Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 21:09

Oskara layiq film çəkmək üçün Azərbaycanda pul yoxdu…


Oskar mükafatçılarının bəyəndiyi filim 2006-cı ilin sonunda təhvil verilməliydi
Oskar mükafatçılarının bəyəndiyi filim 2006-cı ilin sonunda təhvil verilməliydi

Azərbaycanlı kino ssenaristləri, prodüserləri Oskar mükafatçılarının seminarlarında iştirak etmək şansı qazanıblar. Tbilisidə keçiriləcək seminarlar bu ilin payızında başlanacaq. Tədbirin təşkilatçısı Cənubi Qafqaz Kino Xadimləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin təmsilçisi Arzu Məmmədova deyir ki, Azərbaycanın kino işçiləri bu texnologiya ilə film çəksələr, müxtəlif nüfuzlu kinofestivallarda uğurla iştirak etmək mümkündür: «Onlar Azərbaycanı təmsil edəcəklər və bu, çox böyük nüfuzdur. Biz arzu etdiyimiz beynəlxalq səviyyədə kino çəkə biləcəyik».


Amma, çox şeyin «əmması» olan pul problemi deyəsən bu işin də aqibətini dramatikləşdirir. Hələ ötən il bu seminarlarda iştirak etmiş və ssenarisi qalib gəlmiş Mirsadiq Ağazadə filmini çəkməyə pul tapmır. «Günəşin düşmənləri» adlı filmin ekranlaşdırılmasına 350 min dollara qədər vəsait lazımdır. Cənab Ağazadə deyir ki, onun iştirak etdiyi proqramın təşkilatçıları 50 min dollar ayırmışdılar, üç nüfuzlu kino festivalının təsisçiləriylə danışıqlar aparılmışdı, hətta reklama da başlanmışdı, ancaq ötən iki il ərzində onlar Azərbaycanda dəstək tapa bilmədilər. Rejissorun sözlərinə görə, film festivallarda Azərbaycan milli kino nümunəsi kimi təqdim edilməliydi, buna görə də, ya Azərbaycan hökumətinin, ya da bu ölkənin vətəndaşı olan bir sahibkarın sponsorluğu şərt kimi qoyulmuşdu. Mirsadıq Ağazadə onu da deyir ki, əgər Azərbaycan tərəfindən cüzi kömək olardısa, filmin çəkilişinə xarici ölkələrdən əlavə sponsorlar da tapmaq mümkünü idi. Dünya kinosunun bir neçə xadiminin seçib bəyəndiyi ssenarisini ekranlaşdıra bilməsə də, rejissor seminarlara sərf etdiyi bir ili üçün təəssüflənmir: «Biz bu seminarlarda sanki bir məktəb keçdik. Çox güclü mütəxəssislər vardı və mən sizə deyim ki, bu kurs Avropa kino məktəbiylə birbaşa təmas demək idi».


«Günəşin düşmənləri» 2006-cı ilin sonunda təhvil verilməliydi. Mirsadiq Ağazadə deyir ki, eyni proqram iştirakçısı olan Gürcüstan və Ermənistan rejissorları isə bu festivallara öz filmləriylə qatıla biləcəklər. Bəs Azərbaycan tərəfi bu şansdan niyə istifadə eləmədi? Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Zöhrə Əliyeva deyir ki, nazirlik istəsə belə, onlara verilən film ssenarilərini maliyyələşdirmək imkanı yoxdur, ona görə də çıxış yolu kimi müsabiqələr keçirməyə əl atıblar.


Cənubi Qafqaz Kino Xadimləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin təmsilçisi Arzu Məmmədova isə hesab edir ki, ilk seminarların qaliblərinin filmi çəkə bilməməsi nə onları, nə də digər yerli rejissorları, prodüserləri öyrənmək həvəsini öldürə bilməz. Elə ona görə bu payız seminarlarında da azərbaycanlı kino sənətçilərini görmək mümkün olacaq.


XS
SM
MD
LG