Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:30

Görəndə ki eşşəyini kəsib əsgərlərə yediriblər...


Azərbaycan yazarı Bəxtiyar Hidayət
Azərbaycan yazarı Bəxtiyar Hidayət

-

"Qaqa, bu müharibə iki cür adamı üzə çıxartdı. Papaq altda yatan oğulları, bir də tuman altda yatan oğulları. O tuman altda yatanlar indi üzə çıxmırlar. Qoy müharibə qurtarsın, papaq altda yatan oğulların hamısını baqaja qoyacaqlar".

"Əşşi, Xuramanla mən evlənə bilməzdim. Otağı süpürəndə bir dəfə ayağıma süpürgə toxundurmuşdu, üç dəfə yerə tüpürdü. Guya düşər- düşməzi varmış. Kopolunun rusunun vecinə deyil düşər -düşməz zad".

"Və bir xəbər öldürdü onu. Əsgərlərə eşşək əti verirmişlər. Özü də onun rayonunda. Bu anda həmin xəbərləri televiziya da verdi. Kəsilmiş eşşək başlarını da nümayış etdirdilər".

Bəxtiyar Hidayət

QARANLIQDƏRƏNİN QARA XATİRƏSİ

hekayə


Para şaqqası qaxaca dönmüşdü. Sağ tərəfi yox idi sanki. Həkimlərin dediyindən belə çıxırdı ki, ürəyi çox sağlam imiş və indiyənəcən salamat qalması ürəyinin səbəbinə imiş. Indi üstəlik ürək ağrısı da tapmışdı , hamısı da Qaranlıqdərənin itkisi ilə bağlı idi. Ürəyini indiyənə qədər sap- sağlam saxlayan da Qaranlıqdərənin havasıymış, suyuymuş, meşəsinin mer -meyvəsiymiş. Quzeyinin xəzəziymiş, güneyinin çiyələyiymiş. Sağ əli imiş onun Qaranlıqdərə. İndi para şaqqasının quruması da Qaranlıqdərədən didərgin düşməsi ilə üst- üstə düşmüşdü. Amma bunun günahını erməninin üstünə atmırdı, öz keçmiş şagirdlərində görürdü. Bəlkə də vaxtilə onları haqsız yerə döydüyünün cəzası idi bu. Eləmi döyürdülər onda uşağı ki? Təsəvvür elə, yazı taxtasının qırağının rezinindən şallaq düzəltmişdi, uşağı o şallaqla çırpırdı. Bir valideyn də qayıtmamışdı üzünə. Allahın bir aynası qırılanda bir sinifi müəllimlər otağına doldurub çırpırdılar. Dərsə gedən müəllimin hərəsi bir şapalaq vurub jurnalı götürür, dərsdən gələn müəllimin də hərəsi jurnalı yerinə qoyub bir şapalaq vurub otururdu. İndi o boyda el-oba yoxa çıxmışdı, çırpılası adamı tapan yox idi, şallaqlanası adamlar hələ də siyasət meydanında şıllaq atırdılar.

Buna da bax: "Haqqımı məmurlar yeyir, istedadsız yazarlar yeyir..."

Şagirdləri ona eşşəklə çox odun daşımışdılar, paya gətirmişdilər. Amma indi yüklü, barxanalı eşşəyi də yanında qoyub aradan çıxmışdılar. Keçmiş şagirdləri indi hərəsi bir yerdə döyüşçü idilər. Qaranlıqdərədə qalan işıqlı günlərin həsrətini onlar da çəkirdilər. Onların da sanki para şaqqaları qurumuşdu. Əvvəlki ayın- şayın günlər, görkəm yox idi, üzlərindən zəhrimar yağırdı, müharibə yağırdı. Indi onlar da hər döyüşdə düşdükləri ağır vəziyyətdən Məlimin bir rolu olduğunu sanırdılar. Gərək belə eləməyəydilər. Gərək onu yarı yolda qoymayaydılar. Erməninin gülləsinin səsi altında Məllimi yolda qoyub özləri aradan çıxmışdılar. O da qorxmuşdu, şəkər olmuşdu. Və indi ölürdü Bakının düzündə, özü demiş qutunun içində. Onda bircə Dəli Cəlal gəlib harayına yetmişdi- örəyini yemişəm, səni burda qoyub gedə bilməzdim demişdi. Məllim çörəkcil adam olmamışdı. Ömrü boyu qapısını bir qonaq açmazdı. Bəlkə də üst- üstə 5-10- ca dəfə çayxanada olmuşdu. Ömründə bir dəfə pul verməmişdi arağa. Bəlkə heç arağın qiymətini də bilmirdi. Di gəl yaxşı vuran idi-toyda, nişanda qabağına çıxan olmazdı. Beş-altı beləsi bir toyda olsa, toy sahibi ziyanda qalardı. 5-6 stol dəyişərdi, hamıdan əvvəl oturub hamıdan sonra qalxardı. Hətta bir-iki dəfə partlamaya düşmüşdü. Buna Qaranlıqdərədə “pörtdəmədən pardamaya düşmək” deyirdilər. Bir də deyirdilər – kəhliyi azıb. İndi özünü bu Bakı qutusunun içində azmış sayırdı. O vaxt saman onun olmasa da samanlıq onun idi ki, indi o samanlıqdan əsar- əlamət qalmamışdı. Bir toğlunu yeyən adam indi bir cücəni iki günə yeyə bilmirdi.

Dəli Cəlal qıraq ellərdən idi. Məllimin evi kəndin uc-qırağında olduğundan bir iki dəfə onun evini post eləmişdilər, evində zoğal arağı içib, qayğanaq yemişdilər. Məllimi o da yandırırdı ki, öz doğmaları, öz oğulları o dar gündə yanında deyildi. Elə qospitalda da yanındakı Dəli Cəlal idi. Onun da bir şaqqası yox idi, sağ ayağı dizdən kəsilmişdi.

Onda oğlanları gəlib kənddə görünməmişdilər. Özü də kənddən çıxa bilmirdi. Sonra ermənilər 1-2 ay bir nəfəslik açdılar- daşınıb getsinlər deyə. Onda da üç oğuldan biri gəlmədi kəndə. Heç özü də istəmirdi bunu. Amma həm də istəyirdi kənddə bir çöpü də qalmasın, hamısını daşısın. Di gəl necə? Yol bağlı. Dağ-daşla da eşşəkdə nə qədər yük daşımaq olardı? Ömrü boyu eşşəkmi alıxlamışdı, xurcunmu yükləmişdi. Əlkütün, fəfiyin biri idi. Eybini indiyənə qədər müəllimlik örtmüşdü. Odun lazım oldumu şagirdləri müşəyə göndərmişdi. Paya lazım oldumu elə, sap lazım oldumu elə. Amma indi zaman o zaman deyildi. Müharibə demə idi zaman. Heç İkinci Dünya Müharibəsində də onun kökündən- Qarabığlardan kimsə iştirak eləməmişdi. Kimi özünü xəstəliyə vurmuş, kimi də arxa cəbhədə başının çivinini qoylamışdı.

Buna da bax: "Biz hələ yaşamırıq, nə vaxt ehtiyac olsa, onda yaşayacağıq"

Az qala 40 il çalışdığı, tikib qurduğu evi bə hara aparacaqdı? Tövləynən bir mal- qaranı neynəyəcəkdi? Yalnız hamamın üstünün betonu üçün sovxozun üzümlüyündən 40 beton dirək oğurlamışdı- o əziyyəti necə olacaqdı? Arvadı xalxın arvadı kimi deyildi ki, kömək edib stolbanın bir tərəfindən yapışaydı, ömrü boyu canını hərləmişdi. Yeriməyə də can çəkirdi. Özü demiş - necə yerişi vardı, elə də sevişi vardı -arvaddan da yarımamışdı. Xalx pambıq üstə yatanda o taxta üstə yatmışdı.

Bir yandan da bankda pul ölürdü. İnsanlıq da sovet pulu kimi qiymətdən düşürdü. İnsanlara da banklar kimi inam itirdi.

O keçmiş şagirdləri üzünə çox ağ olurdular-oğlanalrın hanı, hərəsi bir orduya cavab verərdi. Qarabığlardan niyə biri də yoxdu kəndin müdafiəsində- deyib Məllimi pisikdirmişdilər. Məllim bəlkə də orda bir çoyutma gülləyə qurban getsə daha yaxşı olardı indi Qarabığlardan da bir şəhid çıxardı. Oğlanları şəhd ailəsi kimi yaşayardı.

Axır vaxtlar gecə tualetə də gedə bilmirdi. Aynadan siydiyini görənlər olmuşdu. Hələ vedrənin başına nə oyunlar açmışdı? Elə o vedrəyə qədər də eşşəyə yükləmişdi. Uşaqlara beş- on zoğal arağı vermişdi ki, məni də çıxardın kənddən. Kənddə qalanlara da araq paylamışdı- mal-qaraya baxsınlar deyə. Onlar da bekara atışma səsindən hürküb Məllimi unutmuşdular. Eşşəkli-zadlı qalmışdı Fındıqlı dərənin qaramatında. Eşşək demiş...

Dünyada bəlkə də nadir eşşək idi onun eşşəyi ki, təpəl idi. Qara eşşək, alnında təpəli. Əvvəllər az- az yükləndiyindən dərisinə sığmırdı. Amma elə ki, ermənilər o nəfəsliyi açdılar, təpəl eşşəyin qara günləri başladı- əlinə keçən aparıb yükləyirdi. Məllim özü elə indilərdə ələ keçirmişdi onu. O da belə.

Eşşəyin alnındakı təpələ görə adı da vardı- Qarbaçov.

Bax o axşam Dəli Cəlal gəlincə Məllim Qarbaçovla baş-başa qalmışdı. Necə də vəfalı imiş. Məllim onu xeyli döymüşdü. Ömrü boyu zoğal arağını bica yerə hayıf eləməzdi. Aparıb Bakıda, Sumqayıtda baha qiymətə satardı. Amma indi içməsə gecə yatağa girə bilmirdi. İçməsə kəndin içinə çıxa bimirdi. İçkisiz belə qorxulu yola da çıxa bilməzdi. Içəndən sonra da sanki Qarbaçovun özü əlinə keçmişdi kimi davrandı eşşəklə. Xeyli çırpdı eşşəyi. Kopolu, niyə dağıtdın gül kimi hökuməti? Reyqanla o suyun altında nə danışdınız, haayh? Sonra da ağır bar- barxananı sanki Mixail Sergeyeviç Qorbaçova yükləyirmiş kimi yüklədi eşşəyə. Amma eşşək o dar ayaqda gəlib ona simsar dururmuş kimi başının üstündə durdu. Sonra da Dəli Cəlal gəldi.

Buna da bax: "Azərbaycanda senzura varmı? - [Sorğu]"

Geri qayıdan Cəlal tapmışdı onu. Və yenidən qayıtmışdı Qaranlıqdərəyə. O gecə Cəlal qalmışdı yanında.

Məllim onu o dərənin qaramatında qoyub gedən birinə də bir söz demədi. “Hamısı cımxır dəlidi, ağzımdan bir xəlpətərə söz çıxar, kəlləmə bir güllə sıxıb leşimi qandoyun birinə qımcırlayarlar, adımı da şəhid qoyarlar. Qoy hələ sular durulsun”

İndi Bakının düzündə para şaqqası can verirdi. Oğlu, qızı da yanında. O da “Cəlaldan muğayat olun” deyirdi. Və Cəlal kəsik ayağı ilə gəlib özü Məllimin yanına çıxmışdı. Necə də oxşayırmış böyük oğluna. Sanki bir alma idilər, yarı bölünmüşdülər. Yox, indi müharibə dövrü idi- sanki bir bomba idilər, yarı bölünmüşdülər. Cəlalın sanki kimi, kimsənəsi yox idi. Kimsə gəlib yoluxmurdu.

Cəlalın gəlişi bir qədər ürək- dirək vermişdi ona. Cəlalın danışdığı haqq- hesablar umud da vermişdi. Guya beş- on günə kəndlər, rayonlar geri qayıdacaqdı. Məllim ən çox Türkiyənin köməyinə bel bağlayırdı. Amma bu ümidini Cəlal qırdı:

-Məllim, Elçibəy aparıb öz soy- kökünü Səfəvilərə bağlayıb. Özü də türkləri böyük qardaş eləyib. O böyük qardaş da Səfəviləri düşmən dövlət bilir, 200 ildən artıq müharibə olub aralarında. Fürsət gəzirlər Səfəviləri baykot eləməyə.

-Mən Səfəvi- Məfəvi qanmaram, türklər gələcək. Boz qurdlar gələcək.

- Məllim, bizimkilər də yaman “boz qurd, boz qurd” deyirlər. Bizə lazımdı bu gəmi batmasın. Bu gedişlə boz qurdlar gəmini “nu paqadi”dəki volk kimi quruynan sürəcəklər. Adını da qoyacaqlar ki, biz Fateh Mehmetin nəvələriyik, quruda da gəmi sürə bilirik.

-O zaman da gəliblər, bizim kənddən də keçiblər. Xilas ediblər bizi.

- O zaman o zamanda qaldı, indi mis aparmağa, dönərxana açmağa gəliblər, Məllim. Onların TIR- ları yollarda bizim tanklardan çoxdu. Alver eləyirlər.

* *

Bir gün Cəlalın bir ellisi də gəlib çıxdı. Məllim belə yəqin etdi ki, Cəlalı elliləri indiyənə qədər Surqutda bilirmişlər. Heç evə bildirməyibmiş döyüşdə olduğunu. Cəlal çalışırdı onun xətrinə dəyməsin. Ona görə də o ağır sözü deyəndə Müəllimi yatmış bilmişdi. Məllim də özünü doğrudan da yuxululuğa vurub daha dərindən xoruldamışdı:

-Qaqa, bu müharibə iki cür adamı üzə çıxartdı. Papaq altda yatan oğulları, bir də tuman altda yatan oğulları. O tuman altda yatanlar indi üzə çıxmırlar. Qoy müharibə qurtarsın, papaq altda yatan oğulların hamısını baqaja qoyacaqlar. Bilirəm, bu kimi şeyləri, bilirəm.

Cəlal bu sözləri həmin ellisinə demişdi. Ellisi də sonra qalxıb getmişdi muştuluq almağa. Bir- iki günə Cəlalgildən gələsi idilər ki, bu arada Cəlalın yanına başqa bir adam da gəldi və bu adama Məllim adam yox, mələk deyərdi . Bu uca boylu, göy gözlü, sanki rəssamın fırçasından çıxmış Maşa idi.

Əvvəl Məllim elə bildi o da “medsestra”dır. Cəlala belə can yandıran “medsestra” olmamışdı burda. Sonra Cəlal hər şeyi danışdı. Maşa həqiqətən də həkim imiş. Özü də buranın həkimlərindən çox- çox yaxşı həkim. Elə Cəlalın yaralarını təmizləməyindən, dərmanlamağından, sarımağından, o biri həkimlərə göstəriş verməyindən anlamaq olardı bunu. Amma Maşa buraların adamı deyilmiş, Surqutdan gəlibmiş. Müharibə olmasa Cəlalla evlənəsi imişlər. Cəlal da onu gözüyaşlı qoyub gəlib döyüşməyə.

Maşa gəlincəyə qədər Məllimin övladlarından biri də gecələr otaqda qalırdı. Amma Maşa bu arada “gecə növbətçisi” işini öz gözəl çiyinlərinə götürdü. Məllimə də can yandırırdı. Sanki Məllim uşağı idi- əli ilə yedizdirirdi onu. Hətta bir- iki dəfə altını da təmizləmişdi. Uşağı yatızdırıb əməliyyata başlayan valideynlər kimi bir gecə Məllim yatandan sonra əməliyyata da başlamışdılar ki, Məllim əslində bunu görmüşdü və canına bir güc gəlmişdi, qüvvə gəlmişdi. Sanki Maşanın bədəni müalicə imiş onunçün... Bu əməliyyatın hər gecə təkrar olmasına razı idi Məllim. Amma sonra Cəlalın anası, bacısı da gəldi. Buna qədər isə Məllimin gücü, qüvvəsi bir qədər də özünə gəlmişdi. Ailəvi şəkil albomunu qospitala gətirmişdilər və o albomdakı şəkillər Qaranlıqdırı tamı verirdi. Bulaqları, meşələri, çəmənləri, dağları xatırladırdı. Yoxsa, getdikcə işğal böyüyür və Məllimin olan- qalan inamı da işğala məruz qalırdı.

Evlərinə oğurluğa girən döyüşçülərdən kimsə bar- barxanannın içində gətirmişdi albomu. Albom da sonra necə olubsa gəlib çadır şəhərciyinə çıxmışdı. Ordan da Məllimin ailəsinə çatdırmışdılar..

Gör deyirdi xalxın necə oğulları var- əvvəl öz evini daşıyıb qurtarıb, sonra da onun – bunun evini daşıyıb bar -barxananı satırlar. Onun evinə girənlər kimlər idisə, əməllicə pul tutmuş olardılar. Iki gəlinin cehizi evdə idi. Üstəlik də Məllimin öz yığdıqları. Yalnız məktəbdən o qədər şeylər çırpışdırmışdı ki- maqnitafonlar, kino aparatları, emalatxanadan müxtəlif alətlər- elektrik avadanlıqları, cürbəcür avadanlıqlar. Hətta məngənəyə qədər oğurlamışdı.

