Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 03:10

'Hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki...'


AXCP sədri
AXCP sədri

«Bu Konstitusiya dəyişikliklərinin bir məqsədi var - İlham Əliyevin istədiyi müddətə qədər hakimiyyətdə qalmasına şərait yaratsın, sonra da istədiyi vaxt asanlıqla heç kimdən soruşmadan, heç kimdən asılı olmadan hakimiyyəti ailə üzvlərindən birinə ötürsün. Bu məqsədlə prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılır, vitse-prezidentlər və birinci vitse-prezident statusu təyin olunur. Prezident seçilmək üçün indiyə qədər Konstitusiyada olan 35 minimum yaş aradan qaldırılır. Deməli, İlham Əliyev hakimiyyətini elə bir adama ötürməyi planlaşdırır ki, o adamın yaşı 35-dən azdır».

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Konstitusiyaya yeni dəyişikliklər təklifini AzadlıqRadiosuna şərh edərkən bildirib.

Ə.Kərimlinin fikrincə, bütün bunlar ailə hakimiyyətinin möhkəmlənməsindən ötrüdür: «Konstitusiyaya son vaxtlar edilən düzəlişlərin hamısı ailə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilib. Bu dəfə də istisna deyil. Bu dəfə də İlham Əliyevin şəxsi və ailə hakimiyyətini daha da genişləndirmək dəyişikliklərin əsas məqsəddir. Burda ikinci dərəcəli məqsədlər də var. Fikirləşirlər, bir halda ki, referendum keçirib Konstitusiyanı dəyişirik, prezidentin səlahiyyətini bir az da genişləndirək. Prezidentə Milli Məclisi buraxmaq səlahiyyəti verilir. Hərçənd ki, Milli Məclisi buraxmaq nəylərinə lazımdır, anlamaq çətindir. Onsuz da Milli Məclisi özləri təyin edir».

Konstitusiyada nələr necə dəyişir -

«İLHAM ƏLİYEV BU ÖLKƏDƏ İSTƏDİYİNİ ELƏYƏ BİLSİN»

AXCP sədri təkliflər sırasında mülkiyyət hüquqlarına təhlükəni də xüsusi vurğulayır:

«Bu Konstitusiya dəyişiklikləri mülkiyyət hüququna böyük təhlükə yaradır. Sosial ədalət və ictimai tələblər bəhanədir. Fakt budur ki, mülkiyyət insanların əlindən alına bilər və bu, Konstitusiyaya daxil edilir. Konstitusiyayla bu imkan verilincə, sonrakı qanunlar adamların mülkiyyət hüququnun əlindən alınmasına daha geniş imkanlar yaradacaq. İndiki ağır böhran şəraitində çox ziyanlı bir düzəlişdir. İndi ölkəyə xarici investisiyaların gəlməsi, iş adamlarının qaçmaması lazımdır. Amma ilin-günün bu vaxtında bunlar mülkiyyət hüququnun insanların əlindən alınmasının konstitusion əsasını yaradırlar. Onsuz da indiyə qədər insanların mülkiyyətini əllərindən alırdılar. İndi isə bunu Konstitusiya ilə eləməyə hazırlaşırlar. Bunu artıq adi həyat normasına çevirməyə çalışırlar. İrəli sürülən bu təşəbbüslər respublika hakimiyyətinin xalq hakimiyyəti görüntüsündə aradan qaldırmağa yönəldilib. Dövlət başçısı istədiyini eləyə bilər. Bu dəyişiklikləri bir cümləylə də ifadə eləmək olardı. Konstitusiyaya bir maddə yazardılar ki, «referendumla hüquq verin, İlham Əliyev bu ölkədə istədiyini eləyə bilsin»».

Buna da bax: 'Monarxiya qurulur' - Arif Hacılı

XS
SM
MD
LG