Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:07

Ədəbiyyatda Post insana kim inanır? (Polemika)


İngiltərədə istehsal olunuş, süni intellektə malik "Bionik insan"
İngiltərədə istehsal olunuş, süni intellektə malik "Bionik insan"

-

"Yeni texnologiyaların yaranması, nanotexnologiyaların artması, gen mühəndisliyinin vüsət alması, Hörümçək insanın – Supermenin ilk təcrübələrinın filmlərdə yer alması artıq post insan anlayışından xəbər verir".

Həmid Herisçi

"Mən bu avantüristləri ciddi fikir adamı hesab etmirəm".

Aqşin Yenisey

"Kamal Abdullanın romanlarında, Elçinin “Baş” romanında, Anarın “Göz muncuğu”nda Post insani keyfiyyətlərə malik olan obrazlar var. Görünür, bu onların yaş dövrləri ilə bağlıdır. Çünki həmin ideyaya gəlib çatmaq böyük intellekt, həyat təcrübəsi tələb edir".

Əsəd Cahangir

"POST-la başlayan əlli termin saya bilərəm ki, hamısı da müsair terminlərdir və hamısı da aktualdır. Onda hərə bir POSTulatı əlində bayraq eləsin, ya bundan yazın. Ya da heç nə yaza bilməzsiniz. Bu nə diletant söhbətdir?"

Şəri Ağayar



"Müasir düşüncə kitablarını dilimizə tərcümə edib müzakirə etmək əvəzinə qeyri-müəyyən mistik-mifik bilgi iddialarına üstünlük veririk, dünyanın işləyişini anlamadığımız üçün konspiroloji düşüncələrlə tənbəlləşirik".

Yalçın İslamzadə

Yazıçılar post insanı müzakirə edir

Yazıçı Həmid Herisçi
Yazıçı Həmid Herisçi

Yazıçı Həmid Herisçi və tənqidçi Əsəd Cahangirin ortaya çıxartdıqları Post insan mövzusu bir xeyli müzakirələrə səbəb oldu. Bəs görəsən həqiqətənmi Azərbaycan ədəbiyyatı öz süqutunu yaşayır və onu yalnız Post insan xilas edə bilər? Bu sualla yazıçılarımıza müraciət etdik.

İdeyanın müəlliflərindən olan Həmid Herisçi Post insanın tərifini bu cür verdi: “Körpüyə ehtiyacım yoxdu. Qanadlarım var. Postinsan belə düşünür...mən belə

Həmid Herisçinin "Solaxay" romanı
Həmid Herisçinin "Solaxay" romanı

düşünürəm... Ədəbiyyatın qəhrəmanları əvvəllər, sosialist realizmi dövründə müasirlərimiz idi. Romantizmdə insan, keçmiş qəhrəmanlarımızdır. İndii dövrün qəhrəmanı isə, bu günün deyil. gələcəyin insanıdır. Onun portetini son "Solaxay" romanında çəkmişəm...

Müasir bioloji insan çoxdan tükənib. Bunu ilk dəfə hələ qədim Şərq sufiləri hiss ediblər. Qərara gəliblər yeni insan modelini yaratsınlar. Təcrübələr üçün adına “çiləxana” deyilən tam qapalı, qaranlıq ünvanlardan istifadə edilib. Nəimi, Nəsimi hətta Nizamidə də kamil insan yaratmaq istəyirdilər. Friedrich Nietzsche fövqəlinsan surəti yaradır. O, insanı “cılız” və “gələcəyin insanı” deyə iki hissəyə bölür, onu Zərdüştün ruhu ilə əlaqələndirir. Çünki zərdüştlük də yeni insana ehtiyac olduğunu bildirirdi”. Yeni insanın yaranması – post insanın ilk cücərtisi Avropada Nietzschedən başlayır. Belə ki, bu anlayış sonralar dünya ədəbiyyatında xeyli aktuallaşıb. Yeni texnologiyaların yaranması, nanotexnologiyaların artması, gen mühəndisliyinin vüsət alması, Hörümçək insanın – Supermenin ilk təcrübələrinın filmlərdə yer alması artıq post insan anlayışından xəbər verir”.

Aqşin Yenisey
Aqşin Yenisey

Şair Aqşin Yenisey isə bütün bunların avantüradan başqa bir şey olmadığını düşünür: “Mən bu avantüristləri ciddi fikir adamı hesab etmirəm. Nə qədər ki, SSRİ- nin nəfəsi gedib gəlirdi Həmid bəy komunist idi, sovetizm dağıldı, dönüb molla oldu”.

Tənqidçi Əsəd Cahangir
Tənqidçi Əsəd Cahangir

Tənqidçi Əsəd Cahangir də Post insanın vacibliyini xüsusi vurğuladı: “Allahın verdiyi qabiliyyətləri günah üzündən itirmiş insanın yenidən öz ağlı ilə həmin qabiliyyətlərə yiyəlnməsi Post insan adlanır. Mənə elə gəlir ki, mənim Post insanımla Həmid bəyin ideyası arasında mahiyyətcə fərq yoxdur, ancaq eyni məsələyə baxışda yüz faiz üst-üstə düşən fikirlər tapmaq çətindir. Post insan insanlıq tarixinin qarşıda duran mərhələsidir. İnsanlıq tarixi bir neçə mərhələdən keçib. İlkin versiyada olub Proto insan, insan, bir də olacaq Post insan. Artıq o, kamil insan deməkdir. Post insan anlayışı bir günün hadisəsi deyil. İnsan yaranan gündən o da olub. Sadəcə anlayışın özü olmayıb. Məsələn, mənim nöqteyi-nəzərimdə bütün insanlar Post insan idi. Hindistanda, Çində, Misirdə qeyri-adi, fenomenal qabiliyyətlərə malik insanlar var idi, onlar Post insan idilər. Amma bu termin olmadığından bizə elə gəlir ki, bu insanlar yeni-yeni yaranır. İndiki dövrdəki Post insanla keçmişdəki fenomenal insanın fərqləri var. Qədim dövrlərdə bu qabiliyyət insanlarda daha çox ilahi bir vergi kimi təzahür edirdi. İndi isə ilahi bir vergi kimi yox, insan ağlının yaratdığı vasitələrlə ona nail olmaq olacaq.Məsələn, hansısa dərmanlarla. Bu da artıq ayrı-ayrı seçilmiş insanların yox, bütün insanlığın malı olacaq. Biz yazıçı dostlara müraciət etdik ki, artıq postmodernizm öz dövrünü başa vurub. Post insandan yazmaqlarını məsləhət gördük. Bu çağrışımızı qəbul edənlər də oldu. Bunlar daha çox gənclər idilər. Onun əlehinə də çıxanlar var. Maraqlıdır ki, bunlar da gənclər arasındadır. Düşünürəm ki, yazıçılarımızın hamısı bu ideyanı dərk etməyə, qavramağa qadir deyillər. Narazılıqlar da oradan irəli gəlir. Çünki Post insan anlayışı çox yenidir. Bəziləri onun mahiyyətini tam dərk etmirlər, ondan qorxurlar. Maraqlıdır ki, bir sıra yaşlı yazıçılarımız cavanlardan daha ayıq düşüncə ilə yanaşırlar. Kamal Abdullanın romanlarında, Elçinin “Baş” romanında, Anarın “Göz muncuğu”nda Post insani keyfiyyətlərə malik olan obrazlar var. Görünür, bu onların yaş dövrləri ilə bağlıdır. Çünki həmin ideyaya gəlib çatmaq böyük intellekt, həyat təcrübəsi tələb edir. Təəssüf edirəm ki, Post insan yaratmağa məsul olan gənclər, hələ də Novruzəli obrazının ətrafında fırlanırlar. Post insan yox poçt insan yaratmaq haqqında düşünürlər. Halbuki artıq onu yaradıblar. Miskin, zavallı, yazıq obrazlar yaratmaqla ədəbiyyatımızı inkişaf etdirmək mümkün deyil. Bu Avropa ədəbiyyatında 18-ci əsrdə yaranmış sentimentalizmə aid olan xüsusiyyətdir. Ən yaxşı halda realizmdir. Realizm isə müasir dünyada çox keçilmiş bir mərhələdir.

Yazıçı Şərif Ağayar
Yazıçı Şərif Ağayar

Şərif Ağayar isə bu söhbətlərin dilletantlıqdan başqa bir şey olmadığını bildirdi: “Həmid böyük adamdır və onu böyük işlərdə görmək istəyirəm. Ümidvaram ki, zarafat edir. Həmid Herisçi zəmanəmizin ən böyük istedad sahiblərindən biridir. Ancaq təəssüf ki, belə cəfəng işlərlə məşğul olur. Adam öz dəyərini necə də bilməzmiş, yahu! Yüz tənqidi məqalə, esse oxumuşuq, onun heç birində bu qədər subyektiv göstəriş verən görməmişik. Adam istedad və intellektindən təhdid ladında istifadə eləməz. POST-la başlayan əlli termin saya bilərəm ki, hamısı da müsair və aktualdır. Onda hərə bir POSTulatı əlində bayraq eləsin ki, ya bundan yazın, ya da qapını çöldən örtün. Bu nə diletant söhbətdir? Təsəvvür edin, bir gün, Milan Kundera işini-gücünü bir kənara qoyub bəyan edir ki, poststrukturalizmdən yazmayan adam əlinə qələm almasın! Qah-qah gülüb keçərik. Həmid ağa postinsandan yazmaq istəyirsə, buyurub yazsın, biz də sevə-sevə oxuyaq. Yoxsa ədəbiyyat şoumenliyini ona yaraşdırmıram. Həmid böyük adamdır və onu böyük işlərdə görmək istəyirik. Ümidvaram ki, zarafat edir”.

Yazıçı Yalçın İslamzadə
Yazıçı Yalçın İslamzadə

Yazar Yalçın İslamzadə isə məsələyə fərqli yanaşır: “Şərq təfəkkür tərzinə aludə bir cəmiyyət olaraq, modernizmə keçmək əvəzinə post-modern oluruq, elmi metodologiya ilə əldə edilmiş bilgilərlə tanış olmadan, müasir düşüncə kitablarını dilimizə tərcümə edib müzakirə etmək əvəzinə qeyri-müəyyən mistik-mifik bilgi iddialarına üstünlük veririk, dünyanın işləyişini anlamadığımız üçün konspiroloji düşüncələrlə tənbəlləşirik. İnsan üzərinə düşünmə təxminən 2500 il əvvəl müxtəlif sivilizasiyalarda eyni anda başladı. Çində Konfutsiyə görə insan, ictimai-siyasi konteksdə ailə, cəmiyyət, dövlətlə münasibətdə harmonik olmalı idi, Lao Tse isə insanın təbiətlə harmoniyasını vurğulayırdı. Hindistanda Budda insanın arzularının əsiri olduğunu, həqiqəti görməsinə arzularının mane olduğunu bildirirdi. Zərdüşt, xeyirin tərəfini tutan, əkib becərən, əməli fəaliyyətdəki insana üstünlük verirdi. Sokratın insanı, rasional, dəyər və davranışları üzərinə düşünərək yaşayan insan idi. Sokrata görə cahillik bilgisizlikdən yaranırdı, insan bilərək yox, cahillikdən pislik edirdi. Adı çəkilən və digər düşünürlərin insan təbiətinin müəyyən tərəflərini dəyərləndirmələri bəlkə də insana dair böyük bir sintezlə nəticələnəcəkdi. Ancaq araya insanı digər insanlara və təbiətə yadlaşdıran dini düşüncələrin uzun əsrlik hakimiyyətləri girdi.

Dini düşüncənin yaratdığı, insanın özünü anlamaqdakı epistemolojik maneəsi modernizmlə aradan qalxmağa başladı, ancaq proses olduqca yavaş davam etdi, sadəcə son bir neçə on ildə sürətləndiyini demək mümkündür.

Dinlər və ideologiyalar, əvvəldən hazır insan qəlibləri düşünürlər və insanları o qəliblərə oturtmağa çalışır, bunun üçün gücə əl atırlar. İnsanı olduğu kimi, bioloji, psixoloji və sosioloji varlıq olaraq incələmənin yaşı bir əsrdən biraz artıqdır. Hətta keçən əsrin əvvələrindəki görüşlər belə köhnəlmiş sayılır. Artıq Fredyen şüuraltı, yeni-şüuraltı anlayışı ilə əvəz olunur. Genetikanın, sosiobiologiyanın, beyin araşdırmalarının əldə etdiyi nəticələr daha realist insan təbiətini görüşünü formalaşdırır. Humanist və pozitiv psixologiyalar patologiyalardan çox, insanın inkişafa olan potensialını daha çox vurğulayırlar. Sosial psixoloqlar, insanın içində olduğu mədəniyyətin onun düşüncələrini necə formalaşdırdığını ortaya çıxarırlar. Əgər, mistik təcrübə daha üstün insan ortaya çıxaracaqsa (burda üstünlük ifadəsi müəyyən risklər də daşıyır, bu iddia olunan üstünlük, daha bilgili olma, daha çox müdaxilə etmə haqqına sahib olma illüziyası da yarada bilər) aydınlaşdırmaq lazımdır-bu təcrübə, yaşantı potensialı bütün insanlarda varmı? Çünkü insandan danışırıqsa, bu potensial "seçilmiş" yox, bütün insanlar üçün var olmalıdır. Təkrarlana bilməlidir və təcrübə ilə test edilə bilməlidir. Mən, ümumiyyətlə mistisizim haqqında bu qədər danışan, yazan, kitab satan gördüyüm halda, mistisizm lehinə bircə tutarlı sübut belə görməmişəm. Post insanın necə bir insan olacağı kimi mübahisəyə girişmək də boşuna vaxt itkisidir. Bunu sınamanın asan yolu var-bir qrup öncü insan (bu ideyanın tərəfdarları) dedikləri təcrübəni yaşayırlar və bizə təsirini əyani göstərirlər-məsələn mistik təcrübə sayəsində sahib olduqarı bir bilgi. O bilgi ki anlaşılırdır, yoxlana bilirdir. Ümumiyyətlə, insanın bilgisi, düşüncə üfüqü, həyat təcrübəsi modern zamanlarda artdı. Feodalizm dövründən qalma, insanların yaşadığı məhdud dünyadan, elmi olmayan "metodlarla" əldə edilmiş "bilgi"lərin müasir insana çox xeyri olacağını düşünmürəm”.

XS
SM
MD
LG