Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:30

Gənc yazıçılara məsləhət: "Bərbərxanan, marketin olsa, pis olmaz"


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Azərbaycan yazıçılarının gənc yazarlara məsləhətləri" rubrikasını həm məsləhət götürmək gözülə oxumaq olar, həm də məsləhət verənlərin özlərini yaxından tanımaq üçün. Bu dəfə söz, 1980-cilər ədəbi nəslindən yazıçı Azad Qaradərəlinindir.

1. Heç kimin məsləhətinə biganə qalma. Amma heç kimin dediklərini də ehkam kimi qəbul etmə – bu, hətta Tolstoy belə, olsa.

2. Həyatı oyun hesab etmə, amma yazı masasına əyləşəndə hər şeyi oyun bil – yazdığını ciddiyə almadan sonacan yaz.

3. Yazanacan bəzi məsələləri mütləq həll etməlisən: yaşamını təmin etmək üçün əlavə bir qazanc mənbəyinə sahib ol: bərbər də olar, kiçik biznes sahəsi də. Amma yaxşı olar ki, bu işləri icra edən biri olsun. Yazıçının vaxtı olmur axı. Yəni bərbərxanan, marketin olsa, pis olmaz.

4. Dəvət etsələr, dövlət işinə müəyyən müddət olsa belə, baş qoş. Məsələn, bir, yaxud iki il. Və ləyaqətini itirməmiş uzaqlaş. Orada öyrəndiklərin nasir kimi sənə gərək olacaq.

5. İçkidən qaçma. Amma aludəçi olmamaq şərtilə. Zəhərdən və narkotikdən başqa hər şeyin dadına bax. Yazıçının dad, qoxu, lamisə və sair qabliyyətləri güclü olmalıdır. Ən əsası, gözün iti olsun. “Tükü-tükdən seçməy”i bacar.

6. Çalışıb bütün ağacların, otların, meyvələrin, giləmeyvələrin növlərini tanı. Məsələn, üzümün, yaxud almanın çoxlu növləri var. Bunları adlarıyla tanıman çox vacibdir. Eyni zamanda atın, dəvənin, inəyin, camışın, dəvənin balasının, ondan bir az böyüyünün, erkəyinin, dişisinin adlarını bilmən vacibdir.

İnsanları, xüsusən, qarşı cinsi öyrənməyə çalış. Əvvəl zahiri görünüşünü, sonra içini. Adamtanıyan ol.

Yazı vaxtı mütaliə etmə. Mütaliə vaxtı yazma. Unutma: yazıçı həm də elmli adam olmalıdır. Səndən əvvəl yazılanları mənimsə, ömrü boyu oxu. Amma heç kimi, heç nəyi bütləşdirmə - o ən yaxşını sən özün yazacaqsan.

7. Sənin yazdığın dil – Azərbaycan türkcəsi ingilis, rus, ərəb, fransız dilləri ilə müqayisədə çox bəsitdir. Ona görə doğulduğun ərazinin dialektini yaxşı mənimsə. Sənə ciddi nəsr yaradıcılığında gərək olan sözləri oradan alıb yazı dilini zənginləşdirə bilərsən.

Tarixi, mifologiyanı yaxşı bil. Dillərə biganə olma. Ruscanı yaxşı öyrən, Anadolu türkcəsini daha dərin. İngilisi bilsən, lap əla olar.

Azərbaycan nəsri heç vaxt öz intibah dövrünü yaşamayıb

8. Azərbaycan nəsrini oxu, orada özünə örnək-zad seçməyi ağlına belə, gətirmə. Çünki bu nəsr heç zaman özünün intibah dövrünü yaşamayıb. Demək, onu sən və sənin nəslin yaradacaq.

9. Son dərəcə inkarçı ol. Amma o zaman inkara get ki, artıq səndən əvvəlkini tam bəyənmədiyinin fərqindəsən. Uçurmamış tik. Yoxsa uçurduqlarının altında qalarsan. Yəni bu döyüşdə daldalanacağının olması mütləqdir.

10. Yazıçı üçün, nəsr yazan üçün ailə çox vacibdir. Amma sənin yazıçı olduğunu qəbul edən, səni yazıçılığa qısqanmayan ailə.

Fiziki cəhətdən sağlam ol. Bu nasir, xüsusən romanşı üçün ən vacib məsələdir.

11. Yazıçı ətrafın olsa, yaxşıdır. Amma o ortamdakılar səmimi və istedadlıdırsa. Son dərəcə ehtiyatlı ol: istedadlıların əksəriyyəti paxıl və yalançıdır.

12. Yazandan sonra yazdığını “dəmə qoy” – azı, 10-15 gün əl vurma. “Köhnələndən” sonra redəktə-korrektə işinə başlaya bilərsən. Amma sənin ayrıca redaktorunun, korrektorunun və naşirinin olması vacibdir.

13. Sağlığında xaricə çıxmağa çalış. Həm özün, həm əsərlərin dünyanı gəzsin deyə. Amma bu, pulla xaricin kiçik universitet tipli nəşriyyatlarda əsər çap etdirmək, eyforiya yaratmaq kimi olmamalıdır.

Publisist olma, bu, sənin nəsrini məhv edər.

14. Ölkənizdə sənin oxucuların, dostların və düşmənlərin olmalıdır, bu, çox vacibdir. Səni hamı çox sevirsə, özünə yenidən bax. Əzilənlərin müdafiəsinə qalx. Sözünü tribunalardan deməkdən qorxma. Amma publisist olma, bu, sənin nəsrini məhv edər.

15. Uzun ömür yaşamağa çalış. Nobel haqqında düşünmə, amma özünü Nobelə layiq də bil. Lovğa deyil, özündənrazı deyil, qərarlı ol. Özünü güclü yazıçı kimi hər cəhətdən formada saxla və buna əmin ol.

XS
SM
MD
LG