Siyasi qüvvələr, hətta radikal millətçilər qorxurlar ki, daxili çəkişmələr Azərbaycanın dəyirmanına su tökər və Ermənistan dövlətinə ziyan vurar; Cənub Qaz Dəhlizi Azərbaycanda nəyi dəyişəcək – 28 iyul Qərb mediasının icmalı.
Karneqi Fondunun saytında Sergei Markedonov Yerevanda polis idarəsiylə bağlı silahlı qarşıdurmanın ölkədə daha geniş problemləri üzə çıxardığını qeyd edir. «Ermənistan xalq etirazlarına, hakimiyyət isə onları yatırmağa öyrəncəlidir. Amma gənc nəsil əvvəlkilərdən daha radikaldır, Rusiyaya qarşı daha düşmən münasibətdədir», - o yazır.
İyulun 17-də bir qrup silahlı Erebunidə polis idarəsini tutub, bir polis əməkdaşı öldürülüb, bir neçə girov götürülüb. Silahlılar Qarabağ müharibəsinin veteranı Zhirayr Sefilian-ın azadlığa buraxılmasını, prezident Serzh Sarkisian-ın istefasını tələb edirlər.
Müəllif Ermənistanda etirazların vaxtaşırı baş verdiyi, amma bu gün durumun bir neçə faktorla fərqləndiyini yazır. Birincisi nəsil dəyişimidir. Sovetlərin çöküşündən öncə və sonra dünyaya gəlmiş nəsil fəal ictimai həyata girir. Onlar müstəqillikdən başqa reallıq tanımırlar. Tələbləri sələflərinkindən daha aşırıdır, hökumətdə də minimum səviyyədə təmsil olunurlar. Amma siyasi elitada sovet erasından qalma siyasətçilər dominantlıq edir, inkişafdan çox kompleks bürokratik tarazlığa üstünlük verirlər. Mövcud partiyalar və siyasətçilər detallı proqramlar, yaxud xarizmatik liderlər ortaya çıxara bilmirlər.
Buna da bax - Yerevanda nə baş verir?
Müəllif yazır ki, bütün bunlar zorakılıq və terrorçuluq daxil, radikal baxışlar formalaşdırır və bu, Ermənistanın dövlət kimi mövcudluğuna təhlükədir. Dağlıq Qarabağ münaqişəsinin də etirazlarda rolu az deyil. Tənqidçilərin fikrincə, hakimiyyət Azərbaycana yetərincə güclü reaksiya vermir. Qarabağ veteranlarının polis idarəsini tutmasını bununla izah etmək olar.
Bir sıra siyasətçilər və ictimai fəallar Rusiyanın Bakıyla Yerevan arasında balanslı davranışından narazıdır. Müəllifin fikrincə, Rusiya həmçinin, ancaq hakim elitaya fokuslanmağı kəsməli, Ermənistan əhalisinin fəal seqmentlərinin üzləşdiyi problemlərə diqqət ayırmalıdır: «Siyasi durğunluq ssenarisi Ermənistan siyasətini «ukraynalaşdırar» ki, bu da Qarabağ münaqişəsi həll olunmamış qaldığı müddətdə xüsusilə təhlükəlidir».
«Qarabağ münaqişəsi Ermənistanda siyasi çaxnaşmada çəkindirici faktor rolunu oynayır. Siyasi qüvvələr, hətta radikal millətçilər qorxurlar ki, daxili çəkişmələr Azərbaycanın dəyirmanına su tökər və Ermənistan dövlətinə ziyan vurar. Amma ölkə elitası bu faktordan həmişəlik faydalana da bilməz. Gec-tez ölkəiçi siyasi problemlər həll olunmalıdır», - məqalədə qeyd olunur.
YENƏ PUL GƏLƏCƏK
«Azərbaycandan Avropaya Türkiyə ərazisindən keçəcək, Avropa Birliyinin dəstəklədiyi kəmər tikintisi Bakının repressiv rəhbərliyini yeni gəlirlərə boğacaq». «Freedom House» insan haqları təşkilatı araşdırmaçı Rebeka Foley-nin məqaləsini dərc edib.
«Türkiyədə son çevriliş cəhdi bu getdikcə avtoritarlaşan ölkədə siyasi sabitsizliyin bəzi strateji enerji layihələrinə təhlükə yaradacağı sarıdan narahatlıq doğurub. Cənub Qaz Dəhlizi kimi strateji enerji layihəsi də bu sıradadır. AB-nin bu planı Xəzər dənizi regionundan təbii qaz idxalını nəzərdə tutur».
