Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 17:26

“Polis şöbəsində burnumu sındırdılar”


İllüstrasiya
İllüstrasiya

►Laçın köçkünü Xətai rayon polis bölməsində ona işgəncə olunduğunu iddia edir

“Qollarımı qandalladılar. Özü və başqa dörd nəfər üstümə tökülüşüb yumruqla, təpiklə vurmağa başladılar. Mən hər dəfə onlara qanunu xatırladanda “sən hələ də ağıllanmamısan” deyib düz saat 12-dən 6-dək döyməyə davam etdilər”.

Bakı şəhəri Xətai rayonunda yaşayan məcburi köçkün Fəxrəddin Abışov bunları Xətai rayonu, 35-ci polis bölməsinin əməkdaşları ilə bağlı deyir.

O bu il iyunun 28-də bölmədə polis mayoru İndar Məmmədov və başqa polis əməkdaşları tərəfindən işgəncəyə məruz qalmasından danışır. Əvvəlcə onu və yaxın dostunu polis bölməsinə çəkib aparan səbəblərdən söz açır:

“Bölməyə düşməmişdən bir gün əvvəl çayxanada olarkən bir dostum döyülmüşdü. Biz də Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat vermişdik. Həmin gün məni 35-ci bölməyə dəvət etdilər ki, izahat yazım. Mən də bildirdim ki, “çox yorğunam və izahat verəcək halda deyiləm, sabah gələrəm”. Sabahı gün evdən zəng vurdular ki, “4-5 nəfər polis gəlib, səni axtarır”. Mən də bildirdim ki, yarım saata özüm bölməyə gedəcəm. Saat 12 radələrində bölmədə oldum. Döyülən dostum da orada idi. Çağırışa vaxtında getməməyim, deyəsən, polis mayoru İndar Məmmədovu qəzəbləndirmişdi. Məni ayrıca otağa saldı, dedi, “sənin əlindən səhərdən yığmışam”. Otağa 4 nəfər də gəldi, qollarımı qandalladılar, Təpiklə, yumruqla döyməyə başladılar. İndar Məmmədov neçə dəfə üzümə tüpürdü. Mən hər dəfə “şikayət edəcəm”, “qanun var, qayda var”, “özbaşınalıq deyil” deyəndə ayağa qalxıb “sən ağıllanmadın” deyib məni döyməyə davam edirdilər. O qədər döymüşdülər ki, qabırğalarım, böyrəyim ağrıyırdı. Burnumu sındırmışdılar. İndar Məmmədov tez-tez “məndən kimə şikayət edəcəksən, heç bilirsən mən kimin qohumuyam?” deyirdi”.

“MAYOR ÖZÜNDƏ DEYİLDİ”

Fəxrəddin Abışov deyir, döyülməsinin səbəbini özü də dəqiqliyi ilə bilmir:

“O mayor ümumiyyətlə, özündə deyildi. Normal polis işçisi vətəndaşla belə davranmazdı. Mən o işdə şahid idim. Təsəvvür edin ki, dostumu döyən gəldi, sakitcə izahatını verdi, getdi, heç “gözün üstə qaşın var” deyəni də olmadı. Mənə isə əməlli-başlı işgəncə etdilər. Nə var ki, danışığım, belə deyək də, onlarla “qanun xırdalamağım” xoşlarına gəlməyib”.

Fəxrəddin Abışov polis bölməsindən buraxılandan sonra Sabunçu rayonundakı 3 saylı xəstəxanaya müraciət etdiyini, orada və başqa özəl xəstəxanalarda müayinədən keçdiyini, müalicə aldığını deyir. O, polis əməkdaşlarının hərəkətlərindən Bakı şəhər prokurorluğuna və Sabunçu rayon prokurorluğuna rəsmi şikayət etdiyini bildirir. Onunla eyni ünvanda məskunlaşan azı 50 nəfər köçkünsə 35-ci polis bölməsinin əməkdaşlarının hərəkətlərindən prezidentə və Heydər Əliyev Fondunun prezidentinə müraciət ünvanlayıblar.

“ARAŞDIRMA GEDİR”

Xətai rayonu, 35-ci polis bölməsi AzadlıqRadiosunun suallarını cavabsız qoyub. Xətai rayon polis idarəsindən “Qaynar xətt”ə bildirilib ki, köçkünün şikayəti ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsi araşdırma aparır. Məsələyə araşdırmaların nəticələrindən sonra münasibət bildirmək mümkündür.

Araşdırma davam etdiyindən Xətai rayon prokurorluğundan da heç bir məlumat verilməyib.

Fəxrəddin Abışıov Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduğunu, xəsarətləri ilə bağlı keçdiyi müayinələrin kağızlarını idarəyə təqdim etdiyini, izahat verdiyini bildirib.

XS
SM
MD
LG