Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 23:58

Haqqımı məmurlar yeyir, istedadsız yazarlar yeyir...


Şair Bəxtiyar Hidayət
Şair Bəxtiyar Hidayət

-

"Bu xarabada şairin özü satılmayan kimi

Kitabları da satılmaz

Mənim balam"

Bəxtiyar Hidayət

AVTOPORTRETLƏR

I AVTOPORTRET

Mən də uşaq vaxtı dava-dava oynamışam,

beş daş oynamışam, gizlənqaç oynamışam,

çilingağac oynamışam,

səmimi deyirəm: oğruluq etməmişəm.

Böyüdüm,

müxalif bir şair oldum

hökümətlə dava-dava oynadım

polislə beş daş oynadım, gizlənqaç oynadım,

əzrayılla çilingağac oynadım

Bir şair kimi sözlə oyun oynadım,

amma söz oğrusu olmadım

Sözlə oyun oynadığımçün

söz də mənimlə gizlənqaç oynadı, dava-dava oynadı

əvəzində daşları sevdirdi,

ağacları sevdirdi söz mənə

amma adamları sevdirə bilmədi.

nə də mən sözü adamlara sevdirə bildim

Bir də özümü nə hökümətə,

nə müxalifətə,

nə də söz adamlarına sevdirə bildim mən

2006

II AVTOPORTRET

Toyuğun hininə işıq çəkirsən,
toyuq daha artıq yumurtalayır.

Amma, xalqa işıq verən şairi,

Xalq çarmıxa çəkir, xalq baltalayır.

Diriykən şairin başını kəsənlər

ölüykən bir büst qoyub

indi də ayağını kəsirlər.

Diriykən bütün yolları bağlayıb

ölüykən adına bir küçə verirlər,

diriykən eşşək arısı kimi sancıb

ölüykən ətrafında bal arısı kimi beçə verirlər...

Budu şair ömrü, mənim balam, budu

Nə olsun ki,

şairin əl-ayağına dolaşanlar

ayağa dolaşan it qədər olmur

Nə olsun ki,

şairin haqqını kəsənlər

sünnətdə kəsilən ət qədər olmur,

Nə olsun ki,

şairi ucuz kolbasaya möhtac edənlər

kolbasaya gedən at qədər olmur

Bu xarabada şairin özü satılmayan kimi

Kitabları da satılmaz

Mənim balam,

Bu xarabada

Şairdən bədbəxt bir varlıq tapılmaz.

5.11.2014

III AVTOPORTRET

Bir kərpic dəftərdə şeir yazmaq
Özü də bağ-bağçada işdən sonra
Yüz kərpickəsənin əziyyətidi bu
Və yaxud
Bir süd dəftərində nəsə yazmaq
Anamdan əmdiyim südün
burundan gəlmə vəziyyətidi bu
Mənim kimi yazar tapmaq asanmı səncə?

Məni çox yerlərdən araladılar
Adımı hər yerdə qaraladılar
Cəhənnəmə qaralasınlar
Mən də torpağın üzünü qaralayıram
Nə olsun ki,
Nisyə dəftərindən adımı qaralada bilmirəm
Mənim kimi yazar tapmaq asanmı səncə?

Zəhmətdimi, it zulumudumu
Əllərim qabar-qabar
Ölmüş hüceyrələr dirildir məni
Mən də ölmüş cəmiyyəti diriltmək istəyirəm
Mənim kimi yazar tapmaq asanmı səncə.

Haqqımı məmurlar yeyir
istedadsız yazarlar yeyir
Cücələrimi siçovullar
Kartofumu danadişi
Ev doludu dərmanla
Siçan dərmanı, danadişi dərmanı və ürək dərmanı
Mənim kimi yazar tapmaq asanmı səncə?

Kiməsə sarmaşıq kimi sarılmadım
Kiməsə calamadım özümü
Belə şeylər həmişə mənə ar gətirdi
Əvəzində
Becərdiyim lobyalar payalara sarmaşıb qalxdılar
Caladığım ağaclar yaxşıca bar gətirdi
Mənim kimi yazar tapmaq asanmı səncə?

Ürək şeir yazdırdı, ürəkdən yarımadım
Beyin hekayə yazdırdı beyindən yarımadım
Qapı-bacaya yaxşı peyin vermişəm
Deyəsən elə peyindən yarıdım
Məhsulum bol olacaq payından yarıdım
Axı mən bu ömrün nəyindən yarıdım
Mənim kimi yazar tapmaq asanmı səncə?

İki qanadım vardı, qırdılar
Cəhənnəmə qırsınlar
İndi əlimdə dördqanad yaba var
Dilimi, dişimi bağladılar
Cəhənnəmə bağlasınlar
Indi əlimdə 10 dişli dımrıx var
Haqqımı tapdadılar kərənti kimi
Cəhənnəmə tapdasınlar
indi sözüm daha itidi
Mənim kimi yazar tapmaq asanmı səncə?

İndi qulaq asdığım mahnılar
Ürək döyüntülərim dəstiri tapdaq səsi
Yəhrə vuran kərənti səsi
At kişnərtisi, üzəngi səsi
Yorğa at yerişi,
Dördayaq at yerişinin birənti səsi
Və mən müasir yazaram
Mənim kimi yazar tapmaq asanmı səncə?

05.06.2016

XS
SM
MD
LG