Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:13

Erdoğan-ın qorxduğu başına gəldi


R.T.Erdoğan
R.T.Erdoğan

Türkiyədəki qarışıqlıq qlobal neft bazarlarına təsir göstərəcək. Bu ölkədən iki vacib neft kəməri də keçir, biri Azərbaycandan, digəri İraqdan gəlir. Onların birgə gücü günə 2.7 milyon barreldir.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan həmişə dövlət çevrilişindən qorxurdu və qorxduğu da başına gəldi. Bunu «The Washington Post» qəzetində Ishaan Tharoor yazır.

Müəllif Erdoğan-ın Misirdə üç il öncə baş vermiş dövlət çevrilişindən xeyli əndişələndiyini yada salır. O zaman ordu demokratik yolla seçilmiş Mohamed Morsi-ni devirdi, onu və müttəfiqlərini həbsə atdırdı, onun «Müsəlman qardaşlığı» hərəkatını boğdu. Morsi Erdoğan-a yaxın idi, çevrilişdən sonra Misir islamçılarının çoxu İstanbula sığındı.

Ötən il Misir hökuməti Morsi-yə ölüm cəzası kəsəndə isə, Erdoğan həm Abdel Fatah el-Sisi hökumətinə, həm də Qərbə qarşı qəzəbini saxlaya bilmədi: «Təəssüf ki, Qərb çevriliş lideri Sisi-yə qarşı mövqeyini ortaya qoymur. Qərb ölkələrində ölüm hökmünün ləğvinə baxmayaraq, Misirdə ölüm cəzasının kəsilməsini sükutla izləyirlər».

Amma müəllif vurğulayır ki, ötən gecəki çevriliş cəhdində Misir ssenarisi işləmədi. Türkiyənin əsas müxalifət partiyaları da siyasi ziddiyyətlərə baxmayaraq, hökumətin ətrafında birləşdi.

Buna da bax: Türkiyədə qanlı gecə: 161 ölü [foto] [video]

ÇEVRİLİŞİ AĞILLARINDAN KEÇİRMİRDİLƏR

«Türkiyənin bir hərbi çevriliş tarixçəsi var. Zabitlər 1960, 1971, 1980-ci illərdə hökumətləri deviriblər, Türkiyənin indiki konstitusiyası qüvvəyə minib… Amma Erdoğan və AKP 2002-ci ildə hakimiyyətə gələndə, Türkiyədə çevriliş erası sanki bitdi. Ölkədə möhkəm mülki üsul-idarə qüvvəyə mindi. O vaxtdan seçkilər də elə bir qarışıqlıq olmadan keçib. «Dərin dövlət» – yəni hökumət arxasında işləyənlərin də qarşısının alındığı bildirilib. Türkiyədə iqtisadi və sosial islahatlar həyata keçirilsə də, Erdoğan və müttəfiqləri hakimiyyəti mənimsəməyə çalışdı. Müxalifət çıxılmaz duruma salınıb, ədliyyə, ordunun yüksəkçinli zabitləri belə hakimiyyətə boyun əyməli olub», - müəllif yazır.

Hökumət rəsmiləri çevrilişi Fethullah Gülen tərəfdarlarının törətdiyini bildirir. Axı müşahidəçilər ordunun Erdoğan-a qarşı çevrilişi ağlından belə keçirmədiyini düşünürdü. Martda ordu rəhbərliyi bəyanat yayaraq, hər hansı müdaxiləylə bağlı medianın yazdıqlarını təkzib edib.

«Amma bunu daha aşağı çinli zabitlər haqqında demək olmazdı. Ötən il türkiyəli akademik Bural Kadercan yazırdı ki, orta çinli zabitlərin çevrilişini istisna etmək olmaz, onlar özəlliklə də vətəndaş itaətsizliyi və xaos durumunda daha çevik davranaraq gizli fəaliyyət göstərə bilərlər. İndi Türkiyədə xaosla bağlı heç kəsdə şübhə yoxdur. Bundan sonra nə baş verəcəyi sual doğurur. Ölkə demokratiyasını Erdoğan-ın, yaxud çevriliş edənlərin üstün gələcəyindən asılı olmayaraq, çətin sınaq gözləyir».

İraqda neft fontanı
İraqda neft fontanı

NEFT KƏMƏRLƏRİ ÜZƏRİNDƏ TÜRKİYƏ

«Türkiyədəki qarışıqlıq qlobal neft bazarlarına təsir göstərəcək. Çünki bu ölkə Yaxın Şərq, Orta Asiya və Rusiyadan Avropa bazarlarına gedən enerji marşrutlarında strateji mövqe tutur». Bunu isə «The Financial Times» yazır.

2013-cü ildə Türkiyə boğazlarından keçərək Qara dəniz və Aralıq dənizi arası tankerlərlə günə 2.9 milyon barrel neft və neft məhsulu daşınıb. Bu, dünya təchizatının təxminən 3 faizi deməkdir. Məlumatı ABŞ hökuməti yayıb.

«Türkiyədən iki vacib neft kəməri də keçir, biri Azərbaycandan, digəri İraqdan gəlir. Hər ikisi Ceyhan limanında bitir. Onların birgə gücü günə 2.7 milyon barreldir. Düzdür, əslində bundan daha az neft danışır, xüsusilə kəmərlərə hücumlar və Azərbaycanda hasilatın düşməsi səbəbindən».

FT yazır ki, Azərbaycan ötən il Türkiyə ərazisindən gündə 720 min barrel neft ixrac edib. İraqın şimalındakı Kürdüstan regionundan ixrac isə hücumlar kəsinti yaratmasa, günə 600 min barrel olub.

Buna da bax: Bu görüntülər Türkiyədə çəkilib- [fotolar]

TƏCHİZATI ŞAXƏLƏNDİRMƏK

Türkiyə Avropa Birliyinə qaz ixracında vacib yer tutacaq. 2013-cü ildə BP və tərəfdaş şirkətləri Azərbaycandan İtaliyaya qaz nəqlindən ötrü iki kəmər çəkməyə razılaşıblar. Cənub Qaz Dəhlizi adlanan bu marşrutla Avropaya ilk qaz 2019-cu ilin sonunda çatdırılacaq. Azərbaycanın «Şah Dəniz» yatağından ilə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Türkiyə hökuməti və şirkətləri İsrailin nəhəng «Leviatan» yatağından da qaz daşınması barədə danışıqlar aparırlar.

Kolumbiya Universitetinin Qlobal Enerji Siyasəti Mərkəzindən Jason Bordoff deyir ki, Türkiyə neft-qaz axınında nəhəng nəqliyyat qovşağıdır və təchizatda kəsilmə olarsa, bunun neft bazarına təsiri qaçılmazdır.

Təhlilçinin fikrincə, Türkiyədəki xaos bir məsələni önə çıxardı – enerji istehlakçılarının müxtəlif təchizatçıları olmalıdır: «Təchizatı şaxələndirməklə gözlənilməz hallarda enerji təhlükəsizliyi təmin olunur».

İNVESTORLARA BƏD XƏBƏR

«Dövlət çevrilişi arxasında çoxsaylı faktorlar durur, əsasən də Erdoğan-dan narazılıq, onun dövləti İŞİD silahlı qruplaşmasından qoruya bilməməsi, Suriya siyasətinin iflasıdır», - bunu Vaşinqtonda Yaxın Şərq üzrə təhlilçi Theodore Karasik «Bloomberg» agentliyinə deyib. «Aparıcı fiqurlar ordudakı mövqelərinə təhlükə yarandığını hiss etdilər».

«Dövlət çevrilişi cəhdi, nəticəsindən asılı olmayaraq, investorlardan ötrü bəd xəbərdir», bunu isə «Ecstrat Ltd.» konsultasiya şirkətindən Emad Mostaque bildirir.

XS
SM
MD
LG