Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:14

Azərbaycanlılar və təhsil


Elnur Astanbəyli
Elnur Astanbəyli

-

“Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq, namaz qıldırmaq, ölü çimizdirmək. Müsəlmanlar üçün bundan böyük sənət yoxdur, deyəsən”.

Elnur Astanbəyli

AZƏRBAYCANLILAR VƏ TƏHSİL

Azərbaycanın işıqlı insanlarından biri Ömər Faiq Nemanzadənin xatirələrini oxuyanlar xatırlayacaqlar (oxumayanlara isə mütləq tapıb oxumalarını məsləhət görürəm, qiymətli memuardır, qəlbə də, beyinə də faydalıdır), orada bu görkəmli aydın hansında - molla, yoxsa dünyəvi (o zamankı adı ilə “rus məktəbi”) məktəbdə oxumalı olduğu haqqında ailə içindəki fikir ayrılıqlarını anladır.

Ömər bəyin atası irəligörüşlü olduğu üçün oğlunun din məktəbinə getməsinə, onun molla olmasına qarşıdır: “Deyək ki, oğlum molla oldu, xeyri? Böyük işi nə olacaq, namaz qıldırmaq, ölü çimizdirmək. Müsəlmanlar üçün bundan böyük sənət yoxdur, deyəsən”.

Anası isə əksini düşünür, hesab edir ki, rus məktəbində “mırt-mırtdan başqa nə var, nə oxudurlar. Quran yox, dua yox”.

Mən düz 130 il əvvəl bir Azərbaycan ailəsində yaşanan bu qarşıdurmanı niyə yada salıram?

Bəyənmədiyimiz 19-cu əsrin sonu, 20-ci əsrin əvvəlləri ilə müqayisədə bu gün harda olduğumuzu, hara getdiyimizi, harda, nədə səhv etdiyimizi daha dəqiq anlatmaq üçün. İndi siz orta statistik bir Azərbaycan ailəsində bu cür dartışma təsəvvür edirsinizmi?

Söhbət yalnız din və dünyəvilik arasında seçim etməkdən də getmir. Bu gün çoxluq üçün övladının təhsili nə üçün önəmlidir? Gəlin açıq danışaq, bizdə əksəriyyət övladına təhsildən öncə vəzifə seçir: “Balam oxusun, prokuror olsun...”. “Balam oxusun, ”qlavvraç" olsun...". “Balam oxusun, deputat olsun...”.

Ömər Faiqin atası isə 130 il əvvəl deyirdi: “...övladlarımız oxuyub adam olsunlar”.

Bəli, bu gün azərbaycanlılar boğazlarından kəsib övladlarının yaxşı təhsil alması üçün xərcləyirlər. Evində aylarla ət bişməyən, amma repetitor pulunu vaxtlı-vaxtında ödəmək üçün tər tökən valideynlər var. Həm də az deyil belələri, çoxdurlar. Təqdir etmək lazımdır. Hər bir halda təhsil yeganə xilasedici gücdür. Qurtuluş bilikdədir, savaddadır.

Hansı niyyətlə, hansı məqsədlə oxudulur oxudulsun, əgər onların içərisində hər on nəfərdən birinin dünyagörüşü, təfəkkürü dəyişəcəksə, insanın həyatdakı gerçək missiyasını başa düşəcəksə, dünyaya, zamana açıq gözlə baxmağa, mütərəqqi dəyərlərin yolunu tutmağa başlayacaqsa, bunun özü də Azərbaycan kimi geriçilik bataqlığında çabalayan ölkə üçün bir nemət, bir qazanc olacaqdır.

