Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:43

23 illik hakimiyyətlə 13 aylıq hakimiyyətin müqayisəsi


Əbülfəz Elçibəy və Heydər Əliyev
Əbülfəz Elçibəy və Heydər Əliyev

-

Dövlət başçısı İlham Əliyevin çıxışı, beynəlxalq təşkilatlarla münasibətlər, keçmiş və indiki hakimiyyətlərin müqayisəsi bu gün medianın aparıcı mövzusudur.

H.ƏLİYEV MÜSTƏQİL AZƏRBAYCANIN BANİSİDİR

«1993-2003-cü illər inkişaf, sabitlik dövrü olub. Azərbaycanda siyasi sistem formalaşıb. Konstitusiya qəbul olunub».

President.az saytı xəbər verir ki, bunu dövlət başçısı İlham Əliyev keçmiş prezident Heydər Əliyevin hakimiyyətdə olduğu 10 illik dövrü dəyərləndirərkən deyib.

*Youtube Kanalımıza abunə olun - Gizli tarixi videoları bizdən izləyin

Prezidentin düşüncəsinə görə, bu dövrdə Azərbaycan dünyaya öz imkanlarını təqdim edib. O, «Əsrin kontraktı»nı H.Əliyevin xidmətləri sırasında göstərib.

İ.Əliyev ölkədə demokratik islahatlar aparıldığını deyib və bunu da H.Əliyevin xidmətləri kimi dəyərləndirib: «Məhz o illərdə milli ideologiyamız - Azərbaycançılıq məfkurəsi formalaşıb. Bu gün də bütün Azərbaycan xalqını birləşdirir. Azərbaycanda çoxmillətli, çoxkonfessiyalı cəmiyyətin inkişafı və buna güclü təkan verilməsi prosesi başlayıb. Bu gün bu, bizim böyük sərvətimizdir. Azərbaycan dünya miqyasında multikultural cəmiyyət kimi özünü təqdim edir və bizim nümunəmiz bir çox ölkələrdə dərin təhlil olunur».

İ.Əliyevin fikrincə, 1993-2003-cü illərdə Azərbaycanda dövlət quruculuğu prosesi uğurla gedib, dövlətin əsasları qoyulub: «Məhz buna görə, biz həmişə deyirik ki, Heydər Əliyev müstəqil Azərbaycanın banisidir. Təəssüf hissi ilə qeyd edirik ki, əgər müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. O, heç vaxt imkan verməzdi ki, orada separatçılar baş qaldırsınlar. Heç vaxt imkan verməzdi ki, xalqımıza qarşı bu qanlı cinayət törədilsin».

Xankəndində sovet qoşunları
Xankəndində sovet qoşunları

YAP HAKİMİYYƏTİNİN SƏCDƏ ETDİYİ RUSİYAYA CƏBHƏ QAPINI GÖSTƏRDİ

«Azadlıq» qəzeti alman faşizmi üzərində qələbənin 71-ci, keçmiş prezident Heydər Əliyevin anadan olmasının 93-cü illiyi ilə bağlı keçirilən mərasimdə dövlət başçısı İlham Əliyevin çıxışındakı bəzi məqamları dəyərləndirib. Məqalədə xüsusilə prezidentin «Müstəqilliyimizin ilk illərindən Heydər Əliyev hakimiyyətdə olsaydı, bizim ölkəmiz Dağlıq Qarabağ problemi ilə üzləşməzdi» fikrinin üzərində dayanılır.

Müəllif yazır ki, məhz H.Əliyevin hakimiyyətinin ilk dövründə 6 rayon işğal edilib. Üstəlik, yazıda H.Əliyevin hakimiyyətə gəlməsindən az sonra döyüşən batalyonların buraxılması yada salınır: «Cəbhə hakimiyyəti dövründə 33 batalyon fəaliyyət göstərirdi . H.Əliyev bu batalyonları ləğv etdi. Onun hakimiyyəti dövründə bir qarış torpaq belə azad edilmədi».

Məqalədə daha sonra qeyd edilir ki, İ.Əliyevin hakimiyyəti dövründə də uğursuzluq zolağından çıxmaq mümkün olmayıb. Müəllif birillik AXC hakimiyyətini belə yada salır: «Yaxşı ki, birillik cəbhə hakimiyyəti dövründə rus qoşunları Azərbaycandan çıxarıldı. Yoxsa 23 illik YAP hakimiyyəti dövründə milli ordu ruslardan ibarət olacaqdı. Bəli, YAP hakimiyyətinin səcdə etdiyi Rusiyaya Cəbhə hakimiyyəti qapını göstərdi».

Müəllif atəşkəs müqaviləsinin imzalanmasını da ciddi tənqid edir: «Bu 23 ildə ölkədə milli hökumət olsa idi, Qarabağ münaqişəsi həll edilmişdi və dövlətin büdcəsi 100 milyardlarla ölçülürdü».

İlqar Məmmədov
İlqar Məmmədov

HÜQUQ MÜDAFİƏÇİSİNİN NİKBİNLİYİ

«Yeni Müsavat» qəzeti isə REAL Hərəkatının sədri İlqar Məmmədovun həbsdən azad olunmaması və bunun Qərblə münasibətlərə təsirini dəyərləndirib.

Ekspertlərdən Natiq Miri qəzetə deyib ki, münasibətlər bundan sonra gərginləşməsə də, İ.Məmmədovun azad edilməsindən ötrü səylər azalmayacaq: «Sadəcə, bu proses davam etdiriləcək. Nə qədər mümkünsə, ora qədər danışıqlar gedəcək. İ.Məmmədovun azad edilməsi üçün bütün mümkün variantlardan istifadə olunacaq».

Hüquq müdafiəçisi Səidə Qocamanlı isə İ.Məmmədovun qısa müddətdə azad olunacağına ümid edir: «İ.Məmmədov qısa müddətdə azad olunacaq. Bu gərginliyin aradan qaldırılacağını düşünürəm. İ.Məmmədov Avropa Şurası tərəfindən maliyyələşdirilən layihənin direktoru idi. Ona görə Avropa Şurasında narahatlıq var. Amma İ.Məmmədov azad olunmaqla bu məsələ gündəmdən çıxarılacaq. İ.Məmmədovdan əlavə, Xədicə İsmayıl başda olmaqla bir sıra məhbuslar da var ki, onların da taleyi Avropa Şurasını narahat edir. Bu məhbuslar da qısa zamanda azadlıqlarına qovuşacaqlar».

Həmçinin izləyin - Youtube Kanalımızda İzləyin:

XS
SM
MD
LG