Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:41

Günahsız meşə qatilləri


Sakinlərin yarısı odunu pulla alır, yarısı da ətraf meşələrdən özü kəsib-doğrayıb gətirir.
Sakinlərin yarısı odunu pulla alır, yarısı da ətraf meşələrdən özü kəsib-doğrayıb gətirir.

-
Baş Göynük Böyük Qafqaz dağlarının ətəyində yerləşir. Şəkinin bu kəndi bir vaxtlar meşələriylə ad çıxarmışdı. Kənd sakini Əvəz Kərimov kartof sahələrini, bir də boş əraziləri göstərib, uzağı, 5-6 il öncə bu yerlərin başdan-başa sıx meşəlik olduğunu deyir. O, ardınca kəndin əsas yoluna baxaraq, yağmurlu havalarda bu yanlara gəlməməyi tövsiyə edir:


«Baş Göynük 6-7 kilometrlik uzun yolu olan bir kənddir. Yağmurlu havada bu yolu ilk dəfə görən adam buranı çayla səhv salar. Elə havalarda, azı bir gün, kəndə gediş-gəliş kəsilir. Hamısının da səbəbi ekoloji mühitin korlanmasıdır. Baş Göynükdə çevrə məhv olub gedir. Bu gördüyünüz dağlar əvvəllər meşə idi. İndi onların 70-80 faizi kartof sahəsidir. Xoşbəxtlikdən, əvvəlki kimi daşqınlar olmur. Əvvəlki daşqınlar olsaydı, Baş Göynük çoxdan sular altında qalardı. Adicə yaz yağışları kəndi iflic duruma salır».


Azərbaycanın sel sularına çox meylli Şin çayı Baş Göynük ərazisindən keçir. Əvəz Kərimovun fikrincə, təbiətin onlara yazığı gəlib – son illər Şin çayı əvvəlki kimi daşmır.

KƏNDƏ QAZ VERMƏYƏNDƏ...

Baş Göynük Şəkinin şimal-qərbində yerləşir. Kəndin qışı sərt, yayı mülayim keçir. Yaxınlıqdakı meşələr sakinlərə qışı yola verməyə əl tutur. Hələlik, çünki Əvəz Kərimovun sözlərinə görə, kəsilən ağaclar, keçəlləşən meşə ucbatından kənd daşqın və sürüşmə təhlükəsi ilə üz-üzə qala bilər:

xüsusi reportajlar - 17.12.2013

Canlı müzakirə
«Baş Göynük Şəkinin ərazisinə görə birinci, sakinlərinin sayına görə ikinci ən böyük kəndidir. Sovetlər dönəmində kəndin qaz xətti olsa da, bu yaxınlarda ana qaz kəmərini söküblər. Yəni, qaz verilməsi bir yana, olan qaz borularını da dağıdıblar. Bütün əhali qışda odun yandırır. Sakinlərin yarısı odunu pulla alır, yarısı da ətraf meşələrdən özü kəsib-doğrayıb gətirir».


BİR KƏND BİR İLDƏ NEÇƏ AĞAC YANDIRIR?

Baş Göynük kəndinin 8 min 500 nəfər əhalisi var. Min 500 ailənin hər birinə qışı yola vermək üçün, azı, 15 kubmetr odun gərəkdir. Başqa sözlə, təkcə Baş Göynükün sakinləri bir ildə, azı, 23 min kubmetr odundan yararlanırlar. Bir kubmetr odunu bir ağacla əvəzləsək, bu, bir ilə 23 min ağac deməkdir.

Min 500 ailənin hər birinə qışı yola vermək üçün, azı, 15 kubmetr odun gərəkdir
Min 500 ailənin hər birinə qışı yola vermək üçün, azı, 15 kubmetr odun gərəkdir


Ekoloq Fəridə Hüseynova bir kəndin 23 min ağac israf etməsini ekoloji fəlakət kimi qiymətləndirir. Azərbaycanın özəlliklə dağlıq ərazilərinə və ucqar kəndlərə qaz verilmədiyi üçün əhali meşələrə yeganə çıxış yolu kimi baxır. Ekoloq bunun ətraf mühitə vurduğu ziyandan söz açır:


«Sözügedən bölgədə, adətən, boyu 10-20 metr olan ağaclar mişarlanır. Orta hesabla 30 santimetrlik gövdəsi olan ağacları götürsək, bir ağacın 0.5-0.7 kubmetr oduncağı olur. Başqa sözlə, bir maşında azı 10 ağacın oduncağı var. Bir ilə bu qədər ağacın qırılması meşələrin məhv olması deməkdir».


