Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 10:34

Həm filmdə, həm ailədə uğurun sirri...


Aktrisa Cate Blanchett
Aktrisa Cate Blanchett

-

"Blanchett əri ilə nəinki birlikdə işləmir, heç işlədikləri layihələr barədə də danışmırlar. Hesab eləyirlər ki, bu, boşanmaya gedən ən qısa yoldu. Amma biz Andrew ilə razılaşmışıq: o, məndən yalnız bir halda boşanacaq - əgər mən plastik əməliyyat etdirsəm..."

Həm filmdə, həm ailədə uğurun sirri: Cate Blanchett

Yəqin ki, Hollivud ulduzu, ümumiyyətlə, qərbli aktyor, aktrisa, müğənni və s. deyəndə əksəriyyətin ağlına ilk gələn içki, narkotiklər, çılğın gecə həyatı, əlcək kimi dəyişən sevgililər, təntənəli evliliklər, qalmaqallı boşanmalar olur.

Ancaq o əksəriyyət bilmir ki, belə şeylər artıq nadir rast gəlinən hallardı. XXI əsrdə Hollivudda nümunəvi həyat tərzi dəbdədir. Necə deyərlər, ulduzlar şəxsi həyatları ilə yox, sənətləri ilə gündəmə gəlmək istəyirlər. İki “Oskar”, üç “Qızıl qlobus”, üç “BAFTA” mükafatı laureatı (“Yelizaveta”, “Mən orda yoxam”, “Təyyarəçi”, “Jasmin” filmlərin görə), 40-dan çox filmdə çəkilib, bir o qədər də tamaşada səhnəyə çıxmış gözəllər gözəli Cate Blanchett kimi...

Cate Blanchettin bioqrafiyasını oxuyanda adama elə gəlir ki, o, 47 illik həyatı boyu bircə dəfə çılğınlıq eləyib, o da...

Yox, başdan başlayaq.

Catherine Elise «Cate» Blanchett Avstraliyanın Melburn şəhərində Robert DeWitt BlanchettJune Blanchettlərin ailəsində anadan olub. Hərbi dəniz zabiti olan atası melburnlu müəllimə ilə ilə ailə qurandan sonra Avstraliyaya köçüb və reklam biznes ilə məşğul olmağa başlayıb.

Cate atasını çox tez, on yaşında itirib. Böyük qardaşı, hazırda kompyuter mühəndisi olan Bobu, Cate-i və kiçik bacısı, indi Avstraliyada teatr dizayneri işləyən Jenevyevanı anası təkbaşına böyüdüb.On yaşlı Cate üçün atasının ölümü son dərəcə ciddi sarsıntı olub. O qədər ki, Cate ondan sonra da, indi də evdən hətta bir neçə dəqiqəlik belə çıxanda hər kəslə uzun-uzadı vidalaşır. Onun üçün bu artıq rituala çevrilib.

Cate Blanchettin gənclik illəri.
Cate Blanchettin gənclik illəri.

Bu ölüm Cate-də başqa bir vərdiş də yaradıb – yaxşı qız olmaq. Çünki o, tək qalmış anasına yalnız belə kömək edə bilərdi – yaxşı qız olmaqla. Cate on yaşından var-gücü ilə doğmalarının təhlükəsizliyini və öz müstəqilliyini təmin etmək üçün işləyir. Elə buna görə də Melburn Universitetinin iqtisadiyyat fakultəsinə daxil olur, amma... Daima yaxşı qız olmaq yorucudu.. Xüsusilə də bunun üçün hər gün “XIX əsrin 60-cı illərində Sidney və Gosport arasında iribuynuzlu malqaranın hərəkətinin xüsusiyyətləri”ni əzbərləmək lazım gələndə... Bu, kimi desən, bezdirər... Cate də bezir və qısa müddət sonra universiteti ataraq rüqzakını çiyninə alır və səyahətə yollanır- İngiltərəyə, ordan Misirə.. Avtobusla, qatarla, avtostopla... Cate-in 47 illik həyatında elədiyi yeganə çılğınlıq.. Həm də onun gələcəyini müəyyənləşdirən bir çılğınlıq.

Misirə çatanda Cate-in vizasının müddəti bitmişdi, cibində isə bir qəpik də qalmamışdı. Qaldığı otelin foyesində oturub neynəyəciyini düşünərkən qəflətən bir nəfər yaxınlaşır və ona boksdan bəhs edən filmdə kütləvi səhnədə çəkilməyi təklif edir... Cate Blanchettin kinoda ilk rolu... bu rola görə qonorar qismində beş dinar və bir boşqab falafeli (ədviyyatlı noxud kotleti) alır. Hə, bir də gələcəyi müəyyənləşir...

Avstraliyaya qayıdan gənc qız Dövlət Dramatik Sənətlər Universitetinə (National Institute of Dramatic Art) daxil olur, aktrisa kimi fəaliyyətini teatrda başlayır, elə ilk rollarından teatr tənqidçilərinin rəğbətini qazanır. Ardınca televiziya, kino.. Əvvəlcə Avstraliya, sonra Britaniya, sonra Hollivud.. Və istisnasız hər biri uğur qazanan böyüklü-kiçikli rollar, müxtəlif dövlərdə yaşayan müxtəlif xarakterli qadın obrazları...

Cate Blanchett və əri Andrew Upton.
Cate Blanchett və əri Andrew Upton.

Bu uzun yolda daima onun yanında olan və dəstəkləyən bir nəfər var - Andrew Upton.

Cate Blanchett və kinodramaturq, montaj redaktoru və “Sydney Theatre Company”nin rəhbəri Andrew Upton 19 ildir ki, evilidirlər. Onların Deşiel, Roman və İqnatius adlı üç oğulları və 2015-ci ildə övladlığa götürdükləri Edit Vivian Patrişa adlı bir qızları var.

Andrew Uptonla Cate Blanchetti yanaşı görənləri hər zaman bir sual maraqlandırır: Cate kimi gözəl, istedadlı qadın günü-gündən gombullaşan və keçəlləşən, üst-başına fikir verməyən bu kişidə nə tapıb?

Cate deyir ki, bütün məsələ ortaqlıq, həmkarlıqdadı: “Mənim bəxtim gətirib, çünki mənim ortağım - mənim silahdaşımdı. Biz birlikdə işləyirik, birlikdə övladlarımızı böyüdürük. Biz – komandayıq”.

Onlar 1996-cı ildə “Allaha şükür, o, Lizzi ilə rastlaşdı” filminin çəkilişlərində tanış olmuşdular. Və elə ilk tanışlıqdan ikisinin də bir-birindən... zəhləsi getmişdi. Andrew Cate-ni laqeyd, soyuq, Cate də Andrewnu lovğa, yekəxana, həyasız hesab eləyirdi. Hər dəfə üz-üzə gələndə bir-birini ələ salır, acılayırdılar. Ta ki.. günlərin bir günü “Turgenev söhbətə müdaxilə eləyənə qədər”..

Cate deyir ki: “o vaxta qədər heç kimlə yaradıcılıq, sənət haqqında danışmaq istədiyim ağlıma gəlmir. Sənin həyatın olan bir şey haqqında nəzakət xatirinə dinləyən birinə danışmaq xoş deyil. Ən əsası isə o günə qədər heç kimdən o qədər dəyərli, orijinal fikirlər və konstruktiv təhlil eşitməmişdim”.

Cate ilə Andrew eyni teatrda işləyirdilər və tez-tez müxtəlif məclislərdə qarşılaşırdılar. Belə məclislərin birində Andrew poker masasının arxasında Cate-ə, onun rəfiqəsindən xoşu gəldiyini deyir. Sonra da qəflətən onu öpür.

“Deyirəm də, həyasızdı. Ancaq o, məni öpəndə yer ayağımın altından qaçdı və hələ də geri qayıtmayıb”, - Cate həmin öpüşü belə xatırlayır.

Öpüşdən üç həftə sonra Andrew Cate-ə evlənmək təklif edir. Onlar 1997-ci il dekabrın 29-da Avstraliyada “Mavi dağlar” adlı milli parkda evlənirlər. Toydan dərhal sonra Cate “Yelizaveta” filmində birinci Yelizavetanı oynamaq və məşhurlaşmaq üçün İngiltərəyə yollanır.

Cate Blanchettin "Elisabeth" filmində yaratdığı obrazın şəkli poçt markasının üzərində.
Cate Blanchettin "Elisabeth" filmində yaratdığı obrazın şəkli poçt markasının üzərində.

“Toydan dərhal sonra ayrılmaq ağır sınaqdı. Mən Andrew-dan ötrü dəlicəsinə darıxırdım. Sanki beynimin yarısını kəsib götürmüşdülər. Tez-tez ayrılırdıq, çəkilişə getdiyim məkanlarda iki-üç gün birlikdə ola bilirdik. Yalnız uzun illərdən sonra, nəhayət ki, İtaliyada əsl bal ayı keçirməyə nail olduq”.

Cate çəkilişlərdən imkan tapıb Avstraliyaya gələndə cütlük Sidney kənarındakı dəniz mənzərəli balaca evdə qalırdı. Ancaq Cate-in şöhrəti artdıqca cütlüyün görüşləri azalırdı. Axırda Andrew düşünüb qərara gəlir ki, həmin an üçün arvadının karyerası onunkundan daha vacibdi və Cate-in ardınca İngiltərəyə köçür.

“Andrew həmişə mənə həqiqəti deyir. “Yelizaveta”nın uğurundan sonra dedi ki, əzizim, zirvədə, uzağı, beş il qala bilərsən. O, məni, mənə olan tələbatın tükənəcəyi günə hazırlayırdı və heç bir şansı buraxmağımı istəmirdi”, - Cate deyir.

Andrew isə “bizim ailədə mus-mus eləmək adət deyil, bir-birimizə qarşı kifayət qədər amansız oluruq” deyə əlavə edir.

Arvadının yanındakı yerindən danışan Andrew hərdən zarafatla özünü “qol” adlandırır. Adətən, qırmızı xalılar üzərində çəkilmiş fotolarda ondan qalan yalnız bu olur- qolu.

Upton bu barədə danışanda “jurnalda fotolara baxıb, “fu, nə maraqsız adamdı, gəlin, onu kəsək” deyirlər. Qırmızı xalıda, ya da başqa bir yerdə obyektivlər bizə tuşlanan kimi o qayçıları təsəvvür eləyirəm” deyib gülür.

Cate Blanchett.
Cate Blanchett.

Cate Blanchett isə deyir ki, əri xəyallar aləmində yaşayan ən rassional insandı: “O, elə nəhəng şəxsiyyətdi ki, yerlə ulduzların arasına yerləşmir. Belə insanlar son dərəcə nadir hallarda rast gəlinir. Ağıllı və intellegent insanlarla münasibətin əsas sirri dürüstlükdü. Məsələn, bizim ikimizin bir elektron poçtumuz var. Andrew-nun məktub yazmaqdan zəhləsi gedir və bu işi mənə həvalə edib. Nəticədə mən onun bütün məktublarını oxuya bilirəm, o da mənim. Bu, ikimizi də qane edir”

Cate uşaqlarını xoşbəxt ailə həyatının bəhrəsi adlandırır, ailəsi üçün yemək hazırlamağı, oğullarını məktəbə aparmağı, köpəyi gəzməyə çıxartmağı sevir. Ailə ona əlində olanın qıymətini bilməyi öyrədib.

Xüsusilə uşaqlar onun bütün həyatını dəyişiblər: “Balaca insanlar bütün həyatımızı ələ keçirirlər, onlara uyğunlaşmağa məcbur qalırsan, ancaq mən heç vaxt dəyişikliklərdən qorxmamışam. Başa düşürəm ki, bu dünyada bizsiz də həddindən çox insan var, amma doğduğum uşaqlar çox xoşuma gəlir, hamısı Andrew-a oxşayır. Niyə onlardan daha çox doğmayım?”

