Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:41

SOCAR-ın vitse-prezidenti: «Məqsədimiz... qiymətləri aşağı salmaqdır»


Xaliq Məmmədov
Xaliq Məmmədov
-
Azərbaycan Dövlət Neft Şirkətinin – SOCAR-ın vitse-prezidenti, Beynəlxalq Təhsil Mərkəzi İdarə Heyətinin sədri Xaliq Məmmədov AzadlıqRadiosuna müsahibə verib.

- Azərbaycan Beynəlxalq Təhsil Mərkəzi İctimai Birliyi nəyi hədəf götürüb?

- Beynəlxalq Təhsil Mərkəzi Dövlət Neft Şirkətinin qrant layihəsi ilə yaranıb. Mərkəz Azərbaycana beynəlxalq təcrübənin gətirilməsi, beynəlxalq dərs proqramları əsasında təhsil verən məktəblərin Azərbaycan məktəblərinə inteqrasiyası, ölkədə yeni təhsil formasının yaradılması, ayrı-ayrı ölkələrin təhsil standartlarının Azərbaycana gətirilməsi üçün yaradılıb.

- SOCAR-ın təhsil layihələrində iştirakı hansı zərurətdən doğub?

- Bu, SOCAR-ın təhsil layihəsi deyil. Bu, Beynəlxalq Təhsil Mərkəzinin ideyasıdır, layihəsidir, SOCAR da buna qrant ayırır.

- Amma siz həm SOCAR-ın vitse-prezidentisiz, həm də Beynəlxalq Təhsil Mərkəzinin İdarə heyətinin rəhbəri...

- Bəli. Siz bilirsiniz ki, SOCAR hər zaman təhsilə böyük önəm verib, gənclərin yaxşı təhsil almasında maraqlı olub. Fikrimcə, belə də olmalıdır. Qarşımıza çox böyük ambisiyalı planlar qoymuşuq. Bu planları yeni düşüncəli, müasir bilik və texnologiyaları mənimsəmiş gənclər həyata keçirməlidir. Həmin gəncləri də yetişdirmək lazımdır. Mən müəllim ailəsində böyümüşəm. Onu bilirəm ki, təhsil cəmiyyətin problemidir. SOCAR-ın gələcəyindən danışırıqsa, təhsilli gənclər yetişdirmədən bu yeni layihələrin həyata keçirilməsi mümkün olmayacaq.

- Beynəlxalq Təhsil Mərkəzində yeni məktəblərin yaradılması, yoxsa özəl məktəblərin bir araya gətirilməsi nəzərdə tutulur?

- Məqsədimiz yeni məktəblərin yaradılması idi. Britaniya standartları ilə fəaliyyət göstərəcək bir məktəb yaratdıq. Bu gün məktəb artıq işləyir. Məktəbəqədər təhsildən orta təhsilədək bir sistemi əhatə edir. Artıq 320 uşaq var. 5-ci sinfədək şagirdlər oxuyur. Müəllimlər Böyük Britaniyadan dəvət olunublar. Bu məktəbdə oxumaq o deməkdir ki, beynəlxalq attestat alacaqsan. Fransa təhsil standartlarına uyğun məktəb də yaratmışıq. 30-dan çox uşaq oxuyur indi. Bu da bizim ikinci layihəmiz idi.

- Bu məktəblər Dövlət Neft Şirkətindən alınan qrantlar, yoxsa təhsilhaqqı hesabına maliyyələşir?

- Məktəblər Dövlət Neft Şirkətinin qrantı əsasında yaradılıb. Amma məktəblər pulludur, özü-özünü saxlamalıdır.

- İmkanlı ailələrin övladlarına yüksək təhsil vermək üçün Azərbaycanda geniş seçim imkanları var. Bəs Dövlət Neft Şirkətinin dəstəyi ilə yaradılan məktəblərdən imkansız təbəqə bir yana, aylıq gəliri 700-1000 manatı aşmayan ailələr necə yararlanacaq?

- Nəzərdə tutursunuzsa ki, imkansız ailələrin uşaqlarının təhsili necə olacaq – bunun üçün dövlətin proqramı var, Təhsil Nazirliyinin məktəbləri var. O məktəblər də təhsil verir, hamı da oxuyur. Bizim ideya ölkədə fəaliyyət göstərən beynəlxalq məktəblərin çox yüksək qiymətlərinin aşağı salınmasına yönəlib. Bu gün Bakı İstedadlar Məktəbində təhsilhaqqı Azərbaycanda fəaliyyət göstərən digər beynəlxalq məktəblərdəki qiymətlərdən 3 dəfə aşağıdır.

- Rəqəmlərlə ifadə etsək...

- TISA-da (The International School of Azerbaijan - S.A.) illik təhsilhaqqı 30 min manata, Oksford məktəbində 12 min manata yaxındır. Bizdə 5-6 min, orta təhsil 7 min manatdır.

- Sizcə, orta təbəqənin illik 7 min manat ödəmək imkanı var?
- Bu məktəb o təbəqə üçün deyil, beynəlxalq təhsil sisteminə inteqrasiyadan ötrü açılıb. Bunun siyasəti, proqramı tamam ayrıdır, siz deyən ideyaya hesablanmayıb. Amma məktəbin siyasətində belə bir məqam da var ki, hər il ölkədə 10 faiz civarında ən istedadlı uşaqlar seçiləcək və onlar pulsuz təhsil alacaqlar. Məktəb özü pulsuz olmayacaq. Dünyanın heç yerində pulsuz məktəb yoxdur. Həmin uşaqların təhsilhaqqını ya Dövlət Neft Şirkəti qrant şəklində, ya da məktəb özü öz qazancından ödəyəcək.