Fəridə Hüseynova bir ağacın çevrəyə – ətraf mühitə təsirinə də toxunaraq deyir ki, hər ağac gündə 17 nəfərin oksigen ehtiyacını ödəyir və azı, 22 kq karbon qazını yox edir. Üstəlik, ağacların qırılması təkcə meşələrin məhv olması deyil, eləcə də sürüşmə, daşqın, su qıtlığı və digər ekoloji problemlərlə üzləşmək deməkdir.

HACIKƏNDDƏ DAŞQINLAR

2010-cu ildə Hacıkəndin «Dostluq» qəsəbəsi sel sularının altında qalıb. Sel əhalinin mal-qarasını aparıb, bəzi evləri uçurub, bəzilərini də qəzalı duruma salıb. Ötən il Hacıkəndin bir başqa bölümünü sel suyu basıb, 70 ev qəzalı vəziyyətə düşüb. Yerli sakinlər problemin nədən qaynaqlandığını anlayırlar: səbəb – kəsilən ağaclardır.

Təkcə «Dostluq» qəsəbəsinin 3 minədək əhalisi var. Qəsəbədə, özəlliklə Xocalıdan, Kəlbəcər və Şuşadan gəlmiş məcburi köçkünlər məskunlaşıb. Burada 600-dək ailə yaşayır.

Ağaclar torpaq sürüşməsinin, su qıtlığının da qarşısını alır.
Ağaclar torpaq sürüşməsinin, su qıtlığının da qarşısını alır.

​Bu, ildə, azı, 9 min ağacın qırılması deməkdir. Qəsəbə sakini Nadir Məmmədov 20 ilin fəsadlarından danışır:


«Son 5 ildə təbiətdə fərq görünür. Dağlara baxanda torpağın yarıldığı açıq-aydın hiss olunur. Ötən 5 ildə dağ yavaş-yavaş sürüşüb, 1-2 kilometr irəli gəlib. Biz evlərimizə rezin borularla su çəkmişdik, sürüşmədən sonra həmin borular qırıldı.. Elavə borular calaq elədik. Meşədə ağac qalmayıb deyə, yağış dağlardan kör-kötük, daş-kəsəyi yuyub evlərə tərəf gətirir. Yağışdan sonra qəsəbəni su basır».


«Dostluq» qəsəbəsi boyunca bəndlər bərkidilir, məhv olan meşələrdə yeni ağaclar əkilir. Amma bu ağacların böyüməsinə illər lazımdır. Yəqin elə bu üzdən, sakinləri sel təhlükəsindən qorumaq üçün yeni qəsəbə salmaqdan söhbət gedir.

BİR AĞAC 17 NƏFƏRƏ NƏFƏS VERİR

Tarixi qaynaqlar 9-cu əsrdə indiki Azərbaycan ərazisinin 35 faizinin meşəlik olduğunu xəbər verir. İndi ölkə ərazisinin cəmi 11.8 faizi meşəlikdir. Beləcə, Azərbaycan da azmeşəli ölkələr cərgəsinə qoşulub. Öz elmi məqaləsində bunu diqqətə yetirən ekoloq Seymur Həsənov Azərbaycanda adambaşına 0.12 ha meşə sahəsi düşdüyü və bu rəqəmin dünyanın minimum göstəricisindən 4 dəfə az olduğunu vurğulayır.

Meşələr düzləri, çölləri küləkdən, seldən qoruyur, suyu torpağa hopdurur, bununla torpaqda su ehtiyatı yaradır. Ağaclar torpaq sürüşməsinin, su qıtlığının da qarşısını alır.

İndi ölkə ərazisinin cəmi 11.8 faizi meşəlikdir
İndi ölkə ərazisinin cəmi 11.8 faizi meşəlikdir


2001-ci ildə «Azərbaycanda meşələrin bərpa edilməsi və artırılmasına dair Milli Proqram» qəbul edilib. Proqram 2003-2008-ci illərdə icra olunub. Həmin müddətdə meşə sahəsinin 11.4 hektardan 11.8 hektara çatdırıldığı bildirilir.

