Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 10:22

Mehdiyevin bizə göstərmək istədiyi «əjdaha»


Dünya Azərbaycanlılarının IV Qurultayı
Dünya Azərbaycanlılarının IV Qurultayı

-

Dünya Azərbaycanlılarının IV Qurultayı, ölkədə investisiya mühiti, iş adamlarına münasibət və Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin «Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi» sərlövhəli məqaləsində yer alan fikirlər bu gün medianın aparıcı mövzusudur.

BAKIDAN TÖVSİYƏLƏR

Deputat Bəxtiyar Sadıqovun baş redaktoru olduğu «Azərbaycan» qəzetində «Hamımızın bir vətəni var: Onun adı Azərbaycandır!» sərlövhəli məqaləsi dərc edilib.

Məqalə bu günlər Bakıda keçirilən Dünya Azərbaycanlılarının IV Qurultayında toxunulan məsələlərdən bəhs edir. Müəllif xarici ölkələrdəki diasporları yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini əks etdirən internet resursları yaratmağa təşviq edir: «İnternetin inkişafı, insanların sosial şəbəkələrdə geniş fikir mübadiləsi aparmaları bu sahəni həm də siyasi meydanına çevirmişdir. Dünyadakı erməni lobbiləri ölkəmizə qarşı böhtan kampaniyasında bu amildən geniş istifadə edir. Cənab İlham Əliyev diqqəti bu sahəyə, eyni zamanda, ideoloji mübarizədə olan boşluqlara və qarşıda duran vəzifələrə yönəltdi. Azərbaycan dövlətinin geniş imkanları olduğu məqamda belə vəziyyətin yolverilməzliyini diqqətə çatdırdı, lazımi kömək göstəriləcəyini bildirdi».

Deputat- baş redaktor yazır ki, hazırkı şəraitdə informasiya təkcə xəbər nəqli deyil, həm də ictimai rəy formalaşdıran bir vasitədir: «XXI əsr həm də informasiya müharibəsi əsridir. Cəbhə bölgəsində qazanılan uğurlar, müharibə haqqında həqiqətlər dünya ictimaiyyətinə vaxtında və olduğu kimi çatdırılmalıdır. Cənab İlham Əliyev bu vəzifəni birinci dərəcəli vəzifə kimi xarakterizə etdi».

Natiq Cəfərli
Natiq Cəfərli

MÜMKÜNSÜZ

«Yeni Müsavat» qəzetində isə iqtisadçı Natiq Cəfərli Dünya Azərbaycanlılarının IV Qurultayında dövlət başçısı İlham Əliyevin xaricdəki zəngin iş adamlarını ölkəyə investisiya qoymağa çağırmasına münasibət bildirib.

İqtisadçı çağırışı normal dəyərləndirsə də, ölkədə investisiyaya münbit şəraitin olmadığı düşüncəsindədir: «Azərbaycan hökuməti anlamalıdır ki, hər bir investorun bir ölkəyə gəlməzdən öncə maraqlandığı bir neçə məsələ var. Bu, mülkiyyət toxunulmazlığı, məhkəmə hakimiyyətinin durumudur. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsində ən çox mülkiyyət hüququnun pozulması ilə bağlı iş alan ölkələr sırasında yer alır».

Daha sonra N.Cəfərli vaxtilə Azərbaycanda iş adamları kimi fəaliyyət göstərmiş Paolo Pərviz və Hüseyn Arabul-un taleyini xatırladır. Vergidən yayınma adı ilə Azərbaycanın 100-ə qədər iş adamını İnterpolun axtarışına verdiyini qeyd edir: «Ölkənin imici belə formalaşıbsa, reytinq agentlikləri ölkənin reytinqini son iki ildə xeyli aşağı salıbsa, bir çağırışla bura investor cəlb etmək çox çətin məsələdir. Hətta demək olar ki, mümkünsüzdür».

Ramiz Mehdiyev
Ramiz Mehdiyev

«ƏJDAHA»DAN QORXMAQ LAZIM DEYİL, YEYƏCƏYİ BİR ŞEY QALMAYIB

«Azadlıq» qəzeti isə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin anti-Qərb ruhlu «Güclü Azərbaycan dövləti qloballaşma şəraitində milli ideyanın təcəssümü kimi» sərlövhəli məqaləsinin şərhini davam edir.

Qəzetdə iki gün əvvəl dərc edilən məqalədə bu, hakimiyyətdaxili cəbhələşmə kimi təqdim edilirdi. «Azadlıq»ın bugünkü sayında yer alan yazıda isə R.Mehdiyevin məqaləsi heç də hakimiyyətdə «anti-qərbçi»lərin mövqeyi kimi xarakterizə olunmur. Müəllif yazır ki, bu, yeridilən ümumi siyasətin tərkib hissəsidir.

Məqalədə R.Mehdiyevin Qərbin maliyyə institutlarının milli iqtisadiyyatları çökdürməsi, əhalinin sosial durumunu pisləşdirməsi haqda tezislərinə belə cavab verilir: «Bütün bunları həyata keçirmək üçün Qərbin institutlarına ehtiyac yoxdur. Çünki mövcud hakimiyyət uzun illər ərzində bu «missiya»nı yerinə yetirib. Yəni, ölkəni indikindən də pis duruma salmaq mümkündür?».

Müəllif yazır ki, Azərbaycan iqtisadiyyatı neftdən asılıdır, neft erası da bitir. Bütün sahələr məmurların inhisarındadır və iqtisadi göstəricilər geriyə gedir: «Keçən il ilə müqayisədə bu ilin 4 ayı ərzində qeyri-neft sektoruna sərmayə qoyuluşu 73 faiz, kənd təsərrüfatına isə 4 dəfə azalıb. 1994-cü ildə adambaşına 9 dollar olan borc indi 750 dollara qalxıb».

Müəllifin düşüncəsinə görə, ölkə iqtisadiyyatına elə zərbə vurulub ki, Qərb institutlarının «böyük planlar qurmasına» ehtiyac qalmayıb. Məqalədə qeyd edilir ki, hətta Qərb istəsəydi belə, Azərbaycan iqtisadiyyatını bu qədər tez çökdürə, milli valyutanı 100 faiz devalvasiyaya uğrada bilməzdi.

Müəllif yazır ki, 2.5 milyon nəfər kredit borcu ödəyir, işsizlik, yoxsulluq sürətlə artır, intiharlar çoxalır: «Bir sözlə R.Mehdiyevin böyük məqaləsində təsvir etdiyi «əjdaha»dan qorxmaq lazım deyil, çünki, ölkəmizdə o «əjdaha»nın yeyəcəyi bir şey qalmayıb. Bizim qorxduğumuz başımıza gəlib. Odur ki, R.Mehdiyev yeni arqument tapmalıdır».

XS
SM
MD
LG