Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 05:43

Salam Sarvan: “Mənim bu xalqa borcum-zadım yoxdur”


Salam Sarvan, Azadlıq Radiosunun "Pen klub" proqramında
Salam Sarvan, Azadlıq Radiosunun "Pen klub" proqramında
-

"– Deyirlər, Heydər Əliyev təyyarə salonuna daxil olanda hamı ayağa qalxdı, Salam Sarvan qalxmadı...

– Düzdür, belə bir şey olub..."

"– Niyə cəmiyyətdə belə fikir var ki, Salam Sarvan Kamal Abdullaya yarınır?

– Cəmiyyət qələt eləyir!”


Gənc yazar Kəramət Böyükçölün şair Salam Sarvanla söhbəti


– Salam müəllim, ikinci dəfə dünyaya gəlsəydiniz, yenə şair olardınızmı?

– Zarafatla verdiyin suala ciddi cavab verirəm. Mən istəməzdim. Amma ikinci həyat məni yenə şair kimi seçəcəkdi.

– Bəs üçüncü dəfə dünyaya gəlsəydiniz, həyat sizi yenə şair seçəcəkdi?

– Paralel dünyalar, insanın yeni həyat ehtimalları barədə Saramaqo yazırdı ki, adam yüz dəfə də dünyaya gələ bilər, amma bir dəfə doğulur. Yəni ki, o bir dəfəni şair kimi doğulan adam üçün sən deyən mənada yüzəcən saymağa ehtiyac yoxdur.

– Şair taleyinizdən razısınızmı?

– Yox! Razı deyiləm.

– Niyə?

– Bunu şərtləndirən xeyli səbəblər var.

– Məsələn...

– Birinci budur ki, mən şair olaraq heç vaxt həyatın məntiqinə uyğunlaşa bilmədim.

– Bəs ikinci...

– Haradasa oxumuşdum ki, tikanlarla dolu bu dünyada şeir yazmaq gül bitirmək kimi bir şeydir. Ancaq bəzən görürsən ki, yaxşı şeir yazmağı nəinki ədəbi mühitin adamları, heç oxucular da sənə bağışlaya bilmirlər. Və istər–istəməz sənət ərazisində sağlam olmayan rəqabətə düçar olursan. Mən düz 20 ildir dolayısıyla bu rəqabətin içərisindəyəm. Çox çətindir.

– Bəs üçüncü...

– Üçüncü tərəfi başa düşülmək ehtiyacıdır. Şairlərin əksəriyyəti iddia eləsə də ki, oxucu faktoru bizim üçün əhəmiyyətsizdir, ancaq bununla belə hər bir şairin içində duyulmaq, başa düşülmək ehtiyacı var.

– Yəni, sizə elə gəlir ki, Salam Sarvanı başa düşmədilər?

– Söhbət yazdığımız şeirlərin başa düşülməsindən getmir. Müəllif-mətn-oxucu-cəmiyyət dördbucağında müəllifin yeri barədə təsəvvür bizim cəmiyyətdə hələ də yanlışdır.
Salam Sarvan
Salam Sarvan

– Salam müəllim, elə bir arzunuz var ki, onun həyata keçməsi üçün yazdığınız bütün şeirləri qurban verərdiniz?

– Elə bir arzum yoxdur və arzulara çatmaq üçün şeir yazmağın heç bir maneçiliyi də yoxdur.

– Bəs şeir yazmaq arzularınıza çatmağa mane olsaydı, şeiri qurban verərdiniz?

– Mümkün olsaydı, əlbəttə!

– Bəs şeirə nəsə qurban vermisiniz?

– “Şair doğulmağı” qəbul ediriksə, deməli, bu qəbildən bütün “sövdələşmələr” bizə qədər aparılıb.

– Tarixdə belə bir şey də olub ki, rəssamlar rəsm əsərlərini satışa çıxarmaqla bərabər həm də müəlliflik hüququnu da satıblar...

– Düzdür, olub.

– Bəs siz necə? Pula çox ehtiyacınız olsa, şeirlərinizi satarsınız?

