Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:42

Elif Şafak: Daxilimdə həm bir qadın, həm də bir kişi var


Türk yazıçısı Elif Şafak
Türk yazıçısı Elif Şafak

-

"Haqqımda yazılanlara baxıram, üslublar elə seksistdir ki. Qadınlara yuxarıdan aşağı baxan bir kişi üslubu var, bu köşə yazarlarına da təsir edib. Yəni əgər qadınsansa; qadın yazıçı, qadın şair, qadın jurnalist, qadın siyasətçisənsə həmişə səni alçaldırlar".


"İnsanın inanmağa da, inanadıqlarından şübhələnməyə də ehtiyacı var, yoxsa inkişaf edə bilmərik.. Şübhəyə yer qoymayan inam fanatiklikdir, doqmatizmdir və təhlükəlidir. Tarixdə bunun nümunələri olduqca çoxdur"..

Dünyaca məşhur türk yazıçısı Elif Şafakın lap yaxınlarda yeni romanı "Həvvanın üç qızı çapdan çıxıb". Kitab haqda rəylərdən görünür ki, kitab Pəri adlı bir türk qızın həyatından bəhs edir. Qızın atası liberal "Kamalist", anası dindardır. Pəri inanc və inancsızlıq arasında tərəddüt keçirir. Müəllif yeni romanı haqda müsahibəsində ətraflı danışır.

-Elif, “Həvvanın üç qızı” romanını yazmağa başlayanda nə düşünürdün?

-Pərinin hekayəsini yazmaq istəyirdim. Onun fikirlərinin qarışıqlığı, məncə, elə Türkiyənin yansıması idi. Uzun müddətdir ki, gördüklərim, düşündüklərim, oxuduqlarım və məni narahat edən mövzular o qədər artıb, içimdə yığılmışdı ki, yazmaq məcburiyyətində idim. Osmanlı dövründən bu yana yazıçılar ölkənin siyasi həyatını kişi obrazlardan istifadə edərək göstərirlər. Mən isə bu günün əsas məsələlərini qadın obrazlar vasitəsilə açdım. Romanım həyata, inama, dinə, dinsizliyə dair önəmli suallar qoyur. Təbii ki, bu sualların cavablarını oxucuların öhdəsinə buraxmışam.

-Bu günə qədər ilk qadın - Həvvanın qızları ilə bağlı nəsə yazılıbmı?

-Adəm ilə Həvvanın oğullarından çox danışılıb, yazılıb. Qızlarının yaşadıqları heç kimə məlum deyil, çünki yazılmayıb. Mən həmişə bu cür boşluqları tapmaq, deyilməyəni demək, soruşulmayanı soruşmaq istəyirəm. Səssizlikləri deşifrə etmək, tabuları yıxmaq…

- “Bacı institut”undan çox danışırsan. Romanın üç qadın obrazı ətrafında bu institut necə formalaşır?

- Çünki bacılar arasında qısqanclıq, bir-birini gözü götürməmək də ola bilər. Üç qadın obrazımdan biri inancsız, biri inanclı, digəri isə hərdəmxəyaldı..... Kafir, dindar və tərəddütlü... Bunlara baxmayaraq dost ola bilərlər mi? Hətta bacı! Bizə bənzəməyən insanlarla birlikdə yaşaya bilərikmi? Türkiyədə demək olar ki, heç kim digəri ilə ortaq məxrəcə gəlmək istəmir, hərə öz adasına çəkilib. Qadınlar arasında da bu cür bölgülər var. Ancaq bir şey dəqiqdir: biz bölünməyə davam etdikcə bundan ən çox patriarxal sistem istifadə edəcək. Bir nümunə göstərim... Pərinin ruhunda öhdəsindən gələ bilmədiyi bir günah duyğusu var. Biz qadınlar həmişə beləyik, özünü günahkar hiss etməkdə bizim üzərimizə yoxdur. Məsələn, övladı olan bütün rəfiqələrim, eləcə də mən “Görəsən oğlumu düzgün yedirirəmmi, qızımı düzgün böyüdürəmmi?” kimi suallarla özümüzü didib-tökürük. Kişilərin atalıq vəzifələri ilə bağlı narahat olduqlarını heç görməmişəm.

Əslində biz məhəbbət deyərkən 20 növ duyğunu eyni anda ifadə etmək istəyirik və işlər bu yerdə qarışır.

- Romanında məhəbbət də var...

Elif Şafakın yeni kitabı "Həvvanın üç qızı"nın üz qabığı
Elif Şafakın yeni kitabı "Həvvanın üç qızı"nın üz qabığı

- Məhəbbətin müxtəlif formaları var. Təlatümlü eşq var məsələn. Əslində biz məhəbbət deyərkən 20 növ duyğunu eyni anda ifadə etmək istəyirik və işlər bu yerdə qarışır. Kaş ki, məhəbbəti ifadə etmək üçün bir söz deyil, 20 ayrı sözümüz olaydı.

- Bu inam haqqında bir romandır. Xüsusilə də, kişi obrazın - Azurun meydana çıxmağından sonra.. Bəs sən də onun kimi inamı sorğulayan birisən?

- “Bir halda ki qadın yazarsan, onda kitabındakı qadın obraz da sən özün olmalısan” deyə fikirləşirlər. Halbuki belə deyil. Mən əksərən romanlarımda kişi obrazlarının daxilində gizlənirəm. Bu kitabda Azurun fəlsəfəsində məndən çox şey var. Mən də onun kimi inamı qiymətləndirirəm, ancaq dindar deyiləm. Mənim fikrimcə, inam mütləq şəkildə din demək deyil. Bir başqasına aşiq olmaq, roman yazmaq, heç bilmədiyin bir yerdə hər şeyə sıfırdan başlamaq; bunlar da inamla əlaqədardır. Digər tərəfdən şübhəni və mübahisələndirməyi xoşlayıram.

- Bunun nəyə xeyri olur? Səndə nəyi zəiflədib, nəyi qüvvətləndirir?

- Vacib olan şübhə ilə inam arasındakı dialektikadır. Onlar əbədi olaraq rəqs etməli, bir-birini dəyişdirməlidir. İnsanın inanmağa da, inanadıqlarından şübhələnməyə də ehtiyacı var, yoxsa inkişaf edə bilmərik.. Şübhəyə yer qoymayan inam fanatiklikdir, doqmatizmdir və təhlükəlidir. Tarixdə bunun nümunələri olduqca çoxdur..

- Heç şübhə etmədən tabe olduqda, bəlkə də nəyə inandığın haqqında çox da fikirləşmirsən.

- Tamamilə doğrudur. Romanda vacib bir səhnə var. Azur universitetdə üç nəfərlik bir söhbətə qoşulur və eyni anda həm dindar, həm də ateist bir professorla mübahisə edir. Professorlardan biri inancsızlığı yox etmək istəyir, digər isə inancı. Azur isə inancsızlara inanc, qatı dindarlara isə şübhə aşılamaq istəyir. Pərinin onu ilk gördüyü səhnə də budur.

Türkiyədə Elif Şafaka etiraz edən şəxs onun məhkəməsi gedən binanın qarşısında posterini yandırır.
Türkiyədə Elif Şafaka etiraz edən şəxs onun məhkəməsi gedən binanın qarşısında posterini yandırır.

- Dövrümüzdə imanın elm və sənət dünyasında alçaldıldığını, qəbul edilmədiyini deyən ziyalılar da var, məsələn Karen Armstronq..

- Mən təkbaşına ruhani səyahətləri xoşlayıram. Kollektiv olduqda hər şey şəxsiləşdirilir, “biz” və “onlar” bölgüsü yaranır. İnsanı insandan uzaqlaşdıran bu cür bölgüləri xoşlamıram. Fərdiyyətçilik, ruhanilik, axtarış; bunlar mənə daha yaxındır. Əslində həqiqəti təkcə özünün bildiyini düşünən insan təhlükəlidir. Həm özü üçün, həm də ətrafındakılar üçün təhlükəlidir..

- “Həvvanın üç qızı”na feminist roman deyə bilərikmi?

-Xeyr, bu doğru deyil. Feminist olan mənəm, romanlarım isə mövqesizdir. Bu kitab bir tərəfdən açıqsözlüdü, sözlərini gizlətmir, digər tərəfdən də empatiya qurur, körpülər tikir..

- “Qadın yazıçı” ifadəsi adətən aşağılama olaraq işlədilit, sənin bu haqda fikrin necədir?

- Daxilimdə həm bir qadın, həm də bir kişi var.. Gündəlik həyatda cəmiyyətlə, vərdişlərimlə, aldığımdan tərbiyəylə əlaqədar olaraq sadəcə qadın olan tərəfim özünü göstərir. Əslində hamımızın içində həm qadın, həm də kişi enerjisi var, ancaq biz əksərən bunu özümüzdə basdırırıq. Çünki belə öyrədilmişik. Kişilər daxilllərindəki qadın enerjisini susdurduqları kimi, qadınlar da kişi enerjilərini yox sayırlar. Roman yazmaq mənim üçün buna görə vacibdir. Burada azadam, həm kişi, həm qadın ola bilirəm.

Əgər qadınsansa; qadın yazıçı, qadın şair, qadın jurnalist, qadın siyasətçisənsə həmişə səni alçaldırlar.

- “Qadın yazıçı"ların nəşriyyat sistemində dünyasında yaşadıqları ən böyük problem nədir? Qadının mübarizəsi nəşriyyatçılıqda da davam edir, yoxsa ora bir qədər fərqli sahədir?

- Məlum olduğu kimi, Türkiyə kifayət qədər patriarxal ölkədir. Heç, ədəbiyyatda və mətbuatda da vəziyyət bundan fərqli deyil. Haqqımda yazılanlara baxıram, üslublar elə seksistdir ki. Qadınlara yuxarıdan aşağı baxan bir kişi üslubu var, bu köşə yazarlarına da təsir edib. Yəni əgər qadınsansa; qadın yazıçı, qadın şair, qadın jurnalist, qadın siyasətçisənsə həmişə səni alçaldırlar. Əsərini oxumamış haqqında danışırlar. Özlərini yuxarıda, səni isə aşağıda görürlər. Kobudluq qarışıq seksist üsluba mən də çox məruz qalmışam. Kişi yazıçılar bu qədər əziyyət çəkmir.

- Aşiq olduğun ilk kitabı xatırlayırsan?

- Charles Dickensin “İki şəhərin hekayəsi” romanını ikinci sinifdə oxumuşdum. Çox bəyənmiş, yazıçıya heyran olmuşdum. Sonra Dikcensin bütün əsərlərini oxudum. Yeniyetməlik dövrümdə İspaniyada idim və Servantesi kəşf etdim.

Elif Şafakın ən çox sevdiyi yazıçılardan biri Migel De Servantes
Elif Şafakın ən çox sevdiyi yazıçılardan biri Migel De Servantes

Ona qarşı hiss etdiyim heyranlıqdan ötrü məktəbdəkilər mənə gülür, “Servantesi bu qədər sevirsən, ancaq siz türklər onun qolunu kəsmisiniz” deyirdilər. Məktəbdəki yeganə türk mən idim və Servantesin qolu üçün kədərlənirdim.

- Ədəbiyyatdakı qəhrəmanların hansılardır?

- O qədər çoxdur ki. Əlbəttəki konkret bir siyahı yoxdur, tez-tez dəyişir. Bir-birinə heç oxşamayan yazıçıları, şairləri, mütəfəkkirləri xoşlayıram. Qərbdən də, Şərqdən də... Təsəvvüf də oxuyuram, siyasət fəlsəfəsi də, neyrologiya da... Fərqli təlimlərdən istifadə edirəm, ancaq məqsəd dəyişmir, oxumağı çox xoşlayıram. Dəli kimi oxumağı. Və hər yazarın əslində yaxşı bir oxucu olmalı olduğuna inanıram.

XS
SM
MD
LG