Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 00:43

"Bir sayt yaratdıq, təhqirlərlə üz-üzəyik"


Aida Tağıyeva
Aida Tağıyeva

- Aida Tağıyeva: "Məktəblərdən qovulduq. Məhəlləarxası “razborka”lara çağırıldıq..."

"Gürcüstanda yaşayan azərbaycanlılar özlərini bu dövlətin bir parçası hesab etmirlər. Onlar illərdir öz vətənində qonaq, gəlmə olduqlarını düşünürlər, bir gün buradan qovulacaqları qorxusuyla yaşayırlar."

"Sənin yiyən yoxdur ki, çəkib səni ayağına bağlaya - ünvanıma dəfələrlə gələn bu sözlərlə yəqin ki, ümumi vəziyyəti təsəvvür edirsiniz."

Günel Mövlud
Günel Mövlud

Bir müddət əvvəl Gürcüstanda yaşayan etnik azərbaycanlı gənclərin idyeası olan, azərbaycandilli, müstəqil mətbu orqanı yarandı.

Yaranan kimi də, saytın fəaliyyəti elə etnik azərbaycanlıların narahatlığına, sərt tənqidlərinə məruz qaldı. Gənclər işlərini davam edirlər, oxucular isə tənqidlərini.

300 mindən çox azərbaycanlının yaşadığı Gürcüstanda azərbaycandilli sayta münasibət necədir, onlar fəaliyyətlərində hansı çətinliklərlə üz-üzə qalırlar? Bu barədə saytın qurucularından və əsas yazarlarından olan Aida Tağıyeva ilə söhbətləşdik.

Günel Mövlud

- Aida, azərbaycandilli sayt ideyası necə, kim tərəfindən yarandı?

- Əvvəl bir neçə gənc yazarı birləşdirən ədəbi klubumuz vardı. Bu klubda toplaşan gənclər olaraq, Gürcüstan azərbaycanlılarının problemlərini daha qabarıq, miqyaslı şəkildə ifadə edəcək ədəbi yüklü, həm də infrormativ portala ehtiyac duyduq. Elə bu təşəbbüsümüzlə də sayt yarandı.

- Əsas prinsiplər, əsas məqsəd nədir? Hansı boşluq, hansı ehtiyac vardı ki, sayt yaratmaq qərarına gəldiniz?

- Saytın əsas məqsədi Gürcüstan azərbaycanlıları yaşayan bölgələrdə mövcud olan informasiya boşluğunu doldurmaq, azərbaycandilli əhalini məlumatlandırmaq və maarifləndirməkdir.

Məhəlli düşüncə və dəyərlərdən uzaqlaşaraq dünyəvi dəyərləri təbliğ etmək, azad və sərbəst diskussiya meydanı yaratmaqdır.

İdarəolunan kütlədən xilas olub, vətəndaş mövqeyi olan fərdlərin yaranmasına zəmin olmaqdır.

Gürcüstanda yaşayan azərbaycanlılar özlərini bu dövlətin bir parçası hesab etmirlər. Onlar illərdir öz vətənində qonaq, gəlmə olduqlarını düşünürlər, bir gün buradan qovulacaqları qorxusuyla yaşayırlar.

Biz bu mövqedən çıxış edən topluma dövlətçilik məfkurəsini aşılamaq və dövlətdən də öz vətəndaşına qarşı laqeyd olmamağını istəyirik.

Biz sayt yaratmazdan qabaq müəyyən mətbu orqanlarda yazılar yazırdıq. Amma yazılarımız orada ciddi redaktələrə və “qayçılamalara” məruz qalırdı.

Bu səbəbdən özümüzə aid saytın yaranmasına ehtiyac duyduq ki, azad şəkildə, kimsənin müdaxiləsi və təsiri olmadan fikrimizi dolğun və kəskin ifadə edə bilək.

- Bu müddət ərzində üzləşdiyiniz əsas problemlər nələrdir?

- Saytın gözlənilmədən ortaya çıxması yaşlı nəslin dəstəyi əvəzinə, aqressiyasına səbəb oldu.

Qəzetlər haqqımızda şərləmə və təhqiramiz yazılar yazdılar. Radikal dindarlar ölümlə hədələdilər. Qeyri-hökümət təşkilatları mümkün tənqidlərdən çəkinərək, öncədən özünü sığırtalama kampaniyası həyata keçirdilər.

Əlbəttə ki, bütün bunların təsiri və təhrikilə yerli əhali də bizə qarşı aqressiv və təhqiramiz sözlər söyləməyə başladı.

Məktəblərdən qovulduq. Məhəlləarxası “razborka”lara çağrıldıq. Rayon çayxanaları və məscidlərində haqqımızda “xalq düşməni”, “din düşməni”, “ermənipərəst”, “gürcünün dəyirmanına su tökən” kimi ifadələri istifadə etməyə başladılar.

Şəxsimizə və işimizə təzyiqlər bu günə kimi davam edir.

- Oxucu reaksiyası deyəndə ilk ağlınıza nə gəlir – tənqid, yoxsa təqdir, minnətdarlıq?

- Heç biri, təhqir. Oxucunun bizə minnətdarlıq etməsi bizim üçün çox böyük komfort və dəbdəbə olardı. Tənqidi isə oxucumuz hələ ki, bacarmır.

Onlar saytdakı bütün yazıları önyarğıyla oxuyurlar. Sağlam düşüncə ilə yazılardakı faktları, fikirləri və detalları müzakirə etmək istəmirlər.

Mənə elə gəlir ki, oxucularımız maariflənmək üçün deyil, qorxduqları üçün oxuyurlar. Onlar özlərini saytımızın yazılarında görməkdən çəkinirlər. Çünki açıq tənqidə alışmayan və bü günə kimi toxunulmayan bir toplumla üz-üzəyik.

Oxucularımız hələ ki, şok vəziyyətdədir. Bu günə kimi tərifləmələrə, utopik çıxışlara, məddahlığa alışan cəmiyyət birdən-birə bu qədər tənqidi (baxmayaraq ki, hər müəllif ortalama sadəcə 6-7 yazı yazıb) həzm edə bilmir.

Bütün aqresiya və təhqirlərin səbəbi isə bu dəfə özlərini başqa çərçivədən görməkləridir.

- Məlumdur ki, Gürcüstan azərbaycanlıları xüsusilə qadınların fəaliyyətinə birmənalı yanaşmırlar. Sizinlə əməkdaşlıq edən xanımlara hansı çətinliklər yaranır?

- “Sənin yiyən yoxdur ki, çəkib səni ayağına bağlaya”- ünvanıma dəfələrlə gələn bu sözlərlə yəqin ki, ümumi vəziyyəti təsəvvür edirsiniz.

Qadının cəmiyyətdə aktiv fəailiyyət göstərməsi hələ də onun “yaxşı yolun yolçusu” olmadığının göstəricisi kimi qəbul olunur. Qadının cəmiyyətdə imicini, reputasiyasını salmaq üçün, onun necə deyərlər, namusuna ləkə gətirmək ən böyük silah kimi istifadə olunur.

Şəxsimizə gələn söyüş və təhqirlərlə bizi geri çəkilməyə sövq etmək istəyirlər. Valideynlərimizə gələn şikayətlərlə üz-üzə qoyurlar ki, bu da bir qədər sarsıntılara gətirib çıxarır.

Biz bunları əvvəlcədən təxmin etmişdik. Çünki kişimərkəzçi cəmiyyətdə bunların əksini düşünmək sadəlövhlükdür. Biz bütün bunları gözə alaraq yola çıxmışıq.

- Bir ildən artıqdır ki, fəaliyyət göstərirsiniz. Bu bir il ərzində nəyəsə nail olduğunuzu düşünürsünzmü?

Eks-prezident M.Saakaşvili azərbaycanlılar yaşayan rayonda
Eks-prezident M.Saakaşvili azərbaycanlılar yaşayan rayonda

- Hələ bir yaşımız tamam olmayıb. Sayt 2015-ci il, fevralın 19 da fəaliyyətə başladı.

7 ay öncə birkitablı, ənənəvi təfəkkürün hakim olduğu bir cəmiyyətdə ilk dəfə alternativ fikirlərin (səhv və düz olması müzakirə olunmadan) səsləndirilməsinə start verildi.

Əsas odur ki, heç bir funksiyası olmayan sözü və yazını kürsüyə qaldırıb, təsir imkanlarını genişlətdik. Cəmiyyətdə suni olaraq bütləşmiş dəyər və obyektlərin əslində toxunulmaz olmadığını sübut etdik.

Vətəndaş mövqeyi olmayan, özünü ictimai roldan təcrid etmiş jurnalistika və ədəbiyyatımıza sosial yük verib sırf cəmiyyətin problemlərinin həllinə yönləndirdik.

Mən inanıram ki, artıq oxucularımız özlərinə və ətrafda baş verənlərə tənqidi yanaşmağa və sual verməyə başlayıblar.

- Elə reaksiyalar, elə davranışlar olurmu ki, məyus olub fəaliyyətinizi bitirmək barədə düşünəsiniz?

- Xeyr. Amma özünü şair, vicdan həvarisi, millət atası adlandıranların bizə qarşı çıxması əlbəttə, məyus edir.

Ən ürəkağrıdıcı məqam odur ki, gedib Avropanın ən bahalı unversitetlərində oxuyan, bir çox mədəniyyətlər görmüş, sivlizasiyanın göbəyində maariflənən gənc dostlar da bizə kütlənin göstərdiyi mövqeyi sərgiləyirlər.

Ən azından, onların bizim hansı məqsədə qulluq etdiyimizi anlamasını və bizə dəstək olmasını gözləyirdik.

Ümumilikdə, bu tənqidlər və təhqirlər prosesin daha da alışmasına dəstək olur.

XS
SM
MD
LG