Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 08:10

Hər şey yaxşı olmayacaq


-

"Ədəbi Azadlıq-2015" müsabiqəsinin hekayə 20-liyindən

Ceyhun Gündüz

HƏR ŞEY YAXŞI OLMAYACAQ

– Ay bala, bu televizoru niyə boş-boşuna işlədirsən? Bütün gecəni işləyib axı... – yataq otağından mətbəxə keçən və hələ də gecə paltarında olan Mehriban xala deyindi – bilirsən ki, mənim başım səs-küy götürmür.

Mətbəxin bir küncündə qoyulmuş kiçik televizor öz işində idi – aparıcı qız gümrah səslə səhər xəbərlərini çatdırırdı:

– ... Yasamal Rayon Polis idarəsindən bildirmişlər ki, Qanlı Göl ərazisində 25-35 yaşlı kişi meyiti tapılmışdır. Verilən məlumata görə, meyitin üzərində heç bir zorakılıq izi aşkar edilməmişdir...

Mehriban xala otağa göz gəzdirdi. Havanın artıq işıqlı olmasına baxmayaraq mətbəxin işığı yanılı idi.

Stolun üstündə də artıq adət halını almış tanış bir mənzərə var idi – yariyadək boş araq şüşəsi, konserv və kolbasa izləri qalmış çirkli qablar, çörək qırıntıları, stəkan...

Amma belə hallarda başını stola qoyub yatılı qalan Tofiq bu dəfə mətbəxdə yox idi. O, dünən səhər işə getdiyi idi, gecə nə vaxt qayıtdığını anası bilməmişdi.

- Şəkildəki mərhumu tanıyanlar aşağıdakı nömrələrlə polis idarəsi ilə əlaqə saxlaya bilərlər... – aparıcı qiz davam etdi.

- Səhər-səhər bunlar da bir xeyirli şey danışmazlar – deyə Mehriban xala televizoru söndürmək üçün pultu əlinə aldı və bayaqdan bəri ilk dəfə ekrana nəzər saldı.

***

Tofiq bu səhər də çayxanaya saat səkkizdən gəlmişdi. Qapını açıb içəri keçdi, qab-qacağı səhmana salıb stolların üstünü silməyə başladı.

Bir azdan Müzəffər kişi də gəldi, müəyyən göstərişlər verdi. Samovar dolub hazır olanda altını yandırdı.

- Bu gün adam çox olacey, axşam finaldü. Bir az zirey olmey lazımdü – deyə Tofiqi xəbərdar etdi.

Tofiq cavab vermədi, sadəcə, təsdiq əlaməti olaraq dərindən nəfəs aldı.

Həftənin ortası, iş günü olmasına baxmayaraq, Müzəffərin çayxanasında gözlənildiyi kimi sıxlıq idi.

Cavanlar, yaşlılar kiçik çay stolları ətrafina yığılaraq divara bərkidilmiş televizora diqqətlərini cəmləmişdilər. Az iş deyildi, bu axşam məhləuşağı Əflatun finalda güləşəcəkdi. Olimpiadanın finalında. Çayxanada olan 6-7 masanın hər birində müxtəlif tərzdə olsa belə, bütün söhbətlər sonda bu hadisəyə bağlanırdı.

Masaların arası ilə hərəkət edən, gah çay, təmiz stəkan gətirib, gah da köhnə stəkanları yığıb aparan Tofiqin qulağı söhbətlərin maraqlı hissələrini çalırdı:

- Nazir özü deyib ki, qalib gəlsə, təzə tikdirdiyi binada üçotaqlı ev verəcək...

- Qayıdan kimi gömrüyə işə götürəcəklər. Məndə dəqiq məlumat var...

- Qızıl medal alanın mükafatını ikiqat artırdılar, eşitmisiz? Yarım milyon verəcəklər qalib gəlsə!

- Ona halaldu. Heç kim onu kimi bu məşqlərə axıracan dözməzdü...

Tofiq bu söhbətləri eşidərək arabir dayanırdı, fikrə gedirdi, nə isə demək istəsə də, sonda heç bir söhbətə qoşulmurdu, öz işini görməyə çalışırdı.

Bir stol qəflətən durdu. Tofiq bildi ki, onlar Qış Parkındakı böyük ekranlı televizor olan yeni çayxanaya getdilər.

Amma heyfsilənməyə dəyməzdi, bayaqdan qapının ağzında ayaq üstə durub gözləyən üç cavan tez onların yerini tutdu.

Müzəffər Tofiqə işarə etdi ki, stolun üstünü təzələ. Tofiq isə yenə bir anlıq xəyala dalmışdı, bir neçə il əvvəlki həmin gün yadına düşmüşdü.

***

Həmin gün uşaqlar çox həvəslə məşq edirdilər. Hamıdan öndə, həmişəki kimi, Tofiq idi. Digər uşaqlar ondan geri qalmamağa çalışırdılar.

Məşqçi Firdovsi müəllim məşq tempinin aşağı düşməsinə imkan vermirdi:

- Bir-iki, bir-iki, çevrildik, qayçı hərəkəti – deyə əmrlər verirdi – Ayaqlar yuxarı, 45 dərəcə olsun. Abbas, sənə də aiddir dediklərim – bir-iki, bir-iki... İyirmi dəfə edirik. Qaz yerişi! Hamı otursun, zalı iki dövrə – Tofiqin ardınca gedin, hamı. – Bütün uşaqların dövrəni başa çatdırdığını görüb əlavə etdi – ayağa durduq, hamı cəld. Tənəffüs hərəkətləri, otuz saniyə!

Temp ağır olsa da heç kim dala qalmamağa çalışırdı. Çünki məşqi güləş üzrə yığmanın yeniyetmələrlə məşqçisi Namiq müəllim də izləyirdi.

Məktəbləri gəzib, idman istedadı olan uşaqları tapmaq onun adi işi olsa ad, bu gün o xüsusi olaraq Tofiqin məşqinə baxmağa, və layiq olarsa, digər uşaqlara da bir diqqət yetirməyə gəlmişdi.

Tofiq elə ilk dəqiqələrdən onun xoşuna gəldi - əsl lider idi, fədakar uşağa oxşayırdı.

Uşaqlardan yalnız ikisi nisbətən müstəqil hərəkət etməyə can atırdılar, qalanların hamısının bir gözü Tofiqdə idi. Məşqçilər bir kənarda dayanıb məşq prosesini izləyirdilər.

- O qara trikoda olan və sol tərəfdə dayanmış, hündür oğlan kimlərdir? – deyə Namiq müəllim sakitcə soruşdu.

- O, Əflatundur, Tofiqlə bir sinifdə oxuyurlar. Hündür olan Zabitdir, bunlardan bir yaş böyükdür. – deyə Firdovsi müəllim cavab verdi. Ardınca da – Onun qrupunda məşq gec başlayır, bu da ikinci smen oxuyur, gələ bilmir. İtirməmək üçün bu qrupda işlədirəm – deyə, veriləcək sualı qabaqlayaraq əlavə etdi. – İkisi də keyfiyyətli uşaqlardı.

Namiq müəllim razılıqla başını tərpətdi. Firdovsi uşaqların bədəninin soyumasına imkan vermədən yeni hərəkətlər tapşırırdı. Və nəhayət dedi:

- Dörd-dörd bölünün, kəndirə dırmanma! Vaxta işləyəcəyik. – Uşaqlar cəld dördlüklərə bölünərək sıraya düzüldülər. – İlk dördlük getdi!

Qalın, qurtaracağında düyün edilmiş kəndirlər zalın sonunda tavandan asılmışdı. İlk dörd uşaq kəndirlərə yaxınlaşdılar, üçü nisbətən cəld, biri isə hıqqanaraq kəndirlə dirmanmağa başladı. Uşaqlardan biri yuxarı çatdı və əlini tavana vurdu. Saniyəölçənə baxan Firdovsi müəllim qışqırdı:

- Valeh - iyirmi dörd saniyə. Hamı axıra kimi qalxır, bir az cəld! Növbəti dördlük hazırlaşsın!

İkinci və üçüncü dördlüklər növbə ilə kəndirə yaxınlaşdılar. Firdovsi müəllim, uşaqlar tavana çatdıqca onların vaxtını söyləyir, geri qalanları qamçılayırmış kimi zil səslə hərəkətə gətirirdi.

Sona üç nəfər qalmışdı – Tofiq, Əflatun və Zabit. Soyumamaq üçün müxtəlif hərəkətlər edir, yerlərində tullanırdılar.

Növbə onlara çatanda hər üçü cəld və həvəslə zalın sonuna tərəf yüyürdülər, hərə öz kəndirindən iki əllə yapışaraq məşqçının siqnalını gözlədi.

Namiq müəllimin bu gün niyə burda olduğunu hər üçü bilirdi. Onun yeniyetmələr üzrə milli yığmaya uşaq seçəcəyini Firdovsi müəllim uşaqlara demişdi.

Firdovsi müəllim onu da demişdi ki, yığmaya bir, ya iki uşaq götürülə bilər. Bunu bilən hər üç oğlan bütün bacarıqlarını tam nümayiş etdirməyə çalışırdı.

Ələlxsus Tofiq öz üstünlüyünü göstərməyə hər vəchlə can atırdı. Digər iki oğlan da yığmaya düşməyə başqa şanslarının olmayacağını düşünərək, ondan dala qalmamağa çalışırdılar.

- Getdik! – deyə Firdovsi komanda verdi.

Hər üç oğlan eyni anda kəndirlərinə atıldılar, ayaqları ilə onu möhkəm qucaqlayaraq yuxarı dartındılar.

Nazik liana kimi əllər və ayaqlar kəndirə sarmandı, sürətlə tavana doğru hərəkət etdilər. Oğlanların heç biri dala qalmaq istəmirdi. Firdovsi müəllim aşağıdan göstərişlər verirdi:

- Ayaqlarla, ayaqlarla işlə! Bir-iki, bir-iki!

Zaldakı uşaqların hamısı mübarizəni diqqətlə izləyirdi. Kiminsə Tofiqi geridə qoya biləcəyi fikri hamıya maraqlı gəlirdi, amma heç kim bunu açıq büruzə vermək istəmirdi. Yerlərdən heç kimə ünvanlanmamış, sadəcə olaraq ruhlandırıcı – “Hə, bir az da, bir az da!”, “Davay-davay!”, “Tez ol, tez ol!” kimi çağırışlar eşıdılırdı.

Mübarizə sona çatmaq üzrə idi. Digər iki oğlanın bütün ciddi-cəhdinə baxmayaraq, Tofiq ən azı bir baş hündürlüyündə irəlidə idi.

Bayaqdan davam edən ağır məşqə baxmayaraq heç bir yorğunluq hissi büruzə vermədən o, sanki qənimətinə yetişən yırtıcı kimi var qüvvəsi ilə tavana doğru irəliləyirdi. Uşaqlar demək olar ki, eyni zamanda əllərini tavana vurub dayandılar. Aşağıda Firdovsi müəllim hökmü oxudu:

- Tofiq – 14,7 saniyə, Əflatun – 15 saniyə, Zabit – 15,5 saniyə!

Aşağıdan mübarizəni gərginliklə izləyən uşaqların rəğbətli uğultusu və çəpik səsləri eşidildi. Tofiq nərə çəkirmiş kimi “Yes!” bağıraraq qollarını yana açdı. Və bu an heç kimin gözləmədiyi hadisə baş verdi – Tofiqin dırmandığı qalın kəndir dibindən qopdu və Tofiqi də özü ilə birlikdə döşəməyə doğru apardı.

Nə baş verdiyini ilk öncə anlamayan Tofiq havada çapalayaraq nədənsə yapışmağa, özünə dayaq tapmağa cəhd etdi, amma şikarına sarınıb onu məhvə aparan piton kimi, qara kəndir ona sarmanıb amansızlıqla ölümün ağuşuna aparırdı.

Firdovsi müəllim “Demişdim axı bu zibili bərkitsinlər!” – qışqıraraq zalın sonuna doğru qaçdı. Tofiq, “Uçuram, həqiqətən uçuram...” fikirləşdi, və bu an hər şey söndü.

O, nazik cığır ilə qalxdığı hündür dağdan ətrafı seyr edirdi. Hava bir az çiskinli və artıq qaralmaq üzrə idi.

Batmaqda olan Günəş, təndirdən yeni çıxmış kömbə kimi qıpqırmızı olsa da, nə havanı işıqlandırırdi, nə də istilik verirdi.

Dağın ətəyində ilan kimi qıvrılan yol aşağıdakı çayın üzərindən keçib qonşu dağın qoynuna girirdi.

Ətrafda heç bir canlı və ya hərəkət görünmürdü. Ağaclar şahanə məğrurluqla tərpənmədən sıralarını qoruyurdular, bu dağdan o dağa uzanan tünd yaşıl ot örtüyü də rəngi qaçmış xalçanı xatırladırdı.

Günəş isə... Günəş isə qırmızıdan sarı rəngə, sonra da ağ rəngə keçdi və... lampaya çevrildi. Lampa qəribə bir qurğuya bərkidilmişdi, ətrafda da hər yer ağ rəng idi.

- Gözlərini açdı – sol tərəfdən tanış olmayan səs eşidildi.

Tofiq başını çevirib səs gələn tərəfə baxmaq istədi, amma tərpədə bilmədi, sadəcə gözünün ucu ilə o tərəfdə ağ xalatlı adam gördü. Başının içində küt ağrı vardı, başqa heç nə hiss etmirdi.

- Can bala, can bala – deyə Mehriban xalanın naləsi eşidildi.

- Özünüzü ələ alın, hər şeyi eşidir – sakitcə kişi səsi dilləndi.

Tofiq nə isə yadına salmağa cəhd etsə də, dağ, duman, dağa çıxdığı yoldan və oradan seyr etdiyi mənzərədən başqa heç nəyi yadına sala bilmirdi. Bu an Mehriban xalanın gözüyaşlı siması qarşısında peyda oldu.

- Ana, nə olub? – deyə soruşdu.

- Tanıdı, şükür – deyə kişi səsi rahatlıqla nəfəs aldı.

Həkimlər Tofiqin ömürlük iflic olub yeriməyəcəyini demişdilər. İlyarım yataq xəstəsi olduqdan sonra, dəhşətli ağrılar hesabına olsa da, bütün iradəsini toplayan Tofiq qoltuq ağacları ilə yavaş-yavaş yeriməyə başladı.

Daha bir neçə aydan sonra o, artıq qoltuq ağacları olmadan özü yataqdan durub otağın birindən digərinə sərbəst keçməyə, durub-oturmağa nail oldu.

Vaxt ötdükcə yerişi, hərəkətləri qaydasına düşsə də, o, fiziki qüsurlu qalmışdı. Boyun sümüyü əyri bitişdiyindən, boynu daim sağ tərəfə əyili qalmışdı, üzü dönmürdü; yeridikdə də ayağının birini çəkirdi.

Daim dostları, yoldaşları arasında lider olmağa alışmış Tofiq belə qüsurluluğun utandırıcı olduğunu düşünərək aylarla evdən çıxmırdı.

Mehriban xala da əvvəl taleyi ilə barışaraq heç nəyi dəyişmək istəməsə də, sonradan belə həyatın onları sakit ölümə apardığını başa düşmüş və qonşu Müzəffər kişidən oğlu üçün bir iş istəmişdi.

O, da sağ olsun, Tofiqi yanına çaypaylayan götürmüşdü. Tofiq artıq yeddi il idi ki, Müzəffərin çayxanasında çay paylayırdı.