EKOLOJİ FƏLAKƏTİN BAŞLANĞICI

Yaşıllar Hərəkatının həmsədri Mayis Güləliyevin fikrincə, Azərbaycan meşələrində ağaclar təkcə odun tədarükünə görə qırılmır. Tikinti məqsədilə və ya mebel və taxta döşəmə və parket istehsalı üçün də ağaclar kəsilir:


«Azərbaycan meşə massivlərinin sahəsi kəskin azalıb. Məsələn, sovet dönəmində ölkə ərazisinin 11 faizi meşəlik idisə, indi bu göstərici 7 faizə düşüb. Dəniz də, meşə də sərvətdir, amma bu sərvətin qədrini bilmirik. Azərbaycanda meşə zolaqları ilbəil azalır. Kəsilən bir ağacın yetişməsinə illər gedir, o da ona qulluq olarsa. Son illər taxta, parket istehsalına görə, xeyli ağac kəsilib. Azalan meşə zolaqları öz təsirini göstərir. Sürüşmə və sel təhlükəsi çoxalıb. Ağacların azalması küləklərə qol-qanad verib. Dağlıq rayonlarda bulaqlar quruyur, yeraltı su mənbələri tükənir. Ümumilikdə ekologiyada, ətraf mühitdə proseslər pozulur. Bunun qarşısı təcili alınmalıdır. Hökumət meşələrin qırılması ilə mübarizəni səbəblərini aradan qaldırmaqla çözməlidir. Hazırda meşə qırılmasının əsas səbəbi qazın olmamasıdırsa bu məsələ tezliklə həll olunmalıdır».


100 MİLYON ABŞ DOLLARLIQ TAXTA İDXALI

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamentinin sektor müdiri Sadıq Salmanov nikbin danışır.

Son 5 ildə ölkəyə taxta və taxta məhsullarının idxalı 5 dəfə artıb.
Son 5 ildə ölkəyə taxta və taxta məhsullarının idxalı 5 dəfə artıb.

O deyir ki, Azərbaycanda meşələrin qırılmasına qarşı mübarizə öz nəticəsini verir:


«Meşə ağaclarından parket, mebel istehsalı ilə bağlı mübarizədən sonra belə hallar 90 faiz azalıb. Ölkəyə taxta idxalının artması da bunu sübut edir. Son 5 ildə ölkəyə taxta və taxta məhsullarının idxalı 5 dəfə artıb. Təkcə 2012-ci ildə Rusiya, Ukrayna, Belarus və digər ölkələrdən 100 milyon ABŞ dolları məbləğində taxta məhsulu gətirilib. Azərbaycanda meşələrin qırılması halları qış aylarında baş verir. Bu da dağətəyi rayonlarda qazın olmaması ilə bağlıdır. Biz qurumuş ağacların hesabına meşələrdən ildə 45 min kubmetr odun tədarük edirik. Həmin odunlar qaz olmayan kəndlər arasında bölüşdürülür. Kəndlərin qazlaşdırılması üçün yazılı şəkildə müvafiq qurumlara müraciət etmişik. Bir çox kənd qazlaşdırılıb».


Sadıq Salmanovun sözlərinə görə, 2013-cü ildə 20 min kubmetrə yaxın qanunsuz ağac kəsimi müəyyənləşdirilib. 168 min manat cərimə tətbiq olunub. Bunun 70 faizi ödənilib. Qalan məbləğin də ödənilməsinə çalışılır.

«PREZİDENTİN BİR SƏRƏNCAMI BİZİ BU BƏLADAN QURTARA BİLƏR»

Ekoloq Telman Zeynalovun fikrincə, ölkəni bu bəladan ancaq prezident qurtara bilər:


«Son illər Azərbaycanda bu sahədə vəziyyət bir balaca yaxşılaşıb. Mən deyə bilmərəm tam, amma bir az yaxşılaşıb. Yerli icra hakimiyyətlərinin, vəzifəli şəxslərin himayədarlığı ilə hələ də meşələr qırılır, mülklər tikilir. Ölkədə gizli sexlər fəaliyyət göstərir. Bir sözlə, meşələrin qırılıb-çatılmasının qarşısını yalnız prezident ala bilər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin gücü çatmır. Bu problemlə mübarizə aparmaq üçün nazirliyin səlahiyyəti yetərli deyil.
Bu il «AzəriQaz» 195 yaşayış məntəqəsini qazlaşdırıb.
Bu il «AzəriQaz» 195 yaşayış məntəqəsini qazlaşdırıb.
Prezident bir sərəncamı ilə bu nazirliyə əlavə səlahiyyətlər versə, problem tam çözülə bilər. Əks halda, mümkün fəsadların qarşısını almaq get-gedə çətinləşəcək».


