Yerevanda minlərlə insan bir həftədən çoxdur polis məntəqəsini tutmuş silahlı qrupa dəstək yürüşü keçirib. Nümayişçilər “birliyə” səsləyib və yoldan keçənləri onlara qoşulmağa çağırıb, beləliklə də sayları böyüyüb. Yürüşdən öncə həmin polis məntəqəsi üzərində hərbi vertolyotlar görünüb. Bu da silahlılara qarşı hərbi reyd keçiriləcəyi barədə şübhə oyadıb. İyulun 25-də silahlılar tutduqları binanın yaxınlığında polis furqonunu yandırıb.
Ermənistanda nə baş verir?
Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Ermənistanda baş verənlər Sarkisyan hakimiyyətinin ölkəni vəziyyətdən çıxarmaq üçün Qərbə inteqrasiya etmək istəyinə Rusiyanın bir cavabıdır:
“Ermənistan siyasi hakimiyyəti Qərbə inteqrasiya etməkdə maraqlıdır. Son zamanlar Sarkisyan hakimiyyəti çalışır ki, Avropaya inteqrasiya yolu ilə getsin. Ölkəni iqtisadi tənəzzüldən qurtarmaq üçün Qərb strukturları ilə əməkdaşlıq qaçılmazdır. Bu baxımdan Rusiya Sarkisyan hakimiyyətinin onun ssenarisindən kənara çıxdığını düşünür və zaman-zaman ona təzyiq elementləri hazırlayır.
Bu baxımdan, əslində baş verənlər Sarkisyan hakimiyyətinə təzyiq etmək, əgər o Rusiyanın planından kənara çıxacaqsa devrilə biləcəyini ona çatdırmaqdır. Güman edirəm ki, Ermənistan yaxın illər ərzində Rusiyanın təsir dairəsində qalacaq. Bu baxımdan orda Qərbə bağlı siyasətçinin hakimiyyətə gəlməsi inandırıcı görünmür. Baş verənlər təzyiq və Yerevanı Rusiyaya yönəlik siyasi kursa sadiq qalmağa vadar etmək məqsədi güdür”.
"SARKİSİYANIN REYTİNQİ AŞAĞIDIR"
Siyasi şərhçi Elxan Şahinoğlu isə düşünür ki, bu hadisələr Ermənistan prezidentinin ölkənin daxilində reytinqinin aşağı düşməsi ilə əlaqədardır:
“Ermənistan sanki vətəndaş müharibəsinin astanasındadır. Onsuz da indiki prezident Serj Sarkisyana cəmiyyətdə inam yoxdur. Bu hadisədən öncə də Ermənistanda Sarkisyanın istefaya getməsini tələb edən qruplar var idi. Bu hadisədən sonra bəlli oldu ki, hətta əllərdə silahlar da var. Sistemdən kənar müxalifət bu silahdan hakimiyyətə qarşı istifadə edə bilər.
Sarkisyanın zəifliyinin nəticəsidir ki, ilk gündən həmin silahlıları tərksilah etməyib. Çünki bilir ki, qan tökülə bilər və bu ona baha başa gələr. Bu ağır günlərdə belə prosesi özü idarə etmək əvəzinə getdi Dağlıq Qarabağa. Bu da ondan xəbər verir ki, Sarkisyanın ölkə içində reytinqi xeyli azalıb. Hətta bu məsələni yoluna qoysalar belə, gələcək idarəetmədə ona çətin olacaq. Bu vəziyyət Qarabağa danışıqlarına da müsbət heç nə vəd etmir. Belə halda onun əlinə bəhanə də düşmüş olur. Deyə bilər ki, görürsüz mənim mövqelərim necə zəifdir, mən artıq güzəştə getmirəm, Ermənistanda qarışıqlıq yarana bilər”.
"RUSİYA SENARİSİ OLSA DA..."
Politoloq Ərəstun Oruclunun fikrincə Ermənistanda baş verənlər Rusiya ssenarisi olsa da daha çox Moskvadakı klanlararası savaşın nəticəsidir:
“Ermənistanda baş verənlər ilk növbədə Sarkisyan hakimiyyətinə kənar təzyiqlərin təzahürüdür. Mən təsəvvür etmirəm ki, Ermənistanda hansısa silahlı və ya güc amilini qabardan bir siyasi qüvvə var ki, bu hakimiyyətə qarşı çıxmaq iqtidarındadır. Və yaxud da radikal addımlar atmaqla hansısa dəyişikliklərə nail olacağına ümid bəsləyən bir qruplaşma olsun. Təbii ki, bu kənardan sistemləşdirilir. Ermənistanda hakimiyyət mübarizəsi gedir. Və bu mübarizə 90-95 faiz Rusiyadan koordinasiya olunur. Və Moskvadakı iki böyük qrupun Yerevandakı təmsilçilərinin öz aralarında apardığı rəqabətlə bu özünü göstərir.
Rusiyada Putin başda olmaqla Prezident Administrasiyası və hərbi sənaye kompleksindən gedir söhbət. Hərbi sənaye kompleksinin təmsilçiləri bu günki hakimiyyətdir. Bu adamların mənşəyi Dağlıq Qarabağ münaqişəsindən, separatizmdən, Azərbaycan torpaqlarına təcavüzdən başlayır. Hamısının siyasi karyerası ordan başlayır. İstər Sarkisyan olsun, istər Ohanyan olsun.
Digər tərəfdə isə yenə Qarabağ mənşəli digər bir siyasətçi, eks prezident Koçaryan. Artıq klan müstəvisindən kənara çıxaraq Ermənistandakı digər müxalif qüvvələri özü ilə birləşdirə bilən Koçaryan daha çox Kremli təmsil edir. Yəni prezident Putin və onun ətrafına daha yaxın bir siyasətçi kimi dəyərləndirilir. Koçaryan artıq yeni statusda, konstitusiyaya edilən dəyişikliklərdən sonra yenidən hakimiyyətə qayıtmağa və ya qaytarılmağa hazırlaşır. Sarkisyan isə müqavimət göstərir ki, onun klanı hakimiyyətini qoruyub saxlaya bilsin. Moskvada kabinetlərdə gedən həmin o intriqalar Yerevanda özünü bax bu proseslərdə göstərir”.
Həmçinin baxın: AzadlıqRadiosu Youtube Kanalında izləyin: