Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:53

"Əli və Nino" bunu təbliğ edib - "Biz respublikaçıyıq, monarxist deyilik"


Əli və Nino kitabının ingiliscə variantının üz qabığı.
Əli və Nino kitabının ingiliscə variantının üz qabığı.

"Əli və Ninoda" bizim ilk dəfə Respublika qurmağımızın əlifbası var. Bizə başa salınıb ki, biz bir Azərbaycan, Qafqaz türkü olaraq Respublikaçıyıq! Biz monarxist deyilik!

-

Azad Qaradərəli

BİRİNCİ VƏ HƏLƏLİK SONUNCU ROMANIMIZ –

orada bizim ilk dəfə respublika qurmağımızın əlifbası var.

Onunla ilk dəfə “Azərbaycan” dərgisində rastladım. Oxudum, dönüb-dolanıb yenə oxudum. Doymadım, bir də oxudum. Elə vaxtlardı ki, romantika ilə ləbələb dolu bizlər böyük Rus imperiyasını süpürüb atmağa hazır idik. Və elə bilirdik ki, buna gücümüz çatar... Mən Onu – “Əli və Nino”nu oxuyanda ilk dəfə göydən yerə dəydi ayaqlarım – 90-cı illərin romantikasından ayılan kimi oldum. İçi liderimiz qarışıq hamımız elə bilirdik, bizə Dayaq Nöqtəsi verməsələr də o Yarımdünyanı – Rus imperiyasını yerindən oynada bilərik. Və Əli xan Şirvanşirin mübarizəsinin faciə ilə (amma o bir xoş faciə idi – bilə-bilə ölümü seçmək, sonu bağımsızlığa aparan faciə) başa çatdığını öyrənəndə anladım ki, həm hərəkat adamı kimi, həm yazıçı kimi çox məsələlərə yenidən baxmaq lazımdır...

Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli.
Azərbaycan yazıçısı Yusif Vəzir Çəmənzəminli.

(Burda bir məsələni bəri başdan qeyd edim: bu əsər ilk dəfə çap olunduğu gündən indiyəkimi bu fikirdəyəm ki, onun müəllifi Yusif Vəzir Çəmənzəminlidir. Bu barədə çox mübahisələr olduğundan qısaca öz fikrimi bildirim: o dövrdə heç bir yazıçı, heç bir ədəbiyyat adamı Çəmənzəminli səviyyədə deyildi, heç kimin Çəmənzəminli kimi nəsr və roman praktikası yox idi, heç kim Çəmənzəminli qədər xaricdə olmamışdı, heç kim Çəmənzəminli kimi poliqlot deyildi və heç kim Çəmənzəminli kimi analitik təfəkkürə malik deyildi... Və nəhayət, heç kim Azərbaycan tarixini, ədəbiyyatını, Qafqazın tarixini onun qədər bilmirdi. Sonuncusu: bu roman yazıçının yeganə romanıdır ki, müəllif tərəfindən tam arxayınlıqla yazılıb, ehtimal ki, o xaricdə olanda bu işi görüb. Digər əsərlərini, o cümlədən “Qan içində” romanını müəllif sonradan, sovet vaxtında özü öz senzurasından keçirmiş, yenidən işləmiş, təsirini və gücünü azaltmışdı. “Əli və Nino”ya ya əli çatmamışdı, ya da onu Qurban Səid imzasıyla çap etdirdiyinə görə arxayın idi. Və nəhayət, elə bu səbəbdən də müəllif güman ki, əsərin əlyazmasını – ana dilində olan variantını məhv etmişdi.)

Buna da bax: "Y.V.Çəmənzəminli. Qoymadılar şeir yazım"

Mənim kitabxanamda “Əli və Nino”nun 1993-cü il nəşri var. Kiril əlifbasıyla çap olunan bu nəşr para-para olub oxunmaqdan. Yəni onu məndən başqa yüzlərlə adam oxuyub. (Orası düz ki, sonralar bu roman dəfələrlə nəşr olunub nəfis şəkildə, özü də latın qrafikalı yeni əlifbayla. Amma bu nəşrə məndə xüsusi yanaşma var - ən qədim əlyazması kimi baxıram ona.) Bu günlər: Türkiyədə dərbəyə cəhd oldu, ANS bağlandı və ən əsası ölkəmizdə referendum keçiriləcək. Və hamı da bilir ki, niyə keçiriləcək. Amma hamı susub baxır. Və mən bu boyda haqq-hesabın içində gördüm ki, “Əli və Nino”nun həmin “qədim əlyazma” çapını oxumağa başlamışam...

Əcəba, nəydi səbəb ki, mən o əsərə yenidən qayıtmışdım?

Bəri başdan deyim ki, əsəri gərək siz də mənim kimi yenidən oxuyasınız. Ya heç oxumamısınızsa, işiniz çətindir: gərək azı iki dəfə oxuyasınız, əgər özünüzü orta statistik azərbaycanlı kimi hiss edirsinizsə. Yox, “Maral, maral”a oynayansınızsa, nə bu yazını oxuyun, nə də o kitabı...

Hə, indi keçirəm o niyəyə...

2015-ci ildə Azərbaycanda çəkilmiş "Əli və Nino" filmindən bir kadr.
2015-ci ildə Azərbaycanda çəkilmiş "Əli və Nino" filmindən bir kadr.

Əsərin baş mövzusu bir türk, müsəlman oğlan Əli xan Şirvanşirlə xristiyan dininə mənsub gürcü qızı Ninonun məhəbbətidir. Məncə, əsərin ilk kodu, şifrəsi burdan başlayır: hər bir Azərbaycan aydını gələcəyini düzgün müəyyən etmək üçün özünə çox layiqli bir qadın seçməlidir – mütləqdir ki, bu qız oxumuş biri olsun, o zamanın şərtləri buna imkan vermədiyindən, heç olmasa bir xristiyan olsun! Yəni, hərəmxanadan, 3-4 qadın almaqdan canını qurtarmaq istəyirsənsə, hələlik yol budur. Həm də bu qız təhsillidir, yəni övladlarının gələcək inkişafı qarantiya altında olacaq.

Buna da bax: "Əli və Nino” filminə üç baxış"

İkinci kod, zənnimcə bizim asiyalı, yoxsa avropalı olmağımızla bağlıdır. Müəllif öz oxucusuna da bunu aşılayır və inadırır: bizim xilasımız bir avropalı olmağımızdan keçir, əks təqdirdə, bizim də sərhədlərimizi ingilislər qoruyacaq, neftimizi də onlar çıxardacaq. Biz isə iranlılar kimi 4 arvad alacağıq, Hafizin, Sədinin şeirlərini oxuyacağıq, bir də məhərrəmlikdə “şaxsey-vaxsey” qışqıracağıq...

Əsərdə hər bir azərbaycanlının bilməli olduğu bir tezis var: sən öz müharibəni etməlisən, sənin öz savaşın olmalıdır. Necə ki, Əli xan 1-ci dünya savaşında çarın çağrışı ilə iştirak etməkdən imtina edir və deyir ki, mənim öz müharibəm olcaq və mən onda silaha sarılacağam. O gün gəlir... o gün haqda bir qədər sonra...

Tez-tez belə bir şey eşidirəm: əsərdə Qərb təəssübkeşliyi var. Bəs nə olsun, əfəndim? “Gözə göz, dişə diş” qanunları ilə işləyəkmi? Ya bəlkə biz də əsrdəki müsəlman gənclər kimi müəllimlərimizi aldadaq ki, şəhərdə cüzamlı xəstələr dolaşır və onlar da qorxub bizdən çox dərs soruşmasınlar? Ya bəlkə əsərin obrazlarından biri Məhəmməd Heydər kimi o qədər sinifdə qalaq ki, oğlumuzla bir vaxtda bitirək gimnaziyanı?!

Xalqının bəlalarını görməyən, görüb də tənqid etməyən yazıçı bir cahildir, bəlkə bir qatildir. Çünki onun bu hərəkəti cahillər ordusunun yaranmasına səbəb olar. Cəhalətdən isə qətl və qarət törəyər – Suriyada, İraqda və nə yazıqlar ki, Türkiyədəki kimi... Müəllif bu baxımdan bir torpaq təəssübkeşi, millət aşiqi, bəlkə mən deyərdim ki, əsl vətəndaşdır.

Bu sehrli-sirli əsərin müəllifi çox məlumatlı bir adamdır: o, gürcülərin adətini gürcülər qədər, dağlılarınkını dağlılar qədər, iranlılarınkını iranlı qədər, biz azərbaycanlılarınkını da bizim qədər yaxşı bilir. Məsələn, heç indiyəcən bilirdinizmi sahibi öləndə it niyə ulayır? Əsərdə bunun cavabı var: "Bir evdə ölüm ayağında adam varsa, itlər ulayırlar. Cəsəd iyini hələ insan ölüm ayağında olanda hiss edirlər."

Son vaxtlar Bakı küçələrində sürü ilə belədən-belə qaçışan sahibsiz itlərin gecələr ağız-ağıza verib ulaşmaları sümüyümü sürmə edib. Əcəba, bunlar nəyin nəsidir? Bu itlərin bu vətəndən savayı sahibləri yox axı?!. Eh...

Sirli-sehrli dedim... Hə. Bu əsər özündə böyük sirlər daşıyır. Müəllifi hələ də məlum deyil, ilk dəfə hansı dildə yazıldığı bəlli deyil və əsərin orjinalı ortada deyil! Deyil, deyil!..

Bu əsər bizim ana kitabımızdır. Bu əsər bizim hələlik ilk və son mükəmməl romanımızdır. Orada bizim ilk dəfə Respublika qurmağımızın əlifbası var. Bizə başa salınıb ki, biz bir Azərbaycan, Qafqaz türkü olaraq Respublikaçıyıq! Biz monarxist deyilik! Biz lazım gələrsə öz müharibəmizi apara bilən xalqıq! Əli xan Şirvanşir bu azadlıq müharibəsini sürdürür və həlak olur. Biz Respublika yolunda qanımızı belə tökməyə hazır olmalıyıq. Bizə yalan və korrupsiya üzərində qurulmuş kirli monarxiya gərək deyil!

Yazıçı Azad Qaradərəli.
Yazıçı Azad Qaradərəli.

Biz vətənimizə, genimizə, kökümüzə bağlı olan bir türkük. Biz böyük kitablar kitabı Qurana tapınan bir müsəlmanıq – biz asiyalıyıq.

Amma biz bir respublikaçı, qanunçu, doğruçu, yalana boyun əyməyən bir avropalıyıq!

Yaşasın Respublika!

XS
SM
MD
LG