***

Tofiq, adəti üzrə, bu axşam da işıqları söndürüb çayxananı bağladı və evlərinə tərəf yollandı.

Bugünkü hadisə elə hey beynində fırlanır, televiziya aparıcısının “Olimpiya çempionu Əflatun Şərifov! Olimpiya çempionumuz!” sözləri qulaqlarında cingildəyirdi. “Əflatun Şərifov... Əflatun... Əfli, onun uşaqlıq dostu Əfli... Olimpiya çempionu” – deyə düşünürdü. Evlərinə yetişdi, amma içəri keçməyə tələsmədi. Ətraf xarabalığı xatırladırdı – yarıuçuq evlər, bir hissəsi hasara alınmış, digər tərəfləri hələ də açıq olan məhəllələr. Sovetski məhəlləsinin söküntüsü başlasa da yarımçıq qalmışdı. Nə söküntü başa çatırdı, nə də abadlıq işləri aparılırdı.

Yarıuçuq məhəllələrin arasında hələ ki, adda-budda salamat qalmış evlərin pəncərələrindən düşən işıq küçələri işıqlandıran yeganə mənbə olduğundan ətraf qaranlıq idi.

Tofiq qapını açarla açıb evə girdi, anasını oyatmamaq üçün birbaşa mətbəxə keçdi. İşıqla bərabər televizoru da yandırdı və soyuducuda yeməyə nə isə axtardı.

Televizorda Əflatunun bugünkü qələbəsindən danışılırdı. İdman xəbərləri bitdikdən sonra xəbərçi qız kriminal xəbərlərə keçdi.

Tofiq bir müddət sonra yenidən çölə çıxdı, bir an qapının ağzında dayanıb sonra küçə ilə üzüyuxarı qalxdı.

Sağa buruldu, bir yarımçıq hasarın yanında dayandı. Hasarın o biri tərəfində ay işığının mavi şüaları altında yarıyadək uçurulub yerlə-yeksan edilmiş evlərin qalıqları, bəzi evlərin isə hələ də tam sökülməmiş iç divarları görünürdü.

O, hasarın arasından keçib daş, taxta, şifer qırıqlarının üstü ilə addımlayaraq salamat qalmış divarlara tərəf getdi. Bura Validəgilin evinin yeri idi.

O, divara yaxınlaşdı, hələ tam qopub tökülməmiş divar kağızına baxdı, xəyalında otağı canlandırmağa çalışdı. “Valıdə yəqin ki, bu divarın yanında yatardı...” – fikri beynindən keçdi. Əlini divara sürtdü, onu sığalladı, sonra dönməyən boynunu yaxınlaşdıraraq yerə çöküb üzünü divara sürtdü, doluxsundu.

Uzun xəstəlikdən sonra qoltuq ağaclarını götürəndə də, ağaclarsız ilk addımını atanda da, ilk dəfə çayxanaya işə gedəndə də hər şeyin mütləq dəyişəcəyinə möhkəm ümidi var idi. Bu gün isə o, anladı ki, heç nə dəyişməyəcək.

Nə o, heç nəyə nail olub bir ərsəyə çata bilməyəcək, nə anasının xəstəliyi sağalmayacaq, nə də bu xarabalığın ortasında qalmış iyirmi beş kvadrat metrlik evdən də heç yerə köçüb gedə bilməyəcəklər. Validə isə həmişəkindən daha uzaq bir xəyal olub qalacaq.

İyirmi altı yaşında o, yetmiş ilin əziyyətinə qatlaşmış birisi kimi hər şeyin bitdiyini, heç bir ümidin olmadığını başa düşmüşdü. Ağır düşüncələrlə yerindən astaca durdu, xarabalığı keçərək yola çıxdı.

Bir ayağını sürüyə-sürüyə, yavaş addımlarla köhnə qəbiristanlığa, oradan da Qanlı Gölə tərəf üz tutdu.

Aprel 2015

XS
SM
MD
LG