Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:04

Başçının maşınında məktəbə getmək (Hekayə)


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Şələm də get-gedə ağırlaşır. Hə də, kitablarımdı, bir yekə pendir dürməyidi, bir də təzə çustumdu, anam təpişdirib çantama."

Azad Qaradərəli

BAŞÇININ MAŞININDA MƏKTƏBƏ GETMƏK

Uzaq kənd məktəbində oxumağa piyada gedən uşaqlara həsr olunur

Səhər təzə açılıb. Göyün üzü bulaşıqdır. Pinti uşaqların üzü kimi. Mən isə pinti deyiləm. 6-dan durmuşam. Üzümü yumuşam, dişimi fırçalamışam, amma duznan. Diş pastamız bir həftədir qurtarıb. Anam deyir ki, onlar həmişə duznan yuyarmışlar dişlərini... Düzdür, duz ağzımı acı edir, amma nə olsun? Məktəbimizin dəhlizində lap hündürdən kağıza yazılıb vurulmuş bu sözlərə (o qədər oxumuşam ki, əzbərləmişəm) fikir verin:

"Tənqid acı dərman kimidir, amma müalicə edir. V. Belinski.” Mən Tənqidlə Belinskini tanımıram, amma bilirəm ki, dərman acı olsa da, adamı xəstəliklərdən qoruyur.

(Bir dəfə Oxu dərsində Əfzələddin müəllimdən soruşdum ki, Tənqid kimdir? Qışqırdı üstümə ki, başın girmiyən yerə bədənıı soxma!.. Niyə heylə bozardı axı? Mən nə dedim ki?.. Başımı hara soxmuşdum ki?.. V.Belinskini də soruşacaqdım, qorxudan səsimi kəsdim...)

Atam fəhlədir. Hardasa asfalt zavodu var, orda işləyir. İki, üç aydan bir maaş alır. Əlləri, üzü qapqara, üstü-başı mazutun içində gəlir evə axşamlar. Ucuz göy sabun var e, üstündə RAMİZ yazılıb ha, bax, onunla yuyur əllərini, birtəhər mazut, his-pas gedir. Anam da söz atır ki, niyə yuyursan, onsuz da səhər yenə elə olacaq...

(Bir az yalan oldu. Barmaqlarının boğmaları, əllərinin üstü o qədər qırış-qırış olub ki, mazut o qırışlara dolur və heç qonşumuz Ranizin adaşı sabun RAMİZ də apara bilmir onları. Ona görə atama ayama qoşublar it uşaqları: Mazut Ələmdar. Mən bilirəm onu kim qoşub?! Hamısı o Ceyran Ürfanın oğlunun işləridir. Qoy məktəbi bitirim, qoy instituta girim! Ən böyük adam olacam, Başçı olacam! Gəlib hamısından alacam qisasımı!.. Başları girmiyən yerə bədənlərini soxurlar... o oğraş Əfzələddin müəllimin sözü olmasın...)

İllüstrasiya
İllüstrasiya

Mənə deyir, gərək oxuyasan, mənim kimi eşşək olmayasan. Düzü, bilmirəm ki, atam özünə niyə eşşək deyir. Amma o, eşşək-zad deyil. Yaxşı adamdır. Bizi çox istəyir. Hərdən içməyi olmasa... Əşşi, nolsun e? Kişi içər də.

(Görərsiniz! Mən də yekələndə içəcəm! Gəlib arvadımı da şilləliyəcəm, atama ad qoyanlardan intiqamımı alacam, o Əfzələddin müəllimin də sifətinə tüpürəcəm lombasıynan...)

Ona qalsa, hamının atası içir. Amma mənim atam çox içmir ki. Heç anamı da döyüb-eləmir. Eləcənə, oturub ağlayır. Atasından, anasından danışır. Bir də uşaq vaxtı itkin düşüb ölən bacısından... Bunu çaşdım dedim ha! Siz allah, ağzınızdan çıxmasın. Atamın qulağına çatar, kefi qaçar...

