Azərbaycan prezidenti İlham Əliyev iyulun 8-də Polşada ATƏT-in Minsk qrupunun həmsədrləri James Warlick, Igor Popov, Pierre Andrieu və bu qurumun hazırkı sədrinin xüsusi nümayəndəsi Andrzej Kasprzyk ilə görüşüb.
AZƏRTAC-ın xəbərinə görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Ermənistan silahlı qüvvələri Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal ediblər. Münaqişənin həlli ilə bağlı danışıqlar ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.
Azərbaycan prezidenti iyulun 7-də Polşa paytaxtı Varşavaya gedib.
Bu gün Varşavada NATO və tərəfdaş ölkələrin sammiti başlayıb. Azərbaycan prezidentinin də Polşaya səfərində əsas məqsədin bu sammitdə iştirak etmək olduğu bildirilirdi.
Sammitdə NATO ölkələrinin təhlükəsizliyinin gücləndirilməsi və tərəfdaş ölkələrə aid bir sıra məsələlər müzakirə edilir.
Azərbaycan prezidentinin də bu sammit çərçivəsində bir sıra görüşləri planlaşdırılıb. Onun Polşa prezidenti Andrzej Duda ilə də görüşəcəyi bildirilir.