-
Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il bəzi ixtisaslara qəbul qaydalarını dəyişdirmək təklifini qəbul etməyib.
APA bu xəbəri TQDK əməkdaşı Natiq Əliyevə istinadən yayıb.
N.Əliyevin bildirməsinə görə, TQDK bu il Azərbaycan və rus bölmələri üzrə bəzi ixtisaslara birgə müsabiqənin keçirilməsi barədə Təhsil Nazirliyinə təklif verib.
O, deyib ki, keçən il hüquq fakültəsinə rus bölməsinin abituriyentləri 285, Azərbaycan bölməsinin abituriyentləri isə 500-dən yuxarı balla qəbul olublar: «Bu isə uyğunsuzluq və abituriyentə haqsızlıqdır. Rus bölməsinin abituriyenti 285 balla hüquq fakültəsinə qəbul ola bilir, Azərbaycan bölməsinin ondan iki dəfə çox bal toplayan (490 bal) abituriyenti hüquq fakültəsinə qəbul edilmir».
N.Əliyev deyir ki, bəzən rus bölməsi üzrə müəyyən ixtisaslara az sayda abituriyent sənəd verir: «Məsələn, hansısa ixtisas üzrə 15 yer ayrılırsa, 10 abituriyent müsabiqə şərtini ödəyir, nəticədə 5 yer boş qalır. Azərbaycan bölməsində isə ayrılan yerlərə çox abituriyent qəbul olmaq istəyir, amma qəbul üçün yer olmur».
Təhsil Nazirliyinin TQDK-nın təkliflərini qəbul etmədiyini deyən şöbə müdiri əlavə edib ki, bu il yenə də Azərbaycan və rus bölmələri üzrə qəbul-müsabiqə ayrılıqda aparılacaq.
Hələ ötən il TQDK sədri Məleykə Abbaszadə demişdi ki, ali məktəblərin rus bölməsinə sənəd verənlərin sayı azalır.
Azərbaycanda 2015-ci ildə ali məktəblərin ixtisas seçimində iştirak hüququ olan abituriyentlərin (38 min 799 nəfər) 11 faizi rus bölməsinin payına düşüb.
Bu ilin martında dövlət başçısının fərmanı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın bazasında Dövlət İmtahan Mərkəzi yaradılıb. TQDK sədri Məleykə Abbaszadə Mərkəzin Direktorlar Şurasının sədri seçilib.
TQDK və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya, hələlik, işini dayandırmayıb.