- SOCAR-ın qrantlarından başqa təhsil mərkəzləri də yararlana bilir?

- Beynəlxalq Təhsil Mərkəzi özü bir layihədir, onun bir neçə məktəbi var. Biz həm də türk məktəbləri yaratmaq istəyirik. Gələcəkdə alman, çin məktəbləri də yaratmaq istəyirik. Türk məktəbi yaratmaq istəyəndə Bakıdakı türk məktəbləri müraciət etdilər ki, yenisini niyə yaradırsınız, bəlkə elə biz sizə birləşək?

- Söhbət «Çağ Öyrətim İşlətmələri»ndən gedir?

- Bəli. İndi «Çağ Öyrətim» yoxdur. Beynəlxalq Təhsil Mərkəzinin tərkibində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq Təhsil Kompleksidir. «Çağ Öyrətim»in tərkibindəki bütün türk məktəbləri də Təhsil Kompleksinin tərkibindədir.

- Kommersiya baxımından özünü doğruldan «Çağ Öyrətim İşlətmələri» MMC-nin Beynəlxalq Təhsil Mərkəzinin tərkibinə daxil olmasında məqsəd nədir?

- Bilmirəm sizdə haradandır bu məlumat ki, «Çağ Öyrətim İşlətmələri» kommersiya əsasları ilə çalışır? Keçmiş «Çağ Öyrətim» qeyri-kommersiya və qeyri-hökumət təşkilatı idi. Beynəlxalq Təhsil Mərkəzi də həmçinin. Bu təşkilatların kommersiya məqsədi, qazanc götürmək məqsədi yoxdur. Bu, sadəcə təhsilə yönəldilmiş layihədir. Siz deyirsiniz ki, kommersiya cəhətdən özünü doğruldub... Onların maliyyə rəqəmlərini görmüşəm. Uşaqlardan alınan təhsilhaqqını məktəbin fəaliyyətinə xərcləyiblər. Oradan qazanc götürüb başqa sahəyə yönəltməyiblər. Bu olmayıb, indi də yoxdur. Bəli, bu məktəblər özlərini dolandırırlar. Beynəlxalq Təhsil Mərkəzinin də məktəbləri özlərini dolandırırlar. Keçmiş «Çağ Öyrətim»in Bakıdakı məktəbində təhsilhaqqı az deyil, amma bölgələrdəki məktəblərdə təhsilhaqqı o qədər deyil. Bakıda yerləşən məktəblərdən əldə olunan gəlir də bölgələrdəki məktəblərə yönəldilir. O məktəblər dotasiya ilə fəaliyyət göstərir. Soruşdunuz ki, məqsədləri nə idi? Biz türk məktəbi açmaq istəyirdik, onlar da dedilər ki, birləşək sizə. Məqsəd də Azərbaycanda uşaqlara normal təhsil verməkdir. Burdan qazanılan yenə təhsilə yönəldilir. Burda qazanc məqsədimiz yoxdur.

- Azərbaycanda fəaliyyət göstərən digər xarici özəl məktəblər də Beynəlxalq Təhsil Mərkəzinə birləşdirilə bilər?

- Yox, qarşımıza belə hədəf qoymamışıq. TISA, «British Shool», Oksford var, Beynəlxalq Təhsil Mərkəzi də yaradıldı. Onlar kommersiya yönümlüdürlər, qazanc götürmək istəyirlər. Azərbaycan prezidenti İlham Əliyev hələ 10 il əvvəl elan elədi ki, biz neft kapitalını insan kapitalına çevirəcəyik. SOCAR-ın bu layihəsi də, düşünürəm ki, neft kapitalının insan kapitalına çevrilməsinə xidmət edən bir işdir.

- Gələcəkdə Beynəlxalq Təhsil Mərkəzinin tərkibində universitetlər də olacaq?

- Hazırda Beynəlxalq Təhsil Mərkəzinin tərkibində Qafqaz Universiteti var. Bu universitetin inkişaf etdirilməsi planlarımızda var. Keçən il mexanika fakültəsini açdıq. Buna bp şirkəti də qrant ayırdı. Gələcəkdə fikrimiz var ki, pedaqoji sahəni inkişaf etdirək. Azərbaycanda ən böyük problem savadlı müəllim problemidir. Gənclər universitet seçəndə müəllimliyə az üstünlük verirlər. Ən az bal toplayanlar və ya balı digər ixtisaslara çatmayanlar müəllimliyi seçir.

- Bəlkə həm də ona görə ki, ölkədə müəllimin maaşı aşağıdır?

- O da var. Bayaq dediyim kimi, təhsil işi cəmiyyətin işi olmalıdır, təkcə dövlətin yox. Cəmiyyət də bu problemin həllinə qatılmalıdır. Bu məsələni həll etmək üçün Qafqaz Universitetində pedaqogika fakültəsi açmışıq və bunu inkişaf etdirəcəyik. Müəllim hazırlayan digər təhsil ocaqları ilə rəqabətə giririk ki, onlar da təhsilin keyfiyyətini artırsınlar.
XS
SM
MD
LG