Nə bilim e... Deyir atamın bacısının adı Nəzakətmiş. Atam da Nazı deyirmiş. Qonşu kənddəki məktəbə gedəndə azıb, gedib meşəyə. Üç gün axtarıblar, tapa bilməyiblər. Dördüncü gün Qara qaya səmtdə bir çoban tapıb donmuş halda. Anam deyir ki, guya başına pis oyun açıblarmış. Bu “pis oyun” nə olan şeydir, mən onu bilmirəm. Onu bilirəm ki, anam atamı heç istəmir, ona görə də heylə deyir...

(Nənəm danışanda eşitmişəm: anam ayrı oğlan istəyirmiş. Atam da bunu bilib, anamı basıb atın tərkinə qaçırdıb. Bir ay dağda, meşədə saxlayıb. Sonra enib gəliblər ər-arvad kimi. Üstündən neçə illər keçib, anam atamı hələ də bağışlamayıb. Eləcənə, elhüzürünə arvadlıq edib ona. Deyirmiş ki, biz meşədən qayıdanda istədiyim oğlanın toyu olmuşdu. Day altı-beş vurmağın nə yeri vardı? Məni təzədən kim alardı? Ona görə könlüsüz də olsa oturdum bu xarabada.)

Sözüm ondadır ki, kəndimizdə məktəb yoxdu deyin, mən hər gün burda dururam ki, bəlkə bir yol maşını-zadı düşdü, məni aparıb məktəbə yaxın yerdə düşürtdü. Olmasa, ayağnan gedəcəm, yəni piyada. Zəhrimar yol da elə uzundu ki... qurtarmaq bilmir. Şələm də get-gedə ağırlaşır. Hə də, kitablarımdı, bir yekə pendir dürməyidi, bir də təzə çustumdu, anam təpişdirib çantama. Məktəbəcən qaloşla gedirəm – bu uzun yola ayaqqabı dözməz ki. Çatanda çustumu geyirəm, qaloşu silib-təmizləyib qoyuram çantama.

(Gərək bunu əvvəldən deyəydim e... Kənddə məndən başqa da uşaqlar var, amma hamısı yuxarı siniflərdə oxuduğuna görə, dərsə ikinci növbə gedirlər. Ona görə mən tək qalmışam.)

Atam məni burda qoyub gedib bayaqdan. Deyir ki, rayona təzə başçı gəlib, yəni rayonun yiyəsi. Könə vaxtlarda katib deyiblər – nənəmdən eşitmişəm. İndi də Başçı deyirlər... Hə, atam deyirdi ki, təzə Başçı asfaltzavoda gələcək, ona görə tezdən qaçdı yazıq kişi payi-piyada zavoda...

Hə, onu deyəcəkdim axı... Üçdə oxuyuiram. Özü də “əla” qiymətlərlə. Hələ “4”-üm olmayıb, Seyid Mahmud ocağı haqqı. (Bu Seyid Mahmud Ceyran Urfanın uzaq qohumu olub. Deyillər dəhşət Seyidmiş. Doğmayan arvadların belin qucaqlayan kimi uşağa qalarmışlar. Şikəstlərin üzünə tüpürən kimi sağalarmışlar. Amma bu xalası nəvəsi Ürfanın sağ qolu anadangəlmə şikəstdir, niyə onu sağaltmayıb? Bilmirəm ki...

Bilirsiniz niyə Ürfana Ceyran Urfan deyirlər? Gopa basırmış ki, gecələr dağ-dərədə nə qədər ceyran var, hamısı yığışıb gəlir bizim ocağa... Adı sabunun üstündı olan qonşu Ramiz də itoynadanın biridi axı. Ha-ha-ha! Tüfəngin götürüb axşam tərəfi gəlib Ürfanın qapısına. “Nə var, nəə gəlmisən?” Deyib ki, bəs ava gəlmişəm. “Nə av?” Deyib ki, bəs demirsən ceyrannar gecələr sizin ocağa yığışır? Day mən av dalıncan meşəyə nəə gedim? Gəldim burda ov ovlayım, quş quşdayım... Bəs hanı ceyrannar? “Ə, ceyran nəəzir, ə? Ay allahın tuği-lənəti!” Elə o, bu! Ürfanın adı qalır Ceyran Ürfan. Ha-ha-ha!.. Allah, qələt eliyirəm, dilim-ağzım qurusun! Seyidin qohumuna, nənəm demiş, lağ-luğaz elədim, ağzım əyilər birdən...)