«AZƏRİQAZ»: “ÖLKƏNİN TƏXMİNƏN 90 FAİZİ QAZLAŞDIRILIB

Azərbaycan meşələrinin 85 faizi dağlıq rayonların payına düşür. Özəlliklə Lerik, Astara, Gədəbəy, Tovuz, Zaqatala, Göygöl, Oğuz, Şəki və Yardımlıda və dağ kəndlərində qaz yoxdur deyə, bu zonalarda daha çox meşə qırılır.

«AzəriQaz» İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Araz Ağayev ölkədə neçə kəndin qazsız qalması barədə dəqiq məlumatı olmadığını deyir. Amma əlavə edir ki, respublika üzrə qazlaşdırma 90 faizə yaxınlaşır:


«Təkcə bu il «AzəriQaz» İstehsalat Birliyi 195 yaşayış məntəqəsini qazlaşdırıb. Balakən rayonun qazlaşdırılması tam başa çatıb. Digər rayonlarda da işlər davam edir. Abonentlərin təxminən 90 faizi qazla təmin olunub».


ƏTRAF MEŞƏLƏRDƏ ODUN TÜKƏNİB?

Gədəbəyin Miskinli kəndində üzərini yaşıl mamır örtmüş ağaclar doğranır. 2 min 720 nəfər əhalisi olan bu kənddə hər ailə özünə öncədən qış tədarükü görür. Üst-üstə qalanmış doğranmış odundan evlərin önünü tam görmək olmur. 800 ailənin yaşadığı bu kənddə ildə orta hesabla 12 min ağac kəsilir. Miskinli Gədəbəyin qaz olmayan 50 kəndindən biridir. Kənd sakini Səyyad Hüseynov ətraf meşələri göstərib deyir ki, oralarda ağac qalmayıb deyə, odunu uzaqdan almalı olur. Ona görə də odun baha başa gəlir:

Üst-üstə qalanmış doğranmış odundan evlərin önünü tam görmək olmur.
Üst-üstə qalanmış doğranmış odundan evlərin önünü tam görmək olmur.


«Meşə qırılıb, qalmayıb... Odunu gedib dağlardan kəsib gətirirlər deyə, bizə baha satırlar. Bir qışı yola vermək üçün 2 maşın odun alırıq. Bu da 500-600 manat xərc deməkdir. Bu il kəndə qaz borusu çəkilib. Evlərə çəkilib, qaz verilsəydi, bu zülmdən biz də, meşələrimiz də qurtulardıq».


CƏMİ İKİ KƏNDƏ 35 MİN KUBMETR ODUN

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi Sadıq Salmanov deyir ki, meşələrdən bir ilə 45 min kubmetr odun tədarük olunur. Bu odun qaz olmayan kəndlər arasında bölüşdürülür. Təkcə Şəkinin Baş Göynük və Gədəbəyin Miskinli kənd sakinləri ilə 35 min kubmetr odun istifadə edirsə, digər qazsız kəndlərdə istifadə olunan odun haradandır?

Ekoloq Fəridə Hüseynova sualın cavabını hər il azalan meşə sahələrində axtarır:


«Bəzən odunların meşələrdəki qurumuş ağaclar hesabına əldə edildiyini deyirlər. Bir ildə heç cür bu qədər ağac quruya, ya da yıxıla bilməz. Olubsa, deməli, meşələrdə hansısa epidemiya var, xəstəlik var. Amma əslində, bunlar meşələrdən kəsilən cavan ağacların odunlarıdır».


MEŞƏLƏRƏ TƏXMİNƏN 12 MİLYON MANAT

Azərbaycanda meşələrin bərpası və meşə zolaqlarının azalmasının qarşısını almaq üçün dövlət səviyyəsində iş görülür. 2014-cü ilin dövlət büdcəsindən yeni meşə massivlərinin salınmasına 11.7 milyon manat vəsait ayrılıb.

Miskinli sakinləri deyirlər ki, kəndə qaz çəkilməsi yarımçıq qalmasaydı, bu qədər ağacın yenidən qırılmasına bais olmazdılar:


«Kəndə qaz xətti çəkib, işi yarımçıq qoydular. Qaz boruları boş şəkil kimi qalıb kənddə. Evlərdə qaz olmadığından yenə əlimizi meşə ağaclarına uzadırıq. Buna məcburuq. Qışı yola vermək üçün başqa əlacımız yoxdur».
XS
SM
MD
LG