-
17 yaşlı Vlad Kolesnikov Ukrayna bayrağı və «Krımı qaytar!» yazılmış köynəkdə gəldiyi üçün oxuduğu texnikumdan qovulub. Babası keçmiş KQB əməkdaşı və prezident Putin-in pərəstişkarıdır deyə, siyasi baxışları toqquşub və o da nəvəsini evdən qovub. Bundan sonra Vlad-la xüsusi xidmət orqanları maraqlanıb, polis həmin köynəyi haradan, necə əldə etdiyini öyrənməyə çalışıb.
Vlad deyir ki, Podolskda onunla həmrəy olan cəmi iki nəfər var, amma internetdə müxtəlif ölkələrdən minlərlə dostu var, onlar gəncə yardım təklif edir, onun etirazı haqda öz səhifələrində yazırlar.
Vlad AzadlıqRadiosunun rus xidmətinə və başqa KİV-lərə müsahibə verdikdən sonra «facebook»da dostlarının sayı 5000-ni keçib, bəlkə də onları sayı artacaqdı, ancaq iyunun 11-də onun hesabı bağlanıb. Onunla «facebook»da yazışanlar Vlad-ın bütün replikalarını itiriblər, bunun əvəzinə belə bir yazı peyda olub: «Bu məlumat daha əlçatımlı deyil, orda təhqir və spam qeydə alınıb».
Şübhə yoxdur ki, Vlad Kolesnikov Kremlyönümlü trollar komandasının növbəti qurbanıdır. Həmin komanda «facebook»da siyasətdən yazan Rusiya və Ukrayna istifadəçiləri ilə bağlı minlərlə saxta şikayət göndərməklə məşğuldur. Qəribəsi odur ki, sosial şəbəkənin administrasiyası da onların tələbini həvəslə yerinə yetirir. «Demək olar ki, «facebook» Kremlin təsir alətinə çevrilib» – 10 mindən artıq şəxsin imzaladığı müraciətdə belə deyilir.
Onu imzalayanlar arasında Alexei Navalny, Boris Akunin, Lev Rubinstein, Andrey Piontkovsky, Anton Nosik, Alexei Tsvetkov və Serhiy Zhadan da var.
«FACEBOOK» BİZİ MƏYUS EDİR
Trollar «düşmənlər»ini diqqətlə izləyir, şikayət göndərmək üçün xırda bir səbəb axtarırlar. Belə hay-küylü hadisələrdən biri mayın sonunda baş verib, bloqqer Rustem Adagamov-un hesabı bağlanıb. Buna Norveç muzeyində saxlanan, İkinci Dünya müharibəsinə aid yolka oyuncaqlarının fotosu səbəb olub. Adagamov baş verənləri belə şərh edib: «Voronejdə Almaniya işğalı zamanı həyətinin şəklini – bulanıq ağ-qara fotoda alman svastikası olan bayraq görünür - çəkib «VKontakte»yə qoyan jurnalistə qarşı iş açılması və onun cərimələnməsi artıq məni təəccübləndirmir. Rusiya hüquq-mühafizə orqanlarının məntiqsizliyinin dərəcəsi çoxdan bütün məntiqli sədləri keçib, bizə bircə heç nəyə təəccüblənmədən onların hərəkətini izləmək qalır. Ancaq söz azadlığıyla öyünən amerikalıların yaratdığı sosial şəbəkə İkinci Dünya savaşı zamanına aid, üzərində svastika olan yolka oyuncaqlarının fotolarına görə profili qadağan edirsə, bax, bu, artıq hədsiz dərəcədə təəccübləndirir. Oyuncaqlar ötən dövrün maraqlı artefaktlarıdır, Norveçdə özəl muzeydə saxlanır».
Adagamov akkauntuna gələn yüzlərlə şikayətin haradan qaynaqlandığını bildiyini söyləyir: «Mən hər zaman bu cür şikayətlər alıram, hətta ən absurdlarını da. Rusiya internet məkanında fərqli düşünənlərlə mübarizə aparan müəyyən qurumlar bunun üçün maliyyə alırlar, onların işi «yaramaz»lara qarşı təsir üsulu tapmaqdır. «Facebook» da bu məsələdə az zəmin yaratmır, istifadəçilərin işinə maksimum qarışmamaqla kənar mövqedə dayanır. Haradansa iki yüz şikayət gəlib – buyurun, qadağa üçün şikayət edin. Heç kim işin mahiyyətini araşdırmır, hər şey avtomatik baş verir. Bu da, əlbəttə, məyus edir, bununla dünyadakı ən böyük sosial şəbəkə istifadəçilərinə qarşı həqiqi münasibətini ortaya qoyur. Təəssüf ki, bizdə alternativ yoxdur».
SAAKASHVILI İLƏ SELFİ ÇƏKDİRDİ, PORNOQRAFİYA DEYİB, SƏHİFƏSİNİ BAĞLADILAR
Rustem Adagamov yeni səhifə açsa da, dərhal bloklanıb. Və o, trolların tək qurbanı deyil. Sosial şəbəkə ilə bağlı müraciət müəllifləri deyirlər:
«İstifadəçilər dəfələrlə «Facebook» administrasiyasına yazıblar ki, bloklama lazımi araşdırma aparılmadan və tamam uydurulmuş səbəblər üzündən yerinə yetirilir. Bir qədər əvvəl Mark Zuckerberg ukraynalılara cavab verərkən ayrı-ayrı səhvləri etiraf etdi və onları düzəltməyə söz versə də, problem daha da dərinləşməkdədir. Onun cavabından bir həftə keçməmiş ukraynalı rəssam və ictimai xadim Alexander Roytburd-un akkauntu yəhudilərlə bağlı fikrinə görə növbəti dəfə bağlandı. Eləcə də Andrei Kapustin-in (guya «çılpaq» fotolara görədir, halbuki manekenlər geyimdəydilər), Ukrayna siyasi xadimi Borislav Bereza-nın, Rusiyalı jurnalist və gey fəal Anton Krasovsky-nin, Rusiya maliyyəçisi və bloqqeri Slava Rabinovich-in, Ukrayna könüllüsü Leonid Krasnopolsky-nin, müğənni Alexey Lebedinsky-nin akkauntu növbəti dəfə bloklanıb».
Müraciətdə deyilir ki, Rusiyada və Ukraynada çox məşhur olan Vakhtang Kipiani, Yuriy Butusov, Sergei Parkhomenko, Andrey Bondar, Anton Nosik və yüzlərlə adam eyni aqibətlə üzləşib.
Adıçəkilən sosial şəbəkədə Ukraynanı dəstəkləmək məqsədilə keçirilən aksiyadan foto dərhal bloklanır. Və ya jurnalist Alexander Kapustin Mikheil Saakashvili ilə selfi yerləşdirdikdən az sonra akkauntu bağlanır, səbəb də pornoqrafiya göstərilir.
İş o həddə çatıb ki, «facebook»da açıqca «Olqinodan olan trollar» qrupu meydana çıxıb və onlar gündəlik qələbələriylə öyünürlər.
«FACEBOOK» NƏ CAVAB VERDİ
«Facebook» petisiya müəlliflərinə cavab verib, hər hansı qərəzdən söhbət getmədiyini, problemin miqyasının elə də böyük olmadığını bildirib. Amma cavab petisiyanın təşəbbüskarı Ostap Karmodi-ni qane etməyib: «Biz belə tezliklə məqsədimizə çatacağımızı gözləmirdik. Bu, marafondur, yüz metrlik məsafə deyil, bu işi yerindən tərpətmək üçün aylar tələb oluna bilər. Bizim yaxın günlərə və aylara planlarımız var».
«Facebook» administrasiyasına ünvanlanan son müraciətdə deyilir ki, profilləri bağlanmış bloqqerlərin minlərlə oxuyucusu var və bu, bir qəzetin tirajına bərabərdir: «Onlarla Rusiya və Ukrayna bloqqeri artıq özlərini «facebook»da təhlükəsizlikdə saymırlar, onlar akkauntlarının istənilən an bağlanacağını, trollara yem olacaqlarını bilirlər».