– Bu cür söhbətlər, mənə elə gəlir ki, zarafatdan o yana keçə bilməz. Çünki ən zəif şeirlər yazan şair belə ömrü bahasına başa gələn yaradıcılığını satmaz.

– Burada pul şərti qiymətdir.

– Nəinki pul, heç bir şeyə satmaz və dəyişməz.

– Salam müəllim, yaradıcılığınız ciddi tənqid olunub?

– Təhlillərə və tənqidlərə cəhd olunub.

– Cəhd?

– Hə, cəhd deyərdim. Mənim şeirlərim haqqında çox ziddiyyətli fikirlər, ziddiyyətli baxışlar, yanaşmalar olub. Belə yanaşmalar oxucular arasında da olub, ədəbiyyatşünaslar, yazarlar arasında da. Bunları tənqid hesab eləməmişəm. Ancaq mənim şeirlərimi qəbul eləməyən, tamamilə inkar edən də olmayıb.

– Məsələn, sizə görə, ciddi tənqidin konturları nədən ibarət ola bilər ki?

– Mənim üçün tənqidin ən ciddisi lap bu olsun ki, desinlər, bu şeirlər şeir deyil. Və ya, bir balaca yumşaq: bu şeirlər babat şeirlərdir. Bir az da yumşaq: zəif şeirlərdir. Elementar anlayışlarla yanaşsaq, nəzəri qəliblərə sığmaq istəməyən, şeiri stixiya hesab eləyən şair üçün tənqid bu ola bilər. Mənim şeirlərim haqqında bunların hansını deyirlər, desinlər, rahat qəbul edirəm.

– Tənqiddən qorxursunuz?

– O şeirləri vermişəm oxucuların ixtiyarına. Bu şeirlərdən xoşu gələn də ola bilər, gəlməyən də, qərəz də ola bilər... Mən bu münasibətləri bir–birindən ayırmıram. Mətn özü özünü qorumalıdır. Tutalım, bu gün mənim canım sağdır və mən öz yazımın müdafiəçisi kimi çıxış edə bilərəm. Yaxşı, bəs mən öləndən sonra o yazını kim qoruyacaq? Ona görə bəri başdan şeirlərim haqqında bütün fikirləri normal qəbul eləyirəm və rahat da həzm eləyirəm.

– Ancaq Kamal Abdulla bunun əksini düşünür. Deyir ki, mən mətnimi bütün haqsız tənqidlərdən qorumağa hazıram.

– Görünür, Kamal Abdullaya qarşı haqsızlıq çox olub. Amma bütün hallarda bu məsələdə Kamal müəllimlə fərqli düşünürəm.
Kəramət Böyükçöl
Kəramət Böyükçöl

– Yeri gəlməmişkən, niyə cəmiyyətdə belə fikir var ki, Salam Sarvan Kamal Abdullaya yarınır?

– Cəmiyyət qələt eləyir!

– Salam müəllim, dəli kimi sevdiyiniz qadın olub? (Bu sualda xeyli fikirləşir)

– Dəli kimi sevdiyim olmayıb.

– Bir cümləlik cavaba görə niyə bu qədər düşündünüz ki?

– Mən cavanlıqda xanımımı sevib almışam. Amma dəli kimi sevməmişəm. Çünki dəli kimi sevmiş olsaydım, yəni o münasibətdə ağıl iştirak etməsəydi, indi biz bir yerdə olmazdıq ki, yəni qovuşmazdıq.

– Şeir yazmısınız xanımınıza?

– Cəmi bircə şeir yazmışam.

– Hansı şeirdir o? Məşhur şeirlərinizdəndir?

– Yox.

– Əzbər bilmirsiniz?

– Yox, əzbər bilmirəm. Tələbə vaxtı yazılan şeirlərdəndir. Zəif şeir idi. Heç kitaba da salmamışam.

– Yaxşı, dəli kimi sevdiyiniz qadın olmayıb, yoldaşınza cəmi bircə şeir yazmısınız, onu da kitaba salmamısınız. Bəs şeirlərinizdəki bu qadın kimdir?

– Axı, o şeirlərdə qadın yoxdur.

– Salam müəllim, bu cür sarsıntı, bu ovqat, bu darmadağın əhval–ruhiyyə ilə elə–belə təyinatsız şeirlər yazmaq olmaz axı...

– Məncə, biz ömrümüzdəki qadınları həyatın səthində olan balaca sevgilərlə, yəni məişət sevgisiylə sevdik. Bu cür sevgilər həyatımızda ciddi təlatümlər yarada bilmədiyi kimi, sarsıntılı şeirlər də doğura bilməz. İçimizdə sevginin həyatdan, məişətdən, düşüncədən ucada olan bir şəkli də var. Bax, o şəkildəki “qadın” “insan” deyil, “fon”dur. Ona görə deyirəm ki, o şeirlərdəki qadın deyil, fondur. O sevginin konkret qadın ünvanı yoxdur.

– Amma son şeirlərinizdə, deyəsən, ünvanı tapmısınız... Qaradərili qızı deyirəm.

– Məhz “Qaradərili qız”, əslində, içimizdəki həyatdan və məişətdən ucadan olan sevginin ünvansızlığının obrazıdır.

– Müəllim, bəlkə bundan sonra kimisə dəli kimi sevdiniz? Ola bilər?

– Bilmirəm. Bəlkə də...

– Salam müəllim, hansısa şeir kitabına ön söz yazmısınız?

– Yox, şeir kitabına ön söz yazmamışam.

– Niyə? Yazdıran olmayıb?

– Deyən çox olub. Amma yazmamışam.

– Nə üçün?

– Çünki yazıya gələn kitablar deyildi.

– Məsələn, bu gün istedadsız bir şair şeirlər kitabını gətirsə ki, ona ön söz yazasınız, onu necə başınızdan eləyərsiniz?

– Mənə elə gəlir ki, bu gün heç kəsi başımdan eləmərəm. Çalışaram ki, yazım.

– Nə dəyişdi?

– Sənə bir söz deyim, qəribə gəlməsin. Bura qədər içimdə müəyyən bir ədəbiyyat davasının elementləri var idi. Amma nədənsə, daha o hisslər yoxdur.

– Ədəbiyyat davası deyəndə nəyi nəzərdə tutursunuz?

– Yəni, ədəbiyyata yanaşmada qəbul elədiyim müəyyən sistemlər var idi, sərt kriteriyalar var idi, ədəbiyyat baxışlarımda bir ədalət, obyektivlik hissi var idi.

– Düşünürsünüz ki, daha bu hisslər yoxdur?

– Söz yox, bu gün də var. Ancaq indiyə qədər hansısa səviyyədə, hansısa ölçüdə bunların davasını aparırdım, möhkəm idim, mövqeyimdə sərt idim, ədəbiyyatda o dəyərləri yerbəyer eləmək baxımından, pisi pis, yaxşını yaxşı yerinə qoymaq baxımından qətiyyətli idim.

– Bəs bundan sonra?

– Bundan sonra şeirlərimi ədəbiyyat üçün yazmıram və bundan sonra həmin ədəbiyyat davalarını aparmaq fikrində də deyiləm. Bundan sonra könül xoş eləmək istərdim. Məsələn, bir insanın məhz mənim ön sözümə ehtiyacı varsa, o nə qədər zəif şair olsa da, onu yazaram, özü də böyük həvəslə.

– Salam müəllim, şair olmağınız sizi bir insan kimi sıxmır ki? Məsələn, hər hansı bir hərəkəti eləmək istəmisiniz, amma eləməmisiniz, düşünmüsünüz ki, mən Salam Sarvanam, belə şeylər mənə yaraşmaz...

– İndiyə qədər nə qədər müsahibələr vermişəm, nə qədər ədəbi söhbətlərimiz olub, heç vaxt mənə belə ağıllı sual verən olmayıb.

– Məzələnirsiniz?

– Yox, qətiyyən! Çünki bu sual az-çox tanınmış bütün qələm adamlarının faciəvi problemidir.

– Onda görək ən ağıllı sualıma cavab necə olacaq...