Bəs niyə yuxarıda “hansı niyyətlə, hansı məqsədlə oxudulur oxudulsun...” yazdım? Gəlin səmimi olaq və etiraf edək: azərbaycanlıların övladlarının təhsili naminə etdiyi fədakarlıqlar, cəfakeşliklər, xərclədikləri pullar bir qayda olaraq təhsilə, bilgiyə, intellektə hüsn-rəğbətdən doğmur, daha çox çinovniklik ehtirasından - övladını illah ki, mənsəb, vəzifə, komfort sahibi kimi görmək niyyətindən, arzusundan irəli gəlir. Odur ki, bu gün ölkəmiz təhsilli, amma rüşvətxor, təhsilli, amma merkantil, təhsilli, amma karyerist, təhsilli, amma yalan danışmağa, yaltaqlanmağa, seçkini saxtalaşdırmağa, üzə durmağa, cibə nəşə atmağa hazır adamlarla qaynayır, dolub-daşır.

“Elmi çox vaxt biliklə qarışıq salırlar. Bu kobud səhvdir. Elm təkcə bilik deyil, həm də şüurdur” - rus tarixçisi Vasili Klyuçevski belə deyirdi. Təhsil də belədir: o yalnız bilik, savad deyil, həm də şüurdur, əxlaqdır, məsuliyyətdir, missiyadır. Təhsili diplomdan ibarət görmək kökündənyanlışdır. Sadəcə, əl boyda bir diploma hesablanmış, bu diplomla vəzifə pillələrində yüksəlməyə köklənmiş bir təhsil artıq öz mahiyyətini itirib deməkdir.

Yazıq ki, bizim ölkədə çoxluq üçün məhz belə bir zərərli, zəhərli düşüncə hakimdir. Bax elə ona görə də bizdə təhsilli (diplomlu!) adamlar üçün hər hansı şər əmələ imza atmaq su içimi qədər asan bir işdir. Yetər ki, azərbaycanlıların sevimli təbirincə desək, diplomu evdə yatmasın, özünə gün ağlaya bilsin, “az aşım, ağrımaz başım” prinsipi ilə yaşasın, bir sözlə, hamı necə o da elə. Ağa deyir “sür dərəyə”, sür dərəyə.

Bax elə ona görə də bizdə təhsilli (diplomlu!) adamlardan hər şey gözləmək mümkündür: o hansısa ərəb şeyxinin sözünə qüvvət verib Yerin fırlanmadığını söyləyə bilər, pirlərə, seyid ocaqlarına bel bağlaya, falçı yanına gedə, ələmuçuranlara, cinçıxaranlara “möcüzə” kimi baxa, “onsuz da hər şey Quranda yazılıb” deyə elmin bütün uğurlarını bir anda tort eləyib divara vura bilər.

Bax elə ona görə də bizdə təhsilli (diplomlu!) adamlar qarşımıza daha çox müasir Novruzəlilər, Şeyx Nəsrullahlar, Xudayar bəylər kimi çıxırlar, əksər hallarda onlar yazıb-oxumaq bilməyən vətəndaşdan belə, daha təhlükəli, ziyanverici olurlar, cəmiyyətin formalaşmasında,yetkinləşməsində, ölkənin tərəqqipərvər, modern dünyanın bir parçasına çevrilməsində heç bir funksionallıqları qalmır.

Odur ki, təhsilə orta statistik azərbaycanlının ənənəvi yanaşmasını dəyişməliyik. Təhsilə məişət səviyyəsində, lokal məqsədlər, dar hədəflər müstəvisində münasibət əslində elə təhsilsizliyə gətirib çıxarır, topluma faydadan çox zərər verir.

Onsuz da ölkədə təhsilin hansı vəziyyətə salındığını hamımız görürük. Kütləvi savadsızlaşdırma dövründə yaşayırıq. Bunun üzərinə təhsilə cəmiyyətin ənənəvi münasibətini gəldikdə, işıqlı, ləyaqətli gələcək haqqında ümidli, inamlı danışmaq daha da gülməli görünür.

Çalışaq, Ömər Faiqin atası demiş, “övladlarımız oxuyub adam olsunlar”, sonrası öz işləridir, istəyərlər prokuror olarlar, istəyərlər olmazlar, istəyərlər yaltaqlıq eləyərlər, istəyərlər eləməzlər...

"Azadlıq" qəzeti

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG