Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:17

Kamran Nəzirli. Sən kimsən, bizim evə niyə girmisən? (Yeni hekayə)


Kamran Nəzirli
Kamran Nəzirli

-

"Həsənağa, yəqin sən mantyorsan, hə? Bizim işıqlarımız nə üçün sönüb?"

Kamran Nəzirli

QARANLIQ OĞRULARI

Oğrular qaranlıq evə girmişdilər.

İki nəfər idi - biri saqqallı, biri saqqalsız, biri yaşlı, biri cavan. İkisi də papaqlıydı, cavan oğrunun əlində lanset vardı, mənzilin qapısını da elə o cərrah bıçağıyla açdılar.

Ev sahibəsini neçə gün idi ki, güdürdülər. Onun ha vaxt çıxdığını, ha vaxt qayıtdığını da yaxşıca öyrənmişdilər. Onu da bilirdilər ki, təxminən əlli yaşlı ev sahibəsi tək yaşayır, üstəlik, metroda gecə növbəsində işləyir.

Fevralın on ikisində, saat 20.30-da ev sahibəsi qapını çöldən açarlayıb gecə növbəsinə getmişdi. Bayaq oğrular evə girməmişdən şimal küləyi qalxdı, qəflətən yağış tökdü və binanın işıqları söndü. Onlar da fürsətdən yararlanıb dərhal "əməliyyata" başladılar. Beşinci mərtəbədəki 19 nömrəli mənzilin qapısını tələsmədən, səssiz-küysüz rahatca açdılar. Əmin idilər ki, içəridə heç kim yoxdu, çünki ev tamam zülmət içindəydi.

-Əl fənərini götürdün?- deyə saqqallı oğru mənzilə girən kimi yavaşça soruşdu.

-Yox,- saqqalsız dedi,-yadımnan çıxdı...

-Əhhh! Sənə ümid olan şamsız qalar! - saqqallı bozardı. - Bə necə axtaracağıq, ay maymaq? İşıqlar da yanmır....

O biri oğrudan səs çıxmadı, görünür, səhvini başa düşmüşdü, ya da mətbəxə girmişdi ki, kibritdən-zaddan tapsın, heç olmasa, gözəyarı da olsa, oğurlayacaqları əşyaların yerlərini kibrit işığında görə bilsinlər.

Birdən:

-Tapdım!- deyə saqqalsız oğru sevincək qışqırdı. Saqqallı cəld ona tərəf qaçaraq:

-Sussss! Alə, yavaş danışa bilmirsən?- acıqlandı.- Nə tapdın?

-Kibrit!

-Kibrit?- bu dəfə saqqallı qeyri-ixtiyari özü qışqırdı.- Yerə soxum boyuvu! Mən də deyirəm, xəzinə tapıb! Heyif bacımdan, heyif! Bivec övlad! Səni adam edincə mənimki mənə dəyəcək! Heç oğurluğa da yaramırsan!

-Neynim axı, dayı, oğurluğumuz kibrit işığına düşdü də... İstəyirsən, gedim fənər gətirim?

-Yox!- dayı yenə bozardı...-Susssssss..... Aaaaaaaaa! Eşitdün?

-Nəyi?

-Susssssss.... Aaaaaaaaa.... Evdə kimsə var...- saqqallı pıçıldadı, küncdəki balaca otağı bacısı oğluna işarə elədi. Sonra:

-Bıçağı ver bəri!- yavaşca əmr elədi. Gördü ki, bacısı oğlu lanseti ona uzatdı. Qaranlıqda saqqallı oğrunun gözləri bərəldi, ağzı köpükləndi.

-Bunu yox! Mənimkini!-çəmkirdi.

-Axı onu götürməmişəm!- saqqalsız oğru qorxa-qorxa dilləndi. Elə bil arı yuvasına qum səpdilər. Kişi özündən çıxdı.

-Əhhhhh! Tfuuu sənin cəmdəyinə! İt oğlu!

-Dayı, söyüş söymə!

-Sussssssss!- Nəhayət, dayı mətbəx bıçaqlarından birini əlinə keçirə bildi və yavaş-yavaş hənir gələn küncdəki otağın qapısına sarı yeridi.

İçəridən zərif, həlim qız səsi gəldi:

-Kim var orda? Ana, sənsən?...

....

-Ana!...Nə tez gəlmisən?..Ana!- deyə anası gedəndən bəri çarpayıda uzanıb musiqiyə qulaq asan qız qulaqlarına taxdığı səsgücləndirici şnurun ucluqlarını çıxartdı. Yerindən qalxdı, qaranlıq otaqda əllərini havada yellədə-yellədə qapının yerini tapmağa çalışdı. Əlini qapının dəstəyinə toxundurub onu yavaşca özünə sarı çəkdi.

-Ana, hardasan?- yenə qaranlığa səsləndi. Cavab gəlmədi. Oğrular divarın dalına keçmişdilər, görünür, məqam gözləyirdilər, qızın onlara tərəf gələcəyini zənn edirdilər. Amma hələ qərar verməmişdilər: qızın əl-qolunu bağlayıb öldürsünlər, yoxsa ağzına dəsmal dürtüb boğsunlar? Lakin qız əllərini havada yellədə-yellədə bir-iki addım da atdı, dəhlizin düz ortasında dayandı, elə bil nəsə duydu, səsi titrədi.

-Ana...hardasan? Cavab ver...Mən yağışın səsini eşidirəm... Çöldə yenə yağış yağır, eləmi? İslanmamısan ki?..

Qız gördü ki, sakitlikdi. Düşündü: yəqin qulağıma səs dəyib. Heç nə olmamış kimi yenə əllərini havada yellədərək sağ tərəfdəki divardan tuta-tuta otağının qapısına yaxınlaşdı, dəstəyi arayıb astaca içəri itələdi. Əlləriylə çarpayısını yoxladı, yorğanın üstünə atdığı telefonun şnurlarını qulaqlarına taxıb yenə musiqiyə qulaq asmaq istədi. Amma mətbəxdən cingilti səsi eşitdi (kibriti yandırmaq istəyəndə lanset saqqalsız oğrunun əlindən yerə düşdü). Qız bu dəfə diksindi, qorxa-qorxa yerindən durdu. O tərəf-bu tərəfə boylandı, sakit və yumşaq tonda səsləndi:

-Kim var orda?

İllüstrasiya
İllüstrasiya

Saqqallı oğru bir göz qırpımında qızın başının üstünü kəsdirdi. Bir anlıq bilmədi nə etsin. Qız təlaş içində çarpayının küncünə qısıldı, lakin yenə yumşaq və sakit səslə:

-Sən kimsən? -soruşdu.- Bizim evə niyə girmisən?

-Belə vaxtda evə niyə girərlər?- saqqallı oğru yoğun səslə cavab verdi.

Dayı və bacıoğlu qızın özünü qəribə aparmasındanmı, ya zərif, yumşaq səsindənmi, ya da, Allah bilir, nədənsə, özlərini itirmişdilər. Saqqalsız oğru lap quruyub heykəl kimi yerində durmuşdu. Tərpənmirdi. Oğlan bir anlıq düşündü ki, görəsən, bu incə, həlim səsin sahibi nə üçün qışqırmır? Görəsən bu qız niyə qorxusuz-hürküsüz durub, səsini qaldırmadan yavaşca suallar verir?

-Nə istəyirsiz?- qız soruşdu.

-Pulların, qızılların yerini göstər!- saqqallı oğru əmr elədi. -Yoxsa...

-Axı mən görmürəm? Necə göstərə bilərəm?

-Görmürsən?- dayı təəccübləndi.- Korsan?

-Həəəə....on yaşa qədər zəif də olsa görürdüm.... Anam deyir ki, doğuş vaxtı zədələyiblər....Atam öləndən sonra səkkiz ildi ki, yalnız qaranlıq görürəm....

Dayı bacısı oğluna sarı döndü.

-Kibriti yandır görüm!