– Sovet vaxtından bir söz var, deyirlər, şair qəribə olar. Bəzən elə şairlərimiz olur ki, özlərini qəsdən anlaşılmaz həyat situasiyalarına salırlar. İçdən gəlməsə belə, bunu suni şəkildə edirlər, nədi–nədi “şair qəribə olar” standartına cavab verə bilsinlər. Bu heç, bunu aldanış hesab eləyirəm. Ancaq məsələ burasındadır ki, istedad gələndə tək gəlmir, o, özüylə bir xasiyyət də gətirir. Bax, o şair xasiyyəti oturur sənin içində və məsələn, eləmək istədiyin “əclaflığa” imkan vermir. Sən özünü zorlasan da mümkün olmur. Bu, içdə Allahdan gələn yara kimi qalıb. Sən “mkk” eləmək istəyən kimi o yara səni ağrıtmağa başlayır və başın ağrıya qarışır, həmin o hisslərdən yayınırsan.
Salam Sarvan
Salam Sarvan

– “Salam Sarvanın əvvəl yazdığı şeirlər”, “Salam Sarvanın sonra yazdığı şeirlər”. Oxucular və ədəbiyyat adamları arasında sizin yaradıcılığınız şərti olaraq bu cür bölünür. Və o Salam, bu Salama heç oxşamır. Üslub, fikir, düşüncə, ruh, intonasiya, duyum, ümumiyyətlə, mənə elə gəlir ki, hər şey fərqlidir. Nə baş verib?

– Mən əvvəlki kimi artıq istəsəm də yaza bilmərəm. O intonasiya, o duyum, o əhval–ruhiyyə artıq yoxdur. O kitab bağlanıb. Həm də nə qədər boynumdan atmağa çalışsam da, o şeirlərdə ədəbiyyat iddiası iştirak eləyirdi. Ancaq son şeirlərimdə ədəbiyyat iddiası yoxdur. Bu şeirlər ədəbiyyat deyil.

– Bəs nədir?

– Taledir, insandır...

– Bəlkə son şeirləriniz əvvəlkilər qədər sevilmədi deyə, bu cür fikirdəsiniz?

– Məncə, əvvəlkilərdən az dəyərləndirilmədi son şeirlərim...

– Onda belə deyək, əvvəlki şeirləriniz ədəbiyyata gəlmək, son şeirləriniz ədəbiyyatdan getmək üçündür. Yəni, son şeirlər şair Salam Sarvanın son nəfəsidir.

– Ay Kəramət, axı mən sənə dedim ki, son şeirlərim ədəbiyyat deyil. Mən əvvəlki şeirlərimlə ədəbiyyata gəldim, elə əvvəlki şeirlərimlə də getdim... Artıq ədəbiyyatda yoxam!

– Salam müəllim, ölümdən qorxursunuz?

– Yox!

– Bəs necə ölmək istəyərsiniz? Heç bu barədə düşünmüsünüz?

– Düşünməmişəm.

– Fikir adamının qalmaqala qoşulmasına necə baxırsınız?

– Bilirsən, cəmiyyətin elə dəyərləri var ki, düşüncə adamı daim o dəyərlərlə konfliktdədir. Ona görə də o, toplumun dəyərlərinə hərdən-bir üsyan eləmək istəyəcək, o dəyərlərlə mübahisəyə, qalmaqala girəcək... Bu, çox normal və təbii bir haldır.

– Sizi vətəndaş mövqeyi göstərməməkdə qınayanlar da var...

– Əvvəla, bu təəssürat səhvdir. Məni bir yazı adamı olaraq Azərbaycanda gedən proseslərdən bu qədər uzaqda hesab eləmək insafsızlıq olardı. Amma ümumən, bu məsələylə bəzən bizə qarşı oynamaq istəyirlər. Bu halda qısaca demək istəyirəm: birincisi, vətəndaşlıq mövqeyi göstərib-göstərməmək mənim şəxsi işimdir, ikincisi və ən vacibi isə odur ki, mənim bu xalqa borcum-zadım yoxdur.

– Niyə bu qədər aqressivsiniz?

– Çünki bu mövzuda bir qisim adam var ki, “xalq-xalq” oyunu, “qəhrəman-qorxaq” oyunu oynamağı xoşlayırlar.

– Müəllim, bəlkə xalq sizdən bir ziyalı kimi nəsə umur? Onda necə?

– Əvvala, söhbət umacaqdan yox, hikkədən, tələb intonasiyasından gedir. Başqa tərəfdən, neçə dəfə demək olar ki, ay qardaş, əl çək mənim yaxamdan, mən ziyalı-zad deyiləm.

– Hansısa şairdən təsirlənib şeir yazdığınızı hiss eləmisiniz?

– Tələbəlikdə olub ki, şeiri yazmışam, görmüşəm burada hamı var, məsələn, Nüsrət Kəsəmənli, Ramiz Rövşən, Cabir Novruz, Yusif Nəğməkar... O şeirləri çap eləmədim.
Qəşəm Nəcəfzadə
Qəşəm Nəcəfzadə

– Amma çap olunan şeirlərinizdə də təsirləndiyinizi deyənlər var...

– Ola bilməz!

– Niyə həmişə elə danışırsınız, sanki heç vaxt şeirdə səhv edə bilməzsiniz, ola bilməz ki, siz də yanılasınız?

– Ola bilməz!

– Necə yəni? Niyə ola bilməz?

– Çünki şeirdəki bütün estetik axınlarla tanışlığım var. Antik dövrdən üzü bəri kifayət qədər şeir mütaliəm var və dünyanın çağdaş poeziya mənzərəsində gedən proseslərin hamısını izləyirəm.

– Siz neçə dil bilirsiniz ki, dünyanın çağdaş poeziya mənzərəsində gedən proseslərin hamısını izləyirsiniz?

– Aydın məsələdir ki, dil problemi var. Yəni, yüzdə yüz olmasa da, ən azı, yüzdə doxsan rus dili vasitəsilə izləmək mümkündür. Ancaq təbii ki, hər şeydən qabaq içimdəki şeir duyumudur. Yaxşı şeiri hiss eləyə bilirəm. Üstəlik, bir şeiri qiymətləndirəndə o şeiri dəyərləndirmək üçün lazım olan bütün hazırlıq bazasından çıxış edirəm.

– Məsələn, nədir o hazırlıq bazası?

– Ədəbi–estetik kriteriyalar, özəl şeir duyumu və dünyada qəbul olunmuş ədəbiyyat standartları. Bunları bilə–bilə necə səhv eləyə bilərəm? Məsələn, səninlə mənim aramda şeirə yanaşmada hansı estetik fərqlər ola bilər ki, biz ikimiz də eyni dünyada yaşayırıq, eyni ədəbiyyat ərazisində yaşayırıq və o estetikanı sən bilirsən, mənsə yox?

– Özünüzü bu qədər hazır hiss edirsinizsə, bəs dünyada çap olunmağa niyə meyl göstərmirsiniz?

– Tənbəllik, həvəssizlik, iddiasızlıq...

– Salam müəllim, onda gəlin sizin hazır tərəzinizlə bir neçə adamın necə şair olub–olmadığını yoxlayaq.

– Yoxlayaq...

– Həmid Herisçi necə şairdir?

– Yadımdadır ki, Həmid 90–cı illərdə 2–3 yaxşı şeir yazmışdı. Amma məncə, 2–3 şeir bir şair obrazını yarada bilməz. Tamada da 3 saatlıq toyu aparanda təsadüfən, ağzından 2-3 yaxşı söz çıxa bilər.

– Bəs Səlim Babulla?

– Səlimi çox seyrək oxumuşam. Onu bütövlükdə oxumaq üçün fürsət gözləyirəm.

- Gah deyirsiniz dünyanın çağdaş poeziya mənzərəsini izləyirəm, gah deyirsiniz Səlimi oxumamışam... Bu necə olur?

- Bütövlükdə oxumamışam. Dedim axı tanışlığım var.

– Yaxşı, Şaiq Vəli necə?

– Şaiq mənim sevdiyim insan olub. Onun da 2-3 şeirini əzbər bilirəm. Allah rəhmət eləsin.

- Bəs Salam Sarvan necə şairdir?

- Dəyərləndirdiyim şairdir.

– Müəllim, heç rüşvət almısınız?

– Yox!

– Bəs rüşvət alan adamlara necə baxırsınız? Yoxsa, bu da onların şəxsi işidir?

– Bu cür məsələlər cəmiyyətin mexanizmi ilə bağlıdır. Fərdi dəyərləndirmələrə cəmiyyətdəki sistemlərin tətbiqi ədalətli nəticə vermir. Məsələn, sən həm rüşvət ala bilərsən, həm də yaxşı və dəyərli adam ola bilərsən. Məsələn, rüşvət alan adam mənim dostum da ola bilər, qardaşım da, atam da...

– Arzularınız var? (xeyli düşünür)

– Belə baxıram ki, arzum yoxdur.

– Bəs niyə Qarabağın geri qaytarılması sizin ən böyük arzunuz deyil?

– Kim istəməz ki, Qarabağ qayıtsın?! Ancaq düzü, bunu ən böyük arzu kimi görmürəm özümdə. Elə sən sualı verəndə diksindim ki, mən Qarabağı çoxdan unutmuşam.

– Kəlbəcər nə vaxt işğal olunub?

– Ümumiyyətlə, heç bir rayonumuzun işğal olunma tarixini bilmirəm. Yadımda qalmır.

– Evdə şeir yazanda xanımınızı çağırırsınız ki, gəl otur yanımda, sənə şeir oxuyum?

– Çox olub.

– Xoşuna gəlir şeirləriniz?

– Əvvəllər xanımım şeirə o qədər də həvəsli görünmürdü. Ancaq sonra mənim şair auramın içərisinə daxil ola bildi. Görünür, onun da içində şeir damarı varmış.

– Sözə xəyanət eləmisiniz?

– Məncə, eləməmişəm. Düzü, həyatda xeyli səhvlərim olub. Bu, həyatın gətirdikləri səhvlərdir. Ancaq, məncə, böyük səhvlər eləməmişəm.

– Heydər Əliyev Hüseyn Cavidin məqbərəsinin açılışına gedəndə özü ilə şairləri də aparmışdı. Siz də o şairlərin arasında olmusunuz...

– Hə, orada idim. Gənc şair kimi dəvət olunmuşdum.

– Deyirlər, Heydər Əliyev təyyarə salonuna daxil olanda hamı ayağa qalxdı, Salam Sarvan qalxmadı...

– Düzdür, belə bir şey olub. Ancaq bunun qəhrəmanlıq kimi təqdim olunması yanlışdır. Adi anlaşılmazlıq idi. Sadəcə, o, içəri girəndə görmədim. Sonra qalxmaq da gec idi. Çünki artıq ayağa qalxmadığımı Heydər Əliyev görmüşdü.

- Salam müəllim, bundan əvvəl mətbuatda atamla mənim söhbətimiz getdi. Buna görə məni tənqid edənlər də oldu, xoşuna gələnlər də...

– Kəramət, atanla o söhbətin xoşuma gəldi. Biz adət etmişik ki, ata oğulu tərifləyər, oğul da atanı... Sizdə belə deyil və bu çox maraqlıdır, yaxşıdır. Ancaq mənə elə gəlir ki, sənin Qəşəm Nəcəfzadəylə bağlı ciddi komplekslərin var. Sən bu komplekslərdən əl çəkməlisən. Atanla belə kəskin söhbətlər eləməməlisən. Çünki Qəşəm yaxşı şairdir və o, sənin atandır. Məhz həmin söhbətinizdə də Qəşəmin ata obrazı açıq–aydın görünürdü, ancaq təəssüf ki, sənin oğul obrazın yox idi. Sən istedadlı və maraqlı oğlansan. Dəliliyin, darmadağınlılığın xoş təsir bağışlayır və Qəşəm orada da haqlıydı ki, səninlə söhbət eləmək doğurdan da maraqlıdır.

Söhbətləşdi: Kəramət Böyükçöl
İnterpress.az
XS
SM
MD
LG