Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 06:33

Bizim vaxtımızda referendum


Azad Qaradərəli
Azad Qaradərəli

-

"Bir il sonra cəbhəçilər hakimiyyətə gəlsələr də, onu saxlaya bilmədilər. Dediyim səbəblərdən özlərinin Milli Qəhrəman etdikləri yun al-verçisi olan bir fərsiz polkovnikə və onun dəstəkçilərinə təslim oldular".

"Gördüm bir qara şapka göydə fırlanır. Sərt mart küləyi o şapkanı bir xeyli atıb-tutdu, gətirib düz seçki məntəqəsinin arxasındakı tualetin qabağına saldı. Qəhqəhə və qəzəbli gülüş səsləri kənd meydanını başına götürdü".

Azad Qaradərəli

REFERENDUM

hekayə

Mənə bir hərf öyrədənə 40 il qul olaram.

Həzrət Əli

Həqiqət heç vaxt öz yerində oturmayıb. Məclisə gecikən adam kimi, o öz məqamı da daxil, bütün əsas yerlərin tutulduğunu görüb, dalda-bucaqda əyləşməli olub. Ona görə çox vaxt nəzərə çarpmayıb...

Hər kəsin öz yerində oturmaması bəlkə faciə deyil, amma müəlliminki...

İnsanı mağaradan müəllim və məktəb çıxartdı.

Bura Şərqdir, qoca Şərq. Burda nələr də dəyişsə, min illərdir bir neçə müqəddəs bilinən tabu var ki, onlar əbədi qalır. Bunların ən birincisi müəllimə, ustada olan ehtiramdır. Bir ozanımız belə deyib: “Bir şagird ki, ustadına kəm baxa, Onun gözlərinə ağ damar, damar...”

Mən də belə bir acı yaşamışam. Gözümə ağ gəlməsə də, ürəyimə əbədi göynək hopub. Yanıq yeri adamın bədənində necə qalır? Dərisiz, ala-bula, tük bitməyən əcaib yer kimi...

1991-ci il. Onda mən məktəb direktoru işləyirdim...

Bir səhər 3-cü sinifdə oxuyan qızımın da əlindən tutub məktəbə tərəf gedirdim. Birdən qızım göyə baxıb qışqırdı:

-Ata, ata, ora bax, ayla gün görüşürlər!..

Qızımın baxdığı səmtə dönəndə quruyub qaldım: Qala daşı səmtdən gün təzəcə qalxırdı, Yarımyaylaq səmtdə isə iri fətir kimi ay halələnmişdi. İnanılası deyildi! Adətən bunu qorxulu hal kimi yozan nənəmin dedikləri yadıma düşdü: “Vay o günnən ki, ərnən arvadın sözü çəp gələ, qızmışnan halal adam tutaşa, ustadnan şəyird arasına pərxaşlıq düşə, aynan gün görüşə... Gün üzü tutular onda...”

Bunda da bax: "Başçının maşınında məktəbə getmək (Hekayə)"

Gün üzü tutulub eləməmişdi, amma...

Ölkə təlatümdə idi. SSRİ-nin dağılacağı gün kimi aydın olsa da, fəqət bunu istəməyənlər də az deyildi. Adamlar qorxurdular – SSRİ dağılandan sonra nə olacaq, bizi kimlər idarə edəcək, hərki-hərkilik başlamayacaq ki, güclü-gücsüz əyyamı gəlməyəcək ki? Pul öləcəksə, biz nə ilə al-ver edəcəyik, Azərbaycan müstəqil yaşaya biləcəkmi?...

Suallar çox, doğru, dürüst cavab verən isə yox. Xalq cəbhəsinin üzvləri özlərinin romantik görüşlərini sərgiləyir, Tofiq Fikrətdən, Xəlil Rzadan şeirlər söyləyir, pafoslu çıxışlar edirdilər. Mən də zor-xoş qoşulduğum bu hərakat rəhbərləri ilə - təbii əlim çatanlarla -bəzən mübahisələr edir, onları fakt qarşısında qoyurdum: niyə sonrakı mərhələ barədə danışmırsınız, niyə postsovet dövrünü xarakterizə edən məqalələr yazmırsınız, niyə gələcək yolumuzu açıqlamırsınız?.. Axı bəyənmədiyiniz Leninin keçdiyi yola baxmaq kifayətdir. Elə “Yolumuz hayanadır?” adlı məqalə yazmamışdımı?.. Bəs bizim yolumuz hayanadır?

Təəssüf ki, gümanım doğru çıxdı. Bir il sonra cəbhəçilər hakimiyyətə gəlsələr də, onu saxlaya bilmədilər. Dediyim səbəblərdən özlərinin Milli Qəhrəman etdikləri yun al-verçisi olan bir fərsiz polkovnikə və onun dəstəkçilərinə təslim oldular. İndi yüz dənə bəhanə gətirsələr də, bu faktdır. Bismarkın məşhur deyimi necə idi? “İnqilabı dahilər fikirləşir, fanatiklər həyata keçirir, bəhrəsini fırıldaqçılar görür...”

Bunda da bax: "Gənc yazıçılara məsləhət: "Bərbərxanan, marketin olsa, pis olmaz""

(İclasda bir idman müəllimi yerimişdi çənəmə: “ Leninnən güclə canımızı qurtarmışıq, bu cızma-qaraçı yenə bizi ona sarı çəkir...” O yazıq Otto fon Bismarkın adını belə eşitməmişdi yəqin ki.

3-cü sinfəcən oxumuş bir cəbhəçi seyidin əlini öpmək üçün növbəyə duran bu romantikayla ləbələb dolu insanlardan bundan artıq bir şey gözləmək də mümkün deyildi zatən. Ona görə iclasda mənim yox, şəcərəsi böyük Bəyə gedib çıxan – yalan-gerçək, deyirdilər ki, Bəyin anası bizim rayondakı Seyidlər kəndindənmiş - o seyidin sözü keçirdi.)

Bir yandan da erməni qonşularımız Qarabağda mitinqlər keçirir, adını dəyişdirib Arsak qoyduqları Dağlıq Qarabağı Azərbaycandan ayırmağa çalışırdılar. Orası da məlum ki, Rusiya onların tərəfini tuturdu, Qorbaçovun da əli üstlərindəydi. Belə olan halda müstəqil Azərbaycanın gələcəyi qorxulu görünürdü..

Amma mən uzun illərin boyunduruğunda yaşamağın əleyhinə idim. Hərəkat dostlarımla mübahisə etsəm də, onları daim müdafiə edir, müstəqillik tərəfdarı olduğumu açıqca bildirirdim. Hətta orda-burda qulağıma sözlər çatırdı: “Əşşi, bu müəlliminki lap kefdi e, vallah! Məktəb direktorudur, arvadı da müəllimdir, bir ətək pul alırlar, day bu avara, narkoman, türemşik cəbhəçilərə niyə qoşulur ki?”

Onların “avara”, “narkoman”, “türemşik” sandıqları bu cəbhəçilər, əslində təmiz adamlardılar. Hər nə çatışmazlıqları olsa da, ölkənin müstəqilliyi üçün canlarından keçməyə hazır idilər. (Onların içində “avara”, “narkoman” da vardı, hələ “türemşik” də. Amma bu uşaqlar da canı-dildən qoşulduqları hərəkata yardım etməkdə israrlı idilər. Vahid belələrindəndi. Onu şərləyib tutmuşdular. Türmədən çıxandan sonra işsiz qalmışdı. Çox ürəkli cəbhəçilərdən idi. Sonradan eşitdim ki, axşam kəndi qapı-qapı gəzib, deyib ki, bax, referenduma – bu barədə az sonra danışacam - kim gəlsə, papağını atacam yerə... Hə, bu Vahidin bir məşur “papaq” əhvalatı da var axı.

Demək hökümət Xalq Cəbhəsinin hörmətə mindiyini görüb, özünün cəbhəsini yaratmaq fikrinə düşmüşdü bir ara. Hamının Atbaş Əhliman dediyi bir adamı – o, Rostovda dəmiryol institunu qiyabi bitirsə də, savadsızın, nadanın biri idi – sədr seçmişdilər. Yeni cəbhənin stadionda keçirilən iclas-mitinqinin qızğın yerində həmən bu Vahid Atbaş Əhlimanın panamasını başından götürüb camaatın ayağı altına atmış, bunula da hökümət cəbhəsini zibilə bulamışdı.)

Nə başınızı ağrıdım, gələcəyimiz yaxşı görünmürdü. SSRİ açıqca gözümüzün önündə dağılırdı. Və o dağılanı saxlamaq üçün mənasız cəhdlər etməyə başladılar. Cəhdin biri “SSRİ-də ittifaqın saxlanılması məsələsi ilə bağlı referendum keçirilməsi” ideyası idi ki, bu artıq ideyadan çıxıb əməli işə çevrilməyə başladı. Və həmin referendum 17 mart 1991-ci ilə təyin olunmuşdu.

Bir gün qabaq müəllimləri yığıb izahat verdim ki, sabah referendum olcaq. Mən şəxsən o tədbirdə iştirak etməyəcəyəm. İstəsəniz, iştirak edə bilərsiniz. Amma məsləhət görərdim ki, getməyin, boykot edin. Çünki artıq SSRİ-nin dağılması labüddür. Biz özümüzü gələcəyə, müstəqil Azərbaycana hazırlamalıyıq... və sair və ilaxır...

Əlbəttə, çoxluq mənimlə razılaşdı, amma hamı deyil. Hətta uzun illər kəndimizdə ibtidai sinif müəllimi işləmiş atam açıqca bildirdi ki, o, SSRİ-nin dağılmasınının əleyhinədir və ona görə də referendumda iştirak edəcək...

Referendumun mənə bir xeyri oldu ki, həmin gün iş günü hesab edilmədiyindən dərs yox idi. Evdə təmir aparmalıydım. Usta da çağırmışdım. Elə təzəcə işə başlamışdıq ki, dedilər qonaq gəlib. Həyətə çıxdım. Qonşu kəndəki məktəbdə işləyən Həmzə müəllim yad bir adamla çəpərin dibində dayanıb məni gözləyirdi. Az sonra o biri qonağı da tanıdım: Kimya birliyinin müdiri Əsgərov idi.

Bunda da bax: "Azad Qaradərəlinin "Kuma Manıç çökəkliyi" romanı çıxıb"

Xoş-beşdən sonra onları evə dəvət etdim. Həmzə müəllim gülüb dedi:

-Ay sənin saqqalın ağarsın... Qonaqlıq vaxtıdır? Bizi iş salmısan! Gəl, gəl min maşına, bizi gözləyirlər...

Təəccüb etdim:

-Nə iş Həmzə müəllim? Allah eləməsin... Sizi çox istədiyimi özünüz yaxşı bilirsiniz...

Həmzə müəllim orta məktəbdə mənə rus dilindən dərs demişdi. Müəllimlikdən əlavə, o həm də əsil şəxsiyyət idi. Həmişə şax gəzər, vüqarını qoruyar, heç kimin – hətta ən vəzifəli adamın belə yanında özünü sındırmazdı. Daim səliqəli geyinər, qalstuk taxar, saçını nəyləsə parıldadar, bahalı ətirlər vurardı. O biri müəllimlərimiz qarın bağlayaraq kökəlib əndazadan çıxsa da, bu uzun-caydaq adam öz formasını qorumuşdu. Yəni onun daxili kimi, zahiri də cəlbedici idi. Bir sözlə, bu kişi məktəbdə biz oğlanların kumiri idi.

Şagirdlərini sevərdi. Məni isə lap çox istəyərdi - əlaçı idim, bir; elə Həmzə müəllim kimi səliqəli idim, iki; özümü artıq şəxsiyyət kimi hiss edirdim, bu da üç.

Həmzə müəllim həm də sinif rəhbərimiz idi...

...Sinif yoldaşımız Günəşə vurulmuşdum. (Günəş də bir Günəş idi! Sinəsindən iki sehrli od çıxıb sübh çağı qəfildən doğan gün kimi gözümüzü qamaşdırırdı. Müəllimli-şagirdli hamının gözü qızın üstündə idi. Mənimki isə tutqu idi. Qıza elə vurulmuşdum ki... İnsafən, o da məni çox istəyirdi... Di gəl, sonradan biləcəm ki, bu, əslində məndən məsələ-misalı köçürmək üçün qızın işlətdiyi bir fənd imiş.) Amma bunu ona heç cür anlada bilmirdim. Bir gün artıq bezdim və götürüb qıza bir məktub yazdım. Təxminən belə sözlər: “Günəş, göydəki günəş də elə bilir ki, günəşdir. Amma anlamır ki, sənin yanında heç ay da deyil. Ay işığın Günəşdən aldığı kimi, göydəki günəş də ziyasın səndən alır. Elə mən də işığı, biliyi, ağılı səndən alıram. Sənsiz mən bir heçəm. Səni ömrü boyu sevəcəyəm.”

Məktubu Günəşə verəndə qız ayağa durub uşaqların içində mənə ağır sözlər dedi, sonra pis-pis söyüşlər söyməyə başladı. Sinfə girən fizika müəllimimiz məsələdən hali olub məni direktorun otağına apardı. Və müəllimlər hərə bir tərəfdən tökülüşdülər üstümə: vur ki vurassan! Elə bu vaxt Həmzə müəllim içəri girdi və məni onların əlindən alıb qışqırdı:

-Nədi ə!? Siz heç uşaq olmamısınız?! Yazıb, yazıb də...

Bayaqdan şirə dönən direktorumuz da, fizika müəllimimiz də dalıladılar. Direktor mənə gözlərini ağarda-ağarda dedi:

-Get, başıı sal aşağı, dərslərıı oxu! Elə eləmə ki, valideynlərıı çağırıb səni itdən alıb, itə verim!

(Biz onda 8-də oxuyurduq. O əhvalatdan sonra Günəş heç dərsə gəlmədi. Eşitdik ki, qızı nişanlayıblarmış. Dərs ilinin sonunda onun toyu oldu və mənim məktub əhvalatım da unuduldu.)

Məktəbimiz 8-illik idi. Biz məktəbi bitirəndə məlum oldu ki, mənə tərifnamə düşür. Yəni bu illər ərzində əlaçı olduğuma görə, buraxılış imtahanlarından da “5” alsam, tərifnamə ala bilərəm. Bu o demək idi ki, istədiyim texnikuma imtahansız qəbul olunaram. Amma mən qəsəbədə orta məktəbi bitirmək istəyirdim. Yəni, tərifnamə-filan marağımda deyildi. Ona görə direktor deyib ki, heylədirsə, qoy tərifnaməni Nazlıya verək.

İnsafən, Nazlı da pis oxumurdu. Bu qara qızın əlindən kitab düşməzdi. Amma mənə çatmazdı təbii ki. Ona görə tərifnamə məsələsi məktəbdə ikitirəlik yaratmışdı. Bir qrup müəllim belə hesab edirdi ki, texnikuma gedib-getməməyimdən aslılı olmayaraq, tərifnamə mənə verilməlidir. Bu qrupa Həmzə müəllim başçılıq edirdi. Başda direktorumuz olmaqla, o biri qrup isə düşünürdü ki, bir halda mən texnikuma getməyəcəyəm, o sənədi zay etməyin adı yoxdur;elə Nazlıya versinlər, atasından da boyun olduğu bir qoyunu alıb aparıb Kinav bulağında kabab eləyib araqla yesinlər, kefləri açılsın. (Nazlının atası rayonda hansısa idarənin müdiri idi və deyirdilər ki, direktorumuza da şirinnik boyun olub o qoyundan əlavə.)

