Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:46

"Molla Nəsrəddin"dən 14 il böyük Azərbaycan satirik qəzeti


"Şabnamə"
"Şabnamə"

-

"Gizli üsulla çap olunan «Şəbnamə» adətən gecələr qapı və divarlara yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Gecələr yayınlandığı üçün də adı "gecə vərəqləri" mənasını daşıyırdı."

Pərvanə Məmmədli

(filologiya üzrə fəlsəfə doktoru)

"Molla Nəsrəddin"dən 14 il öncə Azərbaycan türkcəsində satirik mətbu orqanı mövcud olub

Pərvanə Məmmədli
Pərvanə Məmmədli

"Molla Nəsrəddin" jurnalının Azərbaycan mətbuatı tarixində ilk satirik mətbu orqanı olduğu elm aləminə çoxdan bəllidir.

İstər-istəməz məntiqi bir sual yaranır. Görəsən, "Molla Nəsrəddin"ə qədər ana dilində ona bənzər bir mətbu nümunəsi var idimi? Və "Molla Nəsrəddin"in yaradıcısı Mirzə Cəlilin o barədə məlumatı olubmu?

Mənbələrdən öyrənmək olur ki, XIX əsrin 90-cı illərində, iki yerə bölünmüş Azərbaycanın o biri hissəsində - Cənubi Azərbaycanda, Təbriz şəhərində 1892-ci ildən başlayaraq "Şəbnamə" adlı kiçik formatlı mətbu nümunələri görünməyə başlayıb. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı.

"Şabnamə"dən görüntü
"Şabnamə"dən görüntü

Gizli üsulla çap olunan «Şəbnamə» adətən gecələr qapı və divarlara yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Gecələr yayınlandığı üçün də adı "gecə vərəqləri" mənasını daşıyırdı.

O dövrdə dövlət qəzetləri çox zaman maraqsız və cansıxıcı olduğundan çətinliklə satılır, əhalinin müəyyən bir qisminə məcburi abunə formasında paylanırdı. Belə "darıxdırıcı" ruznamələr (farsca qəzetlər anlamındadır - P. M.) xalq arasında ruznamə-zornamə adını qazanmışdı. Belə qəzetlərdən birini vaxtilə M.F.Axundov "İran" qəzetinin münşisinə..." adlı məqaləsində kəskin tənqid etmişdi.(1)

Haqqında söhbət açdığımız qəzetin naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov idi.

Lakin pulsuz yayılan, icərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə bol olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib, onu oxutmaq üçün yazı-pozunu bilən adam soraqlayırdılar.

Haqqında söhbət açdığımız qəzetin naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov idi.

Güneyli araşdırmaçı Səməd Sərdar Niyanın yazdığına görə, Ə. Səfərov cavan yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. (Onun Səfərov soyadını qullaması da görünür, Rusiyada olduğu dövrlərdən başlamışdı -P. M.) Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi mühacirləri və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx təmasda olurdu. Sonralar xalqa xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür.(2)

Maarifçilik hərəkatının önündə gedən ziyalılar həmin illərin 80-ci illərindən etibarən ölkəyə fayda gətirmək və xalqa əməli xidmət etmək niyyətilə yeni məktəblər, kitabxanalar açır, elmi-bədii kitabların yazılması, tərcüməsi və çapı ilə məşğul olur, yeni qəzet və jurnallar təsis edirdilər.

Dövrün ən qabaqcıl zümrəsini təşkil edən bu ziyalılar çox zaman gizli cəmiyyətlər, siyasi qruplar daxilində birləşərək, mövcud quruluşa qarşı mücadilə aparırdılar.

Belə ziyalılardan biri də Əliqulu xan Səfərov idi. O, ölkəsini konstitusiya ilə idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçılardan asılı olmayan azad bir dövlət kimi görmək istəyirdi.

Ə. Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə o, öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. "Gizli əncümən" adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı, dövrün görkəmli vətənpərvər ziyalıları M. Tərbiyət, S. M. Şəbustəri, H. Ədalət iştirak edirdilər.

1892-ci ildə Ə. Səfərov Təbrizdə qeyri-leqal olaraq "Şəbnamə" adlı, kiçik ölçülü satirik qəzet - vərəqə buraxmağa nail olur. Əhməd Kəsrəvinin yazdığına görə, Ə. Səfərov "Gizli əncümən"in üzvü olmaqla bərabər, Məhəmmədəli Mirzənin gizli polis rəisi idi. Məhəmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi.

O, bu vəzifəsindən istifadə edərək, əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb "Şəbnamə"də yayır, geniş kütlələri xəbərdar edirdi.(3)

XIX əsrin sonlarında İranda, eləcə də Cənubi Azərbaycanda yerli feodallara, yadelli inhisarçılara, şah rejiminə qarşı narazılıqlar getdikcə əhali arasında kəskin şəkil alırdı. Sonralar tarixdə "Tənbəki üsyanı", "Zeynəb paşa" və s. adı altında ingilislərin tütün inhisarına, yerli feodalların taxıl möhtəkirliyinə qarşı baş verən xalq hərəkatları o dövrün mətbuatında; ölkədən xaricdə nəşr olunan mühacir mətbuatında və ölkədəki gizli nəşriyyələrdə öz əksini tapmışdı.

Ümumiyyətlə, o dövrdə "Şəbnamə" adı altında gizli çap olunan nəşr nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində dövrünün gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə də şəbnamə deyilirdi.

Satirik ruhlu bu kiçik ölçülü qəzet və ya vərəqələrdə dövrün Əliqulu Səfərov, Mirzə Həsən Rüşdiyyə Məhəmmədəli Tərbiyət kimi mütərəqqi ziyalıları İranın real ictimai-siyasi vəziyyətini açıb göstərir, xalqı müstəmləkəçilərə və istibdada qarşı mübarizəyə səsləyir, ölkədə islahatlar keçirilməsinə, qabaqcıl ideyaların yayılmasına səy göstərdilər.

Təbriz
Təbriz

"Şəbnamə"nin nəşri tarixi ilə bağlı ingilis şərqşünası Edvard Braunun (Edward Granville Browne) 1914-cü ildə Londonda çap etdirdiyi "Müasir İranın ədəbiyyat və mətbuat tarixi" kitabında "Şəbnamə"nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman Ağaqulu imzasından istifadə etdiyini, gizli çap olunub yayımlandığını, yeni ideyalarla zəngin, çox düşündürücü və satirik olub, səhifələrinin əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirirdi.

Edward Browne'un kitabı
Edward Browne'un kitabı

(E.Braun bir müddət İranda yaşamış, elmi tədqiqat işi aparmışdır. O, İran ədəbiyyatı, Məşrutə inqilabı tarixi və s. əsərlərin müəllifidir. O, Cənubi Azərbaycanın görkəmli ziyalılarından olan M. Tərbiyətlə yaradıcılıq əlaqəsi saxlayırdı.

E. Braun İngiltərəyə qayıdarkən onun "İran mətbuat tarixi" adlı əlyazmasının üzərində işləmiş öz əlavələrini və o dövrdə İranın Rəşt şəhərində İngiltərə səfərətxanasının konsulu işləyən Rabinonun da yerli mətbuatla bağlı qeydlərini oraya daxil edərək ayrıca bir əsər kimi çap etdirmişdir. Kitabın əvvəlində əsərin əsl müəllifinin M. Tərbiyət olduğunu da xüsusi vurğulamağı unutmamışdı.)

Ən başlıcası isə E. Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin saylarından birini, yalnız 1906-cı ilin noyabr sayını əldə etdiyini yazır. Oxucuları "Şəbnamə"nin satirik üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir.

"Şəbnamə"nin həmin saydakı məqalələrin birində o dövrdəki çörək qıtlığı ilə bağlı dükan-bazarladakı qarma-qarışıqlıq və zorakılıqdan bəhs olunur:

"Dünən xidmətçini səhər qəlyanaltısı üçün bazara çörək almağa yolladım. O, səhər erkəndən çıxdı, evə 3 saatdan sonra gəldi. “Çörək savaşı”ndan geri qayıdanda onun paltarı cırıq-cırıq, üzü cızıq-cızıq olub, bədəni bir neçə yerdən yaralanmış, bütün vücudu göm-göy göyərmişdi. O dövrdə tüğyan eləyən aclıq bizə də sirayət etdiyindən onun gətirdiyi çörəyin çox quru və kiçik olmasına baxmayıb biz o loxma çörəyi dərhal parçalayıb bir neçə hissəyə böldük. . . “(4)

Digər bir yazıda isə küçələrdə xirtdəyəcən çıxan palçıqdan və bu xoşagəlməz vəziyyətin Şah sarayına yaxın olan Baş küçədə də adı hal olduğundan bəhs olunur: "Dəvə karvanı Baş küçəyə çatanda palçıq bataqlığının içində batıb gözdən itdi. Bir az keçdikdən sonra onlar Acı çayın sahilində peyda oldular və yollarına davam etdilər". (Örnək kimi verilən hər iki satirik mətnin ingiliscədən tərcüməsi P.M.-ə məxsusdur.)

Qeyd etmək lazımdır ki, E.Braun "Şəbnamə"nin həmin sayindakı materialların türkcə (Azərbaycan türkcəsində - P.M.) yazıldığını, 14x9 ölçüdə olan vərəqlərinin mürəkkəb rəngli jele-qrafik üsulu ilə çap olunduğunu, səhifənin tən yarısının karikatura ilə bəzədildiyini yazır. Lakin qəzetin nəşri tarixinin və məkanını göstərilmədiyini (Bu gün də İranda Azərbaycan türkcəsində çap olunan bəzi nəşriyyələrdə senzuradan yayınmaq üçün belə edilir-P.M.) həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat verilmədiyini bildirir.(4)

Əliqulu Səfərovun jurnalistlik fəaliyyəti tək "Şəbnamə" ilə bitmir. "Şəbnamə" primitiv jelatin üsulu ilə hazırlandığından onu texniki çəhətdən böyük tirajla yaymaq mümkün deyildi. Ona görə də o, məsləkdaşları da daxil olmaqla litoqrafiya üsulu ilə müasir mətbuat orqanlarına yaxın olan qəzet nəşr etmək fikrinə düşür.

Cəlil Məmmədquluzadə
Cəlil Məmmədquluzadə

Ə. Səfərov 1898-ci ildə demokratik yönü və yeni məzmunu ilə seçilən "Ehtiyac" və "İqbal" qəzetlərini, 1906-cı ildə isə satirik "Azərbaycan" jurnalını nəşr edir. O, həmçinin Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edərək jurnalın səhifələrində satirik felyetonlarla çıxış etmişdir.

Öncə qeyd edildiyi kimi, Ə. Səfərov bir müddət Rusiya və Qafqazda yaşayıb fəaliyyət göstərmişdir. Qafqazın mütərəqqi ziyalları ilə yaxından əlaqə saxladığı üçün, çox ehtimal ki, onun Cəlil Məmmədquluzadə ilə tanışlığı və dostluğu olmuşdur. "Molla Nəsrəddin" jurnalının ilk nömrələrində çıxış etməsi ("Xortdan" imzası ilə) bir neçə mənbə tərəfindən təsdiq olunmuşdur. Belə güman etmək olar ki, C. Məmmədquluzadə Ə. Səfərovun özü və onun yaradıcılığı ilə "Molla Nəsrəddin"in nəşrindən öncə tanış imiş.

Fikrimizi əsaslandırmaq üçün yenə də mənbələrə müraciət edirik.

Məhəmməd Tağı Sidqinin şəxsi arxivində onun 1903-cü ildə Qurbanəli Şərifzadəyə yazdığı məktubunda az da olsa, "Şəbnamə" qəzeti haqda məlumata rast gəlirik. M. T. Sidqi dostu T. Şərifzadəyə qəzet haqqında qısaca məlumat verdikdən sonra ona yüksək dəyər verib yazır ki, başqa dövlətlərin paytaxt - qəzeti məqamında olan "Şəbnamə"nin mənfəəti, istər millət, istər məmləkət, istərsə də dövlət üçün qəzetdən artıqdır". (5)

Cəlil Məmmədquluzadə avtobioqrafiyasında dostu M. Sidqinin Naxçıvanda açdığı yeni məktəb haqda yazırdı ki, "həmin məktəb biz yeniyetmə müəllim və ədiblər üçün bir darülfünun hesab olunur".(6)

Eyni zamanda həm Məmmədtağı Sidqinin oğlu, Məhəmmədəli Sidqi "Tərcümeyi - halım" adlı xatiratında atasının İran, Rusiya və Türkiyədən ona göndərilən qəzetləri alıb oxuduğunu, bu qəzetlərin tək M. T. Sidqinin deyil, onun həmməsləkləri tərəfindən də gizlində oxunduğunu qeyd edirdi.(7)

Şübhəsiz ki, Məhəmmədtağı Sidqinin Naxçıvanda açdığı məktəbi tək məktəb yox, darülfünun hesab edən və M. T. Sidqinin həmməsləki kimi M. Cəlil, onun oğlu Məhəmmədəli Sidqinin yuxarıda qeyd etdiyi kimi, İran və başqa ölkələrdən göndərilən qəzetləri oxuyanlar sırasında olmuşdur. Söz yox ki, bu qəzetlərin içində "paytaxt qəzeti" məqamında dəyərləndirilən "Şəbnamə" də var idi.

Ən nəhayət, mətbuat tariximizin görkəmli araşdırıcılarından olan Əziz Mirəhmədov əsərlərindən birində ("Azərbaycanın Molla Nəsrəddini". B. 1980) gələcək "Molla Nəsrəddin" redaktorunun satirik yaradıcılığı ilə XIX əsrin son dövründə Təbrizdə gizli buraxılan satirik "Şəbnamə" arasında müəyyən yaxınlıq olduğunu güman etdiyini yazırdı. Mətbuat tariximızlə bağlı samballı əsərlərin müəllifi, ən nəhayət M. Cəlil irsinin ardıcıl tədqiqatçısı Ə. Mirəhmədov bu fikrində yanıla bilməzdi.(8)

M. S. Ordubadi həyatı ilə bağlı xatirələrində Naxçıvanda təhsil aldığı məktəbdə inqilabi ruhun hakim olduğunu, bu ab-havanı məktəbə Rusiya və Qafqaz ilə deyil, İran yolu ilə daxil olduğunu qeyd edir, bu yöndə xaricdən gələn mətbu orqanlarının, xüsusilə Əliqulu xan Əxtər kimi azadixahlar tərəfindən nəşr olunan qəzetlərin xidmətini xüsusi vurğulayırdı.

Ədib məqalələrindən birində müəlliminin (M. Sidqinin - P. M. ) XIX əsrin doxsanıncı illərində Mirzə Əliqulu xan Əxtərlə birlikdə İran şahı Müzəffərəddin şah Qacarın üsul idarəsinə qarşı "Şəbnameye-Bəsirət" adlı qəzet çap edib yaydıqları haqda bilgi verir. (9)

Ədəbiyyat və mətbuat tariximizin görkəmli araşdırıcısı, mərhum prof. Əziz Mirəhmədov dövrünün tanınmış ziyalılarından olan Məmmədtağı Sidqinin həyatını araşdırarkən yuxarıda qeyd olunanları önə çəkirdi.

O, həmçinin M. Sidqi ilə Mirzə Əliqulu xanın dostluq əlaqələri saxladığını, hətta bu dostluğun şərəfinə M. Sidqinin Ordubadda açdığı məktəbə «Əxtər» adı verdiyini bildirir. Lakin Mirzə Əliqulu xan Əxtər və onun "Şəbnameye-Bəsirət" qəzeti ilə bağlı məlumatların çox az olduğuna dərindən təəssüflənirdi.

Beləliklə, bu sonucda belə nəticəyə gəlmək olar ki, yuxarıda adı çəkilən Mirzə Əliqulu xan Əxtər çox güman ki, "Şəbnamə"nin redaktoru Əliqulu Səfərovdur.

O ki qaldı "Şəbnameye-Bəsirət" qəzetinə, yəqin ki, söhbət "Şəbnamə"dən gedir. Çünki Cənubi Azərbaycanda o dövrdə "Bəsirət" adlı qəzet, jurnal və ya vərəqənin olması barədə əldə dəlil yoxdur.

M. S. Ordubadinin adı çəkilən məqalədə "Şəbnameye-Bəsirət"in Əliqulu xanla birlikdə digər həm redaktorunun da (M. Sidqinin - P. M. ) olduğu barədə prof. Ə. Mirəhmədov verdiyi informasiya özlüyündə çox maraqlı faktdır və ayrıca bir bəhsin mövzusudur.

İrandan Naxçvana Məmmədtağı Sidqiyə göndərilən bir çox qəzetləri, o cümlədən, "Şəbnamə"ni onun özü ilə bərabər məktəbdəki məsləkdaşları da gizli oxuyarmış. Heç şübhəsiz ki, onların sırasında Məmmədtağının dostu Cəlil Məmmədquluzadə də var idi. Beləliklə, gələcək "Molla Nəsrəddin" jurnalının redaktoruna «Şəbnamə» bir qaynaq kimi müəyyən təsirini göstərmişdir.

Sadə ana dilində yazılan gülməli şəkillərlə bəzədilən, xalq tərəfindən böyük rəğbətlə qarşılanan bu kiçik formatlı məxfi qəzet Mirzə Cəlildə xalqa hər cəhətdən yaxın olan bir jurnal çıxarmaq ideyasını doğurmuş, "Molla Nəsrəddin" kimi möhtəşəm bir satirik mətbu orqanının meydana çıxmasına səbəb olmuşdur.

Bütün yuxarıda yazılanlardan bu qənaətə gəlmək olar ki, "Molla Nəsrəddin" jurnalı çap olunmamışdan hələ 14 il öncə 1892-ci ildə Təbrizdə Azərbaycan dilində "Şəbnamə" adlı kiçik formatlı satirik mətbu orqan mövcud olub.

İstifadə olunmuş ədəbiyyat

  1. Mirzə Fətəli Axundzadə. Bədii və ədəbi-tənqidi əsərləri. Bakı, Çaşıoğlu, 2004
  2. Səməd Sərdarniya. «Məhaşire Azərbaycan». Təbriz. 1379.(farsca)
  3. Əhməd Kəsrəvi. Tarixe məşruteye İran. Tehran, 1333.(farsca)
  4. Edvard Browne. The Persian Press and Poetry of Modern Persia. Cambrige, 1914.(ingiliscə)
  5. Məhəmmədtağı Sidqi. Məşədi Qurbanəliyə məktub. Az.MEA, Əlyazmalar institutu, f.20, s. v. 24.
  6. Cəlil Məmmədquluzadə. «Xatiratım». Əsərləri, III c., Bakı, 1967.
  7. Məhəmmədəli Sidqi «Tərcümeyi-halım». Az.MEA, Əlyazmalar institutu, f.20, s. v. 4.
  8. Əziz Mirəhmədov. “Azərbaycanın Molla Nəsrəddini”. Bakı, 1980.
  9. Məmməd Səid Ordubadi. «Həyatım və mühitim». Bakı, 1960.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG