Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 09:37

Torpaq sürüşməsi yolları keçilməz, evləri qəzalı vəziyyətə salıb


Əli Axundov
Əli Axundov

-

Aramsız yağış Azərbaycanın cənub rayonlarında torpaq sürüşməsi təhlükəsini yenidən gündəliyə gətirib. Lənkəran rayonun Gəgiran kənd sakini Əli Axundov deyir ki, ən aktiv sürüşmə yaşadıqları ərazidə baş verir. Hər il payız aylarında yağan yağışlar, qışın sonlarında əriyən qar sürüşməni daha da artırır:

«Hər yağışdan sonra kəndin müxtəlif yerlərində sürüşmə baş verir. Bu dəfə də təhlükələr oldu. Vəkil Məhərrəmova, Gülbala Zəkiyevə, Akif Şıxıcanova, Gülyaz Nəhmətovaya məxsus evlərə təhlükə qalmaqdadır. Dağ çayın üstündən keçən körpü dağılmışdı torpaq sürüşməsi nəticəsində. Xüsusi ilə Zəkiyevlərin evləri dağılmaq üzrədir. Torpaq sürüşərək eyvana çatıb. Ev sahibi əlildir, yataq xəstəsidir. İmkanları aşağıdır. Ucqar dağ kəndidir. Həmişə diqqətdən kənarda qalır. Bu baxımdan vəziyyət yaxşı deyil. Heç bir kömək yoxdur».

Bir neçə il bundan əvvəl Gəgiran kənd sakini Gülbala Zəkiyev AzadlıqRadiosuna müraciət edərək torpaq sürüşməsi nəticəsində yaşayış evinin qəzalı vəziyyətə düşdüyünü söyləmişdi. Fövqəladə Nallar Nazirliyinin nümayəndələri evə baxış keçiriblər. Rəylər də verilib. Lakin illər keçsə də, Zəkiyevlər ailəsi torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyət düşmüş evdə yaşayırlar.

KİJABƏ QƏSƏBƏSİNDƏ 50 EV SÜRÜŞMƏ TƏHLÜKƏSİNDƏDİR

Astara rayonun Kijabə qəsəbə ərazisində də torpaq sürüşməsi xeyli evə ziyan vurub. 50-dən çox ev təhlükə içindədir. Qəsəbə sakinlərinin demələrinə görə, dağın yuxarı hissəsində torpaq sürüşüb aşağı gəlsə, evlərin çoxu torpaq altında qala bilər.

Son günlərdə intensiv yağan yağışlar vəziyyəti bir az da gərginləşdirib. Torpaq sürüşməsi dağətəyi kəndlərdə daha da aktivləşib. Lənkəran rayonunda 2, Astarada 4-5, Masallıda 4, Lerikdə, Cəlilabadda, Yardımlıda bir neçə yerdə torpaq sürüşməsi olub. Rəsmilər də torpaq sürüşmələrinin baş verdiyini və bu istiqamətdə tədbirlərin davam etdiyini deyirlər.

Yağışdan sonra torpaq sürüşməsi.
Yağışdan sonra torpaq sürüşməsi.

İCRA NÜMAYƏNDƏSİ: «ADAMLARIN EVLƏRDƏN KÖÇÜRÜLMƏSİNƏ EHTİYAC YOXDUR»

Lənkəran rayonunun Gəgiran kənd icra nümayəndəsi İsmayıl Cəfərov bildirir ki, yağışdan sonra torpaq sürüşmələri olsa da, hazırda bu müşahidə olunmur:

«Yağışdan sonra torpaq sürüşmələri oldu. Yol bağlanmışdı. 5 evin ətrafında torpaq sürüşüb, lakin təhlükə yoxdur. Yol açıldı. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri hadisə yerində oldular, baxış keçirdilər. Mütəxəssislərin dediklərinə görə, adamların evlərdən köçürülməsinə ehtiyac yoxdur. Təbiətin işini bilmək olmur».

OVALA VƏ MİKKİ KƏNDLƏRİNDƏ BƏZİ AİLƏLƏRƏ ÇADIRLAR VERİLİB

Astara rayon Fövqəladə Hallar Komissiyasının sədri Allahverən Mahmudov da yaxışın vurduğu ziyanı aradan qaldırmaqla məşğul olduğunu deyir:
«Rayonun ərazisində torpaq sürüşmələri baş verib. Ovala və Mikki kəndlərinin hər birində bir yaşayış evi təhlükəli vəziyyətə düşüb. Bu ailələrə çadır verilib. Dağətəyi ərazilərdə iki asfalt yol sürüşmə nəticəsində tutulmuşdu. Torpaq yollardan təmizlənib. Hərəkət bərpa olunub. Aramsız yağan yağışlar Astara şəhərində də problemlər yaratdı. Şəhərin bir çox yerləri su altında qaldı. İndi kanallar təmizlənir. Bu kanalların üstündə ev tikənlər də var, bu da bizə problemlər yaradır. Demək olar ki, işin 80 faizi görülüb. Fövqəladə Hallar Nazirliyinin nümayəndələri sürüşmə yerlərində olublar. Təklifləri işləyib müvafiq orqanlara vermişik».

Yolda sürüşmə.
Yolda sürüşmə.

TORPAQ UÇQUNU YOLLARDA PROBLEMLƏR YARADIB

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov da öz problemlərindən danışır:

«Lerik-Lənkəran yolunda problemimiz var. Bu yolun 17, 29, 30, 43 kilometrliyində torpaq sürüşməsi halları olur. Digər yerlərdə torpaq sürüşməsi problemi yoxdur».

TORPAQ SÜRÜŞMƏSİNİN SƏBƏBLƏRİ

Rəsmi məlumata görə, Azərbaycanda sürüşməyə meylli 178 sahə qeydə alınıb. Mütəxəssislərin fikrincə, cənub bölgəsinin dağətəyi zonalarında torpaq sürüşmələrinin son 3 ildə aktivləşməsinin ciddi səbəbləri var. Bu səbəblərdən biri də meşələrin qırılmasıdır. Yerli sakinlər palıd, çökə, fıstıq kimi kökləri dərinə gedən ağacları qırıb, sürüşmənin qarşısında aciz qalan sitrus və subtropik bitkilər əkirlər. Digər tərəfdən, noyabr ayının ortalarında yağan yağışlar aylıq normadan çox olub. Bu baxımdan da torpaq sürüşmələri aktivləşib.

Hazırda cənub bölgəsində yağmurlu hava şəraiti davam edir. Çaylarda suyun səviyyəsi gündən günə qalxır. Ayın ortalarında yağışın yaratdığı fəsadların təkrar oluna biləcəyi ehtimalı var.

XS
SM
MD
LG