«Amma Azərbaycanda repressiv durum da az narahatlıq yaratmır. Daha öncə ölkənin enerji sektorundakı artım hökumət korrupsiyasını və dolayısıyla vətəndaş azadlıqlarına hücumları gücləndirib. Bu səbəbdən yeni kəmərin gətirəcəyi gəlir və beynəlxalq status ölkənin onsuz da zədəli insan haqları durumunu daha da pisləşdirə bilər, onun təchizatçı kimi uzunmüddətli etibarlılığına təhlükə yaradar».
Müəllif Azərbaycanın ABŞ və Avropanın diplomatiyasında önəmli yer tutduğunu vurğulayır. Neft sərvəti, nisbətən dünyəvi cəmiyyəti, Qərblə isti davranışı Rusiya və İran kimi ölkələrin dominantlıq etdiyi regionda onu vacib tərəfdaşa çevirib. Bakının 2001-ci ildən sonra Əfqanıstanda ABŞ və NATO ilə əməkdaşlığı da təhlükəsizlik sahəsindəki dəyərini nümayiş etdirib, aparıcı Qərb rəsmiləri bu ölkənin geostrateji əhəmiyyətini bir az da şişirdiblər.
GÜCLÜ TƏNQİD OLSAYDI...
Yazıda daha sonra Azərbaycanın regionda enerji təchizatçısı kimi rolunun artmasından, Rusiyaya alternativ yaratmasından söz açılır. Avropa Komissiyasının planlaşdırdığı yeni kəmər şəbəkəsi – Cənub Qaz Dəhlizi ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə ərazisiylə Avropaya daşınacaq.
Buna da bax - İri addımlarla üzü monarxiyaya...
«Təəssüf ki, Azərbaycanla Qərbin müsbət münasibətləri və enerji əlaqələriylə eyni vaxtda prezident İlham Əliyevin avtoritar rejimi də möhkəmlənib. Bu rejim ölkənin nəhəng enerji sərvətini daha çox korrupsioner elitanın güclənməsinə sərf edib. 2015-ci ilin sentyabrında Avropa Birliyinin yaydığı hesabatda vurğulanırdı ki, ölkədə «demokratik idarəçilik son 10 il ərzində Avrasiya məkanında ən böyük düşüşə məruz qalıb»».
Yazıda Azərbaycan vətəndaş cəmiyyəti qruplarının illər boyu təzyiqlərə məruz qalmasına baxmayaraq, hökumətin demokratik ölkələr tərəfindən ciddi tənqid olunmadığı vurğulanır. Məsələn, 2010-cu ildə dövlət katibi Hillary Clinton vətəndaş cəmiyyətinə məhdudiyyətlərin olduğunu desə də, israr edirdi ki, «Azərbaycanda böyük irəliləyişin gerçəkləşdiyinə inanırıq».
Buna da bax - Konstitusiyaya (Anayasaya) düzəlişlərə dair Erkin Qədirlinin düşüncələri
DURUM DAHA DA PİSLƏŞƏCƏK
Müəllif prezident Əliyevin mövqeyini gücləndirmək məqsədilə konstitusiyaya bir sıra dəyişikliklər təklif etdiyinə diqqət çəkir, prezidentlik müddətinin 5 ildən 7 ilə artırılması, parlamentin və mülkiyyət hüquqlarının zəiflədilməsi nəzərdə tutulur.
«AB və ABŞ Rusiyadan yan keçən Cənub Qaz Dəhlizi layihəsini işə salmağa can atırlar. Amma Azərbaycanın gəlirlərinin və təbii qaz təchizatçısı (Orta Asiya qazından ötrü tranzit ölkə də ola bilər) kimi rolunun artması ölkənin avtoritarizmə sürüklənməsini daha da möhkəmlədə bilər. Bu, layihənin uzunmüddətli geosiyasi dəyərini kölgələyir», - müəllif yazır.
Rebeka Foley qeyd edir ki, Qərb hökumətləri Azərbaycanda şəffaflıq, demokratik islahatlar, insan haqlarına sayqıyla bağlı çağırışlar etmək əvəzinə, pozuntuları gözardı etmək xəttini tutublar. Elə bu ilin martında da Dövlət katibi John Kerry ölkənin mürəkkəb regionda yerləşdiyini önə çəkirdi.
«Azərbaycanın strateji tərəfdaş olmasıyla bağlı dəyişməz yanaşma siyasi və iqtisadi problemləri daha da pisləşdirib. İslahatlardan ötrü ciddi təzyiq olmasa, Cənub Qaz Dəhlizi kimi yeni layihə pisləşməni daha da sürətləndirəcək», - müəllif vurğulayır.