Cəlalın doğmaları da əvvəl Maşanı “medsetra” bildilər. əslində hər şeyi Maşa özü korladı. Cəlalın anasına o qədər “mama, mama” dedi, arvad gördü bu həna o hənadan deyil. Birdən beyni çönmədimi?

Otaqda elan olunmamış müharibə başladı.Maşanın üz- gözünü cırdılar. Guya o olmasa Cəlal öz xalası qızı ilə evlənəsi imiş. O qancıq olmasa Cəlal Surquta qayıtmayacaqmış.

Cəlalın bir sözü Məllimin yadından heç çıxmadı:

-Əşşi, Xuramanla mən evlənə bilməzdim. Otağı süpürəndə bir dəfə ayağıma süpürgə toxundurmuşdu, üç dəfə yerə tüpürdü. Guya düşər- düşməzi varmış. Kopolunun rusunun vecinə deyil düşər -düşməz zad. Süpürgəyə görə yerə tüpürən, kasıblığa görə adamın üzünə də tüpürər.

-Anangil deyirdi Maşa bakirə deyil, ocağımıza gəlin gələ bilməz.

- Məllim, pərdə arxasında əlli cür hoqqabazlıq, əyrilik edən millət bir bakirəlik pərdəsindən nə yaman yapışıb belə? Dindarı qadının üzündə pərdə gəzir, dinsizi qıçının arasınıda. Tüpürüm sizin pərdənizə.

Məllim ağzından bir xəlpətərə söz çıxacağında qorxub susdu.

Sonda məlum oldu ki, Maşa qospitaldan qovlanıb. Amma səhəri gün Cəlal da yoxa çıxdı.

Məllim baxdı ki, şəkil albomu yoxdu. Maşa aparmışdı. Elə bilmişdi Cəlala aiddi. Cəlalın Məllimin böyük oğluna oxşamağı albomun Maşanın əlinə keçməsinə səbəb olmuşdu. Maşa bu albomu Cəlalın ata evindən verilən ən böyük pay kimi aparmışdı özüylə. Məllimin şəkəri bir də qalxdı.

Amma ölmədi Məllim. 3-4 il də beləcə yaşadı. Böyük oğlunn evində qalırdı. Yataq xəstəsi idi. Radioda xəbərləri dinləyə- dinləyə yaşayırdı. Sanki o xəbərlərin içində onun ev- eşiyinin, kəndinin, mal qarasının, xəzəzinin, çiyələyinin, dum- duru buz kimi sularının qayıtması xəbəri də olacaqdı.

Və bir xəbər öldürdü onu. Əsgərlərə eşşək əti verirmişlər. Özü də onun rayonunda. Bu anda həmin xəbərləri televiziya da verdi. Kəsilmiş eşşək başlarını da nümayış etdirdilər. Qarbaçovun da başı o başların içində idi. Görəsən Qarbaçov niyə kənddə qalmamışdı- hər halda ermənilər onun başını kəsməzdilər.

Məllimin bütün ümidləri puç oldu. “Qarbaçov, Qarbaçov, Qarbaçov” deyib gözlərini yumdu.

Bu kadrları Dəli Cəlal da Surqutda izləmişdi. Qarbaçovu tanımışdı. Maşaya o eşşəyin adının Qarbaçov olduğunu xatırlatmışdı. Xeyli də gülmüşdülər. Cəlal da, Maşa da, bu günlərdə sünnət olunmuş oğulları Mişa (Mikayıl) da.

Mişa ona qədər elə bilirdi bu dünyada yalnız sünnətlik əti kəsirlər. Hətta şalvarının qabağını dartıb kəsilən yerə bir də baxdı.

Məllimin yas çadırı isə Qaranlıqdərədəki evindən böyük olardı. Yas yerinə hətta bir- iki deputat da gəlmişdi. Böyük oğlu çox hörmətli adam idi.

Məllimin “Qarbaçov, Qarbaçov, Qarbaçov” deməyini isə hamıdan gizlətmişdilər. Guya “Vətən, vətən, Vətən” deyibmiş. Hətta dövlət qəzetində gedən başsağlıqlarının birində də belə yazılmışdı- o üç dəfə “Vətən, Vətən, Vətən” deyərək gözlərini əbədi olaraq yummuşdu.

XS
SM
MD
LG