Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:30

92 yaşlı veteran Qarabağın azadlığını görmək istəyir


Oqtay Əsədov
Oqtay Əsədov

-

Keçmiş prezident Heydər Əliyevin siyasi fəaliyyəti, faşizm üzərində qələbə və Azərbaycanın sadə vətəndaşlarını narahat edən qayğılar bu gün medianın əsas mövzularıdır.

MİLLİ BƏRABƏRLİYİN TƏMİNATÇISI

Keçmiş dövlət başçısı Heydər Əliyevin anadan olmasının 93 illiyi ilə bağlı rəsmi qəzetlər silsilə yazıların dərcini davam etdirirlər.

Parlamentin spikeri Oqtay Əsədovun «Azərbaycan» qəzetindəki «Əbədiyaşarlıq rəmzi» sərlövhəli məqaləsində də elə Heydər Əliyevin siyasi fəaliyyətindən bəhs edilir.

Məqalədə qeyd edilir ki, Azərbaycanda multikulturalizmin əsası məhz Heydər Əliyevin hakimiyyəti dövründə qoyulub: «Məqsədi ölkə əhalisi arasında ayrı-seçkilik qoyulmadan, hər bir kəsin dini etiqad azadlığının həyata keçirilməsini təmin etməkdən ibarət olan bu siyasətin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. O, hələ 1993-cü ildə ölkə prezidenti kimi andiçmə mərasimində deyirdi: «Azərbaycan çoxmillətli respublikadır. Bu, respublikanın səciyyəvi cəhətidir. Bunun böyük tarixi var və bu tarixlə biz fəxr edirik. Respublikamızda bütün vətəndaşlar dini və milli mənsubiyyətindən asılı olmadan eyni hüquqa malikdirlər. Bundan sonra da bütün vətəndaşların bərabər hüquqla Azərbaycanın ictimai-siyasi həyatında iştirakına imkanlar yaradılacaqdır». Ulu öndərin proqram xarakterli bu çıxışında göstərilən məqsədə çatmaq üçün Azərbaycan dövləti bu gün Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi ilə özünün bütün imkanlarını səfərbər etmişdir».

Nursultan Nazarbaev və İlham Əliyev
Nursultan Nazarbaev və İlham Əliyev

ƏLİYEV NAZARBAEV-DƏN NÜMUNƏ GÖTÜRSÜN

«Azadlıq» qəzetində isə «Əliyev nə vaxt xalqa SMS göndərəcək?» başlıqlı yazı dərc edilib.

Məqalədə qeyd edilir ki, ötən həftə Qazaxıstan prezidenti bir ilkə imza atdı və bu jest böyük səs-küyə səbəb oldu. Mayın 6-da qazaxların böyük əksəriyyətinin smartfonlarına qeyri-adi mənbədən SMS gəlib. Bu SMS Qazaxıstan dövlət başçısının Astanada yerləşən «Akorda» Sarayından göndərilmişdi. Mesajın mətni sadədir: «Respublika prezidenti Nursultan Nazarbaev ictimai həyəcan yaratmış Torpaq Məcəlləsinin bəzi maddələrinə moratorium elan edib».

Müəllif hakimiyyətə xitabən yazır ki, demokratik Qərb liderlərindən nümunə götürə bilmirsinizsə, Nursultan Nazarbaev-dən nümunə götürün: «Məsələ burasındadır ki, Azərbaycanda vəziyyət daha acınacaqlıdır. Milli valyuta bir ildə 100 faiz dəyər itirib, 2.5 milyon vətəndaş banklara yüksək faizlərlə kredit ödəyir. Devalvasiyadan sonra kütləvi ixtisarlara start verilib, təhsil haqlarını ödəyə bilməyən 17 min tələbə ali məktəblərdən uzaqlaşdırılıb. Üstəlik, Torpaq Məcəlləsinə edilən dəyişiklik, pay torpaqları ilə bağlı yüksək cərimələr insanların narazılığına səbəb olub. Hökumətin siyasi iradəsi olsa, problemləri həll edə bilər. Məsələn, dollarla krediti olanların əvvəlki məzənnəylə ödəniş etməsini, 13 min 500 şəhid ailəsinin sığorta pulunu almasını, ƏDV-nin aşağı salınmasını, 17 min tələbənin təhsilinə davam etməsini reallaşdırmaq mümkündür».

Müəllifin düşüncəsinə görə, hökumət problemləri həll etmək əvəzinə, daha da ağırlaşdırmaqla məşğuldur:

«Bəs, Ilham Əliyev nə vaxt vətəndaşa SMS göndərəcək? Fakt budur ki, hər gün kredit borcu olanların telefonuna xəbərdarlıq mesajları gəlir. Vətəndaşlar məhkəmələrlə hədələnir, borcları ödənməyəcəyi təqdirdə əmlaklarına həbs qoyulacağı bildirilir».

Ulduz Kəngərli
Ulduz Kəngərli

VETERAN: «QARABAĞIN AZADLIĞINI GÖRƏK»

«Yeni Müsavat» qəzetində isə 9 May Qələbə Günü münasibəti ilə veteranların xatirəsi yer alıb. Qəzetin aparıcı əməkdaşlarından Elşad Paşasoy bir veteranla tanışlığından yazır: «Bu gün İkinci Dünya müharibəsinin çox azsaylı nümayəndələri sağdır. Onlardan biri, Naxçıvandakı məşhur Kəngərlilər nəslinin nümayəndələrindən, 92 yaşlı müharibə veteranı Ulduz Kəngərli ilə tam təsadüfən qarşılaşdıq. Avtobusa dayanacağında dayanmış bu nurani ağsaqqalın sinəsini bəzəyən «Qızıl ulduz» ordeni, «İkinci dərəcəli vətən müharibəsi qələbəsi ordeni» diqqətimi cəlb etdi».

Qəzetə danışan Ulduz Kəngərli həmin illərə görə peşmançılıq çəkmədiyini bildirib. Daha sonra o, bu günlərə qayıdıb: «Mən ordumuza çox inanıram. Çünki ordumuzun rəhbəri, Ali Baş Komandan çox bacarıqlı siyasətçi, hər şeyi dəqiq ölçüb-biçən bir insandır. Yeri gəlmişkən, mayın 9-da da biz prezidentin qəbulunda olacağıq, onunla görüşəcəyik. Şübhəm yoxdur ki, prezidentin rəhbərliyi ilə biz Qarabağı azad edəcəyik. Allah eləsin bu hadisə biz həyatda olduğumuz zaman baş versin. Biz də Qarabağın azadlığını görək. Ancaq bu, gec-tez olacaq».

XS
SM
MD
LG