Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 19:54

"Leyla Əliyevanın adamları dedi, krizisdi"


Ağəli Alışov
Ağəli Alışov

-

«Deyir, məndən məlumatları gizlədirlər, mən də bütün məlumatları saytlardan oxuyuram. Ona görə də qərara gəldim ki, mən də səsimi ona elə saytınız vasitəsilə çatdırım».

Ağəli Alışov Azərbaycanın peşəkar boks tarixində Avropa çempionluğunu əldə edən ilk boksçudur.

Deyir, indiyədək bütün yarışlara yaxın dostlarının, qohumlarının və öz qazancının hesabına gedib, ölkəsini müvəffəqiyyətlə təmsil edib. Hətta bu yolda şəxsi mənzilini də satıb. Yarışlarda iştirak üçün Gənclər və İdman Nazirliyindən, Azərbaycan Boks Federasiyasından maliyyə dəstəyi istəsə də, nəticəsiz qalıb.

«EVİMİ SATIB YARIŞ KEÇİRMİŞƏM»

Prezidentə beş dəfə məktub, iki dəfə teleqram vurub, elektron ünvanına yazıb. Hətta bir dəfə məktublarına cavab almamasının səbəbini aydınlaşdırmaq üçün Prezident Administrasiyasına yollanıb:

«Qapıda bir neçə daxili nömrəyə zəng vurmağımı məsləhət gördülər. Sonuncu zəngimə dəstəyi qaldıran adama problemimi anlatmaq istəyəndə, ağzımı açmamış məni təhqir edib dəstəyi asdı. Bir neçə dəqiqədən sonra mühafizəçilər məni zorla çölə çıxarıb oradan uzaqlaşdırdılar».

Bu il iyulun 22-də prezident İlham Əliyev jurnalistlərlə görüşündə köməkçilərinin bəzi məlumatları ondan gizlətdiyini, amma media və saytlar vasitəsilə o məlumatları oxuduğunu deyib. Bunu eşidər-eşitməz boksçu da qərara alıb ki, başına gələnlərlə bağlı onu məktubla, teleqramla yox, elə sayt vasitəsilə məlumatlandırsın:

«Yarışlara qatılmaq üçün hər dəfə Gənclər və İdman Nazirliyinə, Peşəkar Boks Federasiyasına müraciət edəndə, mən adda boksçu tanımadıqlarını deyirlər. Halbuki, mən bu iki qurumun razılığı ilə Bakıda Əl Oyunları İdman Sarayında Avropa Çempionatı keçirmişəm. Və bunu şəxsi evimi satmaqla həyata keçirmişəm».

Ağəli Alışov
Ağəli Alışov

«LEYLA XANIMIN ADAMLARI DEDİLƏR, BİZDƏ KRİZİSDİR»

İdmançı prezidenti məlumatlandırmaq istəyir ki, 8 il əvvəl Moskvada, Rusiya Xalqlar Dostluğu Universitetində bayram tədbirinin sonunda ermənilərlə insidentdə güllələnib. Bununla da Moskva şəhərində olan idman kontraktı ləğv olunub, universitetdən qovulub. Həmin vaxt Moskvada prezidentin qızı Leyla Əliyevaya müraciət edib. Əliyeva da ona karyerasını davam etdirməsi üçün dəstək olacağına söz verib. Səkkiz yarışdan sonra ona maliyyə çətinlikləri səbəb gətirilib və sponsorluq dayandırılıb:

«Təzəcə həvəslənmişdim ki, Leyla xanımın tapşırıq verdiyi insanlar mənə dedilər, «bizdə krizisdir, bundan sonrakı döyüşlərdə sənə köməklik edə bilməyəcəyik». Leyla xanımla görüşmək üçün uzun-uzadı cəhdlərim də boşa çıxdı. Daha doğrusu, ətrafındakılar görüşməyimizi süni şəkildə əngəllədilər».

EMİN AĞALAROVA ZƏNG VURDUM…

Boksçu Leyla Əliyevanı izləyib və bir dəfə ona konsert tədbirində yaxınlaşa bilib:

«Məqam axtarırdım, hər dəfə əngəl olurdular. Nəhayət, bir dəfə Emin Ağalarovun konsertində yaxınlaşa bildim. Leyla xanım məni tanıyırdı artıq… Emin bəy nömrəsini verdi, dedi, bu nömrəyə zəng edərsən, görüşərik. Bir neçə gün sonra zəng vurdum həmin nömrəyə, ancaq məyus oldum. Özü cavab vermədi, köməkçiləri kim olduğumu biləndə dedilər ki, krizisdir, bir də bu nömrəyə zəng vurma. Bundan sonra öz gücümə karyeramı Ukraynada davam etdirdim, rinqlərə çıxıb ölkəmi layiqincə təmsil etdim, çempion oldum, Azərbaycana qayıtdım. Yarışlara qatılmaq üçün maliyyə dəstəyinə görə döymədiyim qapı qalmadı. Bir az da tələblə danışanda dedilər, «səsini aşağı sal, səni içəri atdırarıq». Gördüm ki, bu ölkədə heç cür davam etmək mümkün deyil. Həm təhlükəsizliyim, həm də karyeram üçün yenə də Azərbaycanı tərk etməli, Ukraynaya qayıtmalı oldum».

PREZİDENT BU HEKAYƏTİ OXUSA…

Boksçu prezidentin saytları izlədiyini onun öz dilindən eşitdikdən sonra onun da hekayətini oxuyacağına çox ümidlənib. Hətta bir az da qabağa gedərək, prezidentdən kiçik bir xahiş də edib: ««Google» və «Youtube»da axtarış versəniz, mənim rinq döyüşlərimi izləyə bilərsiniz».

Ağəli Alışov deyir, prezident bunları oxusa, Azərbaycana qayıtmasına, burada karyerasını davam etdirməsinə ümidləri böyükdür. Yox, oxumasa…

XS
SM
MD
LG