Kənardan elə görünür ki, Cate bir qadının arzulayacağı hər şeyə sahibdi. Lakin? bir neçə il əvvəl bütün bu xoşbəxtliyin, uğurun içində hansısa vacib bir şeyi gözdən qaçırdığı fikri, Andrew-i itirmək qorxusu ona əzab verməyə başlayır. Yox, o, Andrew-in sədaqətinə şübhə eləmirdi, sadəcə onun səhhəti üçün narahat olmağa başlamışdı və bu narahatlıq get-gedə paranoyaya çevrilirdi. Andrew onun yanında asqırmağa belə çəkinirdi, Cate dərhal onu həkimə, başdan-ayağa müayinədən keçməyə göndərirdi.

Tezliklə Cate bu psixozunun sirrini tapır – Andrew -nun 40 yaşı tamam olurdu. Cate-in atası da 40 yaşında infarkt keçirərək vəfat eləmişdi.

Cate Blanchett ən yaxşı aktrisa roluna görə "Oskar" mükafatı alır. 2004-cü il.
Cate Blanchett ən yaxşı aktrisa roluna görə "Oskar" mükafatı alır. 2004-cü il.

Və Cate nəyi gözdən qaçırdığını anlayır. İngiltərədə yaşadıqları illər ərzində Andrew heç vaxt məşhur arvadının kölgəsində oynadığı ikinci dərəcəli roldan narazı olduğunu hiss etdirməmişdi. Ancaq bu, sonsuza qədər belə davam edəcəyi anlamına gəlmirdi. Nə qədər ki, gec deyildi, ona özünü göstərmək imkanı vermək lazım idi.

2007-ci ildə ailə Avstraliyaya qayıdır və Andrew “Sydney Theatre Company”yə rəhbərlik etməyə başlayır. Cate də ona kömək eləyir: “əri rejissor olan ssenarist rəfiqəm bizim birlikdə işləyəcəyimizi eşidəndə dəhşətə gəldi. Onlar nəinki birlikdə işləmək, heç işlədikləri layihələr barədə də danışmırlar. Hesab eləyirlər ki, bu, boşanmaya gedən ən qısa yoldu. Amma biz Andrew ilə razılaşmışıq: o, məndən yalnız bir halda boşanacaq - əgər mən plastik əməliyyat etdirsəm... Andrew deyir ki, on ildən sonra Hollivudda qırış görmək elə nadir hadisəyə çevriləcək ki, təzədən dəb olacaq”.

Cütlük Sidneyin dəbdəbəli rayonlarından birində XIX əsrə aid ev alır və ora köçür. Lakin bir müddətdən sonra Cate şirkətin idarəsini tamamilə ərinin öhdəsinə buraxır. Bütün diqqətini ailəsinə və çəkilişlərə vermək üçün.

“İşləyən valideynlər üçün balans tapmaq çətindi, onların arabasının təkəri tez-tez yerindən çıxır. Hər səhər üç məktəb forması, üç səhər yeməyi, üç çanta hazırlamaq lazımdı. Hərdən yadımdan çıxmasın deyə siyahı tutmalı oluram. Ancaq get-gedə hamının bezdirici hesab elədiyi işlərlə məşğul olmaq xoşuma gəlir. Bu məni sakitləşdirir, hüzur verir. Bir vaxtlar Andrew tez-tez mənə tozsoranlar, tikiş maşınları, mətbəx kombaynları hədiyyə eləyirdi. Beləcə, incə şəkildə məndə ev işlərinə maraq oyatmağa çalışırdı. Yəqin, onları qutularından çıxarıb necə işlədiklərini öyrənməyin vaxtı çatıb. Mən başa düşmüşəm ki, yalnız bir işlə məşğul olmaq, eyni vaxtda üç istiqamətə qaçmaq barədə düşünməmək- böyük xoşbəxtlikdi”, - Cate Blanchett deyir.

XS
SM
MD
LG