Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:16

İlham Əliyev “atasından qalma mirasın girovudur”


Reuters agentliyinin Moskva müxbiri Christian Lowe yazır ki, 54 yaşlı Əliyev prezidentliyinin ən böyük böhranı ilə üz-üzə qalıb

Reuters agentliyinin Moskva müxbiri Christian Lowe yazır ki, 54 yaşlı Əliyev qlobal neft qiymətləri düşəndən və milli valyuta çəkisinin üçdə birini itirəndən sonra prezidentliyinin ən böyük böhranı ilə üz-üzə qalıb.

Məqalədə deyilir ki, Əliyevi tanıyanlar onun bacarıqlı inzibatçı olduğunu və böhranı cilovlamaq üçün mühüm addımlar atdığını bildirirlər.

Lakin bəzi müşahidəçilər bu qənaətdədirlər ki, atılan addımlar yamaq vurmaqdan ibarətdir və əsl uzunmüddətli həll – iqtisadi islahatlar isə ona atasından miras qalmış müşavirlər və nazirlər tərəfindən bloklanır.

Köhnə qvardiya
Köhnə qvardiya

Müxbir yazır ki, Əliyev onları sıradan çıxarmağa o qədər də həvəsli görünmür.

Christian Lowe yada salır ki, 1998-ci ildən postunda olan baş nazir Artur Rəsizadə İlham Əliyevə atasından miras qalıb. Nüfuzlu administrasiya rəhbəri 77 yaşlı Ramiz Mehdiyev isə bu postu 1995-ci ildən tutur.

Məqalədə deyilir ki, Norveçin Azərbaycandakı keçmiş səfiri Steinar Gil rəyi soruşularkən Əliyevin real dəyişikliklərə gedəcəyinə inanmadığını söyləyib.

Gil deyib ki, Əliyev həqiqətən də dəyişiklik istəsəydi bu qədər böyük köhnə qvardiyanı vəzifədə saxlamazdı.

“Bu rejim donub” – deyib Gil.

Reuters yazır ki, Azərbaycanın aşağı neft qiymətləri burulğanından necə çıxacağı Rusiyadan Nigeriyayadək başqa neft ixracatçılarının da bu böhranın öhdəsindən gəlib-gələ bilməyəcəyini göstərəcək.

Atasının kölgəsində

“İlham Əliyev ömrünün çox hissəsini atasının kölgəsində keçirib”- yazır müxbir.

Gənc Əliyev bir çox sovet rəhbərlərinin uşaqları kimi Moskva Beynəlxalq Əlaqələr İnstitutunda təhsil alıb və sonra orada işləyib.

Məqalədə deyilir ki, atası 1993-cü ildə prezident olduqdan sonra İlham Əliyev dövlət neft şirkətində vəzifəyə təyin edilib və Milli Olimpiya Komitəsinin sədrliyinə gətirilib.

Qubada etiraz aksiyası
Qubada etiraz aksiyası

Lowe yazır ki, bütün bunlar onun tədricən ən yüksək posta gətirilməsi üçün edilirdi, lakin hökumətə yaxın bəzi adamlar onun bu post üçün o qədər də qətiyyətli görünmədiyini deyirdilər.

İlham Əliyevin tədricən hakimiyyətə gətirildiyi vaxtlarda yüksək post tutmuş şəxslərdən biri Reuters-ə bildirib ki, onda atasının xarizması yox idi.

“İlham yaxşı adamdır, amma böyük siyasətçi deyil” - demişdi həmin şəxs.

Məqalədə deyilir ki, hakimiyyətinin son illərində Heydər Əliyev BP və Statoil kimi şirkətlərlə kontraktlar bağlamışdı.

Reuters yazır ki, Azərbaycanın sonrakı illərdə iqtisadi yüksəliş keçirməsinin əsasında həmin kontraktlar dururdu.

İlham Əliyevin hakimiyyətinin ilk illərində ölkəyə axan gəlirlər Azərbaycanda dünya üzrə ən sürətli inkişafa səbəb olmuşdu.

“Məhz ona görə də yavaşıma indi bu qədər təlatümlüdür” – yazır müxbir.

“Başa düşür, amma qabil deyil”

Lowe yazır ki, Bakının dəniz sahili boyunca ucalan göydələnlərinə baxmayaraq 9, 5 milyonluq əhali əsasən yoxsuldur.

Mən əminəm ki, İlham Əliyev nələrinsə edilməsinin lazım olduğunu başa düşür, amma mən inanmıram ki, o, bunu etməyə doğrudan da qabildir

Bu da qeyd olunur ki, son vaxtlar adamların etiraz aksiyaları polis dəyənəkləri və suvuranlarla dağıdılıb.

2012-ci ilədək ABŞ-ın Azərbaycanda səfiri olmuş Matthew Bryza deyir ki, İlham Əliyev və onun möhtərəm maliyyə naziri Samir Şərifov bəzi mühüm qərarlar qəbul ediblər.

Diplomatın fikrincə, 34 milyard dollarlıq ehtiyat fondu da böhrandan çıxılmasına kömək edə bilər. Məsələn, artıq manatın kursu Mərkəzi Bank tərəfindən dəstəklənmir və büdcəyə aşağı neft qiymətlərinə uyğun düzəlişlər edilib.

“Rəvan keçidə mane olan lazımi makroiqtisadi islahatların olmamasıdır. İqtisadi şaxaləndirmə və maliyyə intizamı üçün bəzi addımlar atılsa da, bu, kifayət sayıla bilməz. Bu məsələnin pis tərəfidir. Yaxşı tərəf budur ki, islahat istəyənlər bu imkanları görürlər” – deyib Bryza.

Lakin keçmiş Norveç səfiri Gil deyir ki, iqtisadi islahat vədləri o hələ Azərbaycana göndərildiyi vaxtlardan verilirdi.

“Onda hələ ata Əliyev prezident idi. Lakin bütün bunlar onda da söz-söhbət idi, indi də…” – deyib Gil, - Mən əminəm ki, İlham Əliyev nələrinsə edilməsinin lazım olduğunu başa düşür, amma mən inanmıram ki, o, bunu etməyə doğrudan da qabildir”.

XS
SM
MD
LG