Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:07

Müsavat Konstitusiya dəyişikliklərinə qarşı çıxır


Müsavat başqanı Arif Hacılı
Müsavat başqanı Arif Hacılı

-

“Prezidentin Konstitusiya Məhkəməsinə göndərdiyi “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Referendum Aktı layihəsi göstərir ki, hakimiyyət mövcud avtoritar rejimi daha da sərtləşdirmək niyyətindədir".

Müsavat Partiyası divanının bu gün yaydığı bəyanatda belə deyilir.

Partiya qeyd edir ki, son illər hakimiyyətin tez-tez qanunvericilikdə və Konstitusiyada dəyişiklikləri bir qayda olaraq, idarəçiliyin daha da sərtləşməsinə, demokratik cəmiyyət quruculuğuna əngəl yaratmağa xidmət edib.

“Prezidentlik müddətinin 7 ilədək artırılmasını, prezidentin təyin edəcəyi vitse-prezidentlik institutunun yaradılmasını, prezident seçilmək üçün aşağı yaş həddinin aradan qaldırılmasını nəzərdə tutan əlavə və dəyişikliklər layihəsi ölkədə avtoritar rejimin daha da gücləndirilməsindən xəbər verir. Prezidentə növbədənkənar seçkilər təyin etmək səlahiyyətinin verilməsi, parlamentin səlahiyyətlərinin və torpaq üzərində mülkiyyət hüququnun məhdudlaşdırılması da mürtəce xarakter daşıyır”, bəyanatda vurğulanır.

Müsavat Partiyası bəyan edir ki, bu dəyişiklikləri nəzərdə tutan referendumun keçirilməsi ölkədə avtoritar cəmiyyətin daha da möhkəmləndirilməsinə xidmət edir. Dövlətin və xalqın mənafelərinə ziddir.

Partiya belə referendumun keçirilməsinə yol verməməkdən ötrü Konstitusiya və qanunların imkan verdiyi bütün vasitələrdən istifadə edərək mübarizə aparacağını bəyan edir.

İyulun 18-də dövlət başçısı İlham Əliyevin imzası ilə Konstitusiya Məhkəməsinə göndərilən Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması nəzərdə tutulur. Habelə, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artırılır. Prezident və parlament seçkilərində yaş məhdudiyyəti aradan qaldırılır.

Hakim Yeni Azərbaycan Partiyasının rəhbər şəxsləri isə bu Referendum Aktını müdafiə edən açıqlamalar veriblər. Onların fikrincə, orada nəzərdə tutulan əlavə və dəyişikliklər bütünlükdə ölkənin mənafeyinə cavab verir.

XS
SM
MD
LG