Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:44

'Erdoğan-la Putin bir-birini sevir'


V.Putin və R.T.Erdoğan
V.Putin və R.T.Erdoğan

Türkiyədə Amerikanın dostları həbs olunur; Rouhani-nin özü getsə də, iqtisadi siyasəti qalacaq – 29 iyul Qərb mediasının icmalı.

«Türkiyədə uğursuz çevriliş cəhdi ölkənin getdikcə avtoritarlaşan prezidentini Vladimir Putin-in qucağına sürükləyir». «Newsweek» dərgisində Owen Matthews Türkiyə prezidenti Recep Tayyip Erdoğan-ın həyatını Vladimir Putin-in casuslarının xilas etməsinə dair iddialara toxunur. İlk dəfə İranın «Fars News» agentliyi yazıb ki, Rusiyanın təhlükəsizlik xidmətləri Türkiyə ordusunun çevrilişə hazırlaşması barədə həssas məlumatı türkiyəli həmkarlarına ötürüb. Həm türklər, həm də ruslar bunu rəsmən yalansalar da, ekspertlər texniki baxımdan mümkün olduğunu bildirirlər. Ötən il Rusiya Suriya ərazisinə rəsmi şəkildə girəndən sonra Hmeymim bazasında xüsusi avadanlıqlar yerləşdirib.

«Rusların türk hərbçilərinin söhbətini yazması texniki baxımdan mümkün olsa da, iki ölkənin hərbi kəşfiyyatı arasında birbaşa kommunikasiya yoxdur. Rusiyalılar türkləri xəbərdar etsəydilər, Türkiyə ordusunun hərəkəti və kommunikasiyasına nəzarətlə bağlı texniki imkanlarını da açıqlamalı olacaqdılar. Kəşfiyyat xidmətlərində bu, mumlun iş deyil. Belə bir açıqlamadan ötrü Putin səviyyəsində siyasi qərar verilməliydi», - bunu Moskvada çıxan «Novaya Gazeta»nın müdafiə məsələləri üzrə veteran jurnalisti Pavel Felgenhauer deyir.

Müəllif yazır ki, bu hekayətin vacib tərəfi odur ki, Rusiyayla Türkiyə strateji alyansı bərpa edirlər. Çevriliş cəhdindən ikicə həftə öncə Erdoğan ötən ilin noyabrında Rusiya təyyarəsinin vurulmasına görə üzr istədi. Bundan sonra Rusiya Türkiyəyə çarter reyslərinə qadağaları götürdü.

«Putin-lə Erdoğan-ın oxşar cəhətləri çoxdur. Hər ikisi populist avtoritarizmi irəlilədir. Hər ikisi Birləşmiş Ştatlara dərin şübhəylə yanaşır. Uğursuz çevriliş cəhdindən sonra Erdoğan Obama administrasiyasına çevrilişin arxasında duran şəxsi himayə etdiyinə görə ittihamlar ünvanladı… Bu nağılı Putin mediası da səsləndirir, guya ABŞ ölkələrlə tərəfdaşlıq etsə də, Vaşinqtonun hegemonluğuna qarşı çıxan istənilən hökuməti devirməyə bircə fürsəti də qaçırmır», - müəllif yazır.

Yazıda iki liderin idarəçilik metodlarının da getdikcə bir-birinə oxşadığı, Erdoğan-ın da Putin kimi ölkədəki opponentlərini əzdiyi vurğulanır. «Bütün əlamətlər Erdoğan-la Putin-in kəsilmiş sevgilərini qaytarmağa meyllərini göstərir. Rusiya televiziyası fəxrlə qeyd edib ki, Su-24 təyyarəsini vuran pilot da çevrilişdə şübhəli bilinərək saxlanıb… Hətta əgər Erdoğan həyatını Rusiya kəşfiyyatına borcu deyilsə belə, çevriliş cəhdi onun Qərb sarıdan şübhələrini dərinləşdirdi və avtoritar instinktlərini gücləndirdi. Onu siyasətdə dostu Putin-ə daha da yaxınlaşdırdı», - müəllif yazır.

İncirlik bazası
İncirlik bazası

TÜRKİYƏDƏ AMERİKANIN DOSTLARI HƏBS OLUNUR

Bunu isə Bloomberg.com saytında Eli Lake yazır.

O qeyd edir ki, ABŞ-ın antiterror əməliyyatlarının əsas iştirakçıları olan türkiyəli zabitlər çevriliş cəhdindən sonra saxlanıb, yaxud da işindən kənarlaşdırılıb.

Bunu ABŞ rəsmiləri, Milli Kəşfiyyatın direktoru James Clapper və general Joseph Votel də təsdiqləyib. Clapper deyib ki, «bu həbslərin türklərlə əməkdaşlığımızı geri atacağı şübhə doğurmur».

Müəllif yazır ki, son 18 ayda Erdoğan Suriyaya Türkiyə ərazisindən keçən əcnəbi döyüşçülərin əngəllənməsində ABŞ-la əməkdaşlıq edib. Amma çevriliş cəhdindən sonra gərginlik yaranıb. «Resurslarımızın yerləşdirilməsində Türkiyədən çox asılıyıq. Narahatıq ki, bu, Türkiyəylə əməkdaşlığımızın səviyyəsinə təsir göstərəcək», - Votel deyib.

Erdoğan İncirlik bazasına cavabdehlik daşıyan türk generalı həbs edib. Çevriliş cəhdindən sonra bazanın işığı kəsilib. ABŞ əməliyyatları bu həftə bərpa olunub.

Amma Türkiyə hökuməti üçün çalışan beynəlxalq vəkil Robert Amsterdam müəllifə deyib ki, Votel və Clapper-in dedikləriylə razı deyil: «Bizdə olan məlumata görə, əsas fiqurlar qalır». O, ABŞ hökumətiylə sıx əməkdaşlıq edən Türkiyə ordusu zabitlərini nəzərdə tutub.

Hassan Rouhani
Hassan Rouhani

ROUHANI-NİN SİYASƏTİ ONDAN SONRA DA QALACAQ

«Stratfor» Araşdırmalar Mərkəzi yazır ki, gələn il İranda prezident seçkisinin nəticəsindən asılı olmayaraq, prezident Hassan Rouhani-nin iqtisadi siyasəti davam edəcək.

Son 3 ayda İranın bank və maliyyə sektorlarında korrupsiyayla bağlı məlumatlar yayılıb. Dövlət qulluqçuları və şirkət rəhbərlərinə əlavə aylıq ödənişlər barədə informasiyalar prezident Hassan Rouhani-nin siyasi rəqiblərinin əlavə sursat vermiş oldu. Bundan sonra vitse- prezident Mohammad Bagher Nobakht məmurların aylıq maaşlarının kəsiləcəyi barədə açıqlama yaydı.

Təhlildə vurğulanır ki, məmurlara səxavətli ödənişlər Rouhani-dən əvvəl də olub. İndiki prezident bir sıra iqtisadi uğurlara imza atıb – inflyasiya birrəqəmli həddə düşüb, neft ixracı artıb, birbaşa xarici investisiya son 10 ildə görünməmiş səviyyəyə qalxıb. Amma bütün bunlar Rouhani-nin gələn ilki seçkidə ciddi rəqabətlə üzləşəcəyi faktını dəyişmir. Mühafizəkarlar onun sosial və iqtisadi islahatlarını kölgələməyə çalışırlar.

«Rouhani-nin durumu da qeyri-adi deyil, tarixə nəzər salsaq, işlərin ondan ötrü yaxşı sonuclanmayacağını da düşünmək olar. 1990-cı illərdə keçmiş prezidentlər Ali Akbar Hashemi Rafsanjani və Mohammed Khatami-nin iqtisadi islahatları dayandırıldı. Səbəb korrupsiya iddiaları, siyasi elitanın imtiyazları, ailə üzvlərinin nəhəng biznes imperiyası idi. Mahmoud Ahmadinejad 2005-ci il seçki kampaniyasında «neft mafiyası»nı pisləməklə ictimai dəstək toplaya bildi».

Yazıda o da vurğulanır ki, Rouhani-nin ailəsi İranın siyasi iqtisadiyyatında Rafsanjani və ya Larijani kimi kök salmayıb. Üstəlik, iqtisadi uğurlarına baxmayaraq, ölkədə təbəqələr arasında uçurum qalmaqdadır. Əhali maaş qalmaqalından xeyli məyus olub.

«Amma yenə də mühafizəkarlar Rouhani-nin yenidən seçilməsini əngəlləyə bilsələr də, iqtisadi liberallaşdırma siyasətini önləməyi çətin bacarsınlar. İranda əksər siyasi fraksiyalar anlayıblar ki, liberal iqtisadi siyasət vacib amildir və Ahmadinejad kimi təcridçi xadim ölkəyə gərəkli deyil. Beləliklə də, Rouhani-nin özü getsə də, iqtisadi siyasəti qalacaq», - təhlildə qeyd olunur.

XS
SM
MD
LG