Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 21:30

"Kitab ağzı açanda anam işarə eləyir ki, evdə pesok yoxdur"


Hikmət Carçılı Orhun
Hikmət Carçılı Orhun

-

"Yeni yazmağa başlayanda elə bilirdim, hamının mənim sözümə ehtiyacı var, dünyanı bəri edəcəm."

Hikmət Carçılı Orhun

Şair ac olar...

Sovet dövründən insanlarımızın yaddaşına ilişib qalan bir klişe var: şair ac olmalıdır. Bəs deməzsən, qarnı yox imiş bu bədbəxtlərin. Çörək ha yemir şair və yazıçılar, havayla, suyla dolanır, arvad-uşaq saxlayır.

Bir növ Şimali Koreya rəhbəri Kim Çen İr kimi zadmış bizim ədəbiyyat adamları.

Şükür, arvad-uşağım yoxdur. Belə getsə, heç olmayacaq. Özümə şalvarı, köynəyi ildə bir dəfə güclə ala bilirəm, o da dədəmin hesabına. Son şalvarımı da bir dostum pay alıb, əynimdən çıxarmağa utanıram ki, lüt qalaram. O bəxbəxtlərə necə baxacam? Hansı zalımın balası ancaq kitablarla, filmlərlə qarın doyuran birinə ərə gələr ki?!

Şair ac olar, sənətkar günortaya kimi ac olar...

Yeri gəlmişkən, son iki-üç gün ərzində beş-altı filmə baxmışam. İki hekayələr kitabı bitirmişəm. Bir xeyli toxam.

Onu da deyim, hələ ki roman-zad oxuya bilmirəm, çünki fikrim çox yayınır. Hər hansı qalın bir kitabın ağzını açanda anam o yandan işarə eləyir ki, evdə pesok yoxdur, sabah çayı nəylə qarışdıracağıq? Dədəm boş siqaret qutularını qarışdırır. Bacım-qardaşım başını bulayır, gülürlər. Həm də...

...Tanınmış yazıçılarımızdan biri gənc yazarlardan hansınasa məsləhət edirmiş ki, səhərlər qalxıb dişini sürt, evdən yaxınlıqdakı parka qədər qaç, idman elə.

Yazıçı adama böyük xeyri dəyir. O, sözünü bitirəndə gənc yazar deyir, atam yox, anam yox, mən səhər durub qaçsam, camaat mənim cəmdəyimə tüpürməz ki, hansı gününə bu qədər xoşbəxtsən?!

Sherif. Karikatura
Sherif. Karikatura

İndi mən də o gənc yazar kimi düşünürəm. Düşünürəm ki, anamın bişirməyə kartofu yox, atamın çəkməyə siqareti. Özüm şəhərə çıxmağa pul tapmıram, yalandan dostlara özümü narahat hiss etdiyimi, istirahətə ehtiyacım olduğunu deyirəm. Bu vəziyyətdə qalın-qalın kitablar oxusam, eşidən cəmdəyimə tüpürməz ki, ay belə-belə olmuşun oğlu, hansı gününə bu qədər rahatsan, üstəlik, kitab da oxuyursan?!

Nə deyim, bir azca da evdəkilərdən utanıram.

Hər halda çıxış yolunu Azərbaycan və dünya ədəbiyyatından hekayələr oxumaqda görürəm. Düşünürəm, belədə heç olmasa oxumaq vərdişini itirmərəm. Yaşayırıqsa ümidimiz də var. Ümid edirəm, nə zamansa mənim də işim olacaq.

İş deyəndə, yekə çıxmasın, əksər yazı-pozu adamları kimi mənim də bacardığım – yazmaqdır. Nə işə yarayır, bilə bilmirəm. Yeni yazmağa başlayanda elə bilirdim, hamının mənim sözümə ehtiyacı var, dünyanı bəri edəcəm. Bilsəydim, zamanında sənət öyrənərdim, nə qədər olmasa dədə-babalarımızdan qalan misal var: “Sənətkar günortaya kimi ac qalar”.

Bu günə kimi yazdığım yazıların qonorarı anama bir don, atama bir şalvar almağa çatmayıb. O qədər az olub ki, bir əlimlə almışam, o biri əlimlə yola salmışam beş-on dəqiqənin içində. Halbuki, qəzet və sayt redaktorları ağzını açanda deyir, sən dili yaxşı bilirsən, əla yazırsan, son dövr ən istedadlı qələm sahiblərindən birisən, amma bilirsən, bizdə iş yoxdur, pulsuzluq olduğundan ixtisarlara başlamışıq, hətta xaricdə təhsil alıb gələn mütəxəsislərə belə, “yox” deyirik...

Sənə yalan yerə bir para baş ağrıtmaq qalacaq. O baş ağrısından ötrü dərman axtardığın vaxta oturub adam balası kimi bir musiqi dinləyə bilərsən. Bu da olar səhər yeməyin, günorta yeməyin, nə bilim, axşam yeməyin. Misal üçün, bu gün səhər bir türküyə on dəfə qulaq asmışam, hələ də onun üstündəyəm.

Yazıya nəticə yazmaq istəmirəm, özünüz anladınız. Sadəcə bir şeyi deyim biləsiniz: yazını yaza-yaza bu qənaətə gəldim ki, camaat düz deyirmiş: şair ac olar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG