►Ekspert Əlövsət Əliyev vətəndaşlıqdan məhrumetmə ilə bağlı Konstitusiya təklifini şərh edir
“Vətəndaşlıqdan imtina ilə bağlı Konstitusiyaya təklif olunan dəyişiklik layihəsi başdan- ayağa məmur özbaşınalığına yola açacaq”.
Bunu miqrasiya məsələləri üzrə ekspert Əlövsət Əliyev AzadlıqRadiosuna iyulun 18-də açıqlanan Referendum Aktına təklifləri şərh edərkən deyib.
Onun sözlərinə görə, vətəndaşlığın itirilməsi əsasları “Vətəndaşlıq haqqında Qanun”la tənzimlənir:
“Bu, iki il əvvəl qanuna əlavə edilib. Həmin əsaslara görə aşağıdakılar Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi üçün əsas hesab edilir: Azərbaycan vətəndaşının digər dövlətin vətəndaşlığını könüllü əldə etməsi, xarici dövlətin dövlət və ya bələdiyyə orqanlarında, yaxud silahlı qüvvələrində və ya digər silahlı birləşmələrində könüllü xidmət etməsi, dövlətin təhlükəsizliyinə ciddi zərər vuran davranışı, Azərbaycan Respublikasının vətəndaşlığını əldə etmiş şəxsin vətəndaşlığa qəbul olunmaq üçün zəruri məlumatı qəsdən saxtalaşdırması və ya saxta sənəd təqdim etməsi. Bunlar olduqda Azərbaycan vətəndaşı vətəndaşlığını itirə bilər”.
“Heç bir halda”nın əhəmiyyəti
Əlövsət Əliyev deyir ki, Konstitusiyanın 53 -cü maddəsinin birinci hissəsində “heç bir halda” sözləri çıxarılarsa, bu, vətəndaşlıqdan məhrumetmə hallarının sayının artmasına şərait yaradacaq. Ekspertin fikrincə, belə bir dəyişiklik hakimiyyətin “istədiyi vətəndaşları vətəndaşlıqdan məhrum etmək niyyəti” ilə bağlıdır:
“Vətəndaşlıqdan məhrumetmə vətəndaşlığın itirilməsinə bərabər tutulacaq. Miqrasiya xidməti xaricdə yaşayan istənilən şəxs haqqında onun Azərbaycan vətəndaşlığını itirdiyini təsdiq edən qərar qəbul edə biləcək. Bu hallar onsuz da mövcuddur. Tanıdığım onlarla Azərbaycan vətəndaşı vətəndaşlıqdan məhrum edilib. Bu dəyişiklik də bu halları daha da möhkəmləndirir”.
“Onsuz da nə qədər adam vətəndaşlıqdan çıxarılıb”
Əlövsət Əliyev hesab edir ki, bu, həm də xaricdə yaşayanların Azərbaycandakı siyasi proseslərə təsirinin azaldılması məqsədi güdən bir layihədir:
“Şəxs başqa ölkənin vətəndaşlıgını almadan vətəndaşlıqdan çıxarıla bilməz. Amma Azərbaycan buna əhəmiyyət vermir. Məsələn, ictimai fəal Emin Hüseynov başqa ölkənin vətəndaşlığını qəbul etmədən Azərbaycan vətəndaşlığından çıxarıldı. Ancaq bu, ölkədə yaşayanlara tətbiq edilə bilməz. Ölkədə yaşayan o şəxslərə tətbiq oluna bilər ki, onlar Azərbaycan vətəndaşlığını saxta sənədlərlə əldə etmiş olsunlar”.
Ekspert vurğulayır ki, əslində Vətəndaşlıq haqqında qanuna edilən son dəyişikliklər Konstitusiya ilə uzlaşmırdı,
“Konstitusiya “heç bir halda vətəndaşlıqdan məhrum edilə bilməz” dediyi halda, qanun vətəndaşlığın xitamı üçün əsaslar sadalayırdı” deyən Əlövsət Əliyev bildirir ki, indi Konstitusiya qanuna uyğunlaşdırılır: “Əslində isə əksinə olmalıdır, qanun Konstitusiya müddəalarını əks etdirməlidir”