Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:52

Mirşahin Ağayev: “İlham Əliyevdən xahiş edirik ki...”


Mirşahin
Mirşahin

-

“Həmişə azad mətbuata dəstək olan prezidentimiz İlham Əliyevdən çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin”.

Bunu ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev deyib.

O, APA-ya açıqlamasında baş verənlərin əsas səbəbinin Fətullah Gülənin mətbuat konfransının olduğunu bildirib.

“Fətullah Gülən ANS-in əməkdaşına əlahiddə bir müsahibə verməyib. Bu bir mətbuat konfransı olub ki, ANS-in əməkdaşı da digər jurnalistlərlə birlikdə burada iştirak edib. Lakin müsahibə ilə tanış olan şirkət rəhbərliyi bu mətbuat konfransına baxandan sonra və qardaş Türkiyədəki son olayları nəzərə alaraq onu efirə verməməyi qərara alıb".

M. Ağayev bildirib ki, müsahibənin anonsları olmayıb.

“Elə MTRŞ-nin monitorinq xidməti bunu asanlıqla təsdiq edə bilər. Fətullah Gülən sadəcə, mətbuat konfransı keçirib və burada iştirak etmiş xarici kütləvi informasiya vasitələri həmin tədbirdən reportaj hazırlayıb, öz internet səhifələrində fotoşəkillər yerləşdiriblər. Bu şəkillərdə ANS-in müxbiri Qənirə Ataşova da var. Azərbaycanın müəyyən saytları isə həmin şəkli öz səhifəsinə qoyub və Gülənlə müsahibənin də ANS-də gedəcəyini anons ediblər. Tam məsuliyyətlə bildiririk: ANS-də Fətullah Gülənin müsahibəsinin anonsu getməyib. Tam əminliklə demək istəyirəm ki bu saytlara ANS-dən belə bir məlumatı heç kim verməyib", - M.Ağayev deyib.

Baş direktor bildirib ki, əməkdaşlarının Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi ciddi ehtiyatsızlıq olub.

“Mən etiraf edirəm ki, bu addımın Azərbaycan və Türkiyə arasında belə böyük narahatlıq yaradacağını güman etməzdim. Bu ciddi xətadır və mən buna görə, ANS rəhbərliyi adından Türkiyə və Azərbaycan xalqlarından üzr istəyirəm. Məncə, bizim ən böyük səhvimiz - Türkiyə pasportuna malik jurnalistlərin mətbuat konfransından kənarlaşdırılması zamanı onlarla həmrəylik nümayiş etdirərək tədbiri tərk etməməyimizdir”

“ANS-in milyonlarla tamaşaçısından üzr istəyirik”, deyən M.Ağayev ANS-in bağlanmasına gətirib çıxaran addımlar atdıqlarını bildirib.

“Biz məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına ətrafı izahat, lazımi sübut və dəlillər təqdim etmişik. İnanırıq ki, tezliklə ədalətli qərar çıxarılacaq, ANS bundan sonrakı fəaliyyətində daha diqqətli və ehtiyatlı olacaq. Eyni zamanda həmişə azad mətbuata dəstək olan Prezidentimiz İlham Əliyevdən isə çoxsaylı kollektivimiz adından xahiş edirik ki, 22 iyul Mətbuat Günü ərəfəsində fəaliyyətimizi bərpa etməklə yüzlərlə əməkdaşımızı və milyonlarla tamaşaçımızı sevindirsin", M.Ağayev vurğulayıb.

Milli Televiziya və Yayım Şurası ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının iyulun 18-i saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.

Qərarın Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə qəbul edildiyi açıqlanır.

Dünən həmçinin, Milli Teleradio Şurası ANS ÇM radiosuna verilmiş xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə də qərar qəbul edib.

XS
SM
MD
LG