Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:14

Qapısı qıfıllı məscidlər


Ləgərdəki baxımsız məscid
Ləgərdəki baxımsız məscid
-
Şimal bölgəsində illərdir ki, qapısından qıfıl asılmış məscidlər var.

Aprelin 3-də Şeyxülislam Allahşükür Paşazadə Qubada dindarların müşavirəsini keçirrəkən tədbir iştirakçıları diqqəti bu ərazilərdəki uçulub dağılmış məscidlərə yönəldiblər. Şeyxdən onların təmir-bərpası xahiş olunub. Şeyx də başçılıq etdiyi qurumun imkanları daxilində bu məscidlərə diqqət ayrılacağını deyib.

15 İLDİR GÖZLƏRİ YOLDA QALAN İNANCLILAR

“Biz cümə namazına Xudata gedirik. Çünki kənddəki məscid bərbad vəziyyətdədir”, - bunu AzadlıqRadiosuna Qusarın Ləgər kəndinin sakini Vasif Məmmədov deyir. Onun sözlərinə görə, məscidlərin qapısı uzun illərdir ki, qıfıllıdır. Təmiri üçün yerli bələdiyyələrə, Qafqaz Müsəlmanları İdarəsinə, Dini Komitəyə müraciətləri cavabsız qalıb. Ləgərdəki məsciddən danışır:

“Bu məscidin 1 əsrdən yuxarı yaşı var. Dini inanclıların toplaşdıqları bu yer gördüyünüz kimi, bərbad vəziyyətdədir. 10-15 il əvvəl gəlib şəkillərini, ölçülərini çəkib getdilər. Hələ də gözləyirik”.

Bu məscidin döşəmələrində addımlamaq mümkün deyil. Döşəmələri, divarları qəzalı vəziyyətdədir.

İBADƏT ÜÇÜN KƏNDDƏN KƏNARA ÇIXIRIQ

“Görürsünüz ki, necə iri, geniş otaqları var. Uşaqlar böyüklərin sınıq pəncərələrdən içəri girirlər, dəfələrlə döşəmələrin arasından dartıb çıxarmışıq. Bu boyda məscid gözümüzün qarşsında qıfıllı qalıb, ibadət üçün kənddən kənara çıxırıq”.

Ləgərlilər cümə namazlarını qılmaq üçün Xudata xeyli yol qət etməli olurlar.

Daha bir qıfıllı məscid isə Xaçmazın Xudat şəhərində - Axundov küçəsində yerləşir. Xudatdakı və ətraf kəndlərdən gələn inanclılar ibadətlərini nisbətən istifadəyə yarayan İmam Hüseyn Məscidində etsələr də, digər məscidin də istifadəyə verilməsini arzulayırlar. Deyirlər, Xudatda tibb məntəqəsi, məktəb və başqa obyektlər vaxtaşırı təmir olunur. Ancaq məscid illərdir ki, qıfıllı qalıb.
Xudat sakini Nadir Xosrovoglu
Xudat sakini Nadir Xosrovoglu

İLLƏR KEÇDİ, MƏSCİD BAĞLI QALDI…

Kənd sakini Nadir Xosrovoğlu:

“O vaxt məscidin qapısından qıfıl asanda dedilər, tez bir vaxtda təmir olunub inanclıların üzünə açılacaq. Ancaq illər keçdi, nə təmir etmədilər, nə də hazırkı vəziyyətində özümüzə qaytarmadılar. Hələ də bilmirik ki, məscidi niyə bağladılar”.

Xudatlılar onsuz da dağılıb izini itirməkdə olan tarixi abidəni az-çox öz gücləri ilə qorumağa çalışırlar. Ətrafını təmizləyirlər, pəncərələrinə şüşə taxıblar və dəmir barmaqlılqlar düzəltdiriblər.

Yerli bələdiyyə deyir, məscidləri imkanları daxilində təmir etməyə hazırdılar. Ancaq əvvəlcə məscidlər qeydiyyata alınmalıdır.

“İSTİFADƏYƏ YARARLI OLMADI, BAĞLADILAR”

Bələdiyyə sədri Elman Allahyarov:

“Məsələn, imam Hüseyn məscidi qeydiyyatdan keçmiş dini icma olduğuna görə biz oranı bacardığımız qədər təmir etmişik. Ancaq təəssüf ki, əhali bizdən qeydiyyata alınmayan məscidlərin də təmirini tələb edir. O məscid qədim abidə deyil, yaxon vaxtlarda tikilib, tikintisi də yarımçıq qalıb. İstifadəyə yararlı olmadığına görə bağlanıb”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov
​Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov bu ilin mart ayında şimal bölgəsində qəbul keçirərkən yerli inanclıların ondan əsas xahişləri qeydiyyatsız dini icmaların qeydiyyata alınması ilə bağlı olub. Komitə sədri onlara müvafiq sənədləri komitəyə təqdim etməyi tapşırıb.

Xudat sakini Ələddin İbrahimov hesab edir ki, ibadət kəndin gənc təbəqəsini zərərli vərdişlərdən çəkinməsində bir vasitədir. Buna görə də kəndlərdə qıfıllı qalmış məscidlərin tezliklə açılmasını arzulayır.

“İstəyirik ki, kəndin cavanları pis yola düşməsinlər, ibadətə gəlsinlər, ancaq məscidimiz yoxdur”.

Şeyxülislam Allahşükür Paşazadə hələlik Qubadakı bir məscidin – Hacı Cəfər məscidinin təmirinə 10 min manat ayırıb.
XS
SM
MD
LG