Saqqalsız oğru kibrit yandırdı. Onlar kibrit çöpünün işığında qızı gördülər. Uzun qapqara saçları boynunun ardından sinəsinə tökülmüş ağbəniz qız bənövşəyi gecə köynəyində idi, çarpayıda dizlərini qucaqlayıb məchul bir nöqtəyə baxırdı. Bacıoğlu ufuldadı, kibrit çöpünün odu onun barmağını yandırdı. O, üfürdüyü kibrit çöpünü döşəməyə tulladı.

-Yandır görüm!- saqqallı bir də əmr elədi.

-Evimizi yandırmayın... Nə istəyirsiz götürün...- qız səs gələn tərəfə üzünü tutub az qala pıçıltıyla yalvardı. Oğrular yanan kibrit çöpünü qıza bir qədər də yaxın tutdular, qızın iri, kədərli gözləri yaşarmışdı. O gözlər əməlli-başlı insan gözləriydi, adi, badamı gözlər idi, baxışlarında işıq yox idi, sadəcə çox cazibəli və məhzun bir parıltı vardı. Qız içini çəkməyə başladı, bu anlarda saqqalsız oğrunun əlləri əsdi. Birdən titrək səslə:

-Dayı, - dedi.- Gəl çıxaq gedək! Qızı qorxuzma!

Qız bir qədər də divara sarı qımıldı, sonra nə düşündüsə, ağlamsına-ağlamsına güclə eşidiləcək səslə:

-İşığı yandırın, - dedi. -O biri otaqdakı paltar dolabına baxın...Anamın mücrüsü ordadı...Nə varsa, orda var... Hamısını götürün, amma mənə toxunmayın...

-İşığı yandıraq?- saqqallı oğru yenə təəccübləndi. -İşıqlar yanmır axı? Guya bilmirsən?

-Yox, bilmirəm... Mənim üçün həmişə qaranlıqdı... Mən heç nə görmürəm... Qaranlıqdan başqa...Niyə inanmırsız mənə?

Saqqallı adam deyəsən artıq bir köynək də yırtmışdı, təcrübəli oğruya oxşayırdı, başını bulayıb o biri otağa cumdu. Təcrübəsiz saqqalsız oğrunun o biri barmağı da yandı.

Görünür, o, artıq oğurluq barədə düşünmürdü. Kibrit çöplərini bir-bir çıxarıb yandırır, qızın gözəl simasına tamaşa edirdi. O biri otaqdan tappıltı səsləri gəlirdi, dayısı, deyəsən paltar dolabını ələk-vələk edirdi. Hərdən bacısı oğlunu söyürdü.

Kətilin üstündə oturub qıza tamaşa edən bacıoğlu elə bil ovsunlu aləmə düşmüşdü. Kibrit çöplərini bir-bir yandıra-yandıra düşünürdü: kaş işıqlar yanaydı...

Dayı qəflətən qapıda göründü, əlindəki balaca dördkünc taxta qutunu ona uzatdı:

-Saxla bunu! Gedim servantın gözlərinə də baxım! Bunlar deyəsən bir həsir, bir Məmmədnəsirdi...

Mücrü
Mücrü

Oğlan yavaşca mücrünü açdı, orda bir neçə zinət əşyası və beş-altı kağız əskinaz vardı, sonra nə düşündüsə, mücrünün qapağını yavaşca örtdü. Başladı yenə qıza matdım-matdım baxmağa.

Deyəsən, kor gözəl onun gözlərini əməlli-başlı tutmuşdu. Evə nə üçün gəldiyini də unutmuşdu. Oğlanın nitqi qurumuşdu, danışa bilmirdi.

Qız hiss etdi ki, yanında duran adam ona baxır: oğlan kibrit çöplərini yandırıb qıza yaxınlaşdırırdı, sonra da üfürüb yerə tullayırdı. Çox həyəcanlıydı. Nəhayət, qız soruşdu:

-Sən də oğrusan?

Oğlan utandı, bilmədi nə cavab versin (Hələ heç kim bu sualı ona verməmişdi!). O, indi tam əmin olmuşdu ki, bu zərif, məlahətli səsin sahibi kordu, amma kibrit çöplərinin işığında bu gözəlliyin qarşısında diz çökməyə belə hazır idi. Necə oldusa, kövrək bir səslə cavab verdi:

-Yoooox! Oğru niyə oluram ki?!

-Bəs nə üçün bizim evə girmisən?

Oğlan yenə bilmədi nə cavab versin. Udqundu. Barmaqlarından biri də yandı, bu dəfə ufuldamağı qüruruna sığışdırmadı. Qeyri-ixtiyari daha bir çöp çıxarıb yandırdı, dedi:

-Gəldim ki...işığı... işıqlarınızı....- dalını deyə bilmədi. Əslində heç özü də bilmirdi nə cavab versin. Kibrit çöpü yanıb qurtardı, daha bir barmağı yandı. Yenə çöp çıxarıb alışdırdı, gözlərini qızın cazibəli və sehirli sinəsinə zillədi.

-Gəlmişdin ki, kibrit yandırasan?- qız dilləndi.

-Həəəə...- oğlan sevincək oldu, deyəsən, sual onun ürəyincə idi.

-Yaxşısı budu, qaranlığın özünü oğurlayasınız da...- qız şairanə duyğularını boğa bilmədi, üzünü məchul bir nöqtəyə çevirdi. - Qaranlığı...

-Qaranlığı?- oğlan təəccüb elədi, ürəyi daha bərkdən çırpınmağa başladı. -Sənin adın nədir?-səsi titrədi.

-Züleyxa....

-Mənim də adım Həsənağadı...

-Həsənağa, yəqin sən mantyorsan, hə? Bizim işıqlarımız nə üçün sönüb? Bayırda külək əsir, eləmi? O nədir elə, yağışın səsidi?...

-Yox...Mən kibrit yandırıram...Kibritin səsidi...

Qız hiss edirdi ki, onunla danışan oğlan çox həyəcanlıdı. Hər halda, qız bunu duyurdu: oğlan kölgəsindən qorxan oğruya oxşamır.

Sonuncu çöp də yanıb qurtaranda saqqallı oğru bacısı oğlunun başının üstünü aldı, onun qolundan tutub giriş qapısına doğru dartdı:

-Alə, oğurluğa gəlmüsən, yoxsa eşqbazlığa? Deyəsən, yerini xoş görmüsən?! Bir az da qalsan, bütün yeddi nəslünü tökərsən ortalığa... Çıx bayıra, mayamağın biri, maymaq! Səni bir də özümlə gətirsəm, kişi deyiləm!

Oğlan pərt olsa da, dayısının sözünə könülsüz itaət elədi. Bir azdan qapı açılıb-örtüldü, zülmət qaranlıq oğruları bağrına basıb apardı. Qız bir müddət yerində donub qaldı. Bu nəydi, ilahi, qorxulu kinoydu, yoxsa yuxu? Canına üşütmə düşdü, sanki indi-indi vahimələnir, xoflanırdı.

Handan-hana qalxıb divardan tuta-tuta dəhlizə çıxdı, giriş qapısını içəridən bağladı. Bir qədər arxayınlaşdı, anasının otağına girəndə ayaqları yerə səpələnmiş pal-paltara ilişdi, əyilib bir-bir onları götürdü, səliqəylə büküb paltar dolabına yığdı. Əlləriylə mücrü qoyulan yeri aradı.

Mücrü yerində yox idi. O, doluxsundu, hönkürüb ağlamaq istədi. Ağlaya bilmədi, pərişan-pərişan öz otağına qayıtdı, istədi yatağına uzansın, ayağı kətilə toxundu, nəsə yerə düşüb taqqıldadı.

Qız əyilib kətilin böyür-başını aradı, əli taxta qutuya toxundu, ürəyi əsdi. Mücrüydü. İçindəkilər də yerindəydi. Sonra göz yaşlarını silə-silə diz üstə çöküb başladı döşəməyə tullanmış yanmış kibrit çöplərini həvəslə arayıb yığmağa.

2016

XS
SM
MD
LG