:

«Gəldilər bağladılar. Heç bir səbəb də demədilər, «bağlayın, qurtardı getdi». Ancaq namazdan-namaza gəlib gedirdilər bura. Camaat özü burada səliqə– sahman yaradıb, dövlətdən heç bir kömək yoxdur. Bura bərbad halda idi. Gəldilər su çəkdilər, ayaqyolu tikdilər. Mən də icazə vermişəm ki, həyətdən girib çıxsınlar».

Hüseyniyyənin yenidən fəaliyyət göstərməsi üçün dindarlar hələ ki heç bir quruma müraciət etməyiblər. Namaza gəlincə isə dediklərinə görə, harada yer tapırlarsa orada da qılırlar. Biz orada olarkən dindar Şahin Qasımovu elə həyətdəcə, icmanın qıfıllanmış qapısı qarşısında namaz qılan gördük:

«Buranı bağlayandan 25-26 gündür ki, həyətdə, soyuqda namaz qılırıq».

MTN: «BİZLİK DEYİL»

Milli Təhlükəsizlik Nazirliyinin binası
Milli Təhlükəsizlik Nazirliyinin binası
Məsələyə Milli Təhlükəsizlik Nazirliyinin münasibətini öyrənməyə cəhd etdik. Nazirliyin sözçüsü Arif Babayev yalnız bunu dedi ki:

«Bizim bu məsələyə aidiyyatımız yoxdur».

Yasamal rayon icra hakimiyyətinin mətbuat katibi Vaqif Məmmədov deyir ki, hər hansı yerin qapadılması haqda məlumatı yoxdur və Yasamal rayonunda «Hüseyniyyə» adlı qeydiyyatdan keçmiş və qanuni fəaliyyət göstərən nə məscid, nə də dini icma tanıyır:

«Ola bilsin ki, orada qanunsuz, icazəsiz toplantı keçiriblər. Eşitdiyimə görə, orada lal-karlar müəssisəsi, emalatxanalar var, axşamlar yığılırlarmış ora, ola bilsin, qanunsuz toplantı keçirirlərmiş. Dəqiq xəbərim yoxdur».

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən isə bildirdilər ki, məsələyə ən tezi sabah – yanvarın 11-i münasibət açıqlaya bilərlər.

Komitənin rəsmi məlumatına görə, ölkədə qeydiyyatdan keçmiş dini icmaların sayı 500-dən çoxdur. Qeydiyyata alınmayan dini icmaların sayı isə təxminən 200-dür.
XS
SM
MD
LG