Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:07

"Güləni ediblər xoxan"


arxiv fotosu
arxiv fotosu

Bakıda Qafqaz universiteti əvvəlcə bağlandı, sonra idarəçiliyə verildi, Türkiyə mediası iddia edir ki, bu universitet gülənçilərin Türkiyədən kənarda yaratdığı ilk universitet olub, Fətullah Gülənlə müsahibənin anonsunu yaymaq iddiası ilə ANS-i bir aylığa bağladılar və s.

Bütün bunlar nəyi göstərir? Fetullah Gülən və tərəfdarları Azərbaycana beləmi geniş sirayət ediblər yoxsa Azərbaycan hakimiyyəti Türkiyə hakimiyyətindən çəkinir?

Politoloq Zərdüşt Əlizadə hesab edir ki, Azərbaycanda Gülən təhlükəsi yoxdur. Politoloq ümumiyyətlə Gülən haqda yaradılmış miflərə inanmadığını söyləyir:

“Belə bir qayda var. 37-ci ildə də var idi. Yuxarıdan deyirdilər ki, 5 nəfəri həbs edin, bunlar xoş gəlmək üçün 15 nəfəri həbs edirlər. Filankəsin saçını qırxmaq lazım olanda başını vururdular. Indi də Güləni ediblər damdabaca, xoxan.

Zərdüşt Əlizadə
Zərdüşt Əlizadə

Hərçənd ki,onun elə bir gücü yoxdur. Özü savadlı insan olsa da, Türk dövlətini sarsıda biləcək gücü yoxdur. Bu Türkiyə dövlətinin özünün səhv siyasətindən doğan ziddiyyətlərdir ki, bu qanlı hadisələrə gətirib çıxardı. Qaldı ki, Azərbaycana, Qafqaz Universiteti ölkədə ən əhəmiyyətli, ən savadlı, özəl universitetlər arasında ən güclü universitet idi ki, öz tələbələrinə qibtə ediləcək bilik verirdi. Onun bağlanması Azərbaycan cəmiyyəti üçün böyük itkidir. Təbii ki, hökumətimizin səhv addımıdır.

ANS-ə gəldikdə isə, onlar özlərində cəsarət tapıb deyə bilmədilər ki, medianın vəzifəsi hökuməti qorumaq, sabitliyi möhkəmləndirmək deyil, televiziyanın vəzifəsi xəbər verməkdir. Biz də öz peşə borcumuzu yerinə yetirib xəbər verirdik. Indi bizim nə günahımız var ki, siz kimisə Türkiyə dövlətinin düşməni hesab edirsiz? Gülən təhlükəsi bizdə demək olar ki, yoxdur. Ümumiyyətlə Fətulla Gülən təhlükə deyil. O bir din xadimidir, dünyəvi dövlətə, İslam dinini möhkəmlətməyə çağırır. Heç bir qanuni əsas yox idi ki, ANS-i bağlasınlar”.

"GÜLƏN AMİLİNİ KƏSİB ATA BİLMƏZ"

Siyasi şərhçi Azər Rəşidoğlu isə Türkiyə hakimiyyətinin istəyi ilə Azərbaycanda nurçuluğa qarşı açılmış savaşı bir siyasi oyun kimi qiymətləndirir:

Azər Rəşidoğlu
Azər Rəşidoğlu

“Məncə bu məsələyə Fətulla Gülən prizmasından baxmaq yanlış olardı. Burda daha çox geosiyasi məsələlər və eyni zamanda hakimiyyətdaxili qarşıdurma amili rol oynayıb. Əgər söhbət ANS-in bağlanmasından gedirsə Fətulla Gülənlə efirə getməmiş müsahibə mövzu ola bilməzdi. Jurnalistin, adı dövlət çevrilişində hallanan bir adamdan müsahibə götürməsi jurnalistin birbaşa peşə borcudur. Buna görə jurnalistin təzyiq məruz qalması ağlabatan deyil. Bu hakimiyyət daxilində ANS uğrunda gedən savaşın nəticəsi idi.

Azər Rəşidoğlu: "Gülən amilini kəsib ata bilməz..."
Gözlə

No media source currently available

0:00 0:02:27 0:00
Direct-ə keçid


Azərbaycanın Qərbə çıxışı, ABŞ-ın siyasi elitasına çıxışı, birbaşa çıxışı Fətullah Gülənlə bağlıdır. Bu baxımdan Azərbaycan hakimiyyəti Gülən amilini tamamilə kəsib ata bilməz. Amma Ərdoğan hakimiyyəti Azərbaycan hakimiyyətini Fətulla Gülənə qarşı bir savaş açmağa vadar edir. Yaranmış vəziyyətdə Azərbaycan hakimiyyəti üzdə Fətullah Gülənin maraqlarını zərbə altında qoymuş kimi görünsə də əslində o mahiyyət etibarı ilə Fətulla Gülənə ABŞ-la öz arasında körpü kimi baxır”.

"ÇƏKİNİR"

Siyasi şərhçi Gültəkin Hacıbəyli isə bildirir ki, Azərbaycan hakimiyyəti Türkiyə hakimiyyətindən çəkindiyi üçün belə addımlar atır:

“Türkiyədə baş verən dövlət çevrilişinə cəhddən sonra Ərdoğan hakimiyyəti sözsüz ki, çox gücləndi və müəyyən mənada hətta aqressivləşdi. Bu aqressivlik istər ölkədaxili davranışlarda hiss olunur. Istərsə də ökə xaricinə sirayət edir. Heç də təsadüfi deyil ki, Azərbaycanda dövlətə birbaşa bağlılığı olmayan kanallardan birinin Fətulla Gülənlə müsahibəni anons etməsi Türkiyə cumhurbaşkanında çox aqressiv bir reaksiya doğurdu.

Əslində bu başadüşülən deyil. Çünki jurnalistlərin bütün tərəfləri dinləmə haqqı var. Və bu müsahibənin anons edilməsi terroru dəstəkləmək kimi təqdim etmək əsla düzgün deyil. Bu mediaya qarşı bir həmlədir. Bunun qarşılığında Azərbaycan hökuməti Türkiyə hökuməti qarşısında çəkindiyindən belə bir addım atdı.

Bunun ardınca Qafqaz Universitetinin bağlanması düzgün qərar deyil. Sonradan bu qərara əl gəzdirildi. Məlum oldu ki, Qafqaz Universitetinin yalnız yönətimi dəyişdirildi. Qafqaz Universiteti bu gün Azərbaycanda fəaliyyət göstərən 2-3 normal təhsil ocaqlarından biridir. Türkiyədə baş verən hadisələrə görə Qafqaz Universitetinin bağlanması haqda qərar yanlış qərar idi. Sonradan bu qərara düzəliş edildi. Bundan öncə də Türkiyə Azərbaycandan bu xidmət şəbəkəsinin qapadılmasını tələb etmişdi. Amma Azərbaycan hakimiyyəti buna o qədər də həvəslə getmirdi.

Ancaq bu şəbəkənin Azərbaycan üçün nə qədər təhlükə törətməsini demək çətindir. Amma bu şəbəkəyə aid olduğu deyilən məktəblər və Qafqaz Universiteti Azərbaycanın təhsil sisteminə kifayət qədər töhfə vermiş bir institutlardır. “

XS
SM
MD
LG