Beləcə, dərs ili başa çatdı və Həmzə müəllim o biri tərəfdarları ilə sözləşərək Nazlıya imtahanda “4” yazdı və qız tərifnamədən düşdü. O qıraqları bəzəkli şax kağızı mən alası oldum. Son vaxtlaracan bizim evdəki sənədlərin arasında qalırdı – qat kəsmiş o tərifnamə...

Həmzə müəllim belə kişi idi. İndi gəlib ki...

...-Üçüncü katib, rayon qəzetinin redaktoru gəlib oturublar seçki məntəqəsində, səni gözləyirlər... Rayonda tanınmış ziyalısan, yaxşı qələmin var, məktəbin kənd məktəbi olsa da, göstəricilərinə görə həmişə irəlidə olub... Sən gərək seçkidə iştirak eliyəsən... – Kişinin elə bil danışdıqca qəddi əyilirdi. Hiss edirdim ki, o danışdıqlarını öz iradəsi ilə demir. Yaşı altmışı ötmüş bu kişinin elə bil içində ayrı bir adam oturmuşdu.

Mən də çaşıb qalmışdım. Bu adama çox borclu bilirəm özümü. İşığı, gözəgörünməz gücü ondan almışam məktəb illərində. Elə sonralar da dara, çətinə düşəndə ona gənəşmişəm öz aləmimdə. İndi mən nə edim, bu kişiyə necə cavab verim ki, qəlbinə toxunmayım?..

-Həmzə müəllim, sizi nə qədər çox istədiyimi bilirsiniz... Hələ şagirdiniz olanda bizə iradəli olmağı, prinsipallığı siz aşılamısınız... Yadınızdadır, bir uşaq hərəkətimə görə bütün müəllimlər məni döyəndə əllərindən aldınız? Hələ tərifnamə məsələsi... Bu kimi işləriniz sizi bizim gözümüzdə ucaltmışdı...

Kimya birliyinin sədri Həmzə müəllimin get-gedə əyildiyini duymuşdu deyəsən, ona görə təşəbbüsü ələ almağa çalışdı:

-Sizə demirik ki, gəlin SSRİ-nin saxlanılmasına səs verin... sadəcə, gəlin iştirak edin...

Ona təpki ilə cavab verdim:

-Bilirsiniz, Əsgərov, bura mənim həyətimdir, evimdir. Ona görə sizinlə yumşaq danışıram... Vapşe, siz bizim sözbətimizə qarışmayın!

İnsafən, kişi gedib villisinə mindi. Mən üzümü müəllimimə tutdum:

-Həmzə müəllim...

Kişinin üzünün nuru get-gedə itir, bozarmış bu üzün sahibi tamam ayrı adama dönürdü.

-Bilirsən... Səni oğlum kimi istəyirəm... Axı heç mənim oğlum da yoxdur... Mən də həmişə daldada sənə arxalanmışam... Öz-özümə demişəm ki, dar gündə söykənəcəyim bir dostum, arxam-köməyim var... İndi sən məni atkaz eləsən...

Kişi az qala ağlayacaqdı.

-Olmaz. Gələ bilmərəm. Mən və mənim mənsub olduğum hərəkatın üzvləri bu referendumu boykot etmişik... – Hiss edirdim ki, çox quru danışıram. Amma ayrı cür danışmağın da yeri yox idi.

Həmzə müəllim qarşımda büküldü, göz yaşından boğula-boğuladedi:

-Mən sənə elədiyim yaxşılıqlarçün əvəz istəmirəm. Amma... Mən... - Dalısını gətirə bilmədi...

Qan beynimə sıçrayırdı. Özümü həyatda borclu bildiyim 2-3 adamdan biri indi məni görünməz imtahana çəkir, edəcəyi çirkin işə ortaq etmək istəyirdi. Köhnə haqq-hesabla yanaşsaq, mən bu kişinin istədiyinə danışıqsız əməl etməliydim. Yalnız köhnə haqq-hesab! Bizim davamız elə o “köhnəlik”lə deyilmi?!

