Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 05:58

Ziyalılar Forumu siyasi baxışlara görə təqibləri pisləyir


Aprelin 15-də Ziyalılar Forumu bəyanat yayıb. Bəyanatda Azərbaycanda siyasi baxışlarına görə insanların təqib edilməsi və müxalif fikir daşıyıcılarının ölkə ərazisində sərbəst hərəkət etmək azadlığına məhdudiyyətlər qoyulması pislənir.

Bəyanat müəllifləri İsmayıllı hadisələrini müşahidə etmək üçün həmin rayona getmiş REAL hərəkatının lideri İlqar Məmmədov və Müsavat partiyasının sədr müavini Tofiq Yaqublunun həbsindən, Müsavat Partiyası başqanı İsa Qəmbərin Lənkərana buraxılmamasından, polis təzyiqi ilə EL hərəkatının kirayələdiyi ofisdən çıxarılmasından və hərəkatın rəhbərlərindən biri kimi tanınmış ziyalı Eldəniz Quliyevə Lənkəran şəhərində hücum edilməsindən, xalq hərəkatının nümayəndəsi İbrahim İbrahimlinin Naxçıvanda zorakılığa məruz qalmasından narahat olduqlarını bildirirlər.

Ziyalılar Forumu «avtoritar rejimin siyasi baxımdan fəal gənclərə qarşı apardığı repressiya tədbirlərinin intensiv xarakter» aldığını vurğulayırlar: «Hətta sovet siyasi təqib maşınının da özünə sığışdırmadığı narkotik vasitələri və «Molotov kokteyli» ittihamları ilə «NİDA» gənclər təşkilatının bir qrup üzvünün həbsə alınması cəmiyyətdə böyük hiddət və qəzəb doğurub...»
Bəyanat müəllifləri inanclı insanların narkotika və silah ittihamları ilə həbsə alınmasını bütün möminlərə və ümumilikdə, İslam dininə qarşı təhqir hesab edir və hakimiyyət orqanlarını belə əməllərdən çəkinməyə çağırırlar.

Ziyalılar Forumu hakimiyyətin mətbuata və jurnalistlərə qarşı «təqib, cəza, ayrıseçkilik və qanunsuz həbs siyasətinin azad sözə qarşı yönəldiyini» qeyd edərək vəzifəli şəxsləri mətbuata dözümlü olmağa çağırırlar.

Azərbaycanın adının korrupsiya və ofşor qalmaqallarında hallanmasına da bəyanatda münasibət bildirilib: «Torpağı düşmən tapdağında olan ölkənin hakim idarəedici elitasının belə əməlləri ölkəni milli rüsvayçılıq girdabına yuvarladıb».

Ziyalılar Forumu əsgər ölümü və ordu hissələrində intiharların çoxalmasını da pisləyir. Eyni zamanda, Azərbaycan ordusunun adına və nüfuzuna xələl gətirilmədən belə halların ciddi şəkildə araşdırılmasını və günahkarların cəzalandırılmasını zəruri hesab edir.

Bəyanatda ABŞ-ın Milli Demokratiya İnstitutunun yerli nümayəndəliyinə, ATƏT-in Bakı ofisinə, Almaniya və digər Qərb ölkələrinin diplomatik nümayəndəliklərinə qarşı aparılan siyasət də diqqətdən qıraqda qalmayıb: «Bu gün Azərbaycanda beynəlxalq birliklərin nümayəndəliklərinin, Qərb ölkələrinin səfirliklərinin bağlanmasını tələb edən dairələr heç şübhəsiz ki, reallıq hissini itirmiş məsuliyyətsiz adamlardır. Biz şübhə etmirik ki, xalqımız heç bir halda yenidən ölkəmizdə kommunizm kabusunun xortlamasına yol verməyəcəkdir!».
XS
SM
MD
LG