Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 18:20

Çörəyi nisyə alan müharibə veteranı


Sahib Əsədovun (sağda) ailəsi
Sahib Əsədovun (sağda) ailəsi

►“Hər an gözüm üstlərindədir ki, sıxıntıdan canlarına qəsd etməsinlər. Əyin-başları olmadığına görə qışda tez-tez xəstələnirlər, dərman almağa imkan olmur”.

“Vaxtilə bu evi qərargaha çevirmişdik. Komandirlər bu evə yığışar, Ağdamda cəbhə xəttindəki döyüşlərin planları bu evdə hazırlanar, elə bu evdən də idarə olunardı. Böyrünə o qədər mərmi düşüb ki, örtüyü, divarları qəzalı vəziyyətdədir. Mərmilərin qəzalı vəziyyətə saldığı evin təmir-bərpasından ötrü icra hakimiyyətinə gedib-gəlməkdən yorulmuşam”.

Müharibə veteranı Sahib Əsədovun (aşağıdakı şəkildə) dərdi təkcə mərmidən dam örtüyü, divarları paralanmış evi olsaydı, nə vardı ki...

O, AzadlıqRadiosuna danışır ki, himayəsindəki 4 qızını və iki nəvəsini 50 manatlıq veteran təqaüdü ilə dolandırır. Daha doğrusu, aldığı 50 manatla evin böyründəki mağazanın nisyə dəftərində üst-üstə yığılmış borcunu yüngülləşdirir:

“Ailədə 7 nəfərik. Qəndi, çayı, çörəyi – hamısını nisyə alıram. Hər ay verdiyim 50 manat isə dükançının dəftərindəki borcumun çox cüzi hissəsidir. Böyük qızım 1992-ci il təvəllüdlüdür. O birilər məktəblidir. İmkanım olsaydı, onları oxutdurardım. Çox istedadlı, təhsilə maraq göstərən uşaqlardır. Ancaq məktəb başladı, geyinməyə ayaqqabıları, isti geyimləri olmur. Qzı uşaqlarıdır, məktəbə utana-utana gedib-gəlirlər. Hər an gözüm üstlərindədir ki, sıxıntıdan canlarına qəsd etməsinlər. Əyin-başları olmadığına görə qışda tez-tez xəstələnirlər, dərman almağa imkan olmur”.

TORPAQ OYUNU

Təqribən 15 il əvvəl Sahib Əsədova əkin sahəsi ayrılıb. O da sevinib. Həmin sahəni daşdan-qalaqdan təmizləyib pomidor, soğan və başqa tərəvəzlər əkib. Ancaq görün, başına nə gəlib:

HƏR GÜN YENİ VİDEOLAR BURADA -

“İmkansızlıqdan texnika gətizdirə bilmədim, o boyda sahəni daş-qalaqdan bir neçə aya özüm təmizlədim. Başladım əkinlə məşğul olmağa... Elə əziyyətimin bəhrəsini yenicə görməyə başlayırdım ki, bir cibipullu, qoluzorlu çıxdı, polisin müdaxiləsi ilə o yeri əlimdən alıb ona verdilər. Ora-bura şikayət etməyim deyə, ağzımı yummaq üçün mənə başqa yerdən 1 hektardan çox sahə verdilər. İndi də xəstə canımla gərək başdan-başa daş-qalaq olan bu sahəni təmizləyəydim. O torpağı mənə verən yaxşı bilirdi ki, onu daşdan təmizləməyə halım qalmayıb. Neçə ildir ki, əkinə yararsız olan həmin torpaq sahəsi boş qalıb”.

CƏBHƏ XƏTTİNDƏ EVLƏR KİMƏ TİKİLİR?

Söhbətinin sonunda veteran yenə qayıdır ev məsələsinə... Deyir, qulağına çatana görə, mərmidən zərər çəkmiş evlərin təmir-bərpasına, tikintisinə dövlət 3 milyon manat ayırıb. Ancaq tikilən də, təmir olunan da yalnız icra hakimiyyətində çalışanların yaxın qohum-əqrəbalarının evləridir.

Ağdam rayon icra hakimiyyətindən “Qaynar xətt”ə bildiriblər ki, veteranın evi qəzalı vəziyyətdədirsə, yaxın vaxtlarda mütləq əncam çəkiləcək:

“Araşdırıb tədbir görərik. Ancaq dolanışığa gəlincə, icra hakimiyyətinin belə bir imkanı yoxdur ki, vətəndaşa kömək eləsin. Bundan ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi var. Müharibə veteranının durumu ilə də həmin qurum maraqlanmalı, tədbir görməlidir. Ünvanlı sosial yardım üçün müraciət edə bilər”.

Sahib Əsədov əlini dövlətin ətəyindən kəsməyib. Hələ ki, ümidi var – bəlkə kimsə bu ailəni yada salar deyə...

XS
SM
MD
LG