-Həmzə müəllim, minin kürəyimə, sizi haracan desəniz aparım, evimi istəyin, verim, amma əqidəmə toxunmayın... Xahiş edirəm, gedin...

Kişini əsməcə tutdu. Yıxılmamaqçün yaxamdan yapışdı, yaşla həlqələnmiş gözlərini dolandırıb ağlamsındı:

-Ondansa, tüpür mənim sifətimə...

-Həmzə müəllim... – Mən də özümü itirdim lap. Dilim topuq çaldı.

-Hə, tüpür, nə durmusan?! Eşitməmisən, tüpür, yaram sağalsın deyiblər? Üzümə tüpür, amma atkaz eləmə...

Hirslə onun əlini yaxamdan çəkdim. Və bu an kişi yumaq kimi yumurlanıb ayağımın altına yıxıldı. Əvvəl bir şey başa düşmədim. Elə bildim ki, kişi ayağıma düşüb yalvarmaq istəyir, ona görə cəld əyildim ki, onu qaldıram. Amma gördüm, alnı həyətimizdəki bitili göy daşa dəyib qanayıb. Özünün isə dünyadan xəbəri yox idi. Onu qucağıma alıb apardım Əsgərovun maşınına tərəf. Əsgərov kişini bu halda görüb qapını açmadan sürücüyə qışqırdı ki, maşını işə salsın və maşın gedə-gedə pəncərədən qışqırdı:

-Mən seçkiyə təhkiməm, müəllim! Siyasi kampaniyanı poza bilmərəm. Müəllimini nə təhər infark eləmisən, elə də apar xəstəxanaya!

Yaxşı ki, əmimin QAZ-53 maşını həyətlərində idi. (Üstündən neçə illər keçib, hələ də ürəyimdə şübhə var: bəlkə bu “yaxşı ki” də Əsgərovun, Həmzə müəllimin və əmimin birgə düşündükləri ehtiyat variant imiş. Axı əmim də atam kimi SSRİ-nin saxlanmasının tərəfdarı idi.) Həmzə müəllimi kabinəyə qoydum, özüm də yanında əyləşib qucaqladım. Mirzə Həşim qəbiristanını təzəcə aşmışdıq ki, kişi gözlərini açdı və ölü bir sələ dedi:

-Bu nə maşındı? Əsgərov hanı? Məni hara aparırsan?

Şapkasını başından götürüb alnında puçurlamış təri dəsmalımla silə-silə az qala yalvardım ona:

-Həmzə müəllim, huşunuzu itirmişdiniz... Mincivan xəstəxanasına aparırıq sizi...

Kişi əlini əlimdən çəkib əmimə sarı döndü:

-Saxla maşını. – Sonra mənə baxdı. – Bəs Əsgərov hanı?

-O sizi bu vəziyyətdə qoyub getdi məntəqəyə...

Kişinin gözləri doldu. Əmimə sarı döndü:

-Mən məntəqə sədriyəm... Açar-uçar, peçat seyfdədi... Mən söz vermişəm... Maşını geri sür...

Nə qədər yalvarsam da, bir xeyri olmadı.

***

Məntəqəyə çatanda 3-cü katib az qala mənim üstümə yüyürdü:

-Sağ olun e, müəllim! Bilirdim ki, gələcəksiniz...

Ağzımı doldurdum deyəm ki, nə gəlmək, mən Həmzə müəllimi gətirmişəm, kişi xəstədi, amma daha buna baxan yox idi...

Həmzə müəllim məni katibin yanında qoyub gümrah addımlarla seçki məntəqəsinə yönəldi. Heç üstündən iki dəqiqə keçməmiş bir hay-huy düşdü ki, gəl görəsən. Onda gördüm bir qara şapka göydə fırlanır. Sərt mart küləyi o şapkanı bir xeyli atıb-tutdu, gətirib düz seçki məntəqəsinin arxasındakı tualetin qabağına saldı. Qəhqəhə və qəzəbli gülüş səsləri kənd meydanını başına götürdü.

Məntəqənin pilləkənlərində dayanıb açıq başını əli ilə tovlayan Həmzə müəllim bilmirdi gülsün, ya ağlasın. Mən kişiyə baxa-baxa anladım ki, nəsə etməliyəm.

Tualet səmtdə sarı torpağın içinə düşmüş şapkanı götürüb əlimlə çırpdım, tozunu alandan sonra aparıb Həmzə müəllimin başına qoydum. Kişi dərindən nəfəs alıb əllərini oynada-oynada dodaqaltı deyindi: “Hələ bu yenginən də hakimiyyətə gəlməy istiyillər...”(İki daşın arasında bu “yenginən” sözünü hardan tapıb dediyinə təəccüb etmədim. Adam yanıb-yaxılanda bayatı çağırdığı tövrdü bu. “Yenginən”, yəni bu qabliyyətinən, xasiyyətinən...)

Xeyli aralıda isə hərəkat yoldaşlarım məni qəzəblə süzürdülər. Vahid isə mənə baxıb bic-bic gülürdü.

***

Üstündən illər keçmişdi. Həmzə müəllim çox yaşlanmışdı. Mənim də saçıma dən düşmüşdü. Bir qohumun toyunda üz-üzə gəldik. Dambadurumdan qaçmaq üçün çıxıb foyedə əyləşdik. Ordan-burdan danışdıq. Söz gəlib o məşum referendumun üstünə çıxdı. Kişinin baxışları ölgünləşdi. Protezinin ağzından düşəcəyindən ehtiyat edərək əli ilə çənəsini tutdu, başını yerə dikib dedi:

-Allah adamın başını aşağı eliyənin başını aşağı eləsin... Heç soruşmursan ki, ay Həmzə müəllim, həmişə düzlükdən, ədalətdən danışan Həmzəyə birdən-birə nə olmuşdu, durub hələ bir rüşvətxor müdiri də yanına salıb sənin qapına gəlmişdi ki, gəl, bizim cinayətimizə şərik ol...

Mən dinmədim. Qoca ağzının qıraqlarına yığılmış ağ ərpi salfet kağızıyla təmizləyib acı-acı güldü:

-Qonşu Sofulu kəndində bir qoluyox müəllim vardı, çox yaşlı idi o vaxt, indi ölüb, sən görməzdin... ya görmüşdün?

-Ədəbiyyatçı Nəsir müəllim? Hə, görmüşdüm... Atamla rayonda görüşmüşdük onunla. Zorla bizi Dağüstü parka aparıb qonaqlıq da verdi. Mənimlə şeirləşdi. Dedi səninlə fəxr edirəm. Məqalələrini oxuyuram qəzetlərdə...Sonra tək qolu ilə məni bağrına basdı. Birdən yumru bir şeyin kürəyimə toxunduğunu hiss etdim, ətim çimçəşdi – kişinin disrəkdən kəsilmiş qolunun topalı kürəyimə yapışmışdı...

-Hə, bax, o kişi mənim müəllimim olmuşdu. Müharibədə qolunu itirsə də, mərdliyini, əzmini itirməmişdi. İclaslarda qışqıra-qışqıra danışar, katiblərdən belə çəkinməz, sözünü qızıl-qırmızı deyərdi. Məndə gördüyün əksər xüsusiyyətləri ondan əxz eləmişdim... Atam kimi idi mənə... Həyatda nə qazanmışamsa, ona borcluyam... Amma...

Qoca ora-bura devikib foyedə qulluq eliyən ofsiantlardan birini çağırdı:

-Bizə adama yüz qram araq süz, bir də meyvə gətir...

Sonra siqaretini müştüyə taxa-taxa “sən papruz çəkmirsən dəən” dedi,alışqanın çaxmağını çəkib siqaretini yandırdı, tüstüdənmi, ya həyəcandanmı yaşarmış gözlərini bayaqdan əlində tutduğu salfetlə silib “offf” elədi.

Oğlan həmən an sifarişləri gətirdi. Biz qədəhlərimizi toqquşdurub içdik. Hərəmiz bir dilim ananas götürdük. O bir az özünə gəlmişdi deyəsən. Gülümsünüb davam etdi:

-Seçkidən bir həftə əvvəl Nəsir müəllim rayon qəzetinin redaktoru ilə bizə gəldi. Hinduşka kəsdim, kabab elədik. Elə təzəcə süfrəyə əyləşmişdik ki, Nəsir müəllim dedi:

-Həmzə, səni çox istədiyimi bilirsən – öz övladım kimisən mənə. Bu kişi rayonda sayılıb-seçilən adamdır. Qəzetin redaktorudur. Mənim müharibədəki fəaliyyətim, müəllimliyim haqda yaxşı bir məqalə də yazıb. Həm də sizin sovetlikdə referenduma təhkim olunub. Eşitmişəm, məntəqə sədri Bilman müəllim sədrlikdən imtina eliyib. Səndən xahiş edirəm ki, ona kömək elə. Üzdə olan adamları dilə tut, siyasi kampaniyanı yola verin getsin...

(Bu Bilman müəllim bizim fizika müəllimimiz idi. Artıq siz onu tanıyırsınız. Direktorumuzun qızını almışdı. Ona görə haqq-nahaqq uşaq demir, valideyn demir, müəllim demir, hamıya həttənir, qışqırır, məktəbə dədəsinin malı kimi baxırdı. Hətta danışırdılar ki, direktor onu öz yerinə hazırlayırdı. Doğrudan da, bu köntöy və əzazil adam bir müddət direktor oldu... İndi də görüb ki, Sovet höküməti laxlayıb, keçib müxalifətə. Məntəqə sədrliyindən istefa verib, cəbhənin dayaq dəstəsinə qoşulub. Mənim etirazıma baxmayaraq, səs çoxluğu ilə onu cəbhəyə qəbul elədilər...)

Qədəhlərimiz yenə dolu idi. O artıq qədəhi qaldırmışdı. Amma mən tərəddüd edirdim. Kişinin əlləri titrəyirtdi. Arağın bir qismi onun barmaqlarına sıçramışdı. Bu yaşında belə içməsi ona baha başa gələrdi. Amma gec idi. O heç məni gözləmədi də. Qədəhini birnəfəsə başına çəkib əlinin dalı ilə ağzını sildi və davam etdi:

-Mən Nəsir müəllimi atkaz eliyə bilmədim... Sədrliyə də razılaşdım, səni seçkiyə gətirməyə yavınçı düşməyə də... Amma sən məni atkaz elədin... Sən mənə dərs verdin həmin gün... Mən gec də olsa, başa düşdüm ki, cızığımnan çıxmışam... İnsan mənsub olduğu əməl yolunda həyatını verər. Amma mən nəinki bunu eləmədim, hətta səni də buna sövq etmək istədim... Bizim bütün bəlalarımızın səbəbkarı bilirsənmi nədi? Səmimi olmamağımız. Sinifdə bir cür, çöldə başqa cür olmağımız. Biz dərsi həyatdan ayırmışıq... Ona görə də müəllimlərimizin müəllimi bizi saxtakarlığa çağırır... Elə indi də belədir... səhər də belə olcaq... çünki mayamız xarabdır... damazlığımıza haram qatılıb...

Kişi daha danışa bilmirdi. Boğazı biçilmiş kimi çeçədi, ağzına alma dilimi qoyub gövşədi. Sınıq araba səsi ilə dedi:

-Bir gün qabaq mən bədbaxt oğlu bədbaxt səhər çağı ayla günü yanaşı görmüşdüm həyatımda ilk dəfə... – “Araba səsi”ni get-gedə insan səsi əvəz etdi. – Yıxılıb alnımı daşa vurduğum bəs deyilmiş, hələ papağımı da başımnan atdılar...

Zalın qapısı qəfil açıldı və müğəninin bayağı zənguləsi qoca müəllimin səsini batırdı...

26 yanvar 2016

XS
SM
MD
LG