Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:44

Xədicə İsmayılova:«Evimə kameranı hökumət orqanları yerləşdirib»


Xədicə İsmayılova evinə necə kamera qoyulduğunu araşdırıb
Gözlə

No media source currently available

0:00 0:03:50 0:00

Jurnalistin evinə kameranı necə quraşdırıblar

-

«Alternativ yolla apardığımız araşdırma nəticəsində özümə qarşı şantajın məhz dövlət idarələrinin iştirakı ilə, xüsusi xidmət orqanları tərəfindən aparıldığı qənaətindəyəm».

Jurnalist Xədicə İsmayılova aprelin 4-də keçirdiyi mətbuat konfransında belə deyib. O, bildirib ki, şəxsi həyatına müdaxilə ilə bağlı aparılan istintaqın gedişindən narazıdır:

«Martın 9-da Daxili İşlər nazirliyi və Baş Prokurorluğa müraciət etmişəm, təəssüf ki, bir neçə gün ərzində heç bir cavab almamışam. Sonrakı istintaq da göstərir ki, hüquq mühafizə orqanları vaxtında işə başlasaydılar bu videonun yayılmasının qarşısı alına bilərdi. Lakin reaksiya olmadığından olduqca əhəmiyyətli olan vaxt itirilib».

Xədicə İsmayılova bir qrup jurnalistlə birlikdə apardıqları araşdırmanın nəticələrini də açıqlayıb. Onun dediyinə görə, araşdırma nəticəsində bəlli olub ki, qaldığı mənzilə videokamera ötən ilin iyul ayından quraşdırılıb və mənzilə çəkilən əlavə telefon xətti vasitəsilə mənzil «online» izlənilib.

Mənzildə digər əlavə naqil xətlərin çəkildiyi də aşkarlanıb. Müstəqil araşdırma qrupu mənzilə əlavə telefon xətti çəkən ATS əməkdaşı ilə də danışıb və həmin şəxs bu işi rəhbərlik tərəfindən verilən tapşırıq əsasında həyata keçirdiyini bildirib. Xədicə İsmayılovanın dediyinə görə, onların üzə çıxardıqları faktlar, həmçinin ATS əməkdaşının açıqlamaları onların israrlarına baxmayaraq, protokola salınmayıb.

«Prokurorluq heç bir araşdırma aparmadan martın 15-də cinayət işi başlayıb. Belə təcili cinayət işinin başlanması Azərbaycan reallığı üçün qeyri-adi hadisədir. Səbəbi yəqin hamıya bəllidir, göstəriş gəlib ki, təcili tədbir görmək lazımdır» – bunu isə jurnalistin vəkili Adil İsmayılov deyib. Vəkil də rəsmi qurumları fəaliyyətsizlikdə ittiham edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bildirir ki, bu ittihamları ilk dəfədir eşidir və yalnız araşdırma apardıqdan sonra bununla bağlı məlumat verəcəklər.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov da istintaqın ləng getməsi barədə iradları rədd edir. Eldar Sultanov AzadlıqRAdiosuna bildirib ki, aprelin 3-də Bakı şəhər Prokurorluğunun rəhbərliyi Xədicə İsmayılovanı qəbul edib. İstintaqın gedişi barədə ona ətraflı məlumat verilib. Eldar Sultanov həmçinin bildirir ki, X.İsmayılovanın ifadəsində göstərdiyi xüsusatlar hərtərəfli və obyektiv araşdırılmaqla istintaq davam edir.

Martın əvvəlində naməlum şəxslər Xədicə İsmayılovanı şantaj etmək istəyiblər. Martın 7-də jurnalistin ev ünvanına gələn poçtda ondan susması tələb olunub, əks halda, intim şəkillərini yaymaqla hədələyiblər.

Əvvəlcə hüquq-mühafizə orqanları buna reaksiya verməyiblər. Yalnız jurnalistin intim həyatına aid video internetdə yayımlandıqdan sonra reaksiya verilib.

Jurnalistin Baş Prokurorluq və Daxili İşlər Nazirliyinə etdiyi müraciətdən sonra martın 15-də Baş Prokurorluq onun şəxsi həyatına müdaxilə ilə bağlı cinayət işi qaldırıb. CM-nin 156-cı maddəsi (şəxsi həyatın toxunulmazlığı hüququnun pozulması) üzrə qaldırılan cinayət işinin istintaqı Bakı şəhər Prokurorluğuna həvalə edilib
XS
SM
MD
LG