Mənim indi kefim yoxdu neçə gündür. Dostum köhnə Başçını, İramazan müəllimi çıxartdıblar. Bilirsiniz nə kişiydi?! İndi yəqin deyirsiniz ki, İramazan gop eləyir? Hə də, mənim də adım İramazandır. Əslində Ramazandır, amma yazanda heylə yazılır, deyəndə hamı eləcənə İramazan deyir... Yaxşısı budur, qoy başdan başlayım. Onsuz da, hələ maşın-zad görünmür. Bəlkə piyada getdim...

Birinci sinifdə oxuyurdum. Yenə gəlib bax burda, həmin bu uçuq-sökük klubun yanında dayanmışdım ki, bəlkə bir yol maşınından-zaddan düşər, minib gedərəm məktəbə.

(Gərək bunu əvvəldən deyəydim: kəndimiz böyük kənd olub. Amma nədənsə camaat bir-bir, iki-iki köçüb yeddi kilometr aşağıda dəmiryolunun yanındakı o qəsəbəyə yığılıb. Bizim kənddə də cəmi-cümlətanı on iki ailə qalıb. Onun biri bizik. Kəndimizin məktəbi də, klubu da qalıb xaraba. İndi bu yanında durduğum həmin köhnə klubdur.)

Elə indiki kimi onda da xəbər çıxdı ki, Başçını dəyişiblər. Mən də gəlib bayaq dediyim kimi, durmuşam burda. Bir də gördüm, bir vilis yanımda dayandı. İçindən bir gülərüz kişi düşdü və gülümsünüb dedi:

-Adın nədi?

-İramazan, - dedim.

-Boy, adaşıq ki! Yaxşı, burda niyə durmusan?

-Məytəbə geccəm, maşın gözdüyürəm...

-Nə maşını?

-Yol maşını.

-Bəs maşın düşməsə?

-Piyada geccəm.

-Gəl otur, gedək.

Əlimdən tutub məni vilisə mindirdi. Yol boyu söhbət elədik.

-Neçədə oxuyursan?

-Birdə.

-Necə oxuyursan?

-Nə bilim? Yaxşı.

İllüstrasiya
İllüstrasiya

-Bax, mən bu rayonun yeni Başçısıyam. Adım da Ramazandır. Ramazan Hacıyev. Yəni adaşıq səninlə. Hər gün mən bu maşınla gəlib bu yoldan keçib rayon mərkəzinə gedəcəyəm. Hər gün bu vaxt burda olarsan. Səni də məktəbə aparıb qoyacağam. Amma mənə gərək söz verəsən ki, bütün qiymətlərin “5” olacaq. Söz verirsən?

-Bəli, - dedim. (Ağzıma gələn “hə” sözünü yaxşı ki, tez qaytardım. Ayıbdır axı. Elə bilər ki, tərbiyəsizin biriyəm. Əfzələddin müəllimin o “hə”nin üstündə bəlkə iyirmi yumuruğun yemişəm.)

Və hər gün saat səkkizin yarısı burdan o kişi maşınla məni aparıb məktəbin qapısına qoyur, özü çıxıb gedərdi. Amma bir dəfə mənimlə özü də düşdü. Əlimdən tutub məktəbə girdi. Sinif otaqlarını mənimlə gəzdi. Hətta mənimlə şəkil də çəkdirdi. (O iki daşın arasında fotoqraf hardan çıxdı, məəttələm?) Sonra da məni direktora tapşırdı ki, muğayat olsun.

Pah! Bir görəydiniz məktəbdə müəllimlər, uşaqlar mənə necə baxırdılar! Cinni Həsənin qızı Leyla, hansı ki, məni adam yerinə qoymazdı qabaqlar, Ceyran Urfanın oğluyla oturardı, indi mənim üstümün tozunu çırpırdı, bir yaltaqlanırdı, bir yaltaqlanırdı mənə, gəl görəsən!..

Elə direktorumuz da həmin gün bütün kitablarımı dəyişdirib təzəsini verdi. Hətta mənə təzə kostyum da aldılar. Eeee... Kef işlər oldu vallah. Elə mən də azacıq aşın duzu deyildim haaaa... Dabanlarımı qaldıra-qaldıra gəzirdim məktəbdə. Qabaqlar mənə sataşan uşaqlara çımxırır, təpik-zad atırdım. Hətta bir dəfə Ceyran Urfanın oğlu Cüyür Həşimi yumruqladım da! Bə nədi?! Eşşək oğlu eşşək, mənim Leylama gözünün altıynan baxırmış! İt oğlu it! Sənin Ceyran-cüyür dədənin ağzına mənim ... Bıy-bıy! Allah, pox yeyirəm, keç günahımnan! Ağzım əyilər... Seyidin qohumuna söymək olmaz axı. Görmürsən, müəllimlər, elə direktorumuz Həşimə necə yaltaqlanırlar?..

Yoox, söymək qəti olmaz. Axı mən Başçının adamıyam. Gərək özümü yaxşı aparam...

Anamla nənəmin danışığın eşitdim bir dəfə. “Az, az, təzə gəlib, özün həylə istədir e, camahata. Görərsən, bir həftə sohra İramazanı toza basacey...” “Ay arvad, sən day köhnə fikirinnən əl çək, niyə, olar ki, yaxşı adam olsun, elə axıracan uşağı aparıb-gətirsin...”

“Az, az, aparmağını bildik, bəs bı gətirməy hardan çıxdı?” Anam ağzın sürüdü: "Əşşşi, sözgəlişi dedim dayna... Sən də sözün başına çatı salmağa bir cansan...”

Amma yox, bu kişi Bakıya iclasa-zada getdiyi günləri nəzərə almasaq, düz üç il, nənəm demişkən sərhasər, məni səhərlər apardı məktəbə. Hətta bir dəfə Novruz bayramında pay-püşlə evimizə də gəlmişdi. Atam da quzu kəsdi, kabab elədi. İramazan müəllim məktəblərin böyüyü olan müdirlə süfrəmizdə oturdu, atamla rumka döyüşdürdü, sağlıq dedi...

Bir görəydiniz atam necə fəxrlə baxırdı mənə. (Düzdür, onda bir balaca qanqaraçılığı oldu. Başçıyla rayon qəzetinin redaktoru da gəlmişdi. O sonralar götürüb bir məqalə yazmışdı. Məqalədə Başçının hər səhər məni məktəbə aparmasından, məktəbdə mənimlə əl-ələ tutub gəzməsindən, bizə qonaq gəlməsindən yazmışdı. Arada bir-iki cümlə də itgin düşən bibimdən bəhs etnmişdi. Atam buna görə içib ağladı, amma tez də unutdu.)

Hətta bir gün atam dedi ki, dostuna de, qoy məni orda birqadir keçirtsin ki, həm işim yüngülləşsin, həm də maaşım artsın. İnanmçazsınız! Dedim. İki gün keçməmiş, atamı zavodda birqadir keçirtdilər...

Düz üç il belə şad-şalayın keçdi nənəm demişkən. İndi bude, dostumu çıxardıblar. Mən də burda qalmışam boynu burulu. Maşın-zad da düşmür tərslikdən.

Dayan, dayan! Eynən İramazan müəllimin vilisi kimi bir maşın görünür. Bəlkə mənimlə sağollaşmağa gəlib? Vay səni... Yuanımdan dız getdi... Arxada qalstuklu bir kişi oturub, heç mən tərəfə baxmadı da...

Belə getsə gecikəcəm dərsə. Piyada gedəsi olacam deyəsən. Nənəm nə təhər demişdi? Özgə atına minən tez düşər... Amma vallah İramazan müəllim heç özgə adam deyildi məndən ötrü... Nəysə, yolçu yolda gərək...

***

Axşam atam dedi ki, təzə başçı asfaltzavoda gəlibmiş. Dəqiq yanımdan keçən oymuş. Zalım oğlu heç mən tərəfə baxmadı da. Eh, cəhənnəmə baxsın...

Deyir, qaşqabaqlı bir adamdır. Hamını acılayırmış. Mənim dostumsa güləriz kişiydi. Heç onu qaşqabaqlı görmədim bu üç ildə...

***

Bir aydır çantam çiynimdə piyada gedirəm məktəbə. Tərslikdən tez-tez yağış yağır. Hər tərəf palçıqdır. Çustum, şalvarımın balaqları eyzən sapsarı palçıq olub. Əyilib zığa batmış ayaqqabımı təmizləyirdim ki, vilis dayandı yanımda. Qaşqabaqlı bir kişi düşüb acıqlı-acıqlı deyir:

-Ay uşaq, hara gedirsən?!

Sən öz canın suala bax da. Çiynində çanta olan uşaq hara getməlidir? Mən də onun kimi acıqlı-acıqlı deyirəm:

-Məktəbə gedirəm...

-Kəndinizdə məktəb yoxdur?

-Yoxdur... İramazan müəllim məni hər gün məktəbə aparırdı...

-İramazan müəllim kimdir? – acıqlı-acıqlı soruşur. Sürücü məni tanıyıb gülümsünür və təzə Başçıya yavaşca nəsə deyir. Kişi bir az da acıqlı görkəm alır və deyir: - Səni niyə tək buraxıblar evdən? Gedib azıb-eliyərsən. – Sonra sürücüyə dönür. – Haçansa burda bir uşaq itibmiş, eləmi?. – Sürücü yenə yavaşca ona nəsə deyir. Başçı bir qədər kədərlənir və sürücüyə tapşırır ki, mənə maşına minməkdə kömək eləsin. Beləcə, yeni Başçının maşınında məktəbə gedirəm.

Amma elə görəcəyim o oldu. Mən daha o qaşqabaqlı kişini görmədim. Məktəbə isə gah təsadüfi yol maşınıyla, gah da piyada gedirəm. Hardasan, ay İramazan müəllim?...

Atam da arada hirslənib deyir ki, belə getsə, biz də qəsəbəyə köçəcəyik. Uşaq, (yəni mən) savadsız olacaq. Günü yollarda keçir yazığın...

***

Anamla atam danışır ki, təzə Başçı bizim kəndə gəlibmiş. Köhnə məktəbi buldozerlə uçurdublar, yerində təzə məktəb tikirlər. Uçuq-sökük klubumuzu da təmir edirlər. Bunlardan mənə nə? Mən ki, hələ də yeddi kilometri gündə iki dəfə ayaqla ölçürəm... Bu cəhənnəmə e... İş ondadır ki, məktəbdə daha qabaqkı İramazana baxan kimi baxmırlar mənə. Heç direktor məni itirib-axtarmır da. Hələ o günnəri dəhlizdə qaçanda çımxırdı üstümə:”Ay uşaq, itil belə!”

Cüyür Həşim iki gündən bir məni yumruqlayır. Uşaqlar mənə lağnan “Başçı” deyir. Bu da cəhənnəmə! Ceyran Urfanın oğlu Cüyür Həşim adıma biədəb ayama qoşub: “Baş-göt İramazan” deyir mənə...

Gecələr yorğanı üzümə basıb xısın-xısın ağlayıram...

***

İndi dörddə oxuyuram. Öz kəndimizdə məktəb açılıb axı... O qaşqabaqlı Başçı açılışa da gəlmişdi sentyabrda. Heç mən tərəfə baxmadı da... Üzündən-gözündən zəhər-zəmbərək yağırdı nənəm demişkən...

***

Bu gecə İramazan müəllim yuxuma girmişdi. Yenə gülümsəyirdi. Maşınına mindirmişdi məni. Ona xeyli giley elədim. Dedim ki, səndən sonra cəmi bircə dəfə təzə Başçının maşınına minmişəm...

O da gülümsəyib mənimlə şəkil çəkdirir...

Oyandım ki, yuxuymuş. Xısın-xısın ağladım.

Hərdən fikirləşirəm ki, İramazan müəllimi niyə çıxartdılar? Bəlkə mən seyidin qohumuna söydüyümə görə allaha naxoş getdi? Yo-ox, heylə olsaydı, ağzım əyilərdi. Kaş elə ağzım əyiləydi, amma o kişini çıxartmayaydılar...

Eeee... Atamı da birqadirlikdən endiriblər fəhləliyə...

9 mart 2016

XS
SM
MD
LG