2004-2015-ci illərdə Azərbaycanda 1,5 milyona yaxın yeni iş yeri yaradılıb. Bu, Azərbaycan hökumətinin rəsmi rəqəmidir. İqtisadiyyat naziri Şahin Mustafayev bunu bir neçə ay əvvəl deyirdi.
Ancaq bu, kifayətdirmi? Hökumət indiyədək yaratdığından daha çox iş yeri yarada bilərdimi? Mümkün qədər çox iş yeri yaratmaq üçün hökumət nə etməlidir? Nə mane olur?
MƏMUR SAHİBKARLIĞI
İqtisadçı ekspert Azər Mehtiyev deyir ki, yeni iş yerlərinin açılmasının qarşısında duran ən böyük problem məmur sahibkarlığıdır:
“Yeni iş yerlərinin yaradılması üçün ölkədə sərbəst, biznes üçün normal şərait qurulmalıdır ki, insanlar öz təşəbbüslərini reallaşdıra bilmək üçün müəssisələr yarada bilsinlər. O cümlədən də insanların sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən hər hansı bir problemlərlə üzləşməsinlər. Azərbaycan üçün ən ciddi problemlərdən biri də məhz sahibkarlıq mühitidir.
İnsanlar üçün ölkədə mövcud olan məmur sahibkarlığıdır ki, həmin sahibkarlar insanlara sahibkarlıqla məşğul olmağa imkan vermirlər. İnhisarçılıq yaradırlar. Və ölkədə çoxlu imkanların olmasına rəğmən məhz məmur sahibkarlığının yaratdığı inhisarçılıq yeni iş yerlərinin yaradılmasının qarşısını alır. Hökumətsə daha çox dövlət vəsaiti hesabına dövlətin nəzarətində olan iş yerlərinin yaradılmasında meyllidir ki, bu sahədə də geniş imkanlar mövcud deyil. Əksinə getdikcə imkanlar tükənir. Ona görə ki, büdcə imkanlarının getdikcə məhdudlaşması dövlət müəssisələrində yeni iş yerlərinin yaradılması imkanlarını məhdudlaşdırır.”
İNVESTİSİYA AZALIB
İqtisadçı ekspert, sahibkar Nazim Bəydəmirli isə deyir ki, hökumət bu sahədə bir sıra addımlar atsa da inhisarçılığın qarşısı alınmır:
“Görünən odur ki, Azərbaycana maraq investisisya baxımından azalıb. Çünki əsas investisiya layihələri karbohidrogen ehtiyyatları ilə bağlı idi. Və belə demək mümkündürsə, dünyada neftə tələbat olan zaman daha çox transmilli korporasiyalar Azərbaycanın neft sektoruna vəsait yatırırdılar.
Ancaq 2012-ci ildən başlayaraq enerji inqilabından sonra qiymətlərin sürətlə aşağı düşməsinin fonunda mən güman etmirəm ki, əvvəlki illərdə olduğu kimi, Azərbaycana bir o qədər maraq olsun. Hökumətin isə neft bumu fonunda dövlət investisiyaları daha çox artırdı və belə olanda yeni iş yerlərinin açılması zəruri idi. İndi isə bu azalan istiqamətdə gedir. Hökumətin yeganə yolu rəqabət mühitini tam təmin etmək, məmurları biznesdən kənarlaşdırması prosesinə başlamaqdan ibarətdir. Bu istiqamətdə hökumət bir çox addımlar atır. Müxtəlif qərarlar verilir, sərəncamlar verilir.
Amma yenə də həmin inhisarçılıq davam edir. Daha çox kriminalyönümlü hadisələr baş verir. Biznesmenlərin kütləvi həbsi fonunda Azərbaycana xaricdən və daxildən investisiya qoymaq istəyənlər ehtiyyatlanırlar. Kredit götürmüş şəxslər onu başqa yollarla götürmüş olsalar belə, bankları aldatmış olsalar belə bunlar mülki xarakterli işlərdir. Buna görə insanların həbs olunması investisiya mühitini daraldır. Hökumət əslində bu şəriati yaratmış, biznesmenlərə krışalıq etmiş, yüz milyonlarla vəsaiti vermək ixtiyarı olan insanları həbs etmək əvəzinə həmin biznesmenləri həbs edirlər. Bu da onu göstərir ki, Azərbaycanda hələ də mülki işlərin aparılması prosesində sifarişlər mövcuddur.
Müxtəlif yollarla biznes aləminə təzyiq mövcuddur. Bu baxımdan mən güman etmirəm ki, xaricdən maraq artsın. Vəziyyətin daha da çətinləşdirməmək üçün hökumət islahatlar aparmalıdır. Bu islahatlar ilk növbədə Nazirlər kabinetinə daxil olan strukturları azaltmalıdır, bir-birini təkrar edən strukturların birləşdirilməsindən və sahibkarlığa əsl şəraitin yaradılmasından keçir”.
SSRİ TƏCRÜBƏSİ
Nazirlər kabinetinin keçmiş şöbə müdiri Oqtay Haqverdiyev isə yeni iş yerlərinin açılması məsələsində keçmiş Sovet təcrübəsindən yararlanmağı məsləhət görür:
“Belə bir strateji və sosial problem bir çox ölkələrdə var. Azərbaycanda da son illər neftin qiyməti aşağı düşəndən sonra bir çox sahələr iş yerlərini ixtisara salıb. Amma elə sahələr yaranmalıdır ki, əməktutumlu olsun. Misalçün, SSRİ vaxtında bir kombinatda, bir müəssisədə 5 mindən çox adam işləyirdi. Yüngül sənayedə xeyli adam işləyirdi. Hökumət bu yolla gedə bilər.
Və yaxud da SSRİ vaxtı kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan insanların payı ümumi iqtisadiyyatda 29-30 faizə çatırdı. Bu gün əməkqabiliyyətləri götürsək kənd təsərrüfatı ilə məşğul olanların xüsusi çəkisi heş 10 faizə də çatmır. Yəni elə bir sahələr seçilməlidir ki, orda əməktutumluluğun səviyyəsi çox yüksək olsun.”