Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:27

İlhamla Fərizənin anaları prezidentə müraciət etdi


İlhamla Fərizənin qəbirləri
İlhamla Fərizənin qəbirləri

-

«Şəhidlər Xiyabanı»nda məzarları təhqir olunana İlhamla Fərizənin anaları prezidenti İlham Əliyevə müraciət ediblər.

Bu barədə AzadlıqRadiosuna İlhamın qardaşı Elxan Allahverdiyev məlumat verib.

Müraciətdə hər iki ana bu hərəkəti edənlərin hüquq-mühafizə orqanları tərəfindən tezliklə tapılacağına inandığını bildirir:

«İnsanlıq adına, etikasına sığmayan bu hərəkət gözünün ağını-qarasını itirmiş biz anaların ürəyinə daha ağır dağ çəkib. Ana ürəyi haradasa oğul-qız itkisinə dözə bilər, amma canlarını vətən üçün fəda etmiş İlhamla Fərizənin qəbirlərinin təhqir edilməsinə dözə bilmir».

Analar bu hadisədən sonra İlhamla Fərizənin qəbirlərinin üstünün yenidən götürülməsini, baş və sinə daşlarının yenilənməsini xahiş edirlər. Müraciətdə, həmçinin, «Şəhidlər Xiyabanı»na müşahidə kameralar quraşdırılması da təklif olunur.

Avqustun 22-ə keçən gecə Bakıdakı «Şəhidlər Xiyabanında» İlham və Fərizənin məzarlarına təhqiredici hərəkət edilib.

Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin «qəbir üzərində təhqiredici hərəkət» maddəsi ilə cinayət işi başlanıb. Bu hərəkəti edənlər iki il müddətə islah işləri və ya beş ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Baş Prokurorluğun yaydığı məlumata görə, cinayət işi üzrə istintaqın aparılması Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq idarəsinə tapşırılıb.

İlham Allahverdiyev 1990-cı il yanvarın 20-də Sovet qoşunlarının Bakıda törətdiyi qırğınlar zamanı həlak olub. Bu hadisədən sonra onun həyat yoldaşı Fərizə Allahverdiyeva da intihar edib. Onlar «Şəhidlər Xiyabanında» yanbayan dəfn olunub. Məzarları üzərində qara mərmərdən olan baş daşında onların toy fotoları həkk olunub.

Azərbaycanda Fərizə ilə İlhamın toy gününün - 30 iyunun «Sevgi günü» elan edilməsi ilə bağlı təşəbbüslər qaldırılıb. Kütləvi olmasa da, bu tarix hər il Azərbaycanda qeyd olunur.

